adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Gözdən pərdə asmayın

FAİQ QİSMƏTOĞLU
46737 | 2021-08-11 11:40

Yaxud Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda çox bahalıqdır

 

Ötən illə müqayisədə bu il ölkəmizdə və eləcə də Bakı şəhərində kənd təsərrüfatı məhsullarının qiyməti çox bahadı. Onun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri başa düşmək olar. Bax, bu subyektiv səbəblərdən bir şey anlamaq olmur. Sanki kimlərsə hər şeyə qəsdən düyün vurub və o düyünü də heç kim aça bilmir. Bu düyün bilirsiz nədi? Bu düyün odur ki, kənd təsərrüfatı məhsulunu əkib-becərən kəndli qəpik-quruş qazanır, amma onu alıb Bakıya gətirən bir dəstə insan qaz vurub qazan doldurur.

Zarafat deyil ey, ilboyu bu kəndli yağışın, qarın, günün altında torpağı şumlayır, toxum səpir, onu becərir və ürəyində nə boyda arzu ilə gözləyir ki, əkdiyi bostan-tərəvəz məhsulları, mer-meyvə yetişəcək, o da balalarına bir gün ağlayacaq; ev tikəcək, maşın alacaq!

Düzdü, ev də tikilir, maşın da alınır. Amma torpağı şumlayıb o məhsulu əkən kəndli yox, həmin məhsulu çox ucuz qiymətə tarladan alan alverçilər hər şeyə nail olurlar. Yəni, nə yoğururlar, nə yapırlar, hazırca kökə tapırlar. Heç yazıq kəndli də əkdiyi məhsulun maya dəyərini çıxara bilmir.

Son bir-iki ildə kənd təsərrüfatı nazirliyi fermerlərə, kəndlilərə məhsulu əkib-becərmək üçün subsidiyalar, güzəştli yanacaqlar verir. Alın təri ilə işləyən kəndli yenə öz istədiyi qazancı əldə edə bilmir. Kənd Təsərrüfatı Nazirliyi «Kənddən şəhərə» adı altında bir layihə həyata keçirir.  Bayram günlərində, eləcə də şənbə-bazar günləri paytaxtımızın bir neçə yerində kənd təsərrüfatı yarmarkaları təşkil edir. Burda mer-meyvədən tutmuş bala, yağa, pendirə qədər hər şey satılır. Amma nolsun? Heç bazardakından fərqlənmir. Hətta 8-ci km bazarında kənd təsərrüfatı məhsulları daha ucuz qiymətə satışa çıxarılır. İnanmırsız, həmin günlər, həm o yarmarkalara baş çəkin, həm də 8-ci km bazarına. Görün, hansında ucuzluqdur.

Camaat yarmarkadakı bahalığı görəndə deyir ki, burda məhsul satanların çoxu bazarlarda alver edən adamlardır. Heç kimə sirr deyil ki, insanlar hər şeyi yaxşı bilir və hər gün gördüklər adamı yarmarkada görəndə təəccüblənmir. Camaat onu da deyir ki, o yarmarkaya rəhbərlik edənlər özlərinin yaxın adamlarını, ya da kimlər isə «şirinlik» verirsə, onları orda yerləşdirir.

Əlbəttə, camaatın dediyində bir həqiqət də var. Əgər əsl kənd adamı özü gəlib məhsulunu o yarmarkada satsa, çox ucuzluq olar. O gün televizorda çıxış edən bir fermer deyirdi ki, mən bir hektar sahədə pomidor əkmişəm. O bir hektardan 300 ton məhsul götürmüşəm. Pomidorun kiloqramını sahədə 15-20 qəpiyə gəlib   alan yoxdur. Bax, əsl həqiqət budur. O kəndlinin məhsulu qalıb tarlada, xarab olur, su qiymətinə satır. Yarmarkada isə pomidorun kiloqramı 50-60 qəpikdən aşağı düşmür. Məhz yarmarkaya bu cür adamları dəvət eləmək lazımdır ki, onlar gəlib istehsal etdikləri kənd təsərrüfatı məhsullarını uzaq başı 30-40 qəpiyə satarlar.

Bu nağıl deyil ey, həqiqətdir! Rayonlarda bostan-tərəvəzlərdə pomidorun kiloqramı 15 qəpik, xiyarınkı 20 qəpik, soğanınkı 15 qəpik, qarpızınkı 15 qəpik, kartofunku 25 qəpikdir. Amma görün bazarlarda və yarmarkalarda qiymətlər necə bahadır.

Builki qədər ölkəmizdə bol məhsul olmayıb. Qarpız və pomidor isə həddindən artıq çoxdur. Amma qiymətlər ötən illə müqayisədə qat-qat bahadır. Ötən il bu vaxtı pomidorun kiloqramı 30-40 qəpik arasında idi. Özdə bu qədər bolluq yox idi. Bu il isə 60-70 qəpikdən və bir az da artıq baha qiymətə satırlar. İndi siz deyin, Kənd Təsərrüfatı Nazirliyi   yarmarkaları yaratmaqla ucuzluq yaradır, yoxsa bahalıq?! Camaat isə buna birmənalı yanaşmır və Kənd Təsərrüfatı Nazirliyi təşkil etdiyi yarmarkalara deyil, elə 8-ci km bazarına üz tutur. Həmin bazarda 3 kiloqram pomidoru 1 manata verirlər. Əlbəttə, yarmarka ilə müqayisədə bu çox sərfəlidir.

Təəssüflər olsun ki, Kənd Təsərrüfatı Nazirliyi böyük islahatlardan danışsa da, biz onu gündəlik həyatımızda görmürük. Yəni onların dediyi söz olaraq qalır. Təcrübəli, savadlı, 40 ilin, 50 ilin mütəxəssisləri islahat adı altında təqaüd yaşı çatdığına görə işdən çıxarılır. Onların yerinə isə təcrübəsi və bir o qədər də istedadı olmayan adamlar gətirilir. Məsələ kadr dəyişməsində deyil, məsələ bu kadr dəyişikliyindən sonra keyfiyyət və kəmiyyət dəyişikliyindən getməlidir. Biz isə bu keyfiyyət və kəmiyyət dəyişikliyini hələ ki görmürük.

Görünən odur ki, təcrübəli mütəxəssisləri yeni təyin olunanlar əvəz eləyə bilmir. Danışanda çox gözəl danışırlar, işə gələndə isə köhnəni bəyənmirlər, heç bir yeniliyə də imza atmağı bacarmırlar. Və nəticədə belə bir narazılıq yaranır. Yəni, yarmarkalarda əsl zəhmət adamları deyil, kimlərinsə havadarlıq elədiyi işbazlar fəaliyyət göstərir. Ona görə də nazirliyin təşkil etdiyi yarmarkalarda vəziyyət əvvəllər olduğu kimi qalır və ucuzluq yaranmır. Ucuzluq o vaxt olacaq ki, tarlada məhsulları tökülüb qalan adamlar onu özləri gətirib satacaqlar.

Cənablar, bu camaat çörəyi qulağının dibinə yemir, hamının ağzı var, gözü var və qulağı var. Göz görür, qulaq isə eşidir. İnsanlar isə deyilənlərə yox, gördüklərinə inanırlar. Görürlər ki, deyilənlər başqadır, həqiqət isə bir başqadır. Yəni, heç kim aldanmaq istəmir. Aldatmaq istəyənlər isə hələ ki, öz oyunlarını oynayır, qoy oynasınlar, görək axırı nə olur?!

TƏQVİM / ARXİV