adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyun 2021 11:51
26308
MƏMLƏKƏT
A- A+

Oxucuların şükranlığı müəllifin şükranlığıdı

Bir mahnının bir misrasını xatırlayıram: Sev ki, sevən mərd olar. Əlisəftər Hüseynovun "Sevgimizdən usanmayaq" kitabı sevgiyə - mərdliyə çağırışın ədəbi (bədii) siluetidi, şübhəsiz. Bu sevgi Azərbaycan incəsənətinə (deməli, Azərbaycana. azərbaycanşılığa) sədaqətdi. Bu sədaqətin mahiyyəti dünyəvilikdi, bəşərilikdi; "Sevgimizdən usanmayaq" bəşəriliyin kitabıdı...

"Barmaqların hikməti"ndə könlümə yatan təhkiyyədə, faktlarda sezilən işıq kitabı ürəyinin gözüylə oxuyanlar üçün Maestro Niyazi dünyasından musiqi kəhkəşanına düşən içığın eynidi. Oxucuların bu işığı ədəbi (bədii!) işıq bilməsi müəllifin şükranlığıdı, "Barmaqalrın hikməti"ndə barmaqların hikmətini sezmək - oxucuların...

76-cı, ya 77-ci iliydi. Tbilisidə Xuraman və Fidan qasımova bacılarının iştirakı ilə konsert olacaqdı. Gürcüstan SSR Mədəniyyət Nazirliyinin təşkilatçılığıyla təşkil edilən bu kiki günlük bu konsertə rayon rəhbərrliklərinin xüsusi siyahısıyla getmək olardı. Konsertdə müxtəlif rayonlardan gəlmiş müxtəlif millətlərin nümayəndələri iştirak edirdi. Dirijor Maestro Niyazi idi!

Hər ifadan sonra Qasımova bacıları cani-dildən aıqışlanırdı. Bu gözəl alqışları "Maestro!", "Maestro!" nidaları tamamlayırdı. Sonda Üzeyir Hacıbəyovun duyanların duyğularına göyqurşağı bildiyim "Koroğlu" operasının uvertürası səsləndi! Yüzlərin - azərbaycanlıların, gürcülərin, rusların, yunanların, abxazların, acarların alqışı uzun çəkdi. Həm də ayaq üstə! Hamı iki heyrətin  cazibəsindəydi - Üzeyir bəyin və Niyazinin!

O alqışların səmimiyyəti onda ürəyimi qürurla silələmişdi. Aradan neçə on illər keçəndən sonra Əlisəftər Hüseynovun bir xatırlatması həmin konsertin bir məqamını yenidən yaşatdı. Buna qadir olan əsərlər təbii ki, dəyərli əsərdi...

Tanınmışlar haqqında yazmaq çətindi - məlum fakt və hadisələri yenidən oxumaq usandırıcı olmazmı (bundan usanılar. sevgidən isə yox!). Oxucu məsuliyyəti ilə deyirəm ki, "Sevgimizdən usanmayaq" kitabında usandırıcı heç nə yoxdu...

Səməndər Rzayevin Kamranı ("Unuda bilmirəm") mənə - tələbə Rəşid Məmməd oğluna sevdiyi teatr sənətini daha da sevdirdi, ruhunun beşiyi olan Borçalısını daha da ululaşdırdı. Sevginin dəruniliyə çevrilməsi dialektikasının necəliyini də onda duymuşdum. Kamranın el-obasına sədaqətiylə - Kamranın daxili aləmini açmağı bacaran Səməndər Rzayev qüdrətiylə duymuşdum! Obraz kimi Kamranın Borçalıya bunca sədaqəti neçə-neçə Rəşidlərin ömrünü mənəvi ucalıqdan üzülməyə qoymadı. Görəsən başqa aktyor bunu belə aşılaya bilərdimi? Əlisəftər Hüseynovun "Özünə yenilən "kral" aktyor"məqaləsini oxuduqca qət edirsən ki, yox. Bu obraz Səməndər Rzayevin "boyuna bişilib", Səməndər Rzayev haqqında belə səmimi məqalə yazmaq Əlisəftər Hüseynovun qələminin qüdrətinə. Kamranın (Səməndər Rzayevin) "Borçalı dünyanın o başı deyil!" fikrinə çataqlı "Sevin, sevgidən bezməyin!" fikrinin işığında Əlisəftərin "Sevgimizdən usanmayaq" kitabının işığını görürəm: "Onun (Səməndər Rzayevin - R.F.) yaratdığı İbrahim sanki dahi bir rəssamın rəngarəng boyalarla ırsəyə gətirdiyi monumental bir portret idi və adam elə gəlirdi ki, Səməndər məhz belə portretlərə nəfəs vermək üçün doğulub..." ("Özünə yenilən "kral" aktyor"). Gözəl fikir gözəl də ifadə edilib - insaflılar sözümə söykək olacaq. Bu kitabı sevilənləri sevdirməyə qadir kitab kimi oxudum - dəyəri həm də bununla hesablanmalıdır: sevilənləri daha da sevdirir axı...

Azərbaycan Dram teatrının Gürcüstana qastrolunda, Bakıdan xeyli uzaqda -  Qaraçöpdə Meydan tamaşasından azca sonra aktyorlara və rejissora "Gördünüzmü ki, Borşalı dünyanın o başı deyilmiş!" nidası həm Azərbaycanın tarixi keçmişinə sayğı kimi səsləndi. həm də yüzlərin könlünə ziyarət oldu. Səməndərin səsiylə eşidilən bu nida tarixə bir həqiqəti də xatırlatdı: Vətənin o başı, bu başı olmur; belə sənətkarla bağlı xatirələrlə "Sevgimizdən usanmayaq" kitabında yazılanlar arasında mənəvi-ruhi bir bağlılıq görürəm. Əlisəftərin məqaləsi belə xatirələrin kantatasına dönür...

Bütövlük anlayışının sənətşünaslığa inteqarsiyasını bəyəndim (dilimizin zənginliyinə görə Əlisəftərin təqdimatında bir daha qürurlandım), bu kəlməni "Həsənağa Turabovun bütövlüyü" məqaləsinə ricət buldim; məqalə bütövlükdə bütövlüyün oratoriyası kimi səslənir. "O, (Həsən Turabov - R.F.) hansı obrazı yaradırsa - müsbət ya mənfi, əsas, ya epizodik, tarixi, ya müasir - fərqi yoxdur - onu bütöv yaradırdı...". Əlisəftər bu fikri Həsən Məmmədova həsr etdiyi "Əksliklərin vəhdəti" məqaləsində başqa formatda təqdim edib: "...Zaman bu obrazın bədii bütövlüyünə zərrə qədər də xələl gətirə bilməmişdir. Obrazın (həm də xarakterin - R.F.) mahiyyəti bütün süjet boyu təzadlı qütblərin toqquşmasında açılır. Abbasqulu bəy əməl fəaliyyətinin strateji yönünə görə - bolşevik ruhuna, mənəviyyatına. davranış etiketinə görə isə - bəydir. Aktyor obrazı səciyyələndirən xüsusiyyətləri məhz bu əksliklərin vəhdətində tapmış, onların toqquşmasından yaranan effekti axıra qədər qoruyub saxlaya bilmişdir..."...

Anarın "Dantenin yubileyi"ni oxumuşdum. Kəbirlinski obrazı az-çox ədəbi (bədii) zövqü olan bir oxucu kimi mənim də düşüncələrimi tərpətmişdi. Tay-tuşlarımla kəlmələşəndə yan-yörəmizdəki Kəbirlinskiləri görüncə "Kəbirliski"  - təyinini də işlədirdik. Aradan illər keçəndən sonra "Segimizdən usanmayaq" kitabında oxuduğum kəlmələr - Həsən Turabovun yaratdığı Kəbirli obrazı haqqında Əlisəfərin dedikləri mənə qədərincə doğma göründü və mənə elə gəlir ki, Əlisəftər duyumuyla, təxəyyülüylə çoxlarının fikrini bədii telepatiya formatında ümumiləşdirib: "Onun Kəbirlinskisi tamaşaçını ömrün mənası, insanın həyatdakı missiyası ilə bağlı dərin düşüncələrə daldırır..."...

Əmir Teymur İranı fəth etdikdən sonra "Şahnamə"də türkləri aşağılayan Firdovsinin məzarına gələn, ayağını məzarın üstünə qoyaraq: "Ey Firdovsi, qalx, qalx da, hər sətrində aşağıladığın "məğlub türkü" indi gör! Qalx da küfr etdiyin, küsümsədiyin türkə bax!" deyən Əmir Teymurun Əmir Teymurluğunu "Nəsimi" bədii filmində daha möhtəşəmliklə yaşadıq. Onu bizə müqtədir aktyor Yusif Vəliyev yaşatmışdı. Əlisəftər Hüseynovun "Sevgimizdən usanmayaq" kitabında bu böyük sənətkar haqqında "Yusif Vəliyevin xarizması" məqaləsini oxuyandan sonra faktı ədəbiyyata bunca duyğusallıqla gətirdiyinə görə Əlisəftərə təşəkkür etməklə Yusif Vəliyevi tanımayan (tanımamaq öz yerində, onun kimliyini bilməyən!) məmura sənətkara və sənətə münasibətinin cılızlığına  görə yazığım gəldi. Məqalə (kitab!) belə məmurlara Mirzə Cəlil sözünün qüdrətindən rişələnən sözün cavabıdı və bu gözəl cavab Azərbaycan incəsənətinin cavabıdı!. Həm də bircə kəlmə ilə: bədbəxt!..Və zamanında Yusif Vəliyevin əlini sıxa bilməməyin təəssüfünü indi də yaşadım; Əlisəəftər Hüseynovun "Sevgimizdən usanmayaq" kitabı yaşatdı...

"Sevgimizdən usanmayaq" kitabının bədii (və tarixi!) dəyəri həm də tanınmışları yenidən tanıtma missiyasındadı...

"Eldəniz Zeynalov paradoksu" məqaləsində Əlisəftər yazır ki, "Eldəniz yaratdığı obrazların ardınca getmirdi. əksinə, onları öz ardınca aparırdı". Bu tezisi müəllifin özünə də şamil etmək olar: sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəftər Hüseynov yazdığı mövzuların ardınca getmir, əksinə, belə mövzular ahənrübalaşaraq onu özünə çəkir...

 

Rəşid Faxralı