SON DƏQİQƏ:

Paşinyana təşəkkür, bəyanata tüpürmək və dəhlizlər - Səxavət Məmməd yazır

  257   |  
Şriftin ölçüsü  

Şuşada yallı getməklə, “Qarabağ Ermənistandır” deməklə Azərbaycan xalqını özündən çıxaran, havalandıran Paşinyan, deyəsən, milləti eyforiyadan ayıltmaq missiyasını da öz üzərinə götürüb. Hər iki xidmətinə görə Paşinyana təşəkkür edib, keçək digər məsələlərə.

 

Pafoslu şəkildə belə də yaza bilərdim ki, Paşinyan yallı getdi, cəzasını aldı, indi də yekə-yekə danışır, cəzasını alacaq. Qarabağ müharibəsini araşdıran, prosesləri izləyən hər kəs yaxşı bilir ki, 44 günlük müharibə nə Paşinyanın yallısına görə başlamışdı, nə də “Qarabağ Ermənistandır” bəyanatına görə.

Gələk Paşinyanın dünənki çıxışına. Paşinyan müharibədən sonra ilk dəfədir bu qədər cəsarətli, bu qədər aqressiv və cürətkar bəyanatlar səsləndirirdi. Maraqlısı ondadır ki, bu bəyanatlar məhz İlham Əliyevlə görüş ərəfəsinə təsadüf etdi.

Müharibənin aktiv fazası bitəndən bir neçə gün sonra mən, “Müharibə hələ indi başlayır”, – yazanda, çoxları qınamışdı. Bəli, müharibə davam edir. Bu müharibə tam fərqlidir. Silahlar az işləyir, ancaq diplomatik, psixoloji, informasiya müharibəsi hələ qızışma mərhələsinə yeni qədəm qoyur.

Paşinyan ötən bir il ərzində müxtəlif cür bəyanatlar verib. Hətta bəzən elə fikirlər səsləndirib ki, az qala, Azərbaycanda bəziləri qol götürüb oynasın. Misal üçün, “Zəngəzur dəhlizi açılacaq”, – deyirdi. Bir gün elə, bir gün belə. İstəsəniz, “Nə oldu Paşinyan?” da deyə bilərsiniz. Nə dəyişdi? Erməni tərəfinin ingilis bayrağı sayağı bəyanatlar səsləndirəcəyini gözləməmək, yumşaq desək, sadəlövhlük olardı. Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə olub ki, sülhə gətirilmə mərhələsinə gələndə, son anda Ermənistanda bir problem çıxıb. Hakimiyyət dəyişikliyi, hərbi çevrilişə cəhdlər və digərləri. Yəni xislət eynidir. Uzatmaq, məsələni gələcəyə saxlamaq, gələcəkdə baş verə biləcək hansısa bir stiuasiyadan istifadə edib öz xeyirlərinə həll etmək.

Bəzən Azərbaycanda belə fikirlər səslənir ki, üçtərəfli bəyanatda Zəngəzur dəhlizi açılacaq yazılıbsa, demək ki, açılacaq. Bəli, düşünürəm ki, Zəngəzur dəhlizi açılacaq, ancaq o bəyanata görə yox. Prosesi izləyərkən belə fikirlə çox rastaşırıq: “Üçtərəfli bəyanatın şərtlərinə yalnız Azərbaycan tərəfi əməl edir”. Bunu hələ yaxşı bir şey kimi təqdim edənlər də var. Şərtlərə əməl edilməsi məsələsində Azərbaycan tərəfi məktəbdə hamının sevimli şagirdi olan “xalxın uşağı” kimi davranır. Tərbiyəlidir, sözə baxandır, cığalıq etmir, dərs oxuyandır.

Paşinyan arxayındır ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozmayacaq, yəni hücum edib Zəngəzur dəhlizini zor gücü ilə açmayacaq. Bunun adı işğal olar. Üstəgəl, Rusiya ilə Ermənistan arasında müqaviləyə (1997-ci il) görə, tərəflərdən birinin ərazisinə müdaxilə edilərsə, digər tərəf müdafiəsinə qalxmalıdır. Düşünmürəm ki, Azərbaycan Rusiya ilə müharibə sevdasına düşsün. Kimsə sual verə bilər ki, üçtərəfli bəyanatda Zəngəzur dəhlizi yazılıb axı. Bəli, yazılıb. Ancaq həmin adamlar əsas bu suala cavab versinlər: “Üçtərəfli sənədin hüquqi əsası var?”

O bəyanat harada ratifikasiyadan keçib? Özümüzü aldatmayaq, məlum bəyanat sadəcə olaraq müharibəni dayandırmaq üçün bir sənəddir, atəşkəs razılaşması. O sənədi əldə əsas tutub Zəngəzura girmək qeyri-mümkündür. Azərbaycan ABŞ deyil ki, atom bombası bəhanəsi ilə İraqa, suriyalıları düşünüb Suriyaya girsin. Azərbaycan nə edə bilər? Əslində, çox şey.

Zəngəzur dəhlizini açmırsan? Naxçıvana azərbaycanlıların haradan gedib-gələcəyini sən müəyyən edəcəksən? Çox gözəl. Azərbaycan tərəfi də Laçın dəhlizinin statusunu ləğv edir, adını da qoyur yol. Qarabağdakı ermənilərlə Ermənistandakı ermənilər bir-birilərini görmək istəyir? Çox gözəl. Zəhmət çəksin, Azərbaycan gömrüyündən, sərhəd nəzarət-buraxılış məntəqəsindən keçsin. Biraz da irəli gedib, viza da tətbiq etmək olar.

Burada Rusiya faktorunu da gözardı etmək olmaz. Ancaq Paşinyanın son çıxışı Moskvadan ilhamlanıb deyilən sözlərə bənzəmir. Əgər məsələ Paşinyanın dediyi kimi olacaqsa, bu həm də Rusiyanın imicinə ağır zərbədir. Qarant durduğu bəyənata tüpürmək, belə lap tüpürdüyünü yalamaq kimi bir şeydir. Rusiya o qədər kiçik, əzik dövlət deyil ki, Ermənistana görə imicinə zərbə endirsin. Rusiya istəsə, bunu başqa formada da həll edə bilər. Necə ki, Qarabağda bunu dəfələrlə edib.

Ermənistanda Rusiyaya qarşı bir nifrət formalaşıb. Ermənilər başlarına gələn hər şeyi Rusiyadan görür. Haqsız da deyillər, buna qarışmayaq, öz aralarındakı işdir. Hətta Rusiyanın 102-ci bazasının komandiri belə erməni rəsmilərinin onları saymadığını açıq şəkildə deyir. Ermənistan dəfələrlə Rusiya ilə Türkiyəni üz-üzə qoymaq istəyib. Rusiya ilə Azərbaycanı da üz-üzə qoymağa çoxlu cəhdlər edib. Azərbaycan Ermənistandakı ab-havadan istifadə edib bütün cəhdlərlə Rusiya ilə Ermənistanı üz-üzə qoymağa çalışmalıdır.

Sülh həm də müharibə edən tərəflərin nə qazandığına baxmasıdır. Ermənistanda hansı “yan”ın hakimiyyətdə olmasından aslı olmayaraq bilirlər ki, qazanclı çıxmırlar. Bunun üçün nə etmək lazımdır? Uzatmaq, göstərib gizlənmək, bir-birinə tam əks olan bəyanatlar səsləndirmək. Ən əsası, prosesə ATƏT-in Minsk qrupunu cəlb etmək.

Paşinyanın son çıxışı onu göstərdi ki, Azərbaycan hücum diplomatiyasına keçməlidir. Bu hər sahəyə aiddir – sərhəddə fəaliyyət, diplomatik sıxışdırmalar, informasiya savaşı və psixoloji müharibə. Müdafiədə otursaq, hüquqi əsası olmayan sənədə güvənib məsələnin həllini gözləsək, hər keçən gün Azərbaycanın zərərinə işləmiş olacaq.

Siyasət nəticə sənətidir. Nəticə əldə etmək üçün isə hədəfə dəqiq və vaxtında zərbə endirmək lazımdır…

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK