adalet.az header logo
  • Bakı 14°C

Ağlınızı qarpıza həsr etməyin - Eminquey yazır

88561 | 2021-02-19 12:54

Yuxarıdakıların və eləcə də aşağıdakı çoxluğun istedad anlayışı o qədər bəsitdir ki.

Bir də görürsən, TV-də reportaj gedir. Bəs bir uşaq avtobus xətlərini əzbərdən deyir. Filan marşrut filan yerə gedir.

Və yaxud bir başqası sözləri tərsinə oxumağı bacarır.

Yaxud sərgi təşkil olunur. Bəs o sərgidə nə var?

Hansısa uşaq özü züy tutan zurna düzəldib.

O birisi Yanıq Kərəmidən sonra adamla oturub iki yüz qram araq içən saz qayırıb.

Bir başqası cırılanda özü tikilən corab.

Digəri Quranı əzbərdən oxuyur. Quranı ha, əzbərdən! Bəs yaxşı, illərdir hələ də ayıləri araşdırılıb hər il yeni-yeni mənalar qazanan bu kitabı başa düşürmü? Və ya atası, anası oxuyub anlayıbmı?

Hələ görməmişəm ki, bir uşaq çıxaralar, hansısa maddəni bir-birilə reaksiyaya girdirib nəsə fövqəladə bir şey kəşf edə.

Hələ görməmişəm ki, hansısa uşaq fizikanın teoremlərini əzbərdən deyə və valideyn də bununla fəxr edə.

Bizdə sazı paçanın arasında, boynunun ardında çalmaqdır xüsusi istedad.

Bizdə pol ağacına sim bağlayıb gitara düzəltməkdir xüsusi istedad.

Bizdə təzə dil açmış uşağın atasını söyməsidir xüsusi istedad.

Bizdə beş-altı yaşlı uşağın əliylə şişka göstərməsidir xüsusi istedad.

Bizdə 10 manata aldığı şeyi başqasına 15 manata sırımaqdır xüsusi istedad.

Bizdə sözləri qafiyələyib kiminsə ad gününü təbrik etməkdir xüsusi istedad.

Bu yaxınlarda youtube-da bir oğlanın videosuna baxdım. Şəhərə çıxır, adamlara onu güldürməsi müqabilində 100 manat verir. Bəs onu güldürmək istəyən adamlar nə edir?

Biri dilini çölə çıxarıb meymunluq edir.

Biri heyvan səsi çıxarır.

Biri duzsuz lətifə danışır.

Biri əli ilə adama “kıx” eləyir.

Hamısı da bunu edə-edə gülür ha.

Adamların gülüş anlayışı da istedadsızdır.

Ona görə də bu vaxta kimi təşkil olunan “istedad sorağında” tipli verilişlər heç vaxt davamlı olmayıb. Ölkədə nə qədər muğam oxuyan var, hamısını istedad adı ilə sırıyıblar millətə.

Yadıma gəlir, hansısa bu tipli verilişdə vaqon dartan, ağzından quş çıxardan, çamadan kimi bükülən adamların içindən iki muğam oxuyan finala qalmışdı.

Təsəvvür edirsiniz də?!

İndi Barış Özcanın canlı yayımına baxıram. NASA Marsa yeni aparat endirir. Yayımda bu hadisəylə bağlı uşaqlar danışdırılır. Məqsəd uşaqların kosmosa diqqətini cəlb etmək, gələcəkdə bu işi davam etməklərinə zəmin yaratmaqdır. Biz də qalırıq baxa-baxa. Onun-bunun tökdüyünü sıyıra-sıyıra.

Söz üstünə lətifə

Bir ingilis Azərbaycana gəlir. Könlü qarpız istəyir. Yaxınlaşır qarpız satılan yerə. Qarpızın birini kəsir, göy çıxır. İkincisini kəsir, göy çıxır, üçü, dördü... Axırda qarpızsatan əliylə başqa qarpızı göstərir, ingilis kəsir, qıpqırmızı. O birini göstərir, kəsir, qıpqırmızı. Axırda ingilis qayıdır ki, əla başın var, amma heyf ki o başı qarpıza həsr eləmisən.

TƏQVİM / ARXİV