SON DƏQİQƏ:

Kəlbəcər və onun dostluqdan keçən yolları

  268   |  
Şriftin ölçüsü  

“Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir”

Heydər Əliyev

Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının həmişə olduğu kimi bu günlərdə Kəlbəcərdəki qürurlu, son dərəcə nikbin çıxışı və Mirov dağı altından tunel çəkilişinin başlanması haqqındakı məlumatı da minlərlə insanın əlbəttə çox da böyük olmayan narahatlığına son qoydu. Yəni, adamlar arasında bəzən Mirov yolu ilə gediş-gəlişin, xüsusilə payız-qış mövsümündə çətin olacağı haqqındakı söhbətlərə rast gəlinirdi. Ancaq, insan belədir də. Kəlbəcər işğal altında olanda deyirdik ki, İlahi təki Kəlbəcər azad olsun, oraya ayaqyalında getməyə hazırıq. İndi isə Kəlbəcər azaddır. İndidə yolun yaxşısını və hətta daha yaxşısını istəyirik. Şükürlər olsun, artıq Kəlbəcərə rahat yol çəkilir, tunel və körpülərin tikintisi baş verir və Ali baş komandan İlham Əliyev cənabları, Müzəffər ordumuz, qadir dövlətimiz və yeri gələndə bir yumruqda birləşə bilən xalqımız var olsun.

Kəlbəcər ölkənin ən zəngin təbii resurslarına malik olan bir cənnət məkanıdır. Təsadüfi deyildir ki, hələ 1996-cı ildə mən özümdə iştirak etdiyim Kəlbəcər ziyalıları ilə görüş zamanı Ulu Öndərimiz Heydər Əliyev qeyd etdi ki, “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm orada yaşayan insanların fədakarlığına görə, respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur”. Kəlbəcər şairlərin, yazıçıların, Respublikada rəhbərlikdə olan bir çox insanların diqqətini öz bənzərsizliyi ilə cəlb edirdi. İndi Kəlbəcər nəhayət ki, xoşbəxt günlərini yaşayacaq.

Ali Baş Komandanımız İlham Əliyev cənabları Kəlbəcərdə olarkən 1958-ci ildə çəkilən tunelin girəcəyində dayanıb göstərdi ki, Kəlbəcərdə yeni tunellər çəkiləcək, Kəlbəcərdən Laçına yol açılacaq, körpülər inşa ediləcək.

Keçən əsrin əvvəllərində gözəl şairimiz S.Vurğunun bir şeiri yada düşür: “Şuşaya, Kəlbəcərə dəmir yolu çəkiləcək, insan oğlu dincələcək isti suyun narzanında”. Yəqin inşallah buda olacaq. Təki Azərbaycan təbiətini, xalqını, ölkəsini böyük məhəbbətlə sevən Prezidentimiz sağ olsun, o lazım olan hər şeyi edəcək.

Yuxarıda adı gedən tunel, Kəlbəcərin Sovet dövründən qalan və Kəlbəcərlilərin o dövrdə yaşadıqları çətin günlərin Ulu Öndər Heydər Əliyevin təbirincə desək fədakarlıq abidəsidir. Çətin iqtisadi şəraitdə qeyd olunan bu işi necə görmək mümkün oldu:-baxaq.

O vaxt Kəlbəcərin birinci katibi böyük Vətən Müharibəsi iştirakçısı (o ağır yaralandıqdan sonra evə buraxılmışdır) S.X.Verdiyev (yeri gəlmişkən bu il onun doğulduğu vaxtdan 100 il keçir) idi. O, bu tunelin tikintisindən daha çox onun başlanmasına sərf olunan vaxtın itirilməsini söyləyirdi. Bu yolda Kəlbəcərə Mərkəzdən kimlərin gəlməsinə, daha dürüstü gətirilməsinə nə qədər xahişlər, tələblər və başqa nələrin həyata keçirilməsi lazım gəlirdi! Nazirlər Sovetinin Sədri S.H.Rəhimov, Ali Sovetin Sədri Mirzə İbrahimov (aşağıda təfsilatı veriləcək), şair və yazıçılar, nazirlər, ekspertlər və s. insanların intahasız dəstəyi ilə bu tədbir baş tutdu və tunelin çəkilişinə başlamaq mümkün oldu.

Yadımdadır, tuneldə və qamışlı yolunun çəkilişində işləyən fəhlələrin əməyinin səmərəli təşkili, onların yemək-içməklərinin qayğısına qalmağa Katib özü nəzarət edir, bəzən xörəyi öz evində bişirtdirib onlara göndərir və ya öz maşınında aparıb verirdi. Onların bir çox ehtiyaclarının ödənilməsinə yaxından köməklik etməyi rayon və təsərrüfat rəhbərlərinə tapşırırdı. Çünki bu yollar kəndlərdən aralı idi. Ancaq yuxarıda qeyd edildiyi kimi bu yolların tikintisi, yerli şəraitin mürəkkəb ekoloji çətinliklərilə bağlı olduğu üçün burada demək olar ki, işlər 100% sal qayaların partladılaraq aradan götürülməsindən asılı idi. Bir çox hallarda da material çatışmazlığı, xüsusilə partlayıcı maddənin qıtlıqla verilməsi üzündən işin gedişində qısa fasiləlik yaranırdı. O vaxt bu ucqar yerdə hər say çətinliklə başa gəlirdi. Beləki, yol tikintisində istifadə edilən mal-material Bakıdan Yevlaxa, oradan da yük maşınları ilə Kəlbəcərə çatdırılırdı.

1952-1953-cü illərin çətin günləri yaşanırdı, böyük vətən müharibəsi arxada qalsa da, Kəlbəcər rayonunda maddi-məişət şəraiti ağır olaraq qalırdı, yol vəziyyəti bərbad halda idi, yüz otuz yaşayış məntəqəsinin əksəriyyəti şose yolundan xeyli, yəni 25-30 km uzaqda, keçilməz dağların arasında yerləşirdi.

Yevlax-Kəlbəcər şose yolu Tərtər çayının sahili boyu uzanıb gedirdi, bəzi yerlər çayın lap 2-3 metrliyindən keçirdi. Yaz mövsümündə isə güclü yağan leysan nəticəsində həmin yerlər tez-tez yuyulub dağılırdı, günlərlə yol bağlı qalırdı.

Kəndlərin böyük əksəriyyətinə piyada yolunun belə çətin olması üzündən adamlar bəzən daşların, kəsəklərin üstü ilə, yaxudda iki dağ silsiləsinin arası ilə axan və sahili olmayan Tərtər çayının içi ilə, güclü su axınını azı 30-35 yerdən soyunub keçməklə gedirdilər. Vəziyətin belə acınacaqlı olması hər kəs kimi rayon rəhbərliyini də düşündürməyə bilməzdi.

Digər tərəfdən də dağlıq zonanın təbii coğrafi quruluşu burada rayonun öz gücünə yol salmasına imkan vermirdi.

Heç kəs inanmırdı ki, uca dağları yarıb, yol çəkmək, hətta dağı deşib altı ilə tunel çəkmək mümkün olsun.

Eyni zamanda iqtisadiyyatını ancaq iri və xırdabuynuzlu mal-qara təşkil edən dağ rayonunun təsərrüfatlarında əmək haqqı səviyyəsi olduqca aşağı idi. Kolxozlarda texnika çatışmırdı. Ərzaq təminatı orta səviyyədən aşağı idi.

Kəndlərə maşın yolunun olmaması üzündən işlər əl əməyi ilə görülürdü. İşə hətta qadınlarda cəlb olunurdu. Rayonun kəndlərini yanacaq, ərzaq və sənaye malları ilə təmin etmək üçün qarşıda bu kəndlərə maşın yolu çəkmək, həm də haradan çəkmək vəzifəsi dururdu. Bu, təkcə vəzifə deyildi, bu, həm də rayon əhalisinin ümumən rifahı naminə rayon rəhbərliyinin vətəndaşlıq borcu hesab olunurdu.

Bir tərəfdən də rayon əhalisinin aşağı aran rayonlarına köçürülməsi məsələsi də gündəmə gətirilmişdi. Belə bir təhlükə də rayonun başı üstündə bir kabus kimi durmaqda davam edirdi.

RPK-nın birinci katibi Səfər verdiyevi düşündürən də məhz bu idi, yəni hər şeydən qabaq bu kəndlərin iqtisadi dirçəlişinə nail olmaq üçün yeganə ilk və həlledici addım bu kəndlərə yol çəkilişi idi. O, öz işini, ilk seçimini də elə bundan başladı.

Əslində isə Kəlbəcərin yolu Bakıda həll edilməli idi, bu qənaətlə də o, həmişə olduğu kimi növbəti dəfə yenədə üz tutur Bakıya.

Lakin təəssüf ki, hər dəfə də Mərkəzdə başbilənlər tərəfindən məsələ belə qoyulur ki, sizin nəzərdə tutduğunuz yollara milyonlarla vəsait tələb olunur, ancaq əvəzində isə respublikaya heç nə verilmir, bunu necə planlaşdırmaq olar.

Çox düşünüb-daşındıqdan sonra o, qərara gəlir ki, elə bir adam lazımdır ki, o, dağ adamlarının yaşayış tərzini başa düşüb onu düzgün qiymətləndirə və xalqın ehtiyaclarını yaxından dərk edə bilsin.

Elə bu məqsədlə də o, rəhbərlikdə millətinə daha çox bağlılığı ilə fərqlənən xalq yazıçısı, Ali Sovetin sədri Mirzə Əjdər oğlu İbrahimovla görüşür.

Mirzə İbrahimov Verdiyevin yaxın, ailəvi dostu və bir çox məsələlərdə məsləhətçisi idi. Mirzə müəllim özü də ürəyində böyük xalqının o taylı-bu taylı tükənməz məhəbbətini daşıyan və xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə fəxr edən bir insan idi.

Beləliklə o, məsələni Mirzə müəllimə danışanda Mirzə müəllim bu yolların xalq üçün əhəmiyyətini soruşur. Səfər müəllimdə izah edir ki, rayonda yeni bir təsərrüfat sahəsi olan tütünçülüyün və heyvandarlığın inkişafı, əhalinin mədəni-iqtisadi dirçəlişi bu yolların açılması ilə biləvasitə bağlıdır və onların əmək şəraitini də yaxşılaşdırmaq məhz belə olduqda mümkündür.

Uzun sürən araşdırmadan sonra hökumət rəhbəri söz verir ki, vaxt tapıb rayona gələrəm, hər şeyi yerində baxıb həll edərik. Belə də olur.

Yüksək vazifə sahibi və xalq yazıçısı Mirzə müəllim Kəlbəcərə adi bir vətəndaş kimi gəlir. Onun nə cangüdəni var idi, nə də ətrafında müşayiət edən maşını. Maşınında bir sürücü idi, bir də özü, silah götürməmişdi. Hətta Kəlbəcərdən Yanşaq kəndinə və oradan da kimsəsiz çöllü-biyabanla murov dağını aşaraq uzun bir yolu gedərkən də onlarla polis rəisinin getməsinə razılıq vermirdi və nə lazımdır, artıq əziyyətdir, bizə heç kim toxunmaz, - deyirdi.

Rayon rəhbərliyi Mirzə müəllimi Kəlbəcərdən 50-60 km məsafədə yerləşən Qozdu körpüsü deyilən yerdə qarşıladı. O, Tərtər çayının sol sahili boyu, dağların arası ilə qıvrıla-qıvrıla gedən dar şose yolu ilə rayon mərkəzinə doğru irəlilədikcə hər tərəfinə əsarərəngiz gözəlliyindən zövq aldığını gizlətmirdi, o, demək olar ki, dinmirdi, düşünürdü. Təbiətin bu əhəngini pozmaq olmaz. Sanki hər tərəfdə möcüzə yaradan təbiətin bu naxışına vurğunluğu sükutla başa düşmək, anlamaq lazım idi, yoxsa, qüdrətdən yaranan bu ilahi mənzərədən muradınca kam almayıb tamarzı getmək ədalətsizlik olardı.

Mirzə müəllimin gözü istər-istəməz yol boyu yüksək boylu qoz ağaclarına sataşdı. O, qayğı dolu bir ahənglə bu ağaclara böyük həssaslıqla yanaşıb onların qorunmasını təşkil etməyi tapşırdı.

Dağ yolları adətən valehdici təbiət mənzərələri ilə bol olsa da belə, şəhər adamları üçün əlbəttə, bir qədər yorucu olur. Mirzə müəllim Kəlbəcər şəhərinə axşamüstü çatdı və raykomun qonaq otağında qəbul edildi.

Sabahı günü bu hörmətli qonaq dağların möcüzəsi olan “İstisu”ya səfər etdi. İstisuyun problemləri ilə yerində tanış oldu, suyun mənbəyindən içdi, müalicə binasına baş çəkdi, kurort tikintisinin vəziyyəti barədə məlumatları dinlədi, fəhlə və qulluqçularla qısa görüş keçirdi. Bütün bunlar əlbəttə yerli hakimiyyətin görəcəyi işləri və planları üçün vacib tədbirlər idi. Respublika hökumətinin başçısının bu yerlərə baş çəkməsi və hər şeyi yerində öz gözü ilə görməsi kurortun gələcək tikinti abadlıq işləri üçün o vaxtlar son dərəcə önəmli bir iş idi.

İstisudan qayıdan sədr raykomun qonaq otağında kiçik bir istirahət fasiləsindən sonra Kəlbəcərin yollarına baxmaq üçün kəndlərə yola düşdü. Həmin gün Tərtərin sağ sahilində nəzərdə tutulan tunel yolunun keçəcəyi dağa baxış keçirib, çay yolu deyilən başqa bir istiqamətə diqqət yönəltdilər. Beləliklə, rayonun iki əsas zonasında yerləşən çoxsaylı kəndlərə yol çəkiləcək sahələr nəzərdən keçirildi.

Yol çəkilişi ilə bağlı bütün məsələlər nəzəri cəhətdən yerində razılaşdırıldıqdan sonra qarşıda daha bir layihənin, yəni, Murov dağı altından tunel vurulmasının layihələşdirilməsinə dair razılığın əldə olunması dururdu.

Bu layihənin mahiyyəti ondan ibarət idi ki, madam İstisu Ümumittifaq Kurortları siyahısına daxil edilib, onda onun yol tikintisinə başlamağın da vaxtı çatmışdır. Yəni, Göygöl, Naftalan, İstisu kurortlarını birləşdirmək üçün Murov dağının (Hacıkənd yaxınlığındakı ətəyindən tunellə Kəlbəcərin Yanşaq kəndi istiqamətdə) altından tunel çəkməklə kurortlar arasındakı məsafəni azı 50 km qısaltmaq üçün layihə işləri görülməli idi.

Sədrlə bu məsələdə danışılır və qərara gəlirlər ki, atla Murov dağına qalxıb nəzərdə tutulan yerlərə də öz gözləri ilə baxsınlar. Beləliklə havaların xoş keçdiyi bir vaxtda (iyun ayı idi) Kəlbəcərdən üç atlı Murov dağına üz tutub Yanşaq kəndinə gəlir və orada gecələməli olurlar. O vaxtlar Yanşaq kəndində, bizim ata evimizdə yaşca Səfər müəllimdən kiçik olan qardaşımız yaşayırdı. Həmin gecə çox güclü yağış yağır.

Qonaqlar hamısı bir otaqdan ibarət olan otaqda yatmalı olurlar, birdən otağın düz ortasına düşən yağış damcıları Mirzə müəllimin diqqətini cəlb edir. O, Səfərə baxıb ciddi bir (əslində Mirzə müəllim təbiətən çox sakit və mülayim adam idi) tərzdə deyir: Səfər, niyə bu evin şiferi yoxdu? Səfər Mirzə müəllimə izah edir ki, atla-ulaqla bura şifer gətirmək olmur, gərək yol olsun, amma yerli palıd taxtasından şifer əvəzi vurulubdu, yəqin taxtalar quruyub çəkilib, arasından yağış sızır və ona görə də damır. Bu vaxt sanki təbiətdə köməyə gəldi və sədr yolsuzluğun nə demək olduğuna öz gözləri ilə gördü. Səhəri günü, yəni, tezdən süfrə arxasında Mirzə müəllim: “birinci katibin evindən su daman yerdə, camaat neyləsin”, - deyib, təzə kəsilmiş baldan bıçaqla götürüb kəklik otu ilə dəmlənən çayını içdi və şanla birlikdə goddan təzə kəsilmiş beçə balına baxıb təəccübünü gizlədə bilmədi. “Baloğlan müəllim, bu ağlıqda və bu şirinlikdə mən bal görməmişəm desəm yəqin inanmazsız. Bu necə olur?” Baloğlan müəllim yerli, təbii şəraitin arıçılıq üçün çox əlverişli olmasından, gül-çiçəyin çox rəngarəng və bol olmasından, havanın, suyun təmiz olmasından və bütün bunların arıların ətirli bal yığması üçün əsas şərt olmasından söhbət açdı və əlavə etdi ki, meşənin cökə çiçəyi və dağların gül-çiçəyi arılar üçün gözəl yemdir və ona görə də bu beşə balı həm ağ, həm də dadlıdır.

Mirzə müəllim: “Bu baldan sabah bizim yolumuza da qoya bilərsənmi”, - deyə Baloğlan müəllimə müraciət etdi. O da: “Əlbəttə, Mirzə müəllim” – dedi.

Sabahı atlar yəhərləndi, yüyənləndi, yolçu-yolda gərək deyib, erkən yola düşdülər. Onlar meydan çayı yaylağına çatdıqdan sonra ən əvvəl tunelin Murov dağının hansı nöqtəsindən vurulacağı yeri gözdən keçirib, sonra Murov dağının başına yön aldılar. Bu yol isə dəniz səviyyəsindən 3200 m hündürlükdə bir yerdən keçirdi. Bunu əvvəlcə nəzərə alan bələdçi onlar üçün soyuqdan qorunmağa hər cür geyim hazırlığı tədarük etmişdi. Murovun başına çıxandan sonra bir qədər aşağı enib turşu bulağının yanında atdan düşüb xurcunda götürdükləri yeməklərini çıxardıb bir az nahar elədikdən sonra yenidən atlanıb Toğana kəndi istiqamətinə doğru endilər.

Turşsudan aşağı enib tunelin təxminən çıxacağı yerə diqqət yetirdilər. Sonrada Göy-gölə qalxıb bir qədər dincəldikdən sonra katib çox məmnun bir əhvalla Kəlbəcərə yola düşdü və Mirzə müəllimdə Göy-göldə gecələyib səhəri Bakıya qayıtdı.

Yuxarıda söhbət açdığımız bu kiçik səfər şəxsi dostluq əsnasında baş versə də Kəlbəcərin böyük problemlərini həll etmək məqsədi güdürdü və ümumi milli maraqlarının və xalq mənafeyinin hər şeydən üstün tutan bu hökumət və partiya rəhbəri problemlərin həll edilməsi tədbirlərinə başladılar. Yəni, bir ay müddətində Kəlbəcərə mühəndis-texniki işçi qrupu (ekspert) gəldi. Dağ suxurlarının, habelə yolların çəkilişinin layihə-smeta sənədləri hazırlandı, daha sonra bu sənədlər rayon təşkilatları ilə baxılıb təsdiq edildi.

Kəlbəcərdə Tərtərin sağ və sol sahili kəndlərinə, yəni Seyidlər və Tutqu-çay zonalarında yerləşən kəndlərə ilk dəfə o vaxt üçün çox çətin olan yol tikintisinə başlandı.

Orasını deyək ki, mənəvi və iqtisadi əhəmiyyətinə və texniki-təşkilati səviyyəsinə görə bu tədbir, indiyə qədər rayonda və bəlkə də respublikada həyata keçirilən ən möhtəşəm, həm də ən ağır və sanballı bir layihə idi. O vaxt Kəlbəcərdə bu yolların çəkilişinə səhv etmirəmsə, Ələkbərov adlı bir nəfər rəhbərlik edirdi. Bu adam ya nazir idi, ya da idarə rəisi idi, yadımda deyil. Ancaq yadımda qalan odur ki,bu adam rayonda olduğu müddətdə gördüyü işə çox ciddi yanaşır, ürəkdən can yandırırdı. Hər gün görülən işlər və ya yerdə lazım olan köməklik barədə Səfərə şəxsən məlumat verir və çox vaxt onunla birlikdə katibin mənzilində nahar edərdilər.

Xatirimdən çıxmayan bir anı qeyd etmək istərdim ki, rayonda bu iki zonada eyni vaxtda başlanan yol çəkilişində partlayıcı maddələrin texniki vasitələrlə daşların oyulan yerlərinə yerləşdirilib, sonra da partladılması prosesi o qədər güclü olurdu ki, elə bil dağ yerindən qopacaq idi. Daşların qəlpələri isə qarşıdakı qabaq-qənşər meşə ağaclarının qol-budaqlarını qırıb onları çılpaqlaşdırırdı.

Demək olar ki, rayonun bütün rəhbər işçiləri bu yolların çəkilişinə cəlb edilmişdir. Yol çəkilən ərazilər müharibə meydanını xatırladırdı.

Məlum bir həqiqəti təkrar etmək istərdik ki, adətən bütün yeniliklərə başlamazdan əvvəl çoxlu söz-söhbətlər olur. Bu dəfə də istisna olmadı. Bəziləri güman edirdilər ki, sərt dağ suxurlarından yoğrulan yalçın qayaları deşib oradan 200-300 metr bir ölçüdə tunel çəkmək ağlasığmazdı, bəziləri də düşünürdülər ki, orada işləyən adamların həyatına kim təminat verə bilər, qəza baş verə bilər. Bir qism adamlar isə daha dərinə gedib mümkün qədər mane olmağa çalışaraq əks-təbliğatla məşğul olurdular. Hətta bizim Yanşaq kəndinin ağsaqqallarından olan qoca bir gün evə gəlib Səfəri bir az danladı: Siz nə edirsiniz? Orada adam öləcək. Ancaq gördü ki, o dediyindən dönmür, hirslənib dedi: - “Səfər, əgər o yolları çəkə bilsən mən bığımı qırxdıracam”. Aylar keçir, yol çəkilir. Qamışlı yolu 2 ay tez başa gəlir. Burda tunel nəzərdə tutulmasada, hər-halda yol sal qayaların üzəri ilə çəkilirdi. Bu yol Qamışlı kəndinə çatanda kənd əhalisinin hərəsi bir qurban götürüb yolun açılışına gəlir. Bulaq üstə, açıq havada, insanların geniş toy-bayram məclisi qurulur.

Ancaq nə o müdrik kişi, nə də xalqa müqəddəs xidmətin nə olduğunu duymayan və ya onu istəməyən adamlar dərk edə bilmirdilər ki, şəxsi mənafeyinin quluna çevrilməyən, yurdunun, obasının ağrı-acısını özününkü hesab edən adamlar həmişə xalqına və haqqa arxalananda dağı yerindən oynada bilər.

Beləliklə, rayonun hər iki zonasında gözləndiyindən daha qısa bir zaman kəsiyində 80-100 yaşında belə maşın görməyən, motor səsi eşitməyən yaşlı adamların yaşadığı yüksək dağlar qoynunda yerləşən onlarca kəndə maşın yolu çəkilir və bundan sonra həmin kəndlərdə abadlıq işlərinin həyata keçirilməsi üçün real şərait yaradılır.

Maşın yolunun çəkilməsi kəndlərin və ümumən rayonun həyatında tarixi hadisə kimi qarşılandı və sözün əsl mənasında kəndlərdə yeni həyat başladı.

Ancaq yuxarıda adı gedən Mirov tunelinin o vaxt çəkilişinə vaxt çatmadı. 1958-ci ildə Respublikada Moskvanın bir başa göstərişi ilə kadr dəyişikliyi baş verdi və bütün mövcud partiya strukturunda da yeniləşmə siyasəti həyata keçirildi.

Mirovun tunel çəkilişi baş tutmadı. Bu gün şükürlər olsun ki, prezidentimiz bu məsələnin həllinə sərəncam verdi və yaxın gələcəkdə Allahın izni ilə Kəlbəcər-Naftalan kurortlarını birləşdirən bu tunel daha geniş, daha rahat və daha gözəl bir formada tikiləcək və Azərbaycan xalqına təqdim ediləcək.

“Şuşa sən azadsan, biz səni dirçəldəcəyik!” dünyaya bir bəyanat kimi səslənən bu qürur doğuran kəlmələr eynilə Kəlbəcərədə çatacaq inşaallah. Kəlbəcərdə yenidən dirçələcək.

 

Rəhman Verdiyev

iqtisad elmləri namizədi, dosent

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04
2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK