SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: QALXIN, ƏSGƏR GƏLİR!

  55623   |  
Şriftin ölçüsü  

... Dünyanın çox yerində əsgərə böyük sevgi və böyük məhəbbət var. Və bu sevgi və məhəbbət olan yerdə o ölkənin, o dövlətin, o xalqın həmişə gələcəyi olub. Ən azından dövlət və xalq öz əsgərinə, öz ordusuna güvənib. Ordu və əsgər olan yerdə xalqın və millətin təhlükəsizliyi təmin edilib...

... Əsgər varsa, deməli, o xalqın, o millətin sabahı da var. Və əsgərsiz sabah o deməkdir ki, həmin dövlətin mövcudluğu və gələcəyi qaranlıq içindədir. Əsgər doğrudan da öz xalqına, öz millətinə sadiq olan çox böyük gücdür, qüvvədir.

Hətta ölkə başçıları digər məmləkətlərə səfər edərkən onu qarşılayan əsgərləri, yəni xüsusi qvardiyanın üzvlərini salamlayaraq: "Salam, əsgər!” – deyir. Və təbii ki, əsgərlər də o salamı bir ağızdan alaraq gələn dövlət başçısına öz ehtiramlarını bildirirlər...

... Bayaq dedik axı, əsgər böyük qüvvədir. O bizi necə qoruyursa, biz də onu qorumalı və sevməliyik. Amma qoruya və sevə bilirikmi? Bax, bu suala birmənalı cavab vermək olmaz...

... Bir dəfə avtobusda pul verməyib düşən əsgərin dalınca sürücü söyləndi. Özümü saxlaya bilməyib ona yaxınlaşdım və dedim ki, necə olur Sovet hökumətinin vaxtında rus əsgərinin qarşısında baş əyirdiniz, pul götürmürdünüz, amma indi Azərbaycan əsgərinin dalınca ağzına gələni danışırsan?! O pulu mən dörd-beş dəfə artığıyla sənə ödəyirəm. Bu sözü deyib pulu artıqlamasıyla ödədim. O da tay bir söz deməyib ağzını mumladı. Avtobusun salonundakılar isə sürücünü yaş yuyub qara sərdilər. Və düşündüm ki, nə yaxşı bu xalqın çoxu Azərbaycan əsgərinə sevməyi və qiymət verməyi bacarır...

Hər hansı məhkəmə prosesi başlayanda hakim salona daxil olan kimi yanındakı şəxslərdən biri deyir: "Qalxın, məhkəmə gəlir!”. İndi bu sözü həm də belə işlətmək lazımdır: "Qalxın, Azərbaycan əsgəri gəlir!”. Bu əsgərin paltarından Azərbaycanın ətri, qoxusu hiss olunur... Bu əsgərin yerişində, hərəkətində vətənin bütün gücü duyulur... Bu əsgərin gülüşündə vətənin və körpələrin təbəssümü görünür... Əgər Azərbaycan əsgərinin paltarından vətən qoxusu, körpə təbəssümü, istək və sevgi səpələnirsə, biz onları niyə sevgiylə qarşılamamalı, əzizləməməliyik?

Böyük yazıçı İsa Muğannanın (Hüseynovun) "Tütək səsi” əsərində və filmində əsgərlə bağlı çox dəyərli detallar və elementlər var. Və hamı gözünü bu əsgərlərə dikib ki, onlar faşistlərlə döyüşüb qalib gələcək, vətəni yağılardan xilas edəcək. O ev yoxmuş ki, ordan cəbhəyə əsgər getməsin. Qılınc Qurban da, əsgər Rəhmanın atası ağsaqqal da (xalq artisti Məmmədrza Şeyxzamanov) bu əsgərlərlə nəfəs alır. Və o kəndə əsgərdən çox onların ölümüylə bağlı "qara kağız” gəlir. Qapıları, evləri "qara kağız” döyəndə ağlaşma, şivən qopur. Ağsaqqalın oğlu Rəhmandan da bir xəbər çıxmır. Xəbər çıxır ey, "qara kağız” gəlir. Amma ağsaqqal bu "qara kağıza” inanmır. Rəhmanın sazını götürüb axırıncı dəfə çalır. Və camaat da hay salır ki, bəs kəndə əsgər gəlir. Bu xəbəri eşidən kimi, qoca, uşaq, arvad, xəstə hamısı kəndin baş yoluna axışır. Hamı elə bilir ki, qayıdan onun oğludu...

Böyük yazıçı İsa Muğanna çox bəşəri bir mövzuya toxunub. Əsgəri olmayan millətin günəşi də zəif olur, havası da, suyu da insana o rahatlığı verə bilmir. Və "Tütək səsi”ndə o rahatlığı, o sakitliyi insanlar əsgərin qələbəsiylə tapırlar və sevinirlər...

... Məmləkətimiz də bu gün müharibə şəraitində yaşayır. Torpağımızın 20 faizi erməni faşistləri tərəfindən işğal edilib. Elə bu işğalı da dayandıran, xalq və millət yolunda şəhid olan Azərbaycan əsgərləridir. Mən tez-tez doğulub boya-başa çatdığım Füzuli rayonuna gedirəm. Nəvələrim Sədaqət və Tunarı götürüb Horadizdəki sərhəd məntəqəsinə yolanıram. Bu əsgərləri görəndə və o əsgərlərlə görüşəndə elə bilirəm dünya mənimdir.

... Nəvələrim onlara baxıb qürur duyurlar. Deyirlər, dədə, ermənilər Horadizə gəlsə, bu əsgərlər bizi qoruyacaqmı? Deyirəm ki, ermənilər Horadizə gəlməmişdən də bu əsgərlər sizi qoruyurlar. Nəvəm hündürboy və paltarından vətən qoxusu gələn əsgərə sığınır. Və əsgər də onun saçını sığallayır, bağrına basır. Tunar da deyir ki, mən də böyüyən kimi belə əsgər olacam, vətənimi qoruyacağam. Bu sözü eşidən əsgər onun alnından öpür və yenidən saçına sığal çəkir...

... Səhhətimlə əlaqədar olaraq tez-tez İrana müalicəyə gedirəm. İnanın, Biləsuvar sərhəd-keçid məntəqəsində o əsgərləri görəndə ürəyim dağa dönür. Adətən, səhər saat 05:30-da sərhəddi keçirəm. Əsgərlər çox böyük sevgi və məhəbbətlə gedən və gələn insanlara yanaşırlar. Pasportlarımıza baxır, möhür vurub bizə qaytarırlar. Mən də onlara çatan kimi "sabahınız xeyir!” - deyib salamlayıram. Elə yanımdakılar da həmin sevgiylə bu əsgərlərə yanaşırlar. Hiss edirəm ki, Dövlət Sərhəd Xidmətinin növbədə olan əsgərləri də insanların bu isti münasibətindən sevinirlər. Başqa cür də ola bilməz. Biz özümüz əsgərimizi qorumalı və sevməliyik. Və biz özümüz sutkanın 24 saatını sərhədlərimizin keşiyində duran, qar, çovğun, şaxta bilməyən, yayın istisində heç nədən çəkinməyib vətəni qoruyan o əsgərlərə həmişə dua oxumalıyıq. Və deməliyik ki, Azərbaycan əsgəri, Allah səni qorusun!..

... Başqalarını deyə bilmərəm, mən hər hansı ölkəyə gedəndə iki-üç gündən artıq qala bilmərəm, darıxıram. Vətəmin üçün darıxıram, doğmalarım üçün darıxıram və ən nəhayət, hava və su kimi ehtiyac duyduğumuz Azərbaycan əsgərini görmək üçün darıxıram. Bir dəfə İstanbulda 9 gün qaldım, onda da ürəyim partlayırdı. Sərhəddə çatan kimi ürəyim sakitləşdi, elə birinci o əsgərləri - paltarlarından vətən qoxusu gələn gəncləri gördüm. Pasportumu təqdim elədim, möhür vurub özümə qaytardılar. Yanımdakı əsgəri isə öz doğma balam kimi qucaqlayıb öpdüm.

... Bu yaxınlarda İrandan qayıdırdım. Onda da sərhəddə Azərbaycan əsgərləri ilə görüşdüm. 

... Onun yanında başqa bir əsgər də vardı. Axşam saat bir olsa da, onlar öz postlarında çox ayıq-sayıq idi. Oğlum Emin də, yanımdakı dostum Mənsim də bu şirin söhbətimizə qoşuldu. Və hər iki Azərbaycan əsgərini bağrımıza basıb öpdük. Onları bağrımıza basanda sanki Azərbaycanı bağrımıza basırdıq, sanki vətənimizin ətrini duyurduq. Dövlət Sərhəd Xidmətinin bu cür vətənpərvər, məsuliyyətli əsgərlərini görüb çox sevindik. İnanın, heç onlardan ayrılmaq istəmirdik...

Bir faktı da qeyd edim ki, Dövlət Gömrük Komitəsinin Biləsuvardakı gömrükxanasında da çox yüksək nizam-intizam var. Gömrükxananın rəisi Ceyhun İbrahimov haqqında camaat xoş sözlər danışır. Bundan əlavə, həm də biz gördüyümüz hadisələrin şahidiyik. İrana müalicə üçün gedən xəstə insanlara "yaşıl xətt” yaradılıb. Və bu "yaşıl xətdən” həmin insanlar uzun növbələr gözləmədən keçib İrana gedirlər. Biz bu dəfə qayıdanda axşam saat bir idi. Gömrükxananın gənc bir əməkdaşı çox böyük sevgi və hörmətlə bizi yoxladı və müalicədən qayıtdığımızı biləndə bir qədər də hörmətlə yanaşdı. Dedi ki, müəllim, sizin gəlib-getməyiniz üçün heç bir problem yoxdur. Baxıram ki, ziyalı insansınız. Allah sizə də, yanınızdakı övladınıza və dostunuza da şəfa versin!. Sözün düzü, bu gəncin tərbiyəsi və mədəniyyətinə heyran qaldıq. Və sevindim ki, nə yaxşı Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrükxanasının keçid məntəqəsində belə mədəni, savadlı və vətənpərvər gənclər çalışırlar. Buna görə Dövlət Gömrük Komitəsinin və Biləsuvar Gömrükxanasının rəhbərliyinə və öz təşəkkürümüzü bildiririk.

... Axı Azərbaycan əsgərindən danışırdıq. Və bu gün müstəqil Azərbaycanın müstəqil əsgərini görmək və onlarla söhbət etmək adama qürur verir. Adama qürur verir ki, səni qoruyan, vətənin hər qarış torpağı uğrunda döyüşən və bu yolda şəhid getməyə hazır olan on minlərlə Azərbaycan əsgəri var...

... Və bu Azərbaycan əsgəri Vətənə, dövlətə və xalqa xidmət edirsə, bəs biz niyə Azərbaycan əsgərini hamılıqla sevməməliyik? Biz Azərbaycan əsgəriniz gözümüzün üstündə saxlamalıyıq, onları xeyrimizdə, şərimizdə yuxarı başda əyləşdirməliyik. Çünki Azərbaycan əsgəri bizi gözünün üstündə saxlayır, bizi sevir və bizi qoruyur!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK