adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Dekabr 2020 13:00
102724
GÜNDƏM
A- A+

AQİL ABBAS: BƏLKƏ ERMƏNİLƏRƏ BİR SÜFRƏ DƏ AÇAYDIQ?!

Dünən baxıram sosial şəbəkələrdə Ağdamdan bir video paylaşıblar. Deməli, əsgərlər geri qayıtmış ermənilərə bildirirlər ki, onlar ərazini tərk etməlidirlər. Həmin ermənilərin əlində silah olsaydı bizim əsgərləri gülləbaran eləmişdilər, bizimkilər isə insanlıq göstərib sakitcə deyirlər çıx get.

Ağdam ərazisində sülhməramlılar yoxdur, əraziyə nəzarəti bizim əsgərlərimiz, Ağdam polisi və Daxili Qoşunlar həyata keçirir. Əsgərlərimiz öz vəzifə borclarını yerinə yetirirlər.

Sonra baxıram, deyirlər ki, həmin paylaşımları tez silin, çünki ermənilər orda bir kadrı götürüb dünyaya yayırlar və bizi vəhşi kimi tanıdırlar.

Əvvəla, orda bizim əsgərlər hansısa bir qanunazidd hərəkət etmirlər. Məgər qəhrəman gizirimiz Xanı ona «qardaş» deyə müraciət edən erməniyə «sən mənim qardaşım deyilsən» cavabı vəhşilikdi? Düz deyir də Xanı. Xanının atası Xanı kimi igid əkə bilər, elə dılğır erməni əkə bilməz. Bu bir.

Bir də onu nöqsan tuturlar ki, Xanı erməniyə deyir ki, «burda nə cırdırırsan?». Əvvəla, burda heç bir təhqir yoxdur. «Cırdır» sözü ağdamlıların leksikonunda çox işlənən ifadədi. İkinci də düz deyir də, onlara deyiblər ki, ərazini tərk edin, nə cırdırırlar Ağdamda? İkinci də, diqqətlə baxsanız görərsiniz ki, ermənilərin biri Xanıya ironiya ilə gülür. Bu ifadəni də ondan sonra işlədir.

Və sonra da şərait yaradırlar ki, şey-şüylərini yığıb cırdırsınlar.

Deməli, bu iki söz dünya ictimaiyyətinin bərk xətrinə dəyib, bunu vəhşilik- nə bilim nə adlandırır, amma onların bütün işğal rayonlarında bir daşı daş üstə qoymamaları, Ağdamdan, Kəlbəcərdən, Laçından çıxarkən özlərinin yaşadıqları evləri, meşələri yandırmaları dünya ictimaiyyətini narahat eləmir.

Yəni bu dünya ictimaiyyəti nə deyər, nə deməz… Dünya ictimaiyyəti gözünə gülür. Bəsdi day. Biz dünya ictimaiyyətinə həm gücümüzü göstərdik, həm də humanistliyimizi. 44 günlük müharibə zamanı ermənilərin dinc əhalisinin yaşadığı nə bir kəndi, nə bir şəhəri raket atəşinə tutmadıq. Hərçənd ki onlar bizim cəbhə xəttindən çox uzaq şəhərlərimizi ballistik raketlərlə atəşə tutdular, nə qədər dinc əhali qırıldı, nə qədər də yaralı var.

Nə isə, boş verin.

Bəlkə biz həmin ermənilərə bir süfrə açıb qonaqlıq da verəydik?! Necə ki vaxtında belə süfrələr açmışdıq, indi 30 ildi altını çəkirik.

İndi həmin videonu bugünki saytımızda təkrar paylaşıram. Ən azı Makron qoy baxıb utansın.