adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Ay camaat, mən Şuşaya gedirəm Əbülfət MƏDƏTOĞLUNDAN dördüncü yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
1432 | 2021-09-08 14:30

Dördüncü yazı

                                  

...Bu da İmişli şəhəri. Burda uyğun bir yerdə maşınlarımız dayanır. Qısa fasilə elan olunur. Hər kəs buradakı şadlıq evinə, böyük zalına tələsir. Kimsə çay sifariş verir, kimisi ayaqüstü bir stəkan su içir. Bax, bu məqamların birində gözüm zalın ön hissəsindəki masada əyləşmiş şəxslərə sataşır. Onlar Azərbaycan ədəbiyyatının, sözün həqiqi mənasında «ağır artileriya»sıdır. Bunlar xalq yazıçıları Anar, Elçin, Fərhad Bədəlbəyli, Vilayət Quliyev, Həsən Həsənov, Polad Bülbüloğlu və digərləridir. Təbii ki, bir az kənarda baş əyməklə onları salamlayıram. Həyatımda ilk dəfə qəribə bir həyəcan yaşadım həmin an. Belə ki, bir az kənardan salamladığım həmin böyük ziyalılarımızdan biri, yəni, xalq yazıçısı Elçin Əfəndiyev gözləmədiyim anda mənim salamımı uca səslə cavabladı. Və onunla bir masada əyləşənlərə məni təqdim edib dedi:

- Bax, budu Əbülfət Mədətoğlu. İlk dəfə görüşürük. Özü də belə bir gündə!..

Bəli, bu  təqdimat mənim həyatımda Elçin müəllimlə bağlı ən gözəl ikinci an idi. İlk dəfə Elçin müəllim yaradıcılığıma AYB-dəki məruzəsində geniş yer ayırmış və məni çox böyük şərəfə layiq görmüşdü. Bu, həyatımın, bir söz adamı olaraq, ən böyük mükafatı idi. İndi isə həmin mükafat bir az da dəyərini artırdı. Çünki Elçin müəllimlə qarşılaşdım, özü də Şuşaya getdiyim gün!..

( Barat Vüsalla birlikdə)

Bir azdan karvanımız artıq  yolda idi. Biz işğaldan azad edilmiş Füzuliyə doğru gedirdik. Əhmədbəylini keçəndən sonra ürəyimin döyüntüsü bir az da artmışdı. Mən Füzulinin, Əhmədbəyli, Kürdmahmudlu, Alxanlı kəndlərini 1994-cü ilin uğurlu əməliyyatından sonra gedib gəzmişdim. Orda həyat öz axarına düşmüşdü. İndi isə Alxanlını keçib Füzuli şəhərinə gedirdim. Yolun sağ və solundakı dağıntılar, yol-yoldaşlarım heyrətə gətirmişdi. Hər kəs bir ağızdan bu vəhşiliyə münasibət bildirirdi. Yalnız divar qalıqları, qurumuş, doğranmış ağaclar, bir sözlə, xarabalıqlar bir kino lenti kim keçirdi gözümüzün qarşısından. Hətta Seyfəddin Hüseyn dözə bilməyib uca səslə dedi:

- Əbülfət müəllim, bu vəhşiliyin adı yoxdu vallah. Mən müharibədən əvvəl bu tərəflərdə olmuşdum. Ermənilər cənnətimizi xaraba qoyublar. Bax, görürsünüz o təpəlikləri, məhv edilmiş düşmən tankını, döyüş maşınını. Axı onların bizim torpaqlarda nə ölümü vardı?! Bu vandallar Qarabağın onların olduğunu iddia edirdilər. Əgər Qarabağ onların idisə, niyə yandırırdılar?

(Cıdır düzü: İsmayıl İmanzadə və Barat Vüsalla birlikdə)

Söhbətə Yusif Nəğməkar da qoşulur:

- Əvvəllər mən də Füzulidə olmuşdum. Bu yerlərin necə xaraba bir duruma gətirildiyini gözlərim ilə görəndə nə düşünəcəyimi, nə deyəcəyimi yadımdan çıxartdım. İnsan da bu qədər vəhşi olar?! Qəbir daşlarına, dilsiz-ağızsız ağaclara belə də zülüm edərlər. Hamısını doğrayıblar, daşları sındırıblar. Lənət olsun bunlara!..

Bəli, keçib gedirik... Necə deyərlər, karvan mənzil başına tələsir. Mən isə yol-yoldaşlarıma bir-bir ötüb keçdiyimiz Füzuli rayonunun kəndləri barəsində məlumat verirəm... Bax, bu da Köndələnçay gölü. Əslində bura su anbarıdı. Sovet dönəmində ulu öndər bu gölün açılışını edib. Bura yığılan su ilə ətrafdakı əkin sahələrini suvarırdılar. Dağ çaylarının suyu bu gölə axıb gəldiyindən biz Köndələndə balıq tutmağa tələsirdik həmişə. O balığın dadı-tamı hələ də yadımdadır...

(Cıdır düzü: Yüsif Nəğməkar, İsmayıl İmanzadə və  Barat Vüsalla birlikdə)

Hə, bax, bu da Füzuli «şəhəri».  Şəhər sözünü yazmaq son dərəcə ağır, dilə gətirmək dəhşətli dərəcədə zülümdür. Çünki Füzuli indiki anında heç bir obaya da bənzəmir. Daş daş üstündə qalmayıb. Yalnız kol-kos gözə dəyir. Vəhşiləşmiş kolların bürüdüyü dağılmış evlərin yerləri adamın ürəyinə ox kimi sancılır. Ha baxıram, heç də təxmin edə bilmirəm. Yalnız yaddaşın gücünə bir az da fəhmlə şəhərin mənzərəsini gözümün önünə gətirirəm. Və maşın karvanımız Füzuli şəhərinə girmədən yeni çəkilmiş yolla Tuğ yoluna çıxır. Mən bu yolla 33 il gedib gəlmişdim. Bəli, təqribən 33 il. Və hər dəfə də Füzulidən Tuğa və yaxud əksinə yol gedəndə. Bax, indi divarın bir tərəfi qalmış evin yalnış dəmir köşkünün qarşısında dayanıb avtobus gözləyərdik. Bura bizim dayanacaq idi. Tuğa, Hoğaya, Salakətinə, Govşadlıya, Tağa, Azığa, Domuya və digər kəndlərə gedənlər burda gözləyirdilər avtobusu. İndilikdə isə nə gözləyən var, nə də avtobus... Yox, deyəsən bir az tələsdim. Bizim getdiyimiz maşın karvanı keçir burdan artıq. Öncə də neçə-neçə karvan keçib. Xüsusilə, ilk dəfə burdan Ali Baş Komandan keçib gedibdi. Biz də onun açdığı yolla, çəkdirdiyi Zəfər yolu ilə gedirik...

Sağa-sola baxıram. Düşmən üzüm bağlarını da məhv edib. Bircə Məngələnata məbədi qalır yerində. Onu keçirik, solda Hoğa, sağda Gorşadlı... Bir az da gedəndən sonra artıq Xocavənd rayonu ərazisindəyik. Qarşıdan qollarını mənə açan Tuğ kəndi görünür. Mənim kəndim!!! 1991-ci ilin 30-dan 31-nə keçən oktyabr gecəsi... Həyatımın Tuğdan didərgin düşən tarixi. Daha doğrusu, Tuğdan uzaqda yazılan tarixi. İnanın ki, imkanım olsa, düşüb iməkləyə-iməkləyə gedərdim kəndimə tərəf. Öpərdim sağı-solu, otu, daşı, nə varsa... Bu da Dəyirmanbənd dediyimiz ərazi. Burda, Quruçayın üstündə əyləndiyimiz, istirahət etdiyimiz bir guşə vardı. Çoxumuz ona Qiyasın kafesi deyirdik. Bütün fəsillərdə qonaqlı-qaralı olurdu bu kafe. Xüsusilə yayda hər kəs cəhd edirdi ki, çayın ortasında düzülmüş masalarda yer tutsun. Çünki şalvarını dizinə qədər çırmayıb otururdum dağ çayının sakit axan sularının içində. Bu istirahətin, bu yemək-içməyin özgə bir ləzzəti olurdu. Aran rayonlarından gələn qonaqlar özlərini sübh çağı çatdırırdılar bura. Arandakı istini beləcə çıxarırdılar canlarından...

Mən Dəyirmanbəndlə bağlı xatirələrimi bölüşürəm yol-yoldaşlarımla. Titrəyən səsimi, kipriyimin nəmini gizlədə-gizlədə... Burada üç-dörd kilometr yuxarıda bir yol dairəsi var. O yol  sola dönəndə bir kilometrlik məsafədə yerləşən Tuğ kəndinə gəlib dirənir. Sağa dönəndə isə Azığ, Tağ, Böyük Tağlar kəndlərindən keçib Şuşaya gedir. Biz sağa dönürük. Burada da yenə Seyfəddin Hüseynli dözməyib dedir:

- Əbülfət müəllim, deyirsiniz ki, bu kəndlərdə   daha çox ermənilər yaşayıb. Görün, bu bədbəxtlər nə qədər keçmişdə qalıblar ki, kəndlərdə bir dənə normal ev yoxdur. Bu gün Azərbaycanın ən ucqar bölgəsində belə kəndlərə gedəndə adamın ürəyi açılır. Burada isə daha çox qara damlar, müvəqqəti yaşayış yerlərinə bənzəyən komalardı hamısı. Deməli, onlar Qarabağın onlara aid olmadığını çox dəqiq bilirmişlər. Ona görə də yaşadıqları evləri də qara dam kimi tikiblər. Müvəqqəti yaşamaq üçün...

Kəndləri keçib getdikcə ən çox diqqətimi çəkən yol işçilərinin, Azərişığın, Azərsuyun nümayəndələrinin böyük şövqlə çalışmaları oldu. Demək olar ki, yol boyu ən müasir texnikalar dayanmadan çalışırdı. Ağır tonlajlı çınqıldaşıyanlar, yolbasanlar, yol mühəndisləri, bir sözlə, burda yeni bir iş – yarış meydanı var idi sanki... Adamlar başlarını qaldırıb ətrafa baxmadan öz işlərini görürdülər. Çünki onlar Zəfər yolunu yekunlaşdırmaq üzrə idilər. Meşələri yarır, yarğanları torpaqla doldurur, çınqıllayır, yeni yolu ən müasir üsulla sanki bünövrədən başlanan bir evi tikirdilər.

Burada onu da qeyd edim ki, çəkilən yeni yolda Xankəndindən keçib Şuşaya gələn dolamalarda daha çox dolamalar var idi. Həm də bu dolamalar sərtliyi, eniş-yoxuşu ilə seçilirdi. Bu yolda sürücülərin diqqətli olması son dərəcə zəruridir. Əks halda yolun rahatlığı çaşqınlıq yaradıb qəzaya səbəb ola bilər...

Bax, bu da Daşaltından Şuşaya qalxan, eləcə də Laçın dəhlizinə gedən yolun kəsişməsi. Burada sülhməramlılar dayanıb. Yolun tən ortasından, yəni yol uzunu, hardasa, 150-200 metrlik bir məsafədə  məftil tordan çəpər çəkilib. Şuşaya gedəndə yolun solunda, yəni çəpərin sol tərəfindən erməni maşınları hərəkət etdiyini gördüm. İmkanım olsaydı, düşüb onları daşa basardım. Necə ki, onlar müharibənin «Daş dövrü»ndə bizləri daşa basırdılar. Bunu ona görə edərdim ki, heç nəyin unudulmadığını, heç nəyin yaddan çıxmadığını onlara xatırladım... Amma sonra düşündüm ki, düşmənin səviyyəsinə enmək heç də yaxşı hal deyil. Ən yaxşısı budur ki, onun ayağını torpaqdan kəsək. Onda daşa ehtiyac qalmayacaq. İnşallah, belə də olacaqdır. Mən buna 44 günlük müharibədən sonra bütün varlığımla inanıram!!!

 

Bəli, bu da bütün saytlarda, bütün ekranlarda hər birimizin izləyib gördüyümüz o möhtəşəm Şuşanın o möhtəşəm ŞUŞA LÖVHƏSİ!

Bu da o deməkdir ki, biz  Şuşaya daxil olduq! Biz Şuşadayıq! Mən göz yaşları içərisində «Şükür bu günümə!» - dedim öz-özümə və:

 

Şükür bu günümə

Bu yolun ölçüsü otuz il qədər

Otuz il mən ölçdüm onu içimdə!

Göynətdi intizar, ağlatdı kədər –

Axır ki, göyərdi sonu içimdə!..

 

Sinəmin üstündə yatmış dolaylar

Məni dolandırıb yolun başına...

Qıvrılıb gözümə batmış dolaylar –

Bələnib gözümün isti yaşına..

 

Xəyalım perikib, xatirəm solub

Cadar-cadar olub dilim, dodağım...

Başıma qarışıq fikirlər dolub –

Çıxmayıb yadımdan bir an o dağım!

 

Tanrı yazan gündə komandan əmri

Qaldırdı ayağa Azərbaycanı!

Bitdi millətimin dözümü, səbri –

Çevirdi bayrağa Azərbaycanı!

 

Fərəhim yurdumun pak səmasında –

Şükür bu günümə şükür bu aya!

Bu gün mən şairlər komandasında –

Şeirin Bayramına gəldim Şuşaya!

 

...Bəli, Şükür bu günümə ki, Şuşadayam!..

- Şükür bu günümə ki, Şuşa bizimdir..

- Şükür bu günümə ki, biz hamımız Şuşadayıq!..

- Şükür bu günümə ki, Şuşada növbəti bayram şənliyi keçirilir!..

- Şükür bu günümə ki, Vaqif poeziya günləri Şuşaya qayıdıb!..

- Şükür bu günümə ki, mən də Şuşadakı həmin bayramın iştirakçılarından biriyəm!..

Ardı var.

TƏQVİM / ARXİV