adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Oktyabr 2020 13:25
36577
MƏDƏNİYYƏT
A- A+

“Ermənilər atamın dırnaqlarını kəlbətinlə çıxarmışdılar” - MÜSAHİBƏ

“O anları xatırlayanda kövrəlirəm. Mən and içməyi sevən insan deyiləm, amma Allaha and olsun, o vaxtlar heç yadımdan çıxmır. Çörək növbəsinə dayanmağımız, yurd-yuvamızdan didərgin düşüb İsmayıllıda, Zərdabda və başqa ərazidə özümüzə yer tapa bilməməyimiz, məktəbdə yaşamığımız, hər biri gözümün önündə canlanır”. “Ədalət” qəzetinin qonağı Respublikanın Əməkdar artisti Sevinc xanım Sarıyevadır.

-Məcburi köçkün düşməyinizə səbəb olmuş o illərdən söhbətimizə başlayaq...

-1988-ci ildən+ ağrı-acının içində olmuşuq. 90-ci illərdə artıq atışma səslərinə öyrəşmişdik. 80-ci illərdə Xan Şuşinski adına muğam məktəbində oxuyurdum. Günortadan sonra dərslərim olurdu. Azərbaycanın müxtəlif bölgələrindən maşınlarda qeyrətli oğullar biz tərəfdən keçib Xankəndinə döyüşmək üçün gedirdilər. Bax həmin günlər mənim heç yadımdan çıxmaz. O gündən bu günə kimi onların hamısı kino lenti kimi gözümün qarşısında canlanır. Gəncliyim o top, tüfəngin səsi ilə keçib. Gənclik dövrü insan həyatının ən gözəl illəridir. Amma mən və mənim kimi məcburi köçkünlər gənclik illəri görmədilər.

-Danışırsınız, kövrəlirsiniz...

-Mən o anları xatırlayanda kövrəlirəm. Mən and içməyi sevən insan deyiləm, amma Allaha and olsun, o vaxtlar heç yadımdan çıxmır. Çörək növbəsinə dayanmağımız, yurd-yuvamızdan didərgin düşüb İsmayıllıda, Zərdabda və başqa ərazidə özümüzə yer tapa bilməməyimiz, məktəbdə yaşamığımız, hər biri gözümün önündə canlanır. Məktəbdə yaşamaq bilirsiniz nə deməkdir? Yuxudan gözünü açırsan, ədəblərin şəkillərini görürsən. Məktəbin Ədəbiyyat otağında qalırdıq. Bunların hamısı mənim üçün çox ağırdır. Xatirələr mənə pis təsir edir. Bilirsiniz, o müharibəni yaşamışıq. 1941-45-ci illərin müharibəsi, bəlkə də, bu qədər ağır olmayıb. Biz həmin müharibədən daha müsibətini yaşadıq.

-“Vaxtı gəldi” verilişində qonaq olarkən söylədiniz ki, “qaçqın” ifadəsini üzərimə götürməyi heç sevməmişəm...

-Heç, heç sevməmişəm. Deyəndə ki, qaçqınsan, cavab verirəm ki, qaçqın yox, məcburi köçkünəm. Mən özüm qaçmamışam axı. Məni evimdən-eşiyimdən məcburi qovalayıblar. Kim isti ocağından çıxar, torpağını tərk edər? Adi bir nümunə deyim, harasa qonaq gedirsən, deyirsən ki, evimdən yaxşısı yoxdur, elə qayıdıb evimə gəlim. Amma biz qayıtmaq istəmişik, qayıda bilməmişik. Bu 30 ildə görün ki, biz nələr çəkmişik?! Çox çətindir bizim üçün. Ötən illər ərzində bir ümid də var idi ki, qayıdacağıq. Hər gün bu ümidlə yaşamışıq. Hər efirə, hər səhnəyə çıxanda “Qarabağ” mövzusundan danışmışam.

“Atama ağır işgəncələr vermişdilər”

-Ağdamı tərk etdiyiniz günü necə xatırlayırsınız?

-Həmin gün atışma gedirdi. Evmizə yığışmışdıq. Mənə dedilər ki, yuxarı tərəfi alıblar, indi də Gülablı uğrunda müharibə gedir, sonra xəbər gəldi ki, ermənilər Gülablını və bir neçə ərazilərimizi də aldı. O gün anam xəmir yoğurmuşdu. Yuxarı kəndlərdən də insanlar gəlmişdi bizə ki, bizim tərəfi ermənilər işğal etməz. Həmin gün sobada (biz tərəfdə peç deyirlər) çörəyimiz qaldı, ocaq üstündə yeməyimiz qaldı. Günorta yeməyinə hazırlaşırdıq ki, həyətimizə top düşdü. İnanırsınız, mən o anı xatırlayıram ki, bala ananı, ana da öz anasını yaddan çıxardı. Təsəvvür edin, bir ana oğlunu axtarırdı, oğlu da öz oğlunu. Deyir:

“Mən yanıram balama,

Balam yanır balasına”.

Düşünün, görün, balanın ananı yaddan çıxarması nə deməkdir? O anda insan heç nə hiss etmir. Top, tüfəng, güllə səsindən adam vahimələnir. Qaçırsan ki, darvazadan çıxasan, bir də görürdün ki, ora da top düşdü. O vaxt atam dedi ki, mən rayondan çıxmıram. Biz bir az ara sakitləşəndən sonra yığışıb evimizi tərk etdik. Bir də xəbər gəldi ki, atamızı ermənilər əsir götürüb. O anda nələr hiss etdim, İlahi. 1 ay sonra atam erməni əsirliyindən xilas oldu. Atam əsir düşdüyü vaxt çox pis rəftara məruz qalıb.

-Nə kimi?

-Atama ağır işgəncələr vermişdilər. Bədəninə iynə ilə dizel yanacağına qədər vurulmuşdu. Ermənilər atamın dişlərini, dırnaqlarını kəlbətinlə çəkib çıxarmışdılar. Ermənilər çox hiyləgər millətdir. Atama deyiblər ki, oğlunun adını söylə, biz səni onunla danışdıraq. Atam da uzaqgörən adam idi, söyləyib ki, mənim heç kimim yoxdur. Deyir, mən ermənilərin hiyləsini bildim ki, oğlum, yaxud kimsə gəlsə onu da tutacaqlar, ona görə cavab verdim ki, kimsəsizəm (ağlayır).

“Ağdama sürünə-sürünə gedəcəm”

-Bu kövrək notlardan çıxaq. Bir az da muğamdan danışaq. Muğama olan sevginin Qarabağlı olmağınızla bir bağlılığı varmı?

-Əlbəttə, bütün Qarabağlılarda olduğu kimi bu məndə də belədir. Uşaqlıqdan həddən artıq həvəsim var idi muğama. Biz o vaxt bu obadan o obaya tez-tez gedib gəlmişik. İnanırsınız, hardansa harasa gedəndə muğam oxuya-oxuya gedirdim. Oxumaqdan çəkinmirdim. Harada gəldi, oxuyurdum. Muğama çox həvəsim vardı. Elə o həvəs də məni bu sənətə gətirib çıxardı. Əvvəlcə “Qarabağ bülbülləri”ndə oxudum. Daha sonra Xan Şuşinski adına muğam məktəbində təhsil aldım. Ailəlikcə musiqiyə meyilli insanlarıq. Dayılarımın, anamın çox gözəl səsi var.

-Mən sizə arzulayıram ki, doğma Ağdamımıza geri qayıdasınız. Əminəm ki, tezliklə bizim rəşadətli Ordumuz Ağdamı da düşmən tapdağından azad edəcək...

-Sizə səmimi deyim, son dövrlərdə qaçqınlara, məcburi köçkünlərə evlər paylananda özlüyümdə düşünürdüm ki, çətin qayıdarıq. Açığı ümidimi üzmüşdüm. Amma bir anda Ali Baş Komandanımız, qüdrətli Ordumuz bizi sevindirdi. Elə bilirəm ki, artıq Ağdamdayam. Ağdama sürünə-sürünə gedəcəm, o torpaqda diz çökəcəm və demişəm, Möhtərəm Prezidentin qəbuluna yazılıb, yanına gedib onun əllərindən öpəcəm. Bu gün bizim əsgərlərimiz, Ordumuzla yanaşı mətbuat işçilərimiz də çox əziyyət çəkirlər. Allah hər bir kəsi, xalqımızı qorusun.

Rövşən Tahir