İSGƏNDƏRİN BUYNUZU - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
2356 | 2021-10-11 12:06

Esse

 

“Damlada itirdiyiniz bir dəniz qədər önəmli ola bilər.”  Əbu Turxan

 

   Elə şeylər var ki, nə yazmaq olur, nə də danışmaq. Yəni heç birinə sığışmayacağını bildiyin üçün susmağa üstünlük verirsən.. Amma çox vaxt bu da kömək eləmir, bir quyuya girib bağırmağın gəlir, inanmaq istəyirsən ki, bəlkə haçansa bir qamış da burdan göyərib çıxar və bu dəfə  sənin dərdlərini çalar... Amma olmur, sən elə öz ürəyinin bir ovuc qanındaca batmalı olursan!

...Ömür deyə çıxdığımız yol başlanğıcda  həm uzun , həm də  çərçivəsiz, hədsiz-hüdudsuz, ucu-bucağı olmayan çöllər qədər geniş gəlir adama.  Əlinlə papağını gözünün üstünə tərəf itələyib, sonra da əllərini  qoşalayıb belinə vuraraq uzaqlara baxdığın anlarda necə də xöşbəxt görünürsən, İnsan!..Axı hələ hər şey irəlidədir, yaşanacaq nə qədər sevinc payı səni gözləyir, ümidlərin, xəyalların pərvaz edib göylərə, gözlərinə min bir rənglə həkk olunmuş xoşbəxtlik rəsmləri, sevgi, yüksəliş, uğur.., bir sözlə nələr və nələr..Bax burda kimsə səni saxlayıb desə ki, çox da yüksəklərə qalxma, bunun yerə enməyi də var, əminəm, onu ən azı avamlıqda, dünyagörüşünün azlığında, həyatı anlamamaqda suçlayacaqsan. Lap ömrünün yarısını yaşayıb azdan, çoxdan bilgisi olsa belə!..Bax, elə o da inanmayıb zamanında, indi başı daşdan-daşa dəyib canı bərkiyəndən sonra inanmağa məcbur qalıb...

Bir xətt çəkdin, ömür qoydun adını,

 Mən üstündə kədər yükü daşıdım.

Bir günüm də rahatlıqla keçmədi.

 Qaça-qaça, qova-qova yaşadım.

 

...Duman gəldi, çən bürüdü üstümü,

Külək çaldı, yel oynatdı tüstümü.

Həyat adlı bu kirayə büstümü,

Satdım, sovdum.., dedim guya yaşadım!..

 

Şahnaz getdi bir də səbir gətirə,

Damar-damar tuta, bir-bir gətirə.

İnanmazdım bəxtim sə-bir gətirə,

Röya imiş.., demə röya yaşadım!...

 

     Tükənməz hesab etdiyimiz sevgi, bütün həyatımızı dəyişəcəyini düşündüyümüz eşq-məhəbbət duyğuları, yolunda hər şeyimizdən keçməyə hazır olduğumuz bir insan..! Yox, həyat çox amansızmış, sevgimizi üyüdəcək qədər, sevdiyimiz insanın fikir və düşüncələrini iki tərəfə də  dəyişə biləcək qədər, ömrün bütün mərhələlərində belə bir ömür yol getdiyimiz insanın lüzumsuz “sınaqları” qarşısında təkbaşına buraxacaq qədər..Ən çox amansız olan isə bütün yaşadıqlarının ömürdə buraxdığı pozulmaz izlər imiş, ki, içdiyin çaydan çıxacaq, yediyin yeməkdən, yatdığın yataqdan, udduğun havadan, cavabsız sualların əlində aciz qoyacaq,  bəlkələr xirtdəkləyəcək səni. Amma nə olsun, əzablar sonsuz, nəticəsi isə yox...Gecdir, əzizim, çoox gec...

Məni vaxtında ağla,

Məni vaxtında sev,adam.

Heyif, vaxtdan əvvəl tapıb,

Vaxtsız itirən div adam!..

...Bu zamanda hər kəs etibarsızlıqdan, qədir-qiymət bilənlərin azalmasından, etdiyi yaxşılıqların, çəkdiyi zəhmətin   sonda itirliməsindən şikayətçidi. Söz bu yerə gəlib çatanda hər iki tərəfin özünü təmizə çıxarmaq üçün kifayət qədər alibisi tapılır. Qarşılıqlı münasibətlərdə, ev-ailə içi də daxil olmaqla mənasız və sonucu olmayan mübahisələr bolluğu var. Haqlı olmaq istəyi beyinlərə elə hakim  kəsilib ki, heç kəs dayandığı mövqedən bir addım da geri çəkilmək istəmir...

Nəsiminin “Haqq mənəm, haqq məndədir..” kəlamını öz əllərilə öz boylarına biçiblər sanki. Və beləcə ən əsası da bütün bu dedi-qodular, boş və sonsuz mübahisələr içində, bitməyən haqlı-haqsız fikirlərin güləş meydanındakı kimi  döyüş səhnələrilə bitir ömür!..Bitir, əzizlərim, bitir!...Siz heç düşündünüzmü ömrünüzü tamam başqa cür yaşaya bilərdiniz!?.. Yaşanmayan yazılmaz, bu essenin də obrazları var, haqlısı, haqsızı, bilavasitə məsafədən təsir edən insan faktorları var, müşahidələrim, gördüklərim, yaşadıqlarım ömrün bu mərhələsində nəfəs dərib geri boylanmağa, səhvimi, düzümü götür-qoy etməyə və  təəssüflə :“ Ömür bir an, bir göz qırpımı  imiş, İlahi, necə gəldi keçdi bilmədik..” düşünməyə məcbur etdi məni də...

Geridə bir dünya qoyub gəlmisən,

Neçə istəyinə qıyıb gəlmisən...

Gün var axıtmısan su kimi boşa,

Gün var şirəsini sıxıb gəlmisən..

 

Gün var qələmni çəkib tərsinə,

Gün var taleyinə doğub gün kimi.

Gün də var əlinə dəyməyib əli,

Ömrünün cibindən tökülüb itib.

 

Gün var ki, başında hava bağlayıb,

Bir quş dimdiyində yuva bağlayıb

Daşıyır elədən, bellədən belə...

Hər gün yaşanmaz ki, qadanı alım...

...İstəmədən doğuluruq, heyrətlə yaşayırıq, təəssüflə ölürük.. Sağımızdan, solumuzdan hər gün neçə tanıdığımız ya tanımadığımız insanlar köçür dünyadan, eşidib sadəcə köks ötürürük, amma dərs almırıq.. Axı uca Yaradan bizə hələ ki, fürsət verib, oyanaq, düşünək, dəyişək...Bəzən yaxınlaşmaq üçün uzaqlaşmaq, sevinmək üçün kədərlənmək, işığın daha gur yanmasını hiss etmək  üçün qaranlıq lazım olur...Gəlin əlimizə bircə dəfə düşən və beşiklə məzar arasında sınaq olan ömrə qıymayaq. Elə yaşayaq ki, sonda təəssüflə deməyək:

...Daha nə qaldı ki, bu gül ömürdən,

Bu yaylaq, bu qışlaq, bu çöl ömürdən.

Neçə yaşanmamış gün qoyub çıxdım,

Neçə küləş olmuş il bu ömürdən...

 

 

TƏQVİM / ARXİV