adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Noyabr 2020 23:00
47082
MÜSAHİBƏ
A- A+

Polkovnik Ordumuzun hücum taktikasını açıqladı

Ehtiyatda olan polkovnik Şair Ramaldanovun Axar.az-a müsahibəsi:

- Şair müəllim, Azərbaycan və Ermənistan arasında müharibədə qələbəmizi şərtləndirən səbəblər, sizcə, nə oldu?

- Hər zaman gələcəkdə döyüş əməliyyatlarının qaçılmaz olduğu bəlli idi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev məhz bu baxımdan daim Ordu quruculuğu ilə məşğul idi.

Ordunu ən müasir silahlarla silahlandırmaq, inkişaf etdirmək ölkə başçısı üçün prioritet idi. Digər tərəfdən, vaxtaşırı və mövsümi keçirilən irimiqyaslı təlimlər də Ordumuzun döyüş hazırlığını yüksəltmişdi. Bildiyiniz kimi, Ordunun ən müasir silahlarla təmin olunması, həm də döyüş hazırlığının yüksəlməsində irimiqyaslı təlimlər vacibdir. Çünki ordu müharibəyə hazırlaşırsa, bu hazırlıq dövründə təlimlər həyati əhəmiyyət kəsb edir. Cənab Prezidentin “mən nəyi nə vaxt necə edəcəyimi bilirəm” sözləri artıq dillər əzbəridir. Həqiqətən də o, nə vaxt nəyi necə edəcəyini yaxşı bilir. Biz bunun nəticəsini Vətən müharibəsində gördük.

- Bəzi şəxslər ümumiyyətlə müharibəni istisna edirdi...

- Əslində, Vətən müharibəsi adlandırdığımız və Müzəffər Ordumuzun qələbəsi ilə bitən müharibənin məhz bu vaxt başlaması müəyyən şəkildə həm bizim üçün, həm də düşmən üçün gözlənilməz oldu. Digər tərəfdən, biz bilirdik ki, qarşımızdakı düşmən 30 ildir müdafiə mövqeyindədir və bu 30 il ərzində necə və nə tipdə müdafiə qurğuları qurublar. Bir çox analitiklər məhz bu səbəbdən müharibəyə başlayacağımız halda 20 minə qədər itkimizin olacağını proqnozlaşdırırdı.

Düşmən gözlədiyimizdən də yaxşı silahlanmışdı. Düzdür, onların silahı 30-40 il əvvəl istehsal olunmuş silahlar olsa da, bu, düşmənin heç də zəif olduğunu göstərmir.

Azərbaycan Ordusu isə 21-ci əsrin 4-cü, 5-ci nəsil silahları ilə silahlanıb. Əlbəttə, yeni silahlar qədər bu gün Azərbaycan Ordusunun intellektual cəhətdən inkişaf etmiş bilikli kadrları var. Bunlar hamısı bir yerdə Azərbaycanı artıq yeni 21-ci əsrin tələblərinə cavab verən taktikaya keçməsinə şərait yaratdı.

- “21-ci əsrin tələblərinə cavab verən döyüş taktikaları” dedikdə nəyi nəzərdə tutursunuz?

- Düşmən bizim nə vaxtsa hücum edəcəyimizi bilirdi, lakin bu hücumun klassik variantda olacağını düşünürdü. Ermənistan komandanlığı məhz bu yanlış düşüncəyə görə öz müdafiəsini qurmuşdu. Nəticəsi isə Ermənistan ordusu üçün çox ağır oldu.

Döyüşlərin ilk həftəsinin sonunda xəritələr üzərindən də gördük ki, Ordumuz iki istiqamətdən əks-hücum edir - şimal istiqaməti, Murov dağı tərəfdən və cənub, İran sərhəd boyu. Hətta peyk vasitəsi ilə yayılan xəritələri izləyən bir çox insan ordumuzun şimaldan hücumunun dayandırıldığını, məhz buna görə cənubdan irəlilədiyini düşünməyə başladı.

Bu, bir aldatma idi - çox düşünülmüş, strateji cəhətdən düzgün seçilmiş bir taktika idi. Yəni bu taktika bizə imkan verdi ki, düşməni istədiyimiz nöqtəyə geri çəkilməyə məcbur edib və ya əksinə, istədiyimiz nöqtədə saxlaya bilək. Düzdür, düşmən cənubda müntəzəm məğlubiyyətlə üzləşirdi, ancaq daim elə bir vəziyyətdə saxladıq ki, düşmən bizim əsas istiqamətimizin hansı olduğunu seçə bilmədi. Düşmən elə bildi ki, biz ola bilsin ki, mərkəzdən hücum edəcəyik. Lakin bir çox ekspertin də qeyd etdiyi kimi, bu, sürətli müharibə idi. Bizə sürət baxımından üstünlük əldə etmək lazım idi. Sürəti də təmin etmək üçün məhz cənub istiqamətindən hücum edildi. Onu da qeyd edim ki, bu bölgələr düzənlik olduğu üçün və Azərbaycanın texniki imkanlarını nəzərə alaraq, bizə lazım olan sürət üstünlüyünü təmin etdi.

Digər tərəfdən, əlbəttə, İranla sərhədi tam bərpa etməli idik. Buna görə də Ordumuz Zəngilan, Cəbrayıl istiqamətində yolu bağladı. Bu da vacib bir amildir.

Düşmən bizim irəlilədiyimizi görəndə onlarda inamsızlıq, ruh düşkünlüyü yarandı. Azərbaycan Ordusunun əsgərlərində isə qazanılan ard-arda qələbələr inamı daha çox artırır, ruh yüksəkliyinə səbəb olurdu.

- Cənab polkovnik, bir çox tanınmış hərbi ekspert Azərbaycanın əldə etdiyi qələbəni Türkiyə istehsalı olan “Bayraqdar” və İsrail istehsalı “Harop” PUA-ları ilə əlaqələndirir. Necə düşünürsünüz, bu PUA-ların qələbəmizdə rolu çox şişirdilmir ki?

- Əlbəttə, PUA-nın müasir silah növü olaraq əhəmiyyəti danılmazdır. Lakin mən deməzdim ki, PUA-lar bütün məsələləri həll etdi.

Birincisi, PUA-nın döyüş imkanları birbaşa hava şəraitindən asılıdır. Yəni hava şəraiti aydın olmalıdır ki, PUA-lar verilən tapşırığın öhdəsindən yüksək dəqiqliklə gələ bilsin. Diqqət etsəniz, aktiv döyüşlərin getdiyi ərazilər başdan-başa dağlıq və meşəlik ərazilər idi. Digər tərəfdən, fəslin də payız fəsli olması heç də hər zaman PUA-nı istifadə etmək imkanı yaratmırdı.

Yəni qələbəni PUA deyil, Ordumuz qazanıb. Bu qələbənin qazanılmasında isə əlindəki döyüş texnikalarından istifadə edib.

Müharibədə həlledici rolu ilk növbədə mütəşəkkil komandanlıq oynayır. Baxın, bizim Şuşaya hücumumuzu heç kim gözləmirdi. Düşmən düşünürdü ki, cənubdan biz Laçına, daha sonra isə Şuşaya gedəcəyik. Ancaq bütün gözləntilərə zidd olaraq biz Şuşaya getdik. Şuşa uğrunda gedən döyüş isə hər mənada tarixə düşəcək.

Şuşa döyüşlərində həlledici rolu nə ən yeni silahlar, nə PUA-lar, nə də başqa kənar təsirlər oynadı. Şuşa qələbəsinin tək sirri bizim hərbçilərin peşəkarlığı idi. Şuşada küçə döyüşləri getdi. Orada Azərbaycan əsgəri əlbəyaxa döyüşərək düşmən üzərində qələbə qazandı. Bu da artıq Azərbaycan Ordusunun yalnız texnika yox, əzminə, ruhuna, peşəkarlığına, igidliyinə görə çox güclü olduğunu göstərdi.