adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Aprel 2021 12:03
24824
ƏDƏBİYYAT
A- A+

Ayaz Arabaçı: Harda baş kəsilir

Harda baş kəsilir,harda qan batır,
Bəllidi hər gizli sir sənə Tanrım.
Bu ağır zamanda-çətin dövrdə,
Sənə güvənirik, bir sənə,Tanrım.

Ağızlar-qulaqlar "pıç" olur hər gün
Elə o əvvəlki suç olur hər gün,
Yüz arzu,yüz xəyal puç olur hər gün,
Min-min ümid ölür hər sənə,Tanrım..

Sənə sevgimizdə eşqi dərinik,
Könül qabarınıq,alın tərinik.
Bə biz də özünün yetimlərinik.
Bir kərə bizi də görsənə,Tanrım.

Yürütdün yezidin bayrağı altda.
Çürütdün şeytanın barmağı altda.
Bir sürü eşşəyin ayağı altda,
Tapdanıb dönmüşük kərsənə,Tanrım.

İşə sal gücünü, qəzavətini,
Topla məşvərətə vəzarətini.
Niyə itiribsən nəzarətini..
Çoxmu uzaq gəlir Yer sənə Tanrım..

Zalımlar,cəlladlar ərk eləsin qoy,
Bu zülmü bundan da bərk eləsin qoy,
Qoy ruhum canımı tərk eləsin,qoy,
Gör nələr deyəcəm,gör sənə,Tanrım.