adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Yanvar 2015 16:46
50889
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: Gülüstan Əliyeva ilə

Həyatda sonradan anlayacağın şeyləri nədənsə, öncədən yaşamaq lazım gəlir. Bəlkə də bu, Tanrının bəndəsinə olan mərhəmətidir ki, öncə yaşadıqlarımızı anlamamaqla, onun ağırlığını, acısını bilmədən bu yükü çəkirik. Elə anlamadığımıza görə də dözə bilirik. Amma Tanrının mərhəmətini sui-istifadə etməyin də acısını çəkən, yaşadıqlarını anlamayanlar olur. Bu idrak çək-çevirində isə əlimizdən qum kimi süzülən zamandır ki, elə həmsöhbətimin dediyi kimi: "Zamanın yerini heç nə ilə doldurmaq mümkün deyil”. Zamanın sabit olmadığını, yaşadıqlarını anlayan qonağımızı tanıyaq:

Xanəndə Gülüstan Əliyeva - 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. 1981-ci ildə keçirilən Cənc İstedadların Respublika Müsabiqəsində üç turun üçündən də əla qiymət alaraq 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə təhsil almağa göndərilib. Görkəmli xanəndə İslam Rzayevdən muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu olub. 1990-cı ildə konservatoriyanı fərqlənmə ilə bitirib. 1995-1996-cı illərdə Muğam Teatrında solist işləyib. 1997-ci ildən Akademik Opera və Balet teatrının solistidir. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb. Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimidir. 2005-ci ildən əməkdar artistdir.

 

...Və  Gülüstan  Əliyevanın zaman anlayışı:

 

 - Zaman nədir, sizin üçün nə əhəmiyyət kəsb edir?

- Zaman nəinki mənim üçün, bütün dünya üçün ən çatışmayan, hətta əlçatmaz bir məfhuma çevrilib. Zamanın yerini heç nə ilə doldurmaq mümkün deyil. Onu əvəzləmək olmur.

 

"Həyatımız zamandan, onun anlarından, məqamlarıdan ibarətdir”

 

- İnsan zamanı idarə edə bilərmi?

- Heç vaxt! Bu mümkün olan şey deyil. İnsan istəsə də bunu bacarmaz. Ən yaxşı bacardığımız şey zamanın qədrini bilmək olar. Yəni çalışıb hər şeyi öz zamanında, vaxtında edə bilərik. Əslində, həyatımız zamandan, onun anlarından, məqamlarıdan ibarətdir.


- Zamanın sizdən aldıqları çox olub, ya sizin zamana verdikləriniz?

- Zaman məndən çox şey alıb. Mən isə hələ istədiyim kimi zamana töhfə verə bilməmişəm. Amma əminəm ki, zamana bəxş edə biləcəyim çox şeylər var. Təki bu zaman içində mənə də vaxt qalsın.

 

"Zaman atlı olub, mən piyada”

 

-Zamandan şikayətçi olmusunuzmu?

- Həmişə. Zamanla dostluğum baş tutmayıb. O atlı olub, mən piyada... Deyirlər ki, zaman bütün yaraları sağaldır. Mən bu fikirlə qətiyyən razı deyiləm. Sevdiyin insanlarin itkisi sagalarmi?! Nə vaxt tərpətsən qanayır:

Əzizim ağlamaqdan,

Qaralar bağlamaqdan,

Bağda yarpaq qalmadı

Yarama bağlamaqdan....

  

"Zamanla ayaqlaşmağı bacaran insanlar işlərini düzgün quranlardır”

 

- Ümumiyyətlə, zamanın nəbzini tutmaq asandı?

- Çox çətindir. Özü də bu gün, bu zəmanədə. Çox nadir adamlar  bunu bacarır.


- Fələk tərəfindən seçilmişlərə, yoxsa zamanla ayaqlaşmaq üçün dəridən-qabıqdan çıxanlara bu qismət olur?

- Bəxt bir naxışdır. Amma əzm də, əlbəttə vacibdir. Güman ki, zamanla ayaqlaşmağı bacaran insanlar yəqin işlərini düzgün quranlardır ki, vaxt da onlara işləyir. Elə sənət adamları da Allahın digər insanlar içindən seçdikləridir. Onlar hər bir zamanda olublar, olacaqlar da! Düşünürəm ki, bu da Allahın bizə bəxş etdiyi qismət və ya alın yazısıdır. Biz də bununla mükafatlandırılmışıq.


-Bəzi insanlar öz zamanlarında deyil, başqa dövrdə doğulmalı olduqlarından gileylənirlər. İnsanı belə düşünməyə vadar edən nədir? Və siz öz zamanınızdasınızmı?

- Təəssüf ki onu biz planlamırıq. Nə vaxt, hansı zamanda yaşamağımız bizdən asılı deyil. Hər hansı bir zəmanənin nə günahı, əgər insanlar saxta, yalançı, yaltaq və meşşandılarsa?!


- Heç ürəyinizdən başqa zamanda, dövrdə yaşamaq istəyi keçməyib?

- Başqa zamanda yox, amma başqa ölkədə yaşamaq istəmişəm.


- "Zaman insana verilən bir fürsət, eyni zamanda möhlətdir” deyirlər...

- Bəli əslində möhlətdir, dünya isə bir tamaşaçı. Biz bu zaman içində - həyat səhnəsində bizə verilən rolu oynamalıyıq. Əlbəttə ki, bu rolun öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.

 

"Ayırdığım zamana dəyməyən insanlara təəssüflənmişəm”

 

- Həyatınızda vaxt itkisi olubmu və ən çox nəyə təəssüflənirsiniz?

- Ayırdığım zamana dəyməyən insanlara, vaxtımı alan və buna layiq olmayan kəslərə təəssüflənmişəm! Həyatımda ən cox heyfsiləndiyim, bəlkə də özümü ən çox danladığım elə bu olub.


- Bəs bilərəkdən vaxt öldürdüyünüz məqamlarınız olub?

- Bəli. Bu çoxdan baş verib. Məndən asılı olmayan səbəblərdən baş versə də, təəssüf ki, olub.

 

"24 saata 48 saatın işini görürəm, amma yenə də vaxt çatmır”

 

- Vaxtınızı necə bölürsünüz, planlı şəkildə yaşayan adamsınız?

- İnanın çox vaxt bu gün hansı paltarı geyəcəyimi düşünməyə belə vaxtım olmur. Hərdən də axşamdan özümə bir plan cızıram, səhər açılanda yenə aləm dəyir bir-birinə. Nə qədər bölməyə çalışsam da çatmır. Bəzən zarafatla deyirəm ki, 24 saata 48 saatın işini görürəm, amma yenə də vaxt çatmır. Məncə xoşbəxt o adamdır ki, zamanı ayarlaya bilir.


- Daha çox vaxtınızı nə alır?

- Sənətimlə əlaqədar gedəcəyim tədbirlərə görə salonlarda oturmaq. Bir də məni ən çox dəli edən çəkilişlərdə gözləməkdir.


-Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

- Heç vaxt zamanı əldən verməyin! Həyatınızı bir göz qırpımında belə olsa, boş və mənasız keçirməyin. Həyat elə qısadır ki!..


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa