adalet.az header logo
  • Bakı 7°C
17 Oktyabr 2021 13:10
24946
ƏDƏBİYYAT
A- A+

Yurdum - Azərbaycanım! - Əjdər Olun şeirləri

Yurdum - Azərbaycanım!

Ölmədim ağ gününü gördüm, Azərbaycanım!
Olsa da, "yox, - deyəcəm, - dərdim", Azərbaycanım!

Səni  çox öydü bu dil, amma çıxartmaz ağını,
Gözümə tutiyətək sürtmədəyəm torpağını,
Göydə göyqurşağıtək yelləyirəm bayrağını,
Himnini eyləmişəm virdim, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!

Çox olub yağmalanan, solmuş, üzülmüş vaxtın,
Çevrilib, yandırılıb tüstüyə dönmüş taxtın,
Milyon il bərk dayanıb indiyə gəldin, çıxdın,
İgidim, qəhrəmanım, mərdim Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!

Anasından soyuyan kəsləri az görməmişik,
Yurda yanpörtü baxan tərsləri az görməmişik,
Dara düş didə çıxar səsləri, az görməmişik,
Can deyib canına can verdim, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!

Çatdıq azadlığa, biz arzulayan çağlardı,
Can fəda eylədilər, can əvəzi sağlardı,
Mənim arxam boyaboy cərgələnən dağlardı,
Çinarınla yanaşı durdum, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!

Amma könlümdə sınıqlıq da var, əlbəttə, Vətən,
Çəkilib ağlamışam daldada, xəlvətdə, Vətən.
Vətənin beşdə üçü çərlədi qürbətdə, Vətən,
O ki var zülm görüb yurdum - Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!

Əjdər Ol, qarşıda yol bir balaca çən görürəm,
Özümün şölə saçan istəyimə tən görürəm,
Qalibiyyət yolumuz qarşıdadır, mən görürəm,
Sevgilimtək qoluna girdim, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!

Çağırış

"Qarabağ bizimdir və nida!" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Keçdi əks-hücuma şanlı ordumuz,
Qələbə gözləyir doğma yurdumuz,
Gedirik irəli, gəlir ardımız,
Düşmənin dilinin ucunda vida,
Qarabağ bizimdir, bizim və nida!

Yoxolmuş yox olub yoxa çıxacaq,
Bayrağım yeriyib dağa çıxacaq,
Laçına çıxacaq, Tuğa çıxacaq,
Həsrətdən güc aldıq, sevgidən qida,
Qarabağ bizimdir, bizim və nida!

Murov zireh çəkib "üzləyib" bizi,
Kəlbəcər otuz il özləyib bizi,
Ağdam hər dəqiqə gözləyib bizi,
Kəsməz yolumuzu ölüm, qan-qada,
Qarabağ bizimdir, bizim və nida!
 
Günəş işıq tutub, Ay yaxıb şamı,
Elə bil dəyişib həyatın tamı,
Şuşa sevgisinə can atır hamı,
Hamıya yuxuda verilib buta,
Qarabağ bizimdir, bizim və nida!

Azərbaycanımın qəlbi Qarabağ,
Yenilməz, möhtəşəm, qəlbi Qarabağ,
Ey hərbi geyimli hərbi Qarabağ,
Yağı öz xoşuna çəkilsin, ya da...
Qarabağ bizimdir, bizim və nida!

Ey dağım, ey daşım, bizə səngər ol!
Ey dostum, qardaşım, zabit, əsgər ol!
Canını dişində tutub Əjdər Ol,
Əsgər marşı ilə yeriyir o da...
Qarabağ bizimdir, bizim və nida!

29 sentyabr 2020

Qəzan mübarək

Əgər gedirsənsə haqq savaşına,
Qəzan mübarəkdir, qəzan mübarək!
Bu halal kəlməni sətir başına,
Yazan mübarəkdir, qəzan mübarək!

Sən ki, qan tökmürsən, qanı alırsan,
Əlindən nə gedib, onu alırsan,
Sən Salur oğlusan, Banu alırsan,
Qazan, mübarəkdir, qəzan mübarək!

Namus savaşıdır sənin savaşın,
Başında tay-tuşun, dostun, yoldaşın,
Yağıdan aldığın torpağın, daşın
fəzan mübarəkdir, qəzan mübarək!

Qarabağ itməyib, bizdən getməyib,
Biz ordan getmişik, fürsət ötməyib,
Sən oxu, mənim də sözüm bitməyib,
Ozan, mübarəkdir, qəzan mübarək!

Canında qalsa da, lap yarı canın,
Qazi tək dönməyə vardır inamın,
Əgər şəhid olsan, şəhidlik qanın,
əzan mübarəkdir, qəzan mübarək!

Oğul doğulmayıb, döşəkdə ölə,
Bayraq tikilməyib, tutasan yelə.
Deyirdim, arxam var, igid, sən elə
Osan, mübarəkdir qəzan, mübarək!
Qəzan mübarəkdir, qəzan mübarək!

Azərbaycan

Mənim əziz vətənim,
Ruhum, canım və tənim,
Qüdrətə bax adında!
Hikmətə bax adında!
Deyim nəsən? - Xəzinə!
Baxıb nurlu üzünə,
Aranına, dağına,
Gözəl Qarabağına,
Ad qoyub, can deyiblər,
Azərbaycan deyiblər!

Canı dilə gətirib,
Canı cana yetirib,
Anacan çağırmışıq,
Nənəcan çağırmışıq,
Gah atacan demişik,
Gah babacan demişik,
Bir də göz açan kimi,
Ruhumuz acan kimi,
Vətənə can demişik,
Azərbaycan demişik!

Səni vətən seçənlər,
Adına and içənlər,
Çinarına xan dedi.
Dağına sultan dedi.
Lap işi qan olan da,
Yolunda qurban dedi.
Canında can olan da,
Yarımcan da can dedi.
Mən də can-can deyirəm.
Azərbaycan deyirəm.

Azərbaycan deyilincə,
Düşmənlər də can deyər.
Dönük çıxıb, gözündən
Düşənlər də can deyər.
Can deyər qan-qan deyən.
Od-alovdan don geyən.
Gəzdim söz sırasında,
Ölkələr arasında,
Tək sənə can deyərlər!
Azərbaycan deyərlər!

Mənim Azərbaycanım,
Adının da canı var.
Könlümün nə qorxusu,
Nə də həyəcanı var.
Yağı güc gələ bilməz,
Bu vətən ölə bilməz,
Niyə?
Nədən?
Nə üçün?
Çünki tükənməz gücün,
Hamı sənə can deyir,
"Can Azərbaycan!" deyir.

Oxşama

Mən yarıdım, yarımadım,
Vətənimi qarğımadım,
Ona heç nə sırımadım,
Tək özümü qorumadım,
Köküm varmış, qurumadım.
Vətən dedim, Vətən, Vətən!

Dolaşdıqca addım-addım,
Baxdım ona maddım-maddım.
Havasını uddum, uddum,
Dadmalısın daddım, daddım.
Necə şaddım, necə şaddım,
Vətən dedim, Vətən, Vətən!

Gərək deyil - şişirtməyin,
Kiçik deyil - kiçiltməyin,
Hər yetəni eşitməyin,
Yuvamızı üşütməyin,
Zirvədəyəm, düşürtməyin.
Vətən dedim, Vətən, Vətən!

Öz imzamdır, öz qolumdur,
Bayrağımda üç yolumdur,
Addımbaşı parolumdur,
Sağolumdur, varolumdur,
Hər nədirsə, qəbulumdur.
Vətən dedim, Vətən, Vətən!

Yağısı çox, çətinlikdir.
Kimə nə var, bu, mənlikdir.
Ruhum şehli çəmənlikdir.
Heyim, gücüm Vətənlikdir.
Bələklikdir, kəfənlikdir
Vətən dedim, Vətən, Vətən!