adalet.az header logo
  • Bakı 13°C
26 Aprel 2019 10:07
101510
MÜSAHİBƏ
A- A+

İLAHİYYATÇI: "Şairlər boşboğazdırlar... Nəsimi, Səməd Vurğun, Füzuli.." - MÜSAHİBƏ II hissə

Adalet.az  İlahiyyatçı Elşən Soltanzadə ilə müsahibənin ikinci hissəsini sizə təqdim edir.

(Əvvəli ötən sayımızda)

- Quranın "oxu” deməsinə baxmayaraq...

- "Oxu” demir, "Düşün” deyir. İlk ayə "Oxu, Allahın adı ilə oxu!” dur. Nəyi oxusun, qardaş? Hələ gəlməyib axı. Deyir ki, düşün, Allah insanı, kainatı necə yaratdı?! Bunlarsa namazı hər şeydən qabağa saldılar. Namaz ən sadə prosesdir. Qarşıdan orucluq gəlir. İnsanlar Qədr gecəsini gözləyirlər. İslamda Qədr gecəsi var? Yoxdur. Ayələr düzgün tərcümə olunmayıb. Guya ki, bir illik günahları bir gecədə təmizləmək olurmuş.

- Xristianlarda da var bu adət...

- Doğrudur. Roma papası çıxır meydana, kilsə günahların bağışlanması üçün qəbz verir. Buna İndulgensiya deyirlər. "Ata, oğul, müqəddəs ruh naminə!”. İnsanlar keşişlərə günahlarını etiraf edir. Konsultasiya xidmətlərim var. Ona görə deyirəm ki, bu xidmətlərdən istifadə etsinlər. Orucluqda ağzından pis qoxu gələnlər cənnətdə "Rəyyən” qapısından keçəcəkmiş. Sirat körpüsü varmış, burdan keçənlər xilas olacaqlarmış. O zaman bizim Qubadakı kəndirbazların işi rahatmış ki. Axı mənası bu deyil. Mənası odur ki, axirətdəki haqq-hesab tükdən incə, qılıncdan daha itidir. Quranda məcazi mənalardan çox istifadə olunur. Hələ bəziləri deyir ki, kəsilən qurbanları minib keçəcəyik körpüdən. Əlli dənə qoyun kəsmisən, hansından keçəcəksən? (gülür).

Artıq bizim gənclər saqqallı, başında əmmamə, əlində təsbeh olan müsəlmanlardan iyrənirlər, qorxurlar. Mirzə Ələkbər Sabir nahaqq yerə yazmamışdı ki, cin görürəm, şeytan görürəm, qorxmuram, harda müsəlman görürəm, qorxuram. Bu gün müsəlman deyəndə insanlar nə başa düşürlər? Baş kəsən, adam öldürən, qadına sataşan, alçaldan bir adam. Deyirlər, "Əl-qaidə”ni, "Taliban”ı, "İŞİD”i amerikanlar yaradıb, boş söhbətdi. Müsəlman ağlını işlətmir. Ağlını isim olaraq qəbul edir, fel yox. Quran zamana görə uyğunlaşdırılmalı, tərcümə olunmalıdır. Peyğəmbər dövrünə görə davranmışdı. O zamanlarda qadınların vəziyyəti cəmiyyətdə ürəkaçan deyildi.

Mukassaf adlı biri olub, peyğəmbərə Mariya adlı bir qadın göndərir ki, onun qulu olsun. Peyğəmbər Mariyaya deyir ki, mənimlə evlənərsən? Mariya razılaşır. Peyğəmbər o qadını geri göndərsəydi başına bilirsiniz nələr gələrdi? Onu qul kimi ondan buna, bundan ona satacaqdılar.

- Elşən bəy, peyğəmbər səhv edə bilməzdi?

- Peyğəmbər səhv edəndə dərhal ona mələk göndərilib, onun səhvlərini düzəldib. Amma bizim belə bir şansımız yoxdur.

- Telviziyanı, mətbuatı izləyirsiniz. Sizi bir ilahiyyatçı kimi nə qane edir, nə qane etmir?

- Bir müstəqil dini ekspert, ilahiyyatçı kimi konsultasiya xidmətlərinə gələnlərə də izah edirəm. Quranda "Şüəra” surəsinin 224, 225, 226-cı ayələrində şairlərdən bəhs olunur. "Şairlər boş-boş danışan, xəyal dünyasında uçan, quruntu vadisində dolaşan insanlardır”. Yəni ciddiyətsiz insanlardır. Baxın, Sovet dövründə ən gözəl yerlərdə şairlərin heykəli qoyulurdu. İndi müzkirə gedir, "Məndə sığar iki cahan” yoxsa, "ikən cahan”? Bir mütrüf mahnı oxuyub, bir sufi şeyxi də şeir yazıb. Nəsimini bizə qeyri-adi adam kimi təbliğ ediblər. Digər şairlər də. Biri yazıb ki, "El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsən”. Qaçın bunun qabağından. Və yaxud da Füzuli. "Sultanu-şüəra” deyirdilər ona. Yəni şairlərin sultanı. Amma Allah onlara nə deyir? Boş-boş danışan, eləmədiklərini deyən. Sabah bizim başımıza bir iş gəlsə, bizi "El bilir ki, sən mənimsən” şeiri xilas edəcək? Bəs, müğənni kimdir? Mütrüf, mütrabinə. Dədə-babalarımız da belə çağırırdılar onları. Bir cəmiyyətin inkişafı üçün Allah üç cür şəxsdən bəhs edir: siyasətçilər və ziyalılar, elm adamları və din adamları, zənginlər. Bunların içində mütrüflər, şairlər var? Bu gün Xudu Məmmədova, Aidə İmamquliyevaya, Rəfiqə Əliyevaya, Əziz Əliyevə heykəl var? Yoxdur. Düşmüşük bu mütrüflərin dalınca. Səhər televizoru açırsan, mütrüf, günorta mütrüf, axşam mütrüf.

- Elşən bəy, Müslüm Maqomayeva, Flora Kərimovaya necə mütrüf demək olar?

- Mutrabina ərəb sözüdür. Müğənni deməkdir, burda nə var ki?

- Axı bizdə bunu aşağılamaq mənasında istifadə edirlər.

- Deyək ki, hansısa müğənni Azad Mirzəcanzadədən üstündür? Nə olsun ki, mahnı oxumusan. Şairlərlə müğənnilər cəmiyyətin 14-15-ci təbəqə insanları olmalıdır. Ondan qabaq ziyalılarımız var, polislərimiz var, mühəndislərimiz var. Məsələn, Amerikada elm adamları, ziyalılarla müğənnilər arasında balans var. Orada Zukerberq varsa, Prins də var, Elton Con da var. Stiv Cobs varsa, Şakira da var, Biyons da var. Amma bizdə balanc itib, yalnız müğənnilərdir, xanəndələrdir, meyxanaçılardır. Hanı bizim elm adamlarımız? Sovet höküməti ağıllı siyasət işlətdi, elm adamlarını ikinci, üçüncü təbəqəyə saldı, müğənniləri, şairləri qaldırdı ən başa. İndi də tərbiyəsiz rəqqasələr ortaya çıxıb. Peyğəmbərin qadağan etdiyi iki şey var idi: heyvanları döyüşdürmək, rəqqasə oynatmaq.

- Bəs, ərəblər? Onlarda rəqqasə boldur.

- Ərəbləri neyləyirsiniz? Suriya da, İraq da ərəblərdir, onların gününə düşmək istəyərsiniz? Mütləq elmlə bağlı verilişləri olan kanal açılmalıdır, din kanalı yox ha. Ona görə ki, insanlar elmlə dinin sintezini bilsinlər. Bizi o dünyada Qurani-Kərimlə sorğu sual edəcəklər, ədəbiyyat kitabları ilə yox.

- O zaman dini dövlət qurulmalıdır?

- Əsla. Mən dünyəvi dövlətin tərəfdarıyam. Din insanı idarə edən sitem və vasitə deyil, insanı nəzarətdə saxlayan sistem və vasitədir. İnsanları aldadıblar ki, Qədr gecəsində tövbə edin, günahlarınız bağışlanacaq. Belə çıxır ki, 60 il yaşa, günah elə, sonra qəfil bir tövbə ilə günahların bağışlansın? Günah yazıldı, bitdi. Tövbə müəyyən yaş müddətinə kimi rol oynayır. İnsanlar bilsin ki, zəkat, elm, təhsil dinin dirəyidir. Namaz və oruc ibadət şəklidir və bunlardan sonrakı məsələdir.

- Elşən bəy, İmam Mehdi gələcəkmi? Dəccal gələcəkmi? Müsəlmanların çoxusu bu inanca inanır. Bir qism deyir ki, Dəccal məcazi mənada işlənir, yəni dünyada haqq-ədalət itəcək, bir göz olacaq, o da batil. Bir qismsə deyi, Dəccal həqiqətən də təpəgöz bir varlıqdır. İmam Mehdi gələndə 313 nəfər ordusu olacaq, vuruşacaq, haqq-ədalət bərqərar olacaq.

- İnsanlar boş bir şeyə inanırlar. İslam gələnə qədər beş qnostik mədəniyyətin təsirinə uğrayıb. Peyğəmbərdən sonra birinci Məkkə müşrikizmi yenidən işə düşdü, ziyarətgahlar, pirlər formasında. Bu gün "Beşbarmağ”a gedirlər. O vaxt bizi Babadağa aparırdılar, orda pir var idi. 3600 metr yüksəklidə dua Allaha tez çatırsa, elə 8848 metr hündürlüyü olan Comolunqmaya çıxaram da. Pulunuz olsa Kərbəlaya gedərsiniz, yoxsa Parisə? Başsız bir bədəni ziyarətə gedirsiniz? Nə var Kərbəlada? Özü də bir rəvayətə görə İmam Hüseynin başı Misirdə basdırılıb. Gedirlər, İmam Hüseyn vasitəsilə Allahdan nəsə istəyirlər.

İkincisi Yunan Helenizmi. Yuxarıda Zevs, sonra digər allahlar. Bu da İslama təsir edib. Yuxarı Allah, aşağıda şəfaətçilər. Ətağalar, şeyxlər. Ruh məsələsi Helenizmdən gəlib İslama. Xəlifə Məmun 813-33-cü illər arası Yunan kitablarını yəhudi və digər vasitəçilərlə tərcümə etdirib Bağdadda yayır. Və yavaş-yavaş Yunan Helenizmi İslama təsir göstərir.

Üçüncüsü Əhəməni-Sasani mədəniyyəti. Sufilər İslama böyük ziyan vurdular. Quşeyri, Mövlanə, Nəsimi... Zərdüştlük yolu ilə İslama təsir göstərdilər.

Dördüncüsü Hind mistisizmi. Məsudinin əsərilə Hindistandan təsbeh, meditasiya, qütblər, qabuslar İslama keçdi.

Beşincisi Şamanizmdir. Qırx, il mərasimləri, bu bəzi rituallar İslama keçdi.

Gələk əsas məsələyə. Yəhudilərin "Əhdi-ətiq”indən və xristianların "Əhdi-cədid”indən gələn təsirlər. Yeddi yerdən İslam bomdardman edildi. Mehdi inancı xristianlıqdan gəlmədir. Onlar İsa peyğəmbərin ölmədiyinə inanırlar. Amma çox təəssüf ki, müsəlmanlar da Qurandakı "Səni öldürəcəm, sonra yanıma çıxaracam” ayəsini heçə saydılar, başladılar İsanın gələcəyinə inanmağa. Müsəlmanları ruh inancı ilə xristianların xaç inancı aradan qalxsa, aləm bir-birinə dəyər. "İncil”ə hekayələr kitabı deyirəm, təkmil din deyil deyə xristianlar özlərini İsanın yenidən doğulacağına inandırıblar.. Bizsə Quran qalıb, düşmüşük onların İncilinin dalınca. İslamda Mehdi inancı xüsusilə şiəlikdə var. "Hadi, Mehdi, Muhdi” sözü ərəbcədən "hidayətə çatmış insan” mənasını verir. Bunu fırladıb Mehdi elədilər. Axı, Mehdi özü xilas olmuş şəxsdir, xilas edən şəxs yox. Mehdiylə iş bitmir. Yerdən bir Dəccal çıxacaq, eynilə zombi filmləri kimi. İnsanların maddi vəziyyəti o qədər yaxşıdır ki, onların artıq Mehdiyə ehtiyacı yoxdur. Sizcə, Məhəmməd peyğəmbər belə bir şey deyə bilər? Mən missiyamı tamamlaya bilmədim, bacarıqsız oldum, məndən sonra bir adam çıxacaq, o məndən də yaxşı biri olacaq, sizi xilas edəcək. İkincisi, Mehdi balaca bir uşaq olub, mağarada itib. Bəlkə qurd yeyib, ayı aparıb? Kül bizim başımıza ki, bu boyda kişiləri bir balaca uşaq gəlib xilas edəcək. Mehdi harda böyüyür? Harda yeyib-içir? Harda zəkat verir? İnsanları belə şeylə aldatmaq olar? Hələ hədislərdə Kahtani də var, o da yerdən çıxacaq. Bu transformers filmidir? Özü də nədənsə, hamısı da ərəblərin yaşadığı bölgələrdən çıxacaq. Niyə müsəlmanların çox olduğu İndoneziyadan çıxmayacaq? Uydurmadır, yalandır. Mehdiylə bağlı hədislər "əhəd” adlanır. Yəni vahid, bir kəlmə deməkdir. İnancda və cəzada vahid ağızdan gələn hədislər qəbul edilmir. Bu Dəccal məsələsi bir nəfərin ağzından çıxan hədislərdir. Bir nəfər rəvayət edib, vəssalam!