SON DƏQİQƏ:

İskəndərin buynuzu var, buynuzu...

  55655   |  
Şriftin ölçüsü  

Şuşa şəhərini minalardan təmizləyən ANAMA əməkdaşlarının tapdıqları raket qalıqları İkinci Qarabağ Savaşı bitəndən sonra Ermənistanın müharibə zamanı Azərbaycana qarşı Rusiya istehsalı olan “İskəndər” operativ texniki raket kompleksindən istifadə edib-etməməsi barədə bitmək bilməyən mübahisəyə son qoydu.  Xatırladaq ki, bir çox erməni siyasətçiləri və generallarının etiraflarına baxmayaraq Rusiya bu raketlərdən istifadə olunmadığını israrla təkrarlayırdı. Kreml elə indinin özündə, yəni ortada daşdan keçən maddi sübutlar olduğu bir vaxtda da öz mövqeyində qalır, Peskovun “xəsis” bir təkzibiylə kifayətlənib “müdrik” susqunluğunu davam etdirir.

“İskəndər” raketləri, daha doğrusu, ondan istifadə ilə bağlı Paşinyanın məlum açıqlaması isə ağır məğlubiyyətdən sonra çalxalanan erməni cəmiyyətində əsl şok effekti yaratmış, ölkəni az qala vətəndaş müharibəsi həddinə çatdırmışdı. Ancaq indi məlum olur ki, opponentlərinin “İskəndər”lərdən niyə istifadə olunmaması barədə ittihamlarına onun ironiya ilə qarşılanan və baş naziri məsxərə obyektinə çevirən, hərbi-siyasi çevrələrdə xitə çevrilmiş “istifadə etdik, ancaq partlamadı və yaxud, nə bilim, 10 faiz partladı” cavabı heç də naşı bir adamın sərsəmləməsi deyilmiş.

Məlumdur ki, Şuşa şəhərində tapılan raket qalıqları “İskəndər” raketinin xarici dövlətlərə satılmaq üçün hazırlanan və uçüş məsafəsi nisbətən  qısa olan eksport variantına yox, Rusiyanın öz silahlı qüvvələrində istifadə üçün nəzərdə tutulan daha uzaq mənzilli modelinə aiddir. Bu isə raketin erməni silahlı qüvvələri tərəfindən, yoxsa Gümrüdəki rus hərbi bazasından atılması barədə haqlı suallar doğurur.

Bizim hərb tariximizin ən şərəfli səhifələrindən biri olan 44 günlük Vətən Müharibəsinin hələ açılmamış bir çox müəmmaları var ki, heç şübhəsiz, zaman keçdikcə onların üstündəki sirr pərdəsi götürüləcək. Müəmmalı hadisələrin daha çox  müharibənin son günlərində, Azərbaycan ordusunun qəti qələbəsinin qarşısıalınmaz bir mərhələyə qədəm qoyduğu vaxtda baş verməsinin özü artıq onun açılışının açarıdı. Naxçıvanda “səhvən”, guya dumanlı hava ucbatından vurulan rus vertolyotu, Bakı üzərində zərərsizləşdirilən raketlər, nəhayət, Şuşanın Azərbaycanın nəzarətinə keçdiyi ərəfədə “İskəndər”lərlə vurulması və s. bu kimi faktlar həmin günlərdə nələrin baş verdiyini anlamağa və təxmin etməyə çətinlik törətmir.

Rusiya rəsmilərinin raket qalmaqalıyla bağlı  susqunluq nümayiş etdirməsinin iki mühüm səbəbi var. Bir tərəfdən onlar arbitr rolunu oynamaq istədikləri bir münaqişədə tərəf olmalarından dolayı narahatlıq keçirir, digər tərəfdən də bu ölkənin ən müqəddəs dəyərlər sistemi olan hərbi-sənaye kompleksinin nüfuzuna vurulmuş ağır zərbədən əndişəlidilər. Bu münaqişənin 30 illik tarıxı ərzində Rusiyanın həm savaş meydanınında, həm də diplomatiya masası arxasında ermənilərin yanında olması heç kimə sirr olmasa da, neytrallıq libası həmişə əyinlərindəydi.  İndi ortada təkzibolunmaz sübutlar olduğu bir vaxtda bu rolu oynamaq xeyli çətinləşəcək, ən azı psixoloji diskomfort yaradacaq.

Amma bu cür detallar imperiya təfəkkürü və ambisiyaları qarşısında xırda məsələdi. İmperiya şüuru daha çox ikinci səbəbdən, hərbi-sənaye kompleksinə dəyən zərbədən zədələnir. “İskəndər” raket kompleksi Rusiya hərb sənayesinin son illərdəki ən mühüm nailiyyəti sayılırdı. Onun adı və imkanları ətrafında əsrarəngiz bir halə çəkilmiş, piar qurulmuşdu. Adını böyük fateh Aleksandrın adının şərq variantına uyğun olaraq “İskəndər” qoyulması da şərq bazarına asan yol tapmağa hesablanmış reklam tryukuydu. Şərq bazarının hədəf seçilməsi isə təkcə ordakı hədsiz münaqişə ocaqlarıyla bağlı deyildi, həm də onunla əlaqədar idi ki, Qərbin qapıları rus silahının üzünə çoxdan qapanıb.

İndi Rusiya Şuşaya iki “İskəndər” raketinin atılmasında özünün birbaşa və ya dolayısıyla  iştirakının faş olunmasından daha çox bu raketlərin partlamamasından, yaxud Paşinyanın gülüşlə qarşılanan “10 faiz partladı” tarixi ifadəsinin həqiqətə çevrilməsindən qəzəblidi.  Böyük dağıdıcı gücə malik bir raketin harasa atılıb-atılmaması onun törətdiyi dağıntılarla yox, hadisədən 6 ay sonra minaaxtaranların tapdığı qırıntılarla üzə çıxırsa, artıq həmin silahın imkanlarıyla bağlı hər şey aydındı, əlavə şərhə ehtiyac qalmır, bazarın bağlanacağı şübhə doğurmur. Bu gün dövriyəyə buraxılan “ola bilsin, Şuşaya təlim başlıqlı  raketlər atılıb” kimi tezislərlə də bu dar dalandan çıxmaq olduqca müşkül görünür.

Azərbaycanla münasibələri qəlizləşdirən ən vacib məqam isə Şuşaya atılan raketin “M” kateqoriyasından olmasıdı. Əgər həmin raket “E” kateqoriyasına, yəni eksport variantına aid olsaydı qınağa yer qalmazdı. Ən azı, bu raketlərin ermənilərə satılması, daha dəqiqi, pulsuz verilməsi nə gizli fakt idi, nə də beynəlxalq qanun və öhdəliklərin pozulması. Vaxtilə paradada nümayiş etdirilib, məşhurlar onun fonunda qürrəli pozalarda selfi də çəkdirmişdilər. Amma “M” versiyası ciddi hadisədi. Onun Gümrüdən atılması Azərbaycanın etimadını, erməni ordusu tərəfindən atılmasısa beynəlxalq etimadı itirmək deməkdi. İndi bu boyda qalmaqaldan sonra Azərbaycan hələ neçə il sürəcəyi heç kimə məlum olmayan nizamlanma və bölgədəki ümumi əməkdaşlıq prosesində Rusiyanın, onsuz da, heç vaxt güvənmədiyi ədalətinə necə bel bağlasın?! 

Rusiyayla Ermənistanın ikitərəfli münasibətlərinin hansı səviyyədə qurulması onların öz işidi. İstəyirlər strateji partnyor olsunlar, istəyirlər süzeren-vassal. Hərçənd, Ermənistanın guya müstəqillik qazandıqları bu 30 ildə hər iki tərəfdə hakimiyyətdə kimin olmasından asılı olmayaraq məhz süzeren-vassal versiyası işlək olub. Ölkənin ikinci prezidenti, əli dirsəyinə kimi Azərbaycan xalqının qanına batmış Robert Köçəryan bir müddət əvvəl siyasətə qayıdışının anonsu olan müsahibəsində Paşinyanı Rusiya ilə strateji və bərabərhüquqlu(?) tərəfdaşlıq münasibətlərini heçə endirməkdə, öz səriştəsiz siyasətiylə ölkəni Rusiyanın protektoratına çevirməkdə ittiham etmişdi. Ancaq bu gün siyasi baqajında Putinlə xoş münasibətdən və artıq Ermənistanda da dışlanan Qarabağ separatçılarının ayrı-ayrı dağınıq, nakam qruplarından başqa heç nə qalmayan bu zat Ermənistanda növbədənkənar parlament seçkiləri elan olunandan sonra hakimiyyət iddiaçılarının Kremldə başlayan söhbətinə  Paşinyanı qabaqlayaraq özünü birinci dürtdü.

İndi kimi Ermənistanın baş naziri edəcəyi Putinin öz işidi. Ancaq 10 Noyabr 2020-ci il, 11 Yanvar 2021-ci il bəyanatlarının altında imzası olan bir şəxs kimi neytrallığını qorumaq onun borcudu. Özü də təkcə bundan sonra baş verən hadisələrə yox, olub-keçənlərə münasibətdə də bunu nümayiş etdirməli, o cümlədən “İskəndər” raketiylə bağlı qamaqalı ört-basdır etmək üçün dövriyyəyə feyk informasiyalar buraxmaqla onu absurda çatdırmaq əvəzinə konkret izahat verillməlidi. Keçmişin düzgün analizi gələcək münasibətlərin effektivliyi üçün başlıca şərtdi.

Absurdun ən tragikomik nümunəsi isə “Pravda.ru” saytından gəldi. Saytın şərhçisi Aleksandr Artamonov bu barədə yazdığı sicilləmə məqalədə iddia edir ki, “İskəndər” raketləri Ermənistana qaçaqmalçılıq yoluyla aparılıb: “ Azərbaycan və Rusiya mətbuatına sızan informasiyalara görə Paşinyanın bəyanatından sonra başlayan Azərbaycan-Rusiya birgə təhqiqatı nəticəsində məlum olub ki, eksport üçün qadağan olunmuş “İskəndər-M” OTRK-i Rusiyanın hərbi anbarlarından oğurlanaraq (!) gizli yollarla Ermənistana aparılıb.

Görünür, Rusiya ərazisində Yerevanın hərbi lobbisinin maraqlarına xidmət edən gizli cinayətkar şəbəkə yaradılıb. Təəssüf ki, Paşinyanın rus istehsalı olan raket haqqında başdansovdu söylədiyi sözlər göstərir ki, baş nazir bu qanunsuz əməllərdən xəbərdar imiş”.

Sonra müəllif bu cinayətkar şəbəkənin Krasnodardan Xabarovskaya kimi Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərdiyini yazaraq qaş düzəldən yerdə göz çıxardır. Elə təəssürat yaranır ki, sanki söhbət nəinki ötən əsrin 90-cı illərindəki Rusiyadan, hətta Afrikanın hansısa “itazan” bir ölkəsindən gedir. Bu minvalla günü sabah Putinin arxasınca gəzdiriliən nüvə çemodanını da qaçaqmalçılar oğurlaya bilərlər.

Raketin 10 faiz partlamasına gəlincə Artamonov bunu tələm-tələsik ölkədən çıxardılması və düzgün istifadə olunmamasıyla izah eləyir və bununla da əslində, rus  hərbi-sənaye kompleksinin imicini qorumağa uğursuz cəhd edir. Ancaq ilin-günün bu vaxtı Rusiyadan qaçaqmalçılıq yoluyla belə bir strateji silahı çıxarmaq gücündə olan bir şəbəkənin ondan düzgün istifadə eləməkdə çarəsiz duruma düşməsinə kimisə inandırmağa cəhd göstərmək, yumşaq desək, sadəlövhlükdən başqa bir şey deyil.

Dünyanın ən böyük fatehlərindən biri olan Makedoniyalı İskəndərin 23 yaşında başladığı və on il davam eləyən Şərq yürüşündən 2300 ildən çox vaxt keçsə də  adı bu gün də dillərdə dastandı. Fəth elədikləri ölkələrin əhalisi arasında onun qədər populyar olan ikinci bir şəxsiyyət tapmaq mümkün deyil, çünki belə birisi sadəcə olaraq, mövcud deyil. Onun şəninə poemalar yazılıb, dastanlar bağlanıb, haqqında saysız-hesabsız rəvayətlər, əfsanələr dolaşır. Bu gün də populyar olan “İskəndərin buynuzu var, buynuzu” məşhur ifadəsi də dəbilqəsindəki guya Misir allahı Amonun oğlu olduğunu simvolizə edən iki buynuzun şərəfinə qoşulub.

Rusiya mütəxəssislərinin yuxarıda dediyimiz kimi əsasən Şərqin silah bazarına hesablandığı üçün bütün istilalarına, tökdüyü qanlara rəğmən yaddaşlarda yalnız müsbət obrazı yaşayan belə bir fenomen şəxsiyyətin adını verməsi yaxşı düşünülmüş bir piar-gediş idi. Amma heyf ki, Ermənistan onun siftəsini korladı və onsuz da, məhdud bazarını birdəfəlik bağladı. İndi heç bir araşdırma və izahat bu silahın nüfuzunu qaldırmaq, buynuzlarını itiləmək gücündə olmayacaq. Əvəzində “Exo Mockva” radiosunun aparıcısı Aleksandr Venediktovun sözlərinə görə Kreml üçün böyük başağrısına çevriləcək. Çünki istənilən halda “...hərbiçilər Putinə, Putin isə İlham Əliyevə cavab verməli olacaq. Çünki bu ciddi məsələdi, ağrılı məsələdi. Real cavabı yoxdu”.

M. Cavadoğlu

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK