SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: ÇƏKİL, OTURAQ!..

  43613   |  
Şriftin ölçüsü  

Deyirlər ki, biz çox qədim və mədəni bir xalqıq. Təbii ki, bu deyimdə, bu fikirdə həqiqət çoxdur. Amma onu da deyirlər ki, həm də biz irəliyə getmək lazım olanda aylarla, illərlə götür-qoy edirik, danışırıq, söhbət açırıq, lakin bir iş hasil olmur ki, olmur. Yəni biz iş görməkdən çox, danışan dil pəhlivanlarıyıq. Dil pəhlivanı da heç vaxt gücünü, əməlini göstərə bilmir. Göstərsə də özününkünə göstərir. Müsəlmanın işi belə olar da...

Həmişə başqalarına baxar, düşünər ki, bəs məndə niyə həmin şeylər yoxdu? Az fikirləşər, çox fikirləşər, axırda gedib elə bir yekə işdən yapışar ki, nə qədər istəsə də, o yekə işi yerindən tərpədə bilməz. Amma ruslar, fransızlar, ingilislər, lap elə yaponlar heç vaxt yekə işdən yapışmazlar. Başlarını yekə işlərə yox, balaca işlərə qoşarlar. Tay bizim kimi başlarını yekə işlərin içinə salıb başlarını itirməzlər. Balacanı görərlər, balaca daşı qaldırarlar, sonra ondan yekə-yekə işlər görərlər...

Məsələn, bizdə son vaxtlar zibil tullantıları üçün ayrı-ayrı qutular qoyulub. Yəni çörəyi bir yerə, evdən çıxan tullantıları başqa yerə, plasmas və şüşə qabları digər yeşiklərə yığmaq üçün qutular var. Və bu qutular da hələ ki, şəhərin müəyyən yerlərində qoyulub. Avropalılar çox səliqə ilə qutuların üstünə nə yazılıbsa, həmin yerə də o tullantıları atırlar. Və sonradan o tullantılar çeşidlənərək ayrılır və ondan yeni məhsullar istehsal olunur, bazara çıxarılır. Bax, bizdə də gec də olsa bu addımı atmaq istəyirlər...

Mənim bir tələbə dostum var, deyir ki, həmin qutulardan bizim həyətə də qoyulub. Ancaq camaat yenə tullantıları çeşidləməyib qarışdıraraq qablara tullayır. Hətta bir neçə dəfə qonşulara iradımı bildirsəm də, deyirlər ki, rəhmətliyin oğlu, işin-gücün yoxdu, get öz işinlə məşğul ol! İndi köhnə bazara təzə nırx qoyacaqsan?

Bu zibil ki, var, çox qəliz şeydi. Bizim millət də zibili necə gəldi tullayır. Məsələn, bir də görürsən ki, getdiyin yerdə 9-cu mərtəbədən sellofan torbanın içərisində tullantı olan zibili yuxarıdan aşağı atdılar. Düz gəlib düşür sənin ya başına, ya da ayaqlarının altına. Başını qaldırıb yeddi mərtəbəli bir söyüş söymək istəyirsən. Həmin adam da eyvandan tez çəkilib gedir və bilmirsən bu zibili atan kimdir?!

... Hələ bəzən görürsən ki, biri sellofan torbalara yığılmış tullantını düz gətirib qoyur blokun keçidindəki yerə. Elə bizim Yeni Günəşlidəki massiv "D”dəki 13-cü binada olduğu kimi. Belə ki, binamızın 4-cü blokunda yanğın çıxışı var. Kimlərsə hər gün həmin çıxış yerinə sellofan torbalarda yığılmış zibili gətirib qoyur ora. Camaat da bunu görüb həmin adamın yeddi arxa dönənini sulayır. Və hələ həmin adamın da kim olduğu bu günə qədər bilinmir ki, bilinmir.

Bu azmış kimi səhər və axşam saatlarında su gələndə binaların damındakı çənlər dolur, su doqquzuncu mərtəbədən aşağı elə tökülür ki, sanki leysan yağış yağır. Kimə də deyirsən ki, balam, çəninin suyu aşıb yuxarıdan aşağı tökülür, heç kim boynuna almır. Hansı ki, binanın sədri Məsim Məmmədov çəni aşıb suyu həyətə tökülən adamları dəfələrlə xəbərdarlıq edib. Ancaq onlar bu xəbərdarlığı bu qulağından alıb o biri qulağından verirlər. Çünki müsəlmanın işi həmişə belə olur: "əşi, boş şeydi, su ki, mənim təpəmə tökülmür, altda qalanın canı çıxsın!”

... İndi bu xırda gəzişmədən sonra keçək əsas məsələyə: yəni çəkil, oturaq! – söhbətinə. Bayaq dedik axı, biz çox qədim və zəngin mədəniyyətə malikik. Bəlkə də bu keçmişdə belə olub. Amma bu gen tam fərqli mənzərələr görürük. Məsələn, görürük ki, ictimai nəqliyyatda – metroda, avtobusda nə qocaya hörmət var, nə xəstəyə, nə də hamilə qadına. Qoca ayaq üstə dayana bilmir, hamilə qadın əziyyət çəkir, xəstə adam qıvrıla-qıvrıla qalır, nə metroda, nə da avtobusda çox adamlar onlara yer vermir. Yer verən yenə yaşlı nəslin nümayəndələri olur. Onlardan da biri qocaya, xəstəyə, hamilə qadına yer verməyən gəncə irad tutanda o gənc də deyir ki, oturmaq mənim hüququmdu və heç kimə də borclu deyiləm ki, qalxıb yer verim.

Qalxıb yer verən gənclər də az deyil. Amma yer verməyənlər daha çoxdu. Heç onları da indi o qədər qınamalı deyil ey! İndiki gənclik 30-40 ilin bundan əvvəlki cavanları deyil. Onların çoxunun əsəbi pozulub. İşi, gücü, dolanışığı yaxşı deyil. Bunlar hamısı gəncin ovqatına təsir eləyir, axı!

... Bir də görürsən ki, bir adam metroda, avtobusda yayxanıb elə oturub ki, elə bil teatrda gözəl bir tamaşaya baxır. Hələ yayxanıb oturması bir yana, əlindəki çantanı da yanındakı boş yerə qoyub oranı da "zanit” edib. Biri də gəlib əyləşmək istəyəndə heç tükləri də tərpənmir. Sanki evində divanda əyləşib. Xüsusən də orta yaşlı qadınlar necə gəldi avtobusda, metroda əyləşir, ayaq üstə duran sərnişin barədə qətiyyən düşünməz. Müsəlmanın işi belə olar da...

Dünən səhər 39 nömrəli avtobusla işə gələrkən belə bir səhnənin şahidi olduq. Metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı avtobus dayanacağının yanındakı marşrutda işləyən avtobusa mindik. Qabaqda bir qadın sağ tərəfdə oturub çantasını da sol tərəfə qoymuşdu. Yəni boş yeri də tutmuşdu. Bir qadın salona girdi, boş yer axtardı. Elə həmin an qadının çanta qoyduğu yeri gördü. Bir müddət bir şey demədi, onun başının üstündə dayandı. Gördü ki, qadın ayağa qalxıb onun boş yerə keçməyinə imkan vermir, əsəbi halda dilləndi:

- Bayaqdan iki dəqiqədi başının üstündə durmuşam ki, çəkiləsiniz, keçim sol tərəfə. Siz də nə yerinizdən tərpənirsiniz, nə də çantanızı götürürsünüz. Çəkil, geçib oturaq!

Əyləmiş qadın ağzını açıb gözünü yumdu:

- Əcəb eləyib çantamı ora qoymuşam, əlimin içindən gəlir, mənim kefim belə istəyir, belə də otururam!..

Qadın yeddibaşlı əjdaha kimi od püskürürdü. Axırda sürücü bu səhnəni görüb od püskürən qadına dedi:

- Bura sizin eviniz deyil, ictimai nəqliyyatdı. O da sizin kimi pul verib avtobusa minir. Çəkilin qırağa, xanım əyləşsin!..

Sürücünün və sərnişinlərin narazılığından, iradından sonra qadın ayağa qalxdı, çəkildi və o biri qadın da keçib əyləşdi onun çanta qoyduğu yerdə. Bax, biz belə millətik. Həmişə özümüzün rahatlığını düşünmüşük. Elə ona görə də bu günə qalmışıq. Müsəlmanın işi belə olur da...

... Və bir də böyük Mirzə Ələkbər Sabir deyib:

Millət necə tarac olur-olsun, nə işim var?!

Düşmənlərə möhtac olur-olsun, nə işim var?!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK