adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Iyun 2020 17:35
36289
GÜNDƏM
A- A+

Asif RÜSTƏMLİ: AĞDAMDAN KEÇƏN TANK

Ölkəmizdə Milli Ordumuzun yaranmasının 102-ci ildönümü qeyd edildiyi indiki dönəmdə doğulb boya-başa çatdığım Qiyaməddinli (Ağcabədi rayonunun indiki Yuxarı Qiyaməddinli) kəndinin həyəcanlı, ağır, məşəqqətli 1993-cü ilin iyun-iyul ayları göz önündə canlanır.

Ermənistanın hərbi faşist bandaları bu müdafiəsiz, dinc əhalinin yaşadığı kəndə iki dəfə böyük hərbi texnika ilə hücum etmişdir. İlk dəfə 1993-cü il 12 iyun tarixində bu mənfur hücum törədilmişdir. Kəndin erməni quldurları tərəfindən işğal edildiyini eşidib həmin gün Bakıdan Qiyaməddinliyə gələrək, gördüyüm və yaşadığım acı təəssüratları qələmə alaraq "Xalq qəzeti”ndə (1993, 23 iyun, № 98) "Qarqar qan ağlayırdı” adı ilə çap etdirdim. Həmin yazıdan bir neçə cümlə: "...Erməni barbarları tərəfindən talan olnub yandırılmış doğma Qiyaməddinli kəndi... Alovqarışıq tüstüsü göylərə bülənd olmuş evləri, vəhşicəsinə qətlə yetirilmiş kənd sakinləri... Bir neçə saat əvvəl quduz düşmənlərin mərmi yağışı altında üç min nəfərə yaxın uşaq, qadın, xəstə, ixtiyar kənd əhalisi yeganə xilasını məcrasına sığmayan Qarqar çayına atılmaqda görmüşdür.

Yol boyu rast gəldiyim adamlardan Qiyaməddinli kəndində nə baş verdiyini soruşurdum. Kənd sakini Qədir İsmayılov söylədi ki, iyunun 12-də 4-30-da həmişəki kimi Qarakənd – Mərzili səmtindən atəş səsləri eşidilməyə başladı. Kənd camaatı belə atışmalara vərdiş etdiyindən ona bu dəfə də əhəmiyyət vermədi. Əhali real təhlükəni onda duydu ki, Ağram rayonunun Mərzili kəndi yaxınlığındakı "müdafiə səddi”ni asanlıqla yaran ermənilər Qiyaməddinli kəndinin 2 km-ə gəlib çatmışdılar.



Ermənilərin 11 tank və bir yük maşını "Eşşəkkeçməz” deyilən dərədən qəfil kəndin örüş sahələrinə çıxmış, burada qoyun sürüləri otaran beş çobanı – Niyaz Piriyevi (1932), onun iki oğlunu – Qaryağdı (1963) və Səhrad (1975) Piriyevləri, Kəriş Əliyevi (1932) və onun oğlu Əbülfət Əliyevi (1968) vəhşicəsinə qətlə yetirmiş, qoyun sürülərini Qarakənd istiqamətinə aparmışlar. Erməni faşistləri çox da uzaqda olmayan İ.Qayıbov adına kolxozun briqadiri Şahmar Zeynalovu (1941) və suçu Yaqub Məmmədovu (1936) güllələmişlər.

Üç min nəfərə yaxın əhalini vaxtında kənddən çıxarmaq, ölüm təhlükəsindən xilas etmək üçün şəxsi və dövlət avtomobilləri olan hər kəs şücaət göstərmişdir. Onlardan Rasim İsgəndərov, Məhəmməd, Nüsrət, Nəsib Əliyev qardaşları, Səfər Məmmədov, Naib Rüstəmov, Qasım Əliyev və onlarla başqaları qadın, uşaq və qocaları daşımaq üçün kəndə - od-alovun içinə bir neçə dəfə qayıtmışdılar.
Kənddə 50-yə yaxın ev tam, 20 yaxın ev qismən yandırılmış... 1 sürü qoyun aparılmış, 3 ədəd "jiquli”, 1 ədəd "ZİL” markalı avtomobil erməni barbarları tərəfindən yandırılmışdır.”

Erməni qəsbkarlarının bu hücumdan dişlərində şirə qalmışdı. Həmin il iyulun 23-də Ağdam şəhərini və onun bir sıra kəndlərini işğal edən erməni vəhşiləri Qiyaməddinli kəndini də yaddan çıxartmamışdılar. İşğalçı qüvvələr sürətlə kəndin bir neçə yüz metrlik məsafəsinədək yaxınlaşa bilmişdilər. Ağdamdan keçib gələn düşmən tankları BTR-ləri üçün Qiyaməddinliyə girmək asan olmadı. Ermənilər kəndin yaxınlığında 1 tankını və 1 BTR-ini itirdikdən sonra çoxsaylı ölüləri və yaralıları ilə geri çəkilməyə məcbur oldular.

Düşmənlə amansız döyüşlərdə Qiyaməddinli kəndinin cəsur oğullarından Elçin Daşdəmirov, Rafiq Həsənov, Zakir Əliyev, Nəsimi Şahlar oğlu Zeynalov, Cavanşir Muradxan oğlu Həsənov şəhidlik zirvəsinə ucalanlardandır.

Qiyaməddinli kəndi yaxınlığında məhv edilmiş erməni tankı önündə çəkdirdiyim şəkil 1993-cü ilin iyul ayından yadigar qalan, kiçicik də olsa uğurumuzun bir nişanəsidir.

Müasir Milli ordumuzun ərazilərimizin bərpa edilməsi uğrunda döyüş tapşırığını aldığı andan yüzlərlə erməni tankını və hərbi texnikasını sıradan çıxaracağına, torpaqlarımızı işğaldan azad edəcəyinə əminliyimi bildirərək əsgər və zabitlərimizi bu möhtəşəm bayram münasibətilə ürəkdən təbrik edirəm!