adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ALLAHIN SÖZ HAQQI Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
148529 | 2020-09-18 14:52

İçimizdə kim var?

 

Payız özünü hiss etdirir. Necə deyərlər, vaxt, vədə bizim istəyimizdən asılı olmadan döyür qapını. Bu, bir təbii prosesdir. Amma təbii prosesin içərisində bəzən elə məqamlar, olaylar görüntülənir ki, susub baxmaqdan başqa yol qalmır. Tutaq ki, yayılan bilgilərdə paytaxtın qış hazırlığı xüsusi vurğulanır. Amma bu paytaxtda yaşayanlar bu bilgiləri demək olar ki, həmişə eşidiblər və həmişə də Bakıya bircə ovuc qar yağanda hazırlığın görüntü olduğu ortaya çıxır. Mən bunu anormallıq, qeyri-ciddilik hesab etmirəm. Düşünürəm ki, bu, bizim qanımıza hopmuş bir vərdişdi. Yəni biz bir  millət olaraq çölümüzü bəzəməyə meylliyik. Hətta evimizə qonaq gələndə tələm-tələsik evə, həyət-bacaya əl gəzdiririk, zibili bir küncə toplayıb üstünü örtürük ki sonra atarıq. Bax, qış hazırlığımız da həmişə belə olub.  Amma... və yenə amma...

Bəli, söhbətim nə qışdan, nə də ona olan hazırlıqdan deyil. Söhbətimin məğzi bir insan, bir Allah bəndəsi olaraq günümün, ömrümün gerçəkliklərini müəyyən mənada bir araya gətirmək, necə deyərlər, iç dünyamı bölüşüb bir az yüngülləşmək, bir az həmfikir tapıb həmdərd olmaqdı. Əslində bu, həmdərdlik yox, həmdəmlikdi. İndi görək necə alınacaqdı. Ona görə də tam səmimi şəkildə günümün içindən, onun ən ümdə nüanslarından başlamaq istəyirəm. Tutaq ki, Azərbaycan mediasında, eləcə də jurnalistika deyilən məkanda hamının tanıdığı, hamı üçün göz önün də olan Qulu Məhərrəmli ilə dostum Azad Müzəffərlinin şahidliyi və dəstəyi olan görüşümdə mən sözün ucalığına, qələmin mahiyyətinə təkrar-təkrar baş əydim. Yenidən anladım ki, sözdən, qələmdən kəsərli, sərrast və əbədi olan heç nə yoxdu. Təəssüf ki, bu sərrastlıq, əbədilik indi özünün erroziya dövrünü yaşayır. Özü də düşünülmüş şəkildə. Çünki söz, qələm ən ucuz bir əşyaya, bir materiyaya çevrilib və hamı da çevirir onu hara gəldi. Bu, həqiqətən ürək ağrıdan məqamdı. Ona görə həmin məqamı mütləq şəkildə söykəndiyi dayaqları qorumaq lazımdı. O dayaqlar da bu gün təpədən-dırnağa sözlə qələmlə yaşayan və yaşadığını da sözün, qələmin mübarək adı kimi qoruyan insanlardı. Biz, eləcə də  mən bir-bir, barmaqla göstərməklə adlar saya bilərəm. Bunu etmirəm. Çünki sözün halal xidmətçiləri, yaşadanları onsuz da ələyin üzündə qalıb. Onlar gec-tez öz mərtəbələrində olduqlarını bütün cəmiyyətə sübut edəcəklər, özü də haysız-küysüz. Və bəlkə də cəmiyyət özü onlara tərəf istiqamət götürüb yön tutacaqdı. Bu qaçımaz həqiqəti mən görüb şahidlik etməsəm də, siz mütləq görüb şahidlik edəcəksiz. Və...

Bəli, yaşadığım günlərin, anların içərisində ən çox  təsirinə məruz qaldığım baş verənlərin, yəni qarşılaşdıqlarımın göründüyü reallıq donudu. Hadisənin mahiyyətinə, faktın içərisinə daxil olanda görürəm ki, hay-küylə, top-tüfənglə qasırğa kimi gələn və yaxud olan sən demə, adi bir tozanaqdı, adamın gözünə kül üfürməkdi. Bu tozanağın, bu üfürülən külün özü isə hansısa bir harının, nadanın, əxlaqdan kasadın diqtəsi, sifarişi və yaxud da şeytan barmağının oyunudu. Təəssüf ki, bu dediyim xislətə maliklər azalmaqdan çoxalır. Həmin çoxluq da hələki imtiyaz və ixtiyar sahibidi...

Mən münəcimlik etmək, özümü ağıllı göstərmək fikrindən çox-çox uzağam. Sadəcə, hər bir normal vətəndaş kimi anladığım budur ki, əndazələr, normalar gözlənməlidir. Ən azından insanlıq xatirinə, insanlıq naminə. Belə olan halda  duyğularla baş-başa qalmaq, özünü ümidsizliyin kəndirindən asmaq istəyimi mən də bir daş kimi fırladıb dünyanın sonuna ataram. Neyləyim ki, mən o daşı fırlada bilmirəm. Əvəzində məni fırladırlar. Onda öz-özümə təsəlli üçün pıçıldayıram:

 

İçimdə göy tutulub

Yağmağa gücüm  çatmır...

Saymışam, on olmağa –

Yeddim var, üçüm çatmır...

 

Tanrı unudub məni

Adım qələmdən düşüb...

Dərd elə udub məni –

Yüküm şələmdəm düşüb...

 

Heyrətə yer qalmayıb

Əyilib baş daşları...

Heç kim təəccüb saymayır –

Bu çatılan qaşları!..

 

İçimdə çatılan göy

İçimdəki buluddu...

Göyə açılan əllər –

Sadəcə son umuddu!..

*** 

Hə, mən son ümüdin nə olduğunu hələ orta məktəb illərində oxuduğum Cek Londonun “Son yarpaq”  hekayəsindən anlamağa başlamışam. Sonra həyat məni bərkə-boşa salıb itirdiklərim, qazandıqlarım, yanından  ötüb gedənlər, məni görmək istəməyənlər... və s. bütün bunlar damlalar kimi yığılıb, toplanıb  həmin o son ümidi bütövləşdirib. Bütövləşən son ümid də məni yaşamağa, yazmağa həvəsləndirir. İndi də həmin o son ümidin dizinin dibində oturub düşüncələrimi ifadə etməyə, yazıya çevirməyə çalışıram. Mahiyyətcə mənə daha doğma, daha zəruri olan məqamlar, düşüncələr, hətta günün, yerin bir hissəsi ola bilsin ki, sizlərə heç nə deməsin, verməsin, əhəmiyyətli olmasın. Lakin mənim özümə, iç dünyama qollarımı açıb qəbul etdiyim mahiyyətcə özümünküləşdirdiyim məhz o ümidin cizgiləridi. Həm də son ümidin cizgiləridir. Bu, hardasa Allahımla qurduğum xəyali təmasın, etdiyim xəyali söhbətlərin içimdəki cücərtiləridi. Və mən o cücərtiləri daha çox sənin nəfəsinlə, sənin adınla sənə xatir göyərdirəm, yaşadıram. Bilirəm ki, Allahım və sən hər zaman bu göyərən son ümidin qalmasında, yaşamasında mənə dəstəksiniz, mənimlə birlikdəsiniz. Mən də sizin dəstəyinizdən, yanımda, canımda olmağınızdan yararlanıb  özümü əyilməyə, sınmağa qoymuram. Elə bilirəm ki, bu etdiyim ən dürüst hərəkətlərdən biri, atdığım ən doğru addımlardan biridi.

Hardasa əlimi uzadıb toxunacağım, gözlərimi zilləyib bütünlüyünü seyr edəcəyim o son ümidin zirvəsində, tacında olan nəfəs də, gözəllik də İlahi pıçıltı və rəngarənglik də mənə ruh təsiri bağışlayır. Elə bilirəm  ki, o, ilğım deyil, ruhdu. Məndən mənə yol gəlir. Məndən sənə və Allahıma yol gedir. Sanki dizimi yerə atıb, əllərimi açıb təmənnasında olduğum o ruhu Allahım mənə transfer edibdi. Həmin ruh da mənim içimdə söz ocağını yandırır və hər gün də o ocağa bir kösöv atır - işığını da, istisini də canımda  hiss etdiyim kösöv. İnanıram ki, bu dediklərim Allahıma və sənə də xoş olacaq. Çünki bunları mən deməsəm də siz görür və duyursunuz. Belə olan halda mən o ruhun pıçıltısını da aşkara çıxarmaq istəyirəm. Və yazıram ki:

 

Demə heç kimə heç nə

Soruşan olsa məni...

Kipriklərin süzəcək –

Gözlərin dolsa məni!

 

Tapacaq baxan kimi

Üzündə donan qəmdən...

Məndə olan idimi –

Kipriyindəki nəmdən...

 

Oxuyacaq saçının

Üstündəki nəfəsdən...

Duyacaq boylanıram

Sinəndəki qəfəsdən...

 

... Ruh transferin seçdim ki,

Qalmadı başqa yolum...

Varlığına köçdüm ki –

Sevgimlə birgə olum!..

 

*** 

Bu gün ovqatımın qəhrəmanını, ovqatımın balı, şəkəri, müsbət naxışları özümə də, ailəmə də Tanrının sevinc ətası sayıla bilər. Çünki nəvələrim, baba ömrümün çiçəkləri məni də, elə hamımızı da sevindirib. Nigarım Avropa liseyinin şagirdidi, Aysun Kaspi liseyinin hazırlıq kursunun müdavimi... Hələ üstəlik, bu həftənin bazar günü Aysunun həm də yeni yaşının işığına yığışacağıq. Bilirəm ki, indidən şam sifariş verib. Onu yandırmaq üçün hətta öz-özünə məşq də edir. Bütün bu sevincli anları mən hər kəsə diləməklə bir məqama toxunmaq istəyirəm. İnsan, yəni Allahın yaratdığı bəndə öz taleyini  özü seçmir. Bu sahədə o, gücsüzdü. Nə qədər malı-mülkü olsa da, ağlı başından daşsa da, yolu istiqamətləndirən, tale, bəxt yazısını yazan uca varlıqdı. Lakin Allah bəndələrinə, o cümlədən mənə və hər birimizə də düşünmək, ağıllı addımlar atmaq, savab işlər görmək, külli halında insan olmaq, insanlığa xidmət etmək imkanı yaradıb. Deməli, insan olan ona verilmiş bu fürsətdən kimlərəsə tələ qurmaq, quyu qazmaq, badalaq gəlmək üçün yox, ən azından bir şitil əkmək, bir ağacı suvarıb bir yıxılanın qolundan tutmaq savabında bulunmalıdır. İnanın ki, bu dediyimi hər birimiz insanlıq naminə etsək, onda ağrı-acıya da, lap elə indi at oynadan virusa da qalib gələ bilərik. Təəssüf ki, yenə də təəssüf ki, biz say baxımından hamımız adamıq, hamımız insan deyilik. Nə isə...

Görünən odur ki,  bu həyatda fəslindən, zamanından, hətta yerindən asılı olmayaraq, siz də, mən də bir ömür yaşayırıq. Hərəmiz də özümüzə, imkanımıza, ən vacibi isə əxlaqımıza görə şərəfləndiririk bu ömrü.  Adətən deyirlər ki, ömür bitir, yol bitmir. Bax, bu mənada bitən, bitməkdə olan və bitəcək ömürləri göz önünə gətirmək məncə pis olmaz. Ən azından baxıb, görüb götürmək, anlamaq mümkün olar, özü də təmənnasız. Mən bu fikrimə istinad edərək özüm-özümə, yəni iç dünyama üz tuturam. Və ordakı Allahımla, səninlə etdiyim söhbətdən gəldiyim nəticə, verdiyim qərar budur ki, mən öz ömür payımda bir qarışqanın yükü qədər yaxşılıqmı, savabmı edə bilmişəmsə, deməli, ruhuma bir salavat düşəcək. Və deməli, həm də bir nəfərin yadında qalacam. Elə o bir nəfərin xatirinə mən yazdığım bu şeiri yenidən kağıza köçürürəm. İstəyirəm ki, siz də biləsiniz və uyğun saysanız düşünəsiniz:

 

Kirəkeşəm bir ömrə

Axşamı, səhəri  ilə...

Çevirdim odu kömürə -

Sevinci, qəhəri   ilə...

 

Bükülmədim,  bükmədim

Şaxta, sazaq hopdu cana...

Heç kölgəyə də çəkmədim –

Qaldı elə yana-yana...

 

Daş daşıdım, qum ələdim

Gah atdım qələm ağzına...

Ona özümü şəlltədim –

Baxan yoxdu kağızına...

 

Altmışdan aşırıb  məni

Yaxasın tutub durmuşam...

İllərdi saçımın dəni –

Daraq ilə qurutmuşam...

 

Kirəkeşəm bir ömrə

Kirə haqqım bitir daha...

Daralır  gəzdiyim çevrə -

Söz haqqım  qalır Allaha!..

 

Bəli, yazımın ilk cümləsində xatırlatdım ki, payızın nəfəsi duyulur. Bu fikrə yazımın sonunda da qayıdıram. Çünki ömrün də paızı duyulmaqdadır. Elə bu dörd misradan dediyim ömrün payızı fikrinə yəqin ki,  əhəmiyyət verəcəksiniz. Mən demişəm ki:

 

Elə yorulmuşam ki

Dərd halıma mat qalıb...

Ürəyimdə say-seçmə -

Külək keçən çat qalıb!..

 

... Hə, bu yazını hara, necə istəsəniz yoza bilərsiniz. Heç kimin yozumuna etirazım olmayacaq. Bicə ricam var:

- Bu dünyada içinizdə olan mələyə xidmət edin, şeytana yox!

 

TƏQVİM / ARXİV