SON DƏQİQƏ:

"Yadların doğma sözü"

  45683   |  
Şriftin ölçüsü  

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında ərəb atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Ərəblər – Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan dünyanın ən böyük xalqlarından biridir. Səudiyyə Ərəbistanı, Suriya, İordaniya, İraq, Yəmən, Oman, Misir, Sudan, Əlcəzair, Liviya, Tunis, Mərakeş və s. ölkələrdə əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ana dilləri ərəbcə olan sami xalqdır.

Təbii ki, ərəblər dedikdə ilk olaraq Məhəmməd peyğəmbər (s.ə.s.) xatırlanır. O, tarixə həm dini, həm də siyasi fəaliyyəti son dərəcə uğurlu olmuş yeganə şəxsiyyət kimi düşüb. Dünyanın tanınmış şəxsiyyətləri – alimləri, liderləri  Məhəmməd peyğəmbəri böyük müvəffəqiyyətlər qazanmış siyasi və dini lider hesab edirlər. Napaleon Bonapart, İsveç kralı III Qustav, Mahatma Qandi, İmmanuel Kant, Karl Marks, Lamartin, Lev Tolstoy, Edqar Po, Bernard Şou və başqaları bu dahi və ilahi şəxsiyyət haqqında dəyərli fikirlər səsləndiriblər.

Bundan başqa ərəblərin bir çox dünyaca məşhur simaları tarixə adlarını yazdırıblar. Riyaziyyat, astronomiya, təbabət, ədəbiyyat və digər sahələrdə Cabir ibn Həyyan, Sabit ibn Kurra, İbn Heysəm, Məhəmməd əl-Fəzari, Əbü-l-Əla əl-Məərri, Əntərə ibn Şəddad,  Cüneyd Bağdadi, İbn Rüşd, Məsudi,  Zəkəriyyə əl-Qəzvini, İbn Xəldun və b. simaları misal göstərmək olar.

Ərəblərin bəşəriyyətə töhfə verən icadlarını isə saymaqla bitməz. Bunların arasında qəhvə, cərrah alətləri, diyircəkli qələm, şampun, ətirli sabun kəşfləri bu gün də vazgeçilməzlər sırasındadır. Bundan başqa, Vriqht qardaşlarının ilk uçma sınağından 1000 il öncə 852-ci ildə Abbas İbn Firnas adlı bir ərəb taxta qanadlarla məscid minarəsindən uçmağa cəhd edib. Təbii olaraq uça bilmədi. Amma qanadların yaratdığı paraşüt effekti sayəsində yerə qəzasız enə bildi. Eyni şəxs 70 yaşında ipək və qartal tükləri ilə ikinci dəfə cəhdini təkrarlayıb. O, 10 dəqiqə havada qalıb. 

Mayelərini qaynama temperaturuna görə bir birindən ayrılmasını alim Cabir ibn Hayyan kəşf edib. O, müasir kimyanın qurucularından sayılır. 

Minlərlə insanın həyatını xilas etmək üçün istifadə edilən ilk cərrah alətləri müsəlmanların ixtirasıdır. Əl Zehravinin dizaynı olan 200-ə yaxın alətdən bu gündə istifadə edilir. Heyvan bağırsağından hazırlanan iplərlə olan tikişlərin tez zamanda itdiyini də o kəşf edib. 

Cəbr və triqonometriya ərəb dünyasından Avropaya yayılıb. 


İndi də digər siyahıya keçək - ərəb atalarının sözlərinə:



Ağıllı zəhmətinə bel bağlar, ağılsız ümidinə.

Ağılsızın bütün ömründən alimin bir günü qiymətlidir.

Hər şey çox olduqda ucuz olar, ancaq ağıldan başqa.

Aqibətini düşünməyənə zəmanə dost olmaz.

Alimin paltarı olmasa da, elmi eybini örtər.

Bədənin qidası yemək, ağlın qidası elmdir.

Bir şey etmək istəyən yolunu, etmək istəməyən bəhanəsini tapar.

Cahilə cavab verməmək elə cavabdır.

Söz qəlbdən çıxarsa qəlbə qədər gedər, dildən çıxarsa qulağı keçə bilməz.

Dünyada üç şey gizlədilməz: duman, eşq, pulsuzluq.

Ən yaxşı miras ədəbdir, ən yaxşı yoldaş əxlaqdır.

Həbsxana bir bağça içində olsa belə həbsxanadır.

Hər yanğını söndürən tapılar, lakin paxıllıq odunu söndürmək olmaz.

Hirsli adam ağılsızın qardaşıdır.

Xəbərçiyə inanan dostunu məhv edər.

Xoşluqca imtina etmək, süründürücü vəddən yaxşıdır.

İgid hərbdə, dost dərddə, kamil adam hiddətdə bəlli olar.

İki arvadı olan kişi iki od arasında olan birinə bənzər. Hansı tərəfə getsə yanar.

İki şeyin qiyməti itəndən sonra bilinir: bir cavanlığın, bir də sağlamlığın.

İnsanlar uğurlarından az, uğursuzluqlarından çox şey öyrənirlər.

Kitab insanın cibində daşıdığı bir bağça kimidir.

Kitab sənə fayda verər, səndən bir şey aparmaz.

Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər.

Qadının gözəlliyi uşaq əlindəki silah kimidir: həm özü, həm də ətrafdakılar üçün təhlükədir.

Müsibət zamanı səbirsiz olmaq, müsibətin özündən də acıdır.

Özünə inamı olmayan adamın nailiyyəti olmaz.

Tamahı çox olanın insafı az olar.

Tələskən adamın rahatlığı, hirsli adamın sevinci, usandırıcı adamın dostu olmaz.

Tənbəl insan şeytanın oyuncağıdır.

Tənbəllik ilə ətalət bir-birilə evləndi, iki uşaqları oldu: birinin adı yoxsulluq, digərinin adı məhrumiyyət.

Üç dərdə çarə yoxdur: tənbəllikdən doğan yoxsulluğa, həsəddən doğan düşmənçiliyə, qocalıqdan doğan xəstəliyə.

Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş.


Şəfiqə Şəfa 


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK