adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Iyun 2015 16:36
68472
RUBRİKA
A- A+

“Rayon rəhbərliyi ilə birlikdə bir çox işlər görmüşük”

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə bugünkü qonağımız 73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyevdir.

-Rüfət müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Milli Məclisdə 5 illik fəaliyyətimə ən obyektiv qiyməti seçicilərim verə bilərlər. Özüm isə ümumiyyətlə fəaliyyətimi qənaətbəxş hesab edirəm. Bu müddət ərzində çalışmışam ki, öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirib seçicilərimin meydana çıxan problem məsələlərini həll edim.

-Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

-Məni ən çox qane edən odur ki, son illərdə Milli Məclis sahibkarlığın inkişafı ilə bağlı bir sıra vacib sənədlər qəbul etmişdir ki, bu da regionların sosial-iqtisadi inkişafına güclü təkan vermiş, yeni istehsal güclərinin, iş yerlərinin açılmasına səbəb olmuşdur. Bir deputat kimi fəaliyyətimdə məni ən çox sevindirən hal odur ki, mənim müraciətlərimdən sonra Səhiyyə naziri cənab Oqtay Şirəliyevin yaxından köməkliyi sayəsində Göyşaban kəndində Verdiyevlər ailəsində anadangəlmə görmə qabiliyyəti olmayan 2 oğlan uşağının gözləri açılmış, digər kəndlərdən 3 nəfər ağır xəstə həyata qaytarılmışdır. Buna görə də cənab nazir Oqtay Şirəliyevə öz minnətdarlığımı bildirirəm.

-MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadala bilərsiniz?

-Mövcud problemlərin həlli üçün rayon rəhbərliyi ilə birlikdə bir çox işlər görmüşük. Ancaq ona nail ola bilməmişəm ki, bütün sahibkarlar var gücü ilə işləyib, torpağa üz tutsunlar, öz maddi vəziyyətlərini daha da yaxşılaşdırsınlar, yeni iş yerləri açsınlar.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-Bu barədə düşünmək hələ tezdir. Əgər seçicilərim etimad göstərib namizədliyimi irəli sürsələr, onların rəyilə hesablaşacağam.

-Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Milli Məclisdə təmsil olunan deputatlar hamısı fəaldır. Baxır ki, bu məsələyə hansı rakursdan yanaşırlar. Yalnız plenar iclaslarda tez-tez çıxış etməklə deputatın fəaliyyətinə qiymət verməyi düzgün hesab etmirəm. Deputatların fəaliyyəti çoxşaxəlidir.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Son 10 ildə Milli Məclisin regionlarda fəaliyyəti çox təqdirəlayiqdir. Buna deputatların fəaliyyəti əyani sübutdur. Milli Məclisin qəbul etdiyi taleyüklü məsələlər xalqın rifahının yüksəlməsi, işgüzarlığının artması üçün əhəmiyyətli stimuldur.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Mən 73 saylı Lənkəran şəhər seçki dairəsindən ikinci dəfədir ki, deputat seçilmişəm. Bu dövr ərzində yerli İcra Hakimiyyətilə həmişə sıx əlaqə şəraitində işləmiş, mövcud problemlərin həllinə birgə çalışmışıq. Həmişə qarşılıqlı hörmət, səmimi və işgüzarlıq fəaliyyətimizin əsas prioritet istiqaməti olub.

Ədil Ədilzadə