adalet.az header logo
  • Bakı 20°C
08 Mart 2021 16:20
37316
MƏDƏNİYYƏT
A- A+

“Qadın dəyərli olduğunu biləndə xoşbəxt olur” - MÜSAHİBƏ

“Əvvəllər məni üzəcək şeylər var idi ki, insanlar onu edəndə pis olurdum. Zaman keçdikcə anladım ki, hər kəs özünə yaraşanı edir. Bundan artığı mümkün deyil. Xəyanəti sevmirəm. Bunu özümə görə demirəm, ümumən deyirəm ki, xəyanəti sevmirəm. İnsanlar bir-birinə xəyanət etməsin”. “Ədalət” qəzetinin qonağı Respublikanın Xalq artisti Nübar xanım Novruzovadır.

-Nübar xanım ilk olaraq sizi doğum günü münasibətilə təbrik edirəm. Yaş üstünə yaş gəlir. Ötən 1 il yaddaşınızda necə qaldı?

-Ali Baş Komandanımızın rəhbərliyi altında igid əsgərlərimiz, zabitlərimiz, Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu, bizim üçün ən böyük bayram, qələbə idi. Neçə-neçə insanlar o torpaqlardan 30 il əvvəl çıxarılmışdı. Amma ötən il əsgərlərimiz bizim olanı bizə qaytardı. Bunları gördükcə gözlərimiz yaşarırdı. Qürurverici anlar idi. 90-cı illərdə zor gücünə ayaqyalın şəkildə doğma yurd-yuvasından qaçqın, köçkün salınan oğullar 2020-ci ildə tanklar üzərində azad etdilər torpaqlarımızı. Azərbaycanın hər yerindən nə qədər oğullarımız müharibədə iştirak elədilər, qələbə qazandılar. Təbii ki, Şəhidlərimiz oldu, qazilərimiz oldu. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə şəfalar. Ötən ili qələbə ilə başa vurduq, qələbə ili kimi yaddımızda qaldı ötən il.

-Səhnənin Nübarı və həyatın Nübarı...

-Aramızda fərq var. Fərq odur ki, səhnədə mən rəngarəng obrazları oynayıram, xarakterləri canlandırıram, həyatda isə sadə bir ev xanımıyam. Bilirsiniz, gəncliyimdə demirəm, amma müəyyən yaşdan sonra bunu sezdim, tamaşalardan sonra neçə-neçə insan foedə bizi gözləyir ki, xoş ürək sözlərini desin, bizi görsünlər. O an mənə deyirlər ki, Nübar xanım, siz səhnədə başqa həyatda başqa birisiniz. Səhnədə mən, doğrudan da, başqa oluram. Mənə deyirlər ki, gəncliyində heç bu qədər sadə deyildin, amma indi həddən çox sadəsən. Yəqin ki, yaşa dolduqca insan sadələşir. Əgər bunu söyləyirlərsə, demək ki, belədir.

-1 ildir ki, teatrın qapıları bağlıdır. Darıxırsınız?

-Nə etmək olar?! Bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya ilə mübarizə aparıldı və hər yer qapadıldığı kimi teatrlar da bağlandı. Bizim borcumuz odur ki, Dövlətin qoyduğu qərarlara əməl edək. Əsas odur ki, insanların canı sağlam olsun. İnsanların sağlamlığı üçün qapanmalar var. İnşaAllah ki, bu bəla tezliklə sovuşar və teatrlar açılar, biz də tamaşaçılar üçün rollar oynayarıq.

“İnsanlardan qorxuram”

-Siz elə aktrisasınız ki, canlı ilanla Kleopatra rolunu oynamısınız...

-Bu suala çox cavab vermişəm deyə yorulmuşam (gülür). Bəli, canlı ilanla oynamışam. O ilan mənə elə gözəl baxırdı ki. Çox qorxulu idi. Ömrümdə heç vaxt ilan görməmişdim. Baxmayaraq ki, Naxçıvanda yaşamışam, amma bir dəfə də olsun, ilana əl vurmamışdım. Bu tamaşanı oynayanda rejissor ilanı gətirdi və mən qorxdum. Yadımda deyil, rejissor hansısa bir söz dedi, ondan sonra mən ilanı əlimə aldım və rolu canlandırmağa başladım. Heç nədən qorxmadan, heç nə hiss etmədən səhnəni davam etdirdim. Həyatda ilandan qorxmaq lazım deyil, həyatda elə insanlar var ki, onlardan qorxmaq lazımdır. Mən heyvanlardan çox bu cür insanlardan qorxuram.

-“Ağ ölüm” və “Ana” tamaşalarındakı ana obrazı...

-“Ağ ölüm”dəki ana müəllim idi, oğlu isə narkoman, dərs dediyi tələbə də narkoman idi. Ana təsadüfən həmin tələbəni görür, tanıyır, tələbə də müəllimi tanıyır. Bu faciəyə ata da dözmür. Onu yaşamaq başqadır. Ancaq Hüseyn Cavidin “Ana”sında Azərbaycan anasının mərdliyi simvolizə olunub. O ana öz oğlunun qatilini evində gizlədir və bilsə də, oğlunun qatilidir, onu bağışlayır.

-Bu yaxınlarda Mədəniyyət Nazirliyi və TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı) arasında müqavilə imzalandı. Ki, Qarabağ zəfəri barədə film çəkilsin...

-Çox gözəl bir addım idi. Çox istəyirdim ki, belə bir film çəkilsin. İnşaAllah ki, gözəl bir film ərsəyə gələcək. Belə bir filmdə rol almaq hər bir aktrisanın, aktyorun arzusudur, eləcə də mənim.

“Xoşbəxtlik anlarla olur”

-Qadın xoşbəxtliyinin formulu nədir?

-Qadın xoşbəxtliyinin formulu olmur. Ümumiyyətlə, xoşbəxtlik daimi olmur ki. Xoşbəxtlik anlarla olur. Xoşbəxt olmaq bəzən insanın əlində olur, bəzənsə düşünürsən ki, bu, Allahın verdiyidir. Xoşbəxtliyin formulu yoxdur. Bir də onu əlavə edim ki, qadının xoşbəxtliyi onun dəyəridir. Qadın dəyərli olduğunu biləndə xoşbəxt olur. Hər bir qadın istəyir ki, həm işində, həm də həyatda xoş sözlər eşitsin. Qadınlarımıza gözəl günlər arzulayıram.

-İnsanın nailiyyət əldə etməsi üçün nə lazımdır?

-Türklər demiş, “Beni ben yapan kazandığım başarılar değil, kayb etdiklerimdir”. İnsan qazanaraq öyrənməz, itirərək öyrənər. Bir də onu deyim ki, uğur əldə etmək istəyirsənsə, qətiyyən məqsədindən dönməyəcəksən. Türklər deyir, “Kayb etdiyinde değil, vaz geçdiğində biteceksin”. Necə gözəl cümlədir.

-Nübar xanım Novruzova üçün ailə nə deməkdir?

-Heç bir iş ailədən, heç bir dost həyat yoldaşından, mal-mülk övladdan vacib deyil. İnsanın ailəsi ilə işi gözəl olanda uğurları da çox olur.

“Paxıllığı, qısqanclığı heç sevmirəm”

-Paylaşmağı sevirsiniz?

-Bəli, paylaşmağı çox sevirəm. Mən nələrisə paylaşanda özümü çox xoşbəxt hiss edirəm. Həmin gün elə rahat oluram ki. Həyatda, bilirsiniz, nəyi sevmirəm? İkiüzlülüyü, paxıllığı, qısqanclığı heç sevmirəm. İnsan insanın paxıllığını niyə çəksin? Unutmaq lazım deyil ki, hər kəs qismətində olanı yaşayır. Nə qədər mübarizə aparırsan, apar, əgər o, sənin qismətində yoxdursa, əldə etməyəcəksən.

-Nəyi heç vaxt bağışlamazsınız?

-Əvvəllər məni üzəcək şeylər var idi ki, insanlar onu edəndə pis olurdum. Zaman keçdikcə anladım ki, hər kəs özünə yaraşanı edir. Bundan artığı mümkün deyil. Xəyanəti sevmirəm. Bunu özümə görə demirəm, ümumən deyirəm ki, xəyanəti sevmirəm. İnsanlar bir-birinə xəyanət etməsin. Bir şey də var, insan çox dərinə getsə, gərək heç kimi bağışlamasın. Elə olan halda isə tək qalar.

-Nübar xanımın dostu çoxdur?

-Atalar deyir ki, dostu olamayan adam yaxşı adam deyil. Çox olmamalıdır, amma olmalıdır.

-Tez kövrələn insansınız?

-Bəli, tez kövrələn biriyəm. Çox tez özü də. Mən hər şeyə kövrəlirəm. İstəyirəm ki, ətrafımda olan insanlar xoşbəxt olsun, istədiklərinə çatsın. İnsanlar arzularına çatanda mən də xoşbəxt oluram.

-Çox sağ olun ki, Nübar xanım, dəvətimi qəbul edib mənə müsahibə verdiniz...

-Bütün qadınlarımızı 8 mart münasibətilə təbrik edirəm, bütün ailələrdə xoşbəxtlik olsun. Azərbaycanda hər zaman bahar olsun. Heç bir zaman heç bir ailədə göz yaşı olmasın. İnsanlarımız firavan yaşasın. Xalqımızın qarşıdan gələn Novruz bayramını təbrik edirəm. Allah bütün balaları saxlasın, mənim balam da onların içində. Çox istəyirəm ki, övladım Fatimə Vətəni, xalqı, ailəsi üçün fayladı bir şəxs olsun. Sizə də təşəkkür edirəm ki, məni dəvət etdiniz.

Rövşən Tahir