adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Sehirli çubuq

FAİQ QİSMƏTOĞLU
56502 | 2021-07-09 12:49

Yaxud gözəgörünməz

 

Dünyada çox qəribə və qeyri-adi hadisələr olur. Və bu qəribə, qeyri-adi hadisələr həmişə adamları təəccübləndirib. Hətta o qədər təəccübləndirib ki, onlara baxanda həmin insanların gözü dörd olub. Bax, adamı belə şeylər, belə məqamlar nəinki təəccübləndirir, həm də ağlını başından çıxarır.

Bizim məmləkətimizdə də belə qəribə işlər çoxdur və hər gün biz onlarla üzləşirik. Sanki kiminsə əlində bir sehirli çubuq var və bu sehirli çubuqla hər şeyin qiymətini ya qaldırır, ya da endirir. Elə bil yanıldım. Endirmir ey, ancaq qaldırır! Və bu sehirli çubuq elə həmişə belə adamların əllərində olub. Qəribə olsa da, həmin adamlar bu sehirli çubuqla bu xalqa, bu millətə, bu dövlətə badalaq atmaqdan yorulmayıblar. İnanmırsız, bir-bir yada salım, baxın görün düz deyirəm, ya yox?! Düz demirəmsə, qarşınızda boynum qıldan incədir. Götürün qılıncı, vurun boynumu! Amma boynumu vurmamışdan qabaq bir görün nə yazıram, nə deyirəm və ondan sonra bu qılıncı götürün...

Məsələn, mən deyirəm ki, bu gün bəzi vəzifə sahibləri deyəsən vicdanını itiriblər. Bəlkə də onlar hələ də o vicdanı axtarırlar. Amma olmayan vicdanı tapmaq çox çətindir. Şəhid ailəsini incidən, Qarabağ qazisinin haqqını özünə verməyən, imkansız, kasıb adamları saatlarla, günlərlə qapısının ağzında saxlayan məmurlara nə ad vermək olar?! 44 günün qələbəsindən sonra düşünürdük ki, məmurlar bundan nəticə çıxaracaq, ədalətli olacaq, köhnə xasiyyətlərindən əl çəkəcəklər. Amma biz bunun əksini görürük. Çoxlu sayda insanların haqlı və haqsız olaraq əlillik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ləğv olunub.

On minlərlə insan indi öz haqqını tələb etmək üçün mücadilə aparır. Səsi eşidilən də var, eşidilməyən də. Altı ay təqaüd almayan adam indi çıxılmaz vəziyyətdə qalıb. Axı bu adamlar vətən uğrunda canını qurban veriblər, əlini, ayağını, gözünü itiriblər. İndi əlini, ayağını, gözünü itirən o adamlar olmazın süründürməçiliyi ilə üzləşir, öz haqqını alana qədər cəhənnəmi gözü ilə görür. Məgər onlar qan tökmüşdülər ki, bu cür məsuliyyətsiz məmurların qarşısında cəbhədə çəkmədiyi çətinlikləri yaşasınlar?! Məgər onlar döyüşə gedəndə fikirləşirdilər ki, kimsə onları incidəcək?! Əsla, bu barədə onlar düşünməyiblər.

Hər bir icra başçısı, hər bir vəzifəli şəxs və eləcə də digər səlahiyyət sahibləri indi ona görə kresloda əyləşiblər ki, o şəhidlər torpaqlarımızı yağılardan azad etməklə milləti bəladan qurtarıblar. Əgər onlar olmasaydı, indi yekə-yekə danışan bəzi nazirlər, icra başçıları o kresloda əyləşə bilməzdilər. Üç minə yaxın şəhidimiz var. Çox yox, bir-ikisini göstərin görüm, o şəhidlərin hansı nazir, nazir müavini, icra başçısı və digər vəzifəli şəxslərin övladlarıdır. Göstərə bilməzsiniz, çünki üç minə yaxın şəhidin arasında bir yüksək vəzifəli məmurun övladı yoxdur. Bəs, belə isə, nə üçün bu məmurlar xalqa, millətə xidmət etmək əvəzinə insanların dərisini soyurlar.

Bu gün bazar-dükanda hər şeyin qiyməti az yox ey, 100 faiz civarında bahalaşıb. Hər gün, hər həftə bir də görürsən ki, ərzaq məhsullarının qiyməti qalxıb. Məsələn, bir ay bundan əvvəl kiloqramı 1 manat 50 qəpiyə aldığımız qarabaşaqı indi 2 manata satırlar. Bunlar hamısı inhisarçılığın, monopoliyanın nəticələridir. Əgər inhisarçılıq olmasa, bu qədər sürətli qiymət artımı baş verməz. Hətta bu barədə  millət vəkili Əli Məsimov da Milli Məclisinin iclasında öz iradını bildirib. Qiymət sabit qalmaq əvəzinə, aşağı enmək əvəzinə, daha da yüksəlib.

Bir-iki gün bundan əvvəl xiyarın 1 kiloqramını 40, 50 qəpiyə almaq olurdu. İndi iki-üç gündür onun kiloqramını 1 manat 20 qəpikdən aşağıya almaq mümkün deyil. Soruşsanız ki, niyə belə xiyar bahalaşıb? Satıcılar deyirlər ki, vallah, bizdən asılı deyil. Topdansatış mərkəzində hər şey bahalaşıb, biz də onun üstünə 5-10 qəpik qoyub satırıq. Hansı ki, bəyənmədiyimiz Sovet dönəmində iyul, avqust aylarında xiyarın 1 kiloqramının qiyməti 15-20 qəpik olardı. 

Eyni zamanda gilasın, gilanarın, əriyin   qiymətləri də kəllə-çarxa qalxıb. Ərik 4-5 manat, gilas 5 manat, gilanar isə 3 manat. Bu qiyməti bahalaşdıran görəsən kimlərdir? Qoy, deyim bilin. Onu bahalaşdıran bu dövlətin, bu xalqın düşməni olan qüvvələrdir. Qəsdən bu bahalaşmanı yaratmaqla insanlar arasında narazılığın baş qaldırmasına çalışırlar. Onların əlində sehirli çubuq var və bu sehirli çubuqla gözəgörünməz qüvvələr hər şeyin qiymətini günbəgün qaldırmaqda davam edirlər. Səhv etmirəmsə, İqtsadiyyat Nazirliyində süni qiymət artımına qarşı mübarizə aparan bir idarə var. Onların isə gözü deyəsən tutulub. Bu süni qiymət artımının qarşısını almaq əvəzinə oturub yerlərində saymaqla məşğuldular. Gərək ölkənin başçısı məsələyə qarışsın ki, bundan sonra onlar hərəkətə gəlib süni qiymət artımına qarşı mübarizə aparsınlar.

Mübarizə isə aparılmır. Hər gün, hər həftə həm ərzaq, həm sənaye, həm də bostan-tərəvəz məhsullarının qiyməti qalxmaqda davam edir. Sehirli çubuqla gözəgörünməz qüvvələr ölkəni qatışdırır, süni bahalıq yaradır və qaz vurub qazan doldururlar. Amma vallah, belə getməyəcək. Bir gün o sehirli çubuq da sınacaq, gözəgörünməz qüvvələr də yaxalanacaq. Amma sadəcə olaraq bunun geci-tezi var...  

TƏQVİM / ARXİV