adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Mart 2015 14:51
66541
RUBRİKA
A- A+

"FƏXRİ KÜRSÜ"də Həsən Əliyev : "Olimpiya çempionu olmasam, həyatımda natamamlıq kompleksi yaranar"

Həsən Əliyev 1989-cu ildə Azərbaycan respublikasının Qazax rayonunda anadan olub. O, idmanın  yunan-Roma güləşi növündə bir çox titullar qazanıb. 2009-cu ildə gənclər arasında Avropa və dünya çempionatının qalibi olan H. Əliyev bir il sonra bu uğurları böyüklər arasında da təkrarlayıb. London yay Olimpiya Oyunlarında iştirak edən Əliyev 60 kiloqram çəki dərəcəsində beşinci olub. Bundan əlavə, o, 2014-cü ildə yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının heyətində Dünya Kubokunun bürünc, 2015-ci ildə isə qızıl medalını qazanıb.

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı dünya və Avropa çempionu, Dünya Kubokunun qalibi, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının liderlərindən biri Həsən Əliyevdir.



"Çempionatın sonlarına yaxın beynim sıxılır, təzyiqim düşür, halsızlaşıram"



- Həsən bəy, qarşıdan Avropa oyunları gəlir və siz böyük ehtimalla bu yarışda iştirak edəcəksiniz...

- İştirakım hələ dəqiq deyil. Yarışa 10-15 gün qalmış heyət müəyyənləşəcək. Əks təqdirdə digər idmançılar məşqlərdən soyuyar, təlim-məşq toplanışlarında iştirak etməzlər.


- Heyətə düşmək baxımından ciddi rəqib olaraq kimləri görürsünüz?

- Azad Əliyev və Kamran Məmmədov güclü idmançılardır. Eləcə də Azərbaycan çempionatının final görüşündə mənimlə qarşılaşan Ruhin Mikayılov da perspektivli idmançıdır.


- Onlarla müqayisədə sizin şansınız daha çoxdur...

- Ola bilər. Son vaxtlar formadayam.


- Artıq beş ildir ki, dünya və Avropa çempionatlarında çempionluq sevinci yaşaya bilmirsiniz. Səbəb nədir?

- Bir qədər psixoloji problemlərim var. Çox həssas adamam, ən adi hadisədən həyəcanlanıram. Yarımfinala kimi çətinlik çəkmədən gəlirəm, finalın astanasında üzərimdəki həyəcanı heç cür dəf edə bilmirəm. Son dünya çempionatında qarşılaşdığım serb idmançısı ilə görüşə çıxarkən psixoloji gərginliyim vardı, bu səbəbdən istədiyim kimi güləşə bilmədim. Döşəkdən çıxanda anladım ki, uduzmuşam.


- Amma bu zədə ilə əlaqələndirilirdi...

- Boynumda zədə vardı, ancaq bunu bəhanə gətirmək istəməzdim. Sadəcə, üzərimdə psixoloji gərginlik hiss edirdim.


- Psixoloji gərginlik dedikdə?

- Çempionatın sonlarına yaxın beynim sıxılır, təzyiqim düşür, halsızlaşıram. Bu halda da normal güləşmək qeyri-mümkündür.


- Bununla bağlı hər hansı tədbir görürsünüz?

- Psixoloq yanına gedirəm. Ancaq bu elə bir prosesdir ki, gərək özün özünə təsir etməyi bacarasan. Kənardan edilən müdaxilə heç də effektiv olmur.



"Serb idmançı kim idi ki mən ona məğlub oldum"



- 66 kiloqram çəki dərəcəsində hazırda sizin ən ciddi rəqibləriniz iranlı Omid Nooruzi, macar Tamaş Lorinçz, serb Stefanek, Qazaxıstan, Koreya və Rusiya güləşçiləridir. Bu rəqiblərdən hansı ilə görüş daha çətin alınır?

- Hamısı ilə ilk mərhələlərdə qarşılaşsam, mütləq məğlub edərəm. Məndə mövcud olan problem əsasən yarımfinalda özünü biruzə verir. Serb idmançı kim idi ki, mən ona məğlub oldum. Daşkənddəki dünya çempionatından əvvəl onunla dəfələrlə qarşılaşıb, asanlıqla məğlub etmişdim. Lorinçz də çox güclü rəqibdir, demək olar ki, hər çempionatda medal əldə edir. Onunla bir dəfə qarşılaşmışam, onda da qalib gəlmişəm. İnşallah, üzərimdəki psixoloji təzyiqi dəf edəndən sonra bu çəkidə mənim üçün təhlükəli rəqib anlayışı olmayacaq.


- Bu yaxınlarda sizin də heyətində olduğunuz yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası dünya kubokunun qalibi oldu. Bu uğur gözlənilən idi?

- Düzünü desəm, nəinki mən, komandamızda heç kim bu uğuru proqnoz etmirdi. Heyətimiz əsasən gənclərdən ibarət idi. Onların dünya və Avropa çempionları, olimpiya mükafatçları ilə görüşdən qalib ayrılacağı real görünmürdü. Üçüncü yer və finalda iştirak hardasa gözlənilən idi, amma çempionluq əsla. Amma onu deyim ki, finala yüksəldikdə rusları yenəcəyimizə əmin idik.



- Dünya kubokunda fərdi göstəricilərdə sizinlə birlikdə ən yüksək nəticəni 85 kq çəkili güləşçimiz İslam Abbasov göstərdi. Necə fikirləşirsiniz, o, bu çəkidə Saman Təhmasibini əvəzləyə bilərmi?

- Saman Təhmasibi də kifayət qədər güclü güləşçidi, ard-arda iki dünya çempionatında ikinci oldu. İslam Abbasov çox perspektivli idmançıdır. O, Saman Təhmasibinin dünya çempionatında məğlub olduğu fransalı Melonin Noumonvini yoldaşlıq görüşündə məğlub etdi. İslamın qarşıda yüksək nəticə göstərmək üçün çox şansları olacaq. 

Hər ikisi hazırda pik formadadır. Ədalətli olar ki, Samanla İslam arasında ya sparinq xarakterli görüş keçirilsin, ya da hər ikisi bir çempionatda sınanılsın. İdmançı, proseslərin içərisində olan biri kimi mənim üçün ən uğurlu variant budur.


- İdmançılarımız arasında qoruyucu mövqeyinizlə seçilirsiniz. Hər hansı güləşçi formadan düşdükdə ona sosial şəbəkələrdə və ya media vasitəsilə dəstək olursunuz. Bu yaxınlarda olimpiya çempionu Toğrul Əsgərova da belə dəstək nümayiş etdirdiniz...

- Fikir verdinizsə, "facebook"da yazdığım statusda heç Toğrulun adını işarələməmişdim. Ona dəstəyi dost kimi yox, idmançı, idmanın çətinliklərini anlayan biri olaraq nümayiş etdirdim. Mən də eyni hissi yaşamışam. 2011-ci ildə lisenziya xarakterli dünya çempionatında medal və lisenziyasız qalarkən məni az qalırdılar söyələr. Hələ elə bir idmançı olmayıb ki, bütün turnirlərdə qalib olsun. Tənqid lazımdır, ancaq bu normal tərzdə olmalıdır. Toğrulun da səhvləri çox oldu. Çəkisini gözləmədi, məşqləri buraxdı. Amma anlamaq lazımdır ki, o da insandır, istirahət etməyə haqqı var.


- 2011-2012-ci illər sizin də karyeranızda eniş müşahidə edilirdi. Bu aralar kimlər sizə mənəvi dəstək oldu?

- Fərid Mansurov, Namiq Abdullayev ruhlandırırdılar. Komanda yoldaşlarım da psixoloji cəhətdən dəstək oldu. Ancaq hər hansı birinin bununla bağlı mətbuata açıqlama verdiyini görmədim.


- Avropa oyunlarından sonra qarşıdan dünya çempionatı gəlir...

- Mən əvvəlcədən proqnoz verməyi xoşlamıram. Bu çəkidə mübarizə apardığım rəqiblərin hər biri ilə ayrı-ayrı turnirlərdə qarşılaşıb, məğlub etmişəm. Bu elə çəkidir ki, kimin hansı nəticə göstərəcəyi ilə bağlı proqnoz vermək qeyri-mümkündür, 7-8 nəfər güclü idmançı var ki, onlar ayrı-ayrı turnirlərdə bir-birini məğlub edib. Dünya çempionatında əsas məqsədim Rio olimpiadasına vəsiqə qazanmaq olacaq.



"Güləşi Fərid Mansurov kimi bilən mütəxəssis çox azdır"



- İndiyədək yığma komandada 4 məşqçi ilə çalışmısınız: Elçin Cəfərov, Fərid Mansurov, Salih Bora və Cəmşid Xeyrəbadi. Onlardan hansı sizin üçün daha uğurludur?

- Bütün məşqçilərlə mənə rahatdır. Hər biri ilə xoş ünsiyyətim var. Hamısı ilə səmimiyəm. Mənim ən yaxşı nəticələrim Fərid Mansurovun rəhbərliyi altında olub. Güləşi Fərid Mansurov kimi bilən mütəxəssis çox azdır. Bəzən elə olurdu ki, çox yorulur, usanırdım, amma, o, elə zarafatlar edib, əhval-ruhiyyəmizi qaldırırdı ki, tezliklə məşqlərə adaptasiya olurdum. 
Ümumiyyətlə, adını çəkdiyiniz məşqçilərin hər birinin öz məşq üslubu var. Fərqləndirmək istəməzdim.

- Rio Olimpiadasından gözləntiləriniz nədir?

- İnanırsınız, olimpiada haqqında fikirləşmədiyim gün yoxdur. Olimpiya oyunlarının qalibi olacağım təqdirdə Azərbaycan idman tarixinə ilk və yeganə olimpiya, dünya və avropa çempionu kimi düşə bilərəm. Xarakter etibarilə maksimalistəm. Əgər olimpiya çempionu olmasam, həyatımda natamamlıq kompleksi yaranar.


- Olimpiya çempionu olduqdan- bütün titullara yiyələndikdən sonra karyeranızı bitirmək fikriniz var?

Bu haqda fikir bildirmək tez olar. Ancaq onu deyim ki, zədələrim çoxdur. İndidən vurğulayım, hər kəs bilsin, sonradan məni qınamasınlar(gülür). Boynumda, dizimdə ciddi zədələrim var. Bu zədələr cərrahi müdaxilə tələb edir. Dişimi sıxıb, bütün işlərimi olimpiadadan sonraya saxlamışam. 
İnanırsınız, neçə ildir Bakıdayam, nadir hallarda məmləkətdə - Qazaxda keçirilən toylara gedirəm. Gərgin məşqlərdən heç cür vaxt tapmaq olmur.

- Gələcəkdə sizi məşqçi kimi görə bilərik?

- Çətin. Onsuz da idmançı olaraq bütün günümüz stress içərisində keçir. Bundan sonra məşqçilik fəaliyyəti ilə məşğul olmaq bir qədər ağır olar. Məşqçilik çox məsuliyyətli işdir. Məşqçi olmağım üçün hələ xeyli təcrübə toplamağım lazımdır. İdmançı tək özünə görə həyəcanlanırsa, məşqçi bütün komandaya görə eyni hissi keçirir. Fikir verdinizsə, dünya kubokunda İran yığması ilə görüşdən sonra Cəmşid Xeyrəbadinin həyəcandan xalçanın kənarında ürəyi getdi.


- Bəs planlarınıza nə daxildir?

- İlk planım ailə qurmaqdır, başqa planım yoxdur(gülür). Çox güman ki, güləş sahəsində çalışacam.


- Komanda yoldaşınız Rövşən Bayramovda son vaxtlar passivlik hökm sürür. O, son üç ildə ciddi nailiyyətlə yadda qalmayıb. Buna baxmayaraq hər kəs ondan olimpiya qızılı gözləyir. Onun çempionluq şanslarını necə dəyərləndirirsiniz?

- Rövşən Bayramov çox güclü idmançıdır. Razıyam, hazırda o, yaxşı formada deyil, amma 2010-cu ildə bundan da aşağı səviyyədə mübarizə aparırdı. Buna baxmayaraq 2011-ci ildə İstanbulda keçirilən dünya çempionatında qızıl, London yay Olimpiya Oyunlarında gümüş medal qazandı.

Bu güləşdi, kim yaxşı hazırlıq prosesi keçsə, həmin gün psixoloji cəhətdən yarışa hazır olsa, qalib olacaq.


- 66 kiloqram çəki dərəcəsi ölkəmiz üçün kifayət qədər uğurlu çəkidir. Fərid Mansurovun timsalında doğmalaşan bu çəkidə Vitali Rəhimov da müəyyən nəticələr göstərib. Sizin üçün bu çəkidə mübarizə aparmaq nə dərəcədə məsuliyyətlidir?

- Təbii ki, məsuliyyəti ağırdır. Nəticələrə öyrəşdiyimiz çəkidir. İnşallah, mənim Rio olimpiadasındakı qalibiyyətimlə bu çəki Azərbaycan idmanı tarixinə iki olimpiya çempionu ilə düşər.


- Böyük uğurlarınızı - Avropa və dünya çempionluğunu əvvəllər çıxış etdiyiniz 60 kiloqram çəki dərəcəsində qazanmısınız. Belə təəssürat yaranır ki, 60 kiloqram çəki dərəcəsi sizin üçün daha rahat idi, nəinki 66...

- 60 kiloqramda çox çəki salmalı olurdum. 66 kq bu baxımdan mənim üçün daha rahatdır. Həm də 60 kiloqramda qazandığım nailiyyətləri indiki çəki dərəcəsində də təkrarlaya bilərəm. Demək olar ki, eyni rəqiblərdir. Hər şey özümdən asılıdır.



 "Kumirim Namiq Abdullayev olub"


- Güləşçi olmasaydınız, hansı idman növünü seçərdiniz?

- Avarçəkmə idman növündən xoşum gəlir. Fikirləşirəm ki, fiziki göstəricilərim avarçəkmə növünə uyğun gəlir. Ağırlıqqaldırma və boks kimi idman növləri isə mənə tamamilə uzaqdır.


- Orta məktəbdə oxuyan şagird olmusunuz?

- Yaxşı oxumuşam. Qiymətlərim əsasən 4-5 olub. Hətta müəllimlərim məni Bakıya getməyə qoymurdu. Valideynlərimə deyirdilər ki, aparmayın, orda dərslərindən soyuyacaq.


- İdmana gəlişinizin əsas səbəbkarı kim olub?

- İdmana gəlişimin əsas səbəbi səhhətimdə yaranan problem olub. Uşaq olarkən tez-tez dilim qatlanırdı. Valideynlərim məni idmana yönləndirdilər ki, sağlam böyüyüm.


- Kumiriniz kim idi?

- Namiq Abdullayev.


- Bəs nə əcəb sərbəst yox, yunan-Roma növünü seçdiniz?

- Kənddəki məşqçim yunan-Roma güləşi üzrə təlim keçirdi.


- Güləşin sərbəst növündə indiki nəticələrinizi təkrarlaya bilərdiniz?

- Niyə də yox?! Toğrulu məğlub edirəm də(gülür). Zarafat edirəm.
Demək olar eynidir. Bir balaca ayağını gözləməlisən. Əvvəllər keçsəydim, mübarizə aparmaq çətin olmazdı.

- Sizcə, hansı növ daha çətindir?

- Yunan-Roma güləşi daha çətindir. Klassik güləş elədir ki, fiziki gücün olmasa heç cür güləşə bilməzsən. Sərbəst güləşdə isə əsasən texnikaya üstünlük verilir.


- Sosial şəbəkədə çox vaxt keçirirsiniz. Bu, sizə maneçilik törətmir ki?

- Yox. Sosial şəbəkədən istifadə mənim üçün maariflənmə baxımından çox önəmlidir.


- Hansı idmançılarla daha çox ünsiyyətdəsiniz?

- Sərbəst güləş və yunan-Roma güləşi yığmasının bütün üzvləri ilə yaxın münasibətlərim var. Digər idman növlərindən isə cüdo yığmamızın üzvü Nicat Şıxəlizadə və olimpiya çempionu Elnur Məmmədli ilə dostluq əlaqələrim var.


Sahib ƏSƏDBƏYLİ