"FƏXRİ KÜRSÜ"də Elvin Mürsəliyev : "Futbolçularımız bizim qədər əziyyət çəksəydilər, dünya çempionu olardılar"
Elvin Mürsəliyev 1988-ci ildə Azərbaycan respublikasının Bakı
şəhərində dünyaya gəlib. İdmanın yunan-Roma güləşi növündə mübarizə aparan
Mürsəliyev bir sıra turnirlərdə adından söz etdirib. 2010-cu ildə paytaxtımızda
keçirilən Avropa çempionatında ikinci olan idmançımız ötən il yenidən qitə
çempionatının fəxri kürsüsündə qərarlaşıb. Vantaada keçirilən Avropa
çempionatında üçüncü olan pəhləvanımız Özbəkistanın paytaxtı Daşkənddə təşkil
olunan mundialın da bürünc mükafatçısı olub. Bundan başqa, o, dəfələrlə Azərbaycan
çampionatının, Qızıl Qran-Pri turnirlərinin, digər beynəlxalq yarışların qalib
və mükafatçısı olub. E. Mürsəliyev martda İranda təşkil olunmuş Dünya Kuboku
turnirində yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının heyətində fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. O, hazırda 75 kiloqram çəki dərəcəsində
Dünya Güləş Birliyinin reytinqində dördüncü pillədədir.
Adalet.az-ın "FƏXRİ KÜRSÜ" rubrikasının növbəti qonağı
yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının liderlərindən biri olan Elvin
Mürsəliyevdir.
"Məni qorumaq üçün məşqçilər bəzi yarışlarda çəki salmağıma da icazə vermirlər"
- Elvin, qarşıdan I Avropa Oyunları gəlir və siz çox güman bu turnirdə iştirak edəcəksiniz...
-Bəli, demək olar ki, iştirakım dəqiqləşib. Əlimdən gələni
edəcəm ki, üzərimə düşən vəzifəni artıqlamasıyla yerinə yetirim. Növbəti
təlim-məşq toplanışı bu gün bitib(red; 1 may). Məşqçilər korpusu bədənimizin bərpa olunması
üçün bir neçə günlük istirahət veriblər. Komanda olaraq məşqlərə
məsuliyyətlə yanaşırıq, bütün proqramları artıqlamasıyla yerinı yetiririk.
Avropa Oyunlarınadək cəmi iki təlim-məşq toplanışımız qalıb.
- Bu turnir sizin üçün hansı əhəmiyyəti kəsb edir?
- Avropa Oyunları dünya çempionatından da nüfuzlu
turnirdir. Doğma divarlar arasında keçirildiyindən içi özüm qarışıq bu turnirdə
bütün idmançılarımız nailiyyət qazanmaq istəyi ilə alışıb-yanırlar.
- Bir neçə il yığma komandada iştirak baxımından çətinlik
çəkdiniz. Əsas heyətə düşmək uğrunda mübarizədə Rafiq Hüseynova uduzurdunuz...
- Bildiyiniz kimi, 2010-cu ildə paytaxtımızda keçirilən Avropa çempionatında ikinci oldum, bundan sonra məndə sanki "ulduz xəstəliyi" yarandı. Çəkimi gözləmədim, yarışlara əvvəlki kimi ciddi yanaşmadım. Rejimim pozulmuşdu, gecədən səhərədək internetdə olurdum. Düşünürdüm ki, mən Avropa çempionatının mükafatçısıyam, yerli idmançılardan heç kim məni bu çəkidən sıxışdıra bilməz. Bu da məşqçilər korpusunun diqqətindən yayınmadı. Heyətə düşmək baxımından yaşadığım problemin səbəbini heç kimdə deyil, sırf özümdə görürəm.
- Hazırda 75 kiloqram çəki dərəcəsində vahid lider təsiri
bağışlayırsınız... Yoxsa elə deyil, gizli rəqabət var?
- Elədir. Məni qorumaq üçün məşqçilər hətta bəzi yarışlarda çəki
salmağıma da icazə vermirlər. Çəkisalma prosesinin bərpası xeyli vaxt aparır.
Ötən ilin dekabrında ölkə çempionatında 80 kiloqram çəki dərəcəsində mübarizə
apardım və qalib oldum. Finalda da məhz Rafiq Hüseynovu məğlub etdim.
- Artıq 27 yaşınız
var, amma hələ də olimpiadada iştirak etməmisiniz...
- Rio Olimpiadası
mənim üçün demək olar ki, sonuncu şansdır. Orda iştirak edəcəyim təqdirdə fürsəti
fövtə verməyəcəm.
- 75 kiloqram
çəki dərəcəsində əsas rəqibləriniz Rusiya güləşçiləri Roman Vlasov və Aleksandr
Çekirkin, xorvatiyalı Neven Zuqaj və erməni Arsen Julfalakyandır. Onlardan hansı
ilə qarşılaşmaq daha çətindir?
- Hazırda dünya güləşində 75 kiloqram çəki dərəcəsində ilk beşikdəyəm. Siz adını çəkdiyiniz idmançılar da bu çəkinin ən güclüləri hesab olunurlar. Onların arasında erməni idmançısı ilə görüşmək ikiqat məsuliyyət tələb edir. Dünya çempionatında ona məğlub oldum. Həm üzərimdə start həyəcanı vardı, həm də çəki salmışdım, özümü yaxşı hiss etmirdim. İkinci, ya üçüncü görüş olsaydı, nəticə tam fərqli olardı.
- Julfalakyanla
revanş görüşü haqda fikirləşirsiniz?
- Əlbəttə. Ermənilər Avropa Oyunlarına qatılmayacaq, amma onunla dünya çempionatında
qarşılaşmaq şansımız var.
"Rəsul Çunayev üçün 75 kiloqram çəki dərəcəsində mübarizə aparmaq çətin olar"
- Avropa Oyunlarından sonra qarşıdan dünya çempionatı gəlir. Bu da Rio olimpiadasına lisenziya xarakterlidir. Las Veqas mundialı haqda nə düşünürsünüz?
- Hazırda qarşıda duran əsas məqsəd Avropa
Oyunlarında uğurlu iştirakdır. Hazırda çəkisalma problemi gözümə durub. Nə az, nə çəx 8 kiloqram çəki salmalıyam. Ondan iki ay sonra Amerikaya yola düşəcəyik.
Çalışacam, Avropa Oyunlarından sonra çəkimi qoruyum ki, dünya çempionatında
bununla bağlı problem yaşamayım.
- Belə görünür ki, çəkisalma prosesi sizə
çox əziyyət verir. Nə əcəb, 80 kiloqram çəki dərəcəsinə keçmirsiniz?
- O olimpiya çəkisi deyil.
- Unutmuşdum(gülərək). Digər qeyri-olimpiya
çəkisi də 71 kiloqramdır. Belə təəssürat yaranır ki, Rəsul Çunayev və Rafiq
Hüseynov Rio Olimpiadasında iştirak baxımından sizin potensial rəqiblərinizdir...
- Lisenziya xarakterli dünya çempionatında 75
kiloqramda böyük ehtimalla ölkəmizi mən təmsil edəcəm. Hər üçümüz öz çəkimizdə uğurlu
iştirak edəcəyimiz təqdirdə bizi sparinq xarakterli görüşlərdə və ya ayrı-ayrı
turnirlərdə sınayacaqlar. Kim güclü olsa, olimpiadaya da o gedəcək.
- Onlarla müqayisədə öz şanslarınızı necə
qiymətləndirirsiniz?
- Mən hazırda 75 kiloqramda çıxış etdiyim üçün özümü
daha şanslı görürəm. Amma yenə də yekun qərar məşqçilərin olacaq. İxtiyar sahibi onlardır.
- Rafiq Hüseynov bir o qədər də yox, amma
Rəsul Çunayev son vaxtlar uğurlu çıxışı ilə diqqəti cəlb edir…
- Rəsul Çunayev üçün 75 kiloqram çəki
dərəcəsində mübarizə aparmaq çətin olar. Mənimlə müqayisədə Rəsulun iştirak
etdiyi çəki dərəcəsində o qədər də ciddi rəqiblər yoxdur.
O,
daha çox texnikaya meylli idmançıdır, əvvəllər tanımırdılar, güləşmək onun üçün
rahat idi, indi digər idmançılar onun fəndlərini, güclü və zəif xüsusiyyətlərini
öyrəniblər.
- Avropa Oyunlarında komanda yoldaşlarından
kimlərin şanslarını yüksək qiymətləndirirsiniz?
- Hamısı yüksək formadadır. Mənə elə gəlir
ki, hər bir çəkidə medal qazanacağıq.
- 130 kiloqramda da? Sabah Şəriəti heç də
uğurlu çıxış sərgiləmir...
- Sabah Şəriəti güləşə çox gec gəlib, cəmi 4-5
ildir. Bu səbəbdən böyük turnirlərdə güləşmək onun üçün bir qədər çətindir.
Məşqçilər korpusu hazırda onunla ciddi hazırlıq işi aparır. Ümidvaram
ki, o, çıxış edəcəyi təqdirdə Avropa Oyunlarında öz sözünü deyəcək
- Yığma komandanın lideri olaraq kimi
qələmə verərsiniz?
- Hazırkı formasına görə Həsən Əliyevi
xüsusi qeyd edərdim.
- Daşkənd mundialına qayıdaq. Siz orda ilk
görüşdə məğlub olsanız da, sonradan bürünc medal qazana bildiniz...
- Kəçən il mən ilk dəfə olaraq böyüklər arasında dünya
çempionatında iştirak edirdim. Onun üçün çempionatın ab-havasına uyğunlaşa
bilmədim. İlk görüşdə məğlub olduqdan sonra məşqçilər məndən əlini tamamilə
üzmüşdülər. Məğlub olduğum idmançı finala çıxanda özümə təlqin etdim ki, onun
qalib gəldiyi rəqibləri mən də yenə bilərəm. Yalnız gürcü
Datunaşvili ilə üçüncü yer uğrunda görüşdə çətinlik çəkdim. Son xal qaydası ilə
qalib gəlsəm də, ondan əvvəl parter vəziyyətində xal qazanmışdım, hakimlər
qeydə almadı.
- Hakim qərəzi ilə tez-tez rastlaşırsınız.
Nə məsələdir?
- Mənə çoxları deyir ki, kənardan çox
təkəbbürlü təəssürat oyadırsan. Yəqin hakimlər də belə düşünür, onlarda mənə
qarşı bir növ antipatiya yaranır(gülür)
- İdman aləmində kimlərlə yaxın dostluq
münasibətləriniz var?
- Veteran taekvondoçularımız olan
Niyaməddin Paşayev və Rəşad Əhmədovla dostuq. Kikboksçularımızdan Babəklə sıx
ünsiyyətdəyəm. Sərbəst güləş yığmasının üzvləri ilə də yaxınıq. Daha çox Toğrul
Əsgərov və Cəbrayıl Həsənovla dostluq münasibətlərimiz var.
- Komanda yoldaşlarınızdan isə, deyəsən, Həsən Əliyevlə...
- Daha çox Rövşən Bayramovla yaxınam. Həsən
Əliyevlə də yaxınıq, amma bütün sirrimi Rövşənlə bölürəm.
"Elxan Elatlının "Cəhənnəmdən gələn səs" əsəri məni çox təsirləndirmişdi"
- Yaxın dostu kimi Azərbaycan güləşinin
brend isimlərindən olan Rövşən Bayramovu xarakterizə edərdiniz...
- Kitab oxumağı belə çox sevirsiniz?
- Bəli
- Nə yaxşı...Mütaliəyəmeylli idmançılarımız
çox azdır. Daha çox hansı janrda yazılan əsərləri və
müəllifləri oxuyursunuz?
- Dedektiv janrını çox sevirəm. Yerli yazıçılardan Çingiz Abdullayev və Elxan Elatlını, xaricilərdən isə Aqata Kristini oxuyuram. Elxan Elatlının "Cəhənnəmdən gələn səs" əsəri məni çox təsirləndirmişdi. Düz bir həftə davamlı olaraq əsərdə cərəyan edən hadisələri yuxuda görmüşdüm.
Digər janrlarda yazılan kitabları oxuduqda eyni effekti
almıram.
- Karyeranızı bitirməyi haçana
planlaşdırırsınız?
- Elə bir zədə alaram ki, növbəti yarışdan
sonra böyük idmandan gedərəm. Amma qarşıma məqsəd qoymuşam ki, bütün titullara
yiyələnib, adımı Azərbaycan idmanı tarixinə yazdıraraq karyerama nöqtə qoyum.
Bunun üçün də mənə təxminən 3 il vaxt lazımdır.
- Gələcəkdə məşqçilik fəaliyyəti ilə məşğul
olmaq haqda düşünürsünüz?
- Qətiyyən. Məşqçilik çox ağırdır. Hərdən
elə olur ki, məşqçilərin bizə verdiyi məşq proqramı ağır olur, istəmədən
özümüzdən çıxırıq.
- Yığmanın hazırkı baş məşqçisi Cəmşid
Xeyrəbadi ilə münasibətləriniz deyəsən, çox yaxşıdır. Onun sizə qarşı xüsusi
simpatiyası olduğu hiss olunur...
- Bayaq Rövşən Bayramov haqqında
danışdınız. Mümkünsə, digər komanda yoldaşlarınızı da xarakterizə edərdiniz.
Onların özləri və oxucular üçün də maraqlı olar. Başlayaq Həsən
Əliyevdən...
- Həsəndir də(gülür). Aramızda tez-tez
zarafatlar olur. Həsən çox hazırcavabdır. O, elə bir insandır ki, vəziyyətdən
çıxmaq üçün bütün variantlara əl atır. Bildiyini də deyir, bilmədiyini də...
- Rəsul Çunayev.
- Rəsul da ancaq "ləzginka"nı qoşur oynayır, özünü bununla motivasiya edir(gülür)
- Rafiq Hüseynov.
- Rafiq 66 kiloqramda mübarizə aparanda münasibətlərimiz yaxşı idi. Mənim çəkimdə çıxış etdikdən sonra vəziyyət
dəyişdi.
- Emin
Əhmədov.
- İslam Abbasov və Saman Təhmasibi.
- İslam çox perspektivli idmançıdır.
Azərbaycan güləşinin gələcəyi hesab olunur. Onunla dəfələrlə bir otaqda
qalmışıq, bir insan olaraq da çox müsbət xarakterə malikdir. Saman Təhmasibi isə sakit
insandır.
- Sabah Şəriəti.
- O, Azərbaycan
dilini çox zəif bilir. Biz də onun kimi fars dilini. Amma əsas sözləri ifadə
edə bilirik(gülür)
- İki ay
öncə Dünya Kuboku turnirində qalib oldunuz. Yığmanın heyətində özünü ən yaxşı
tərəfdən göstərən idmançılardan biri də siz idiniz...
- Mən
Rusiyanı deyərdim. Heyətlərində kifayət qədər titullu idmançılar var idi...
- Sevimli
məşğuliyyətiniz nədir?
- Tez-tez
Rövşənlə onun Mərdəkandakı bağ evinə gedirik. O kabab bişirir, mən isə samovar
qalayıram(gülür) Kabab bişirməyi heç cür bacarmıram.
- Güləşdən
əlavə hansı idman növü ilə maraqlanırsınız?
- Futbolla
yaxından maraqlanıram. "Bavariya"nın qatı azarkeşiyəm. Güləşçi
olmasaydım, böyük ehtimalla futbolçu olardım. Futbol mənə güləşdən daha asan
idman növü təsiri bağışlayır. Futbolçularımız bizim qədər əziyyət çəksəydi, dünya çempionu
olardılar.
- Elvin
Mürsəliyevi çoxmu tanıyırlar, azmı?
- Yolda məni
görən 10 nəfərdən heç olmasa 4-ü tanıyır.
- Bəs kimi Azərbaycan idmanınının ən tanınmışı, bir növ brendi hesab edirsiniz?
- Fərid
Mansurov, Namiq Abdullayev və Rövşən Bayramovu.
- Son
sözünüz...
- Avropa Oyunlarında bütün idman növlərində ölkəmizi təmsil edəcək
idmançılarımıza uğurlar arzu edirəm. İnanıram ki, nəticələrimiz
yüksək olacaq.
Sahib ƏSƏDBƏYLİ