SON DƏQİQƏ:

Pomidor diplomatiyası

  72635   |  
Şriftin ölçüsü  

Görkəmli yazıçımız, unudulmaz müəllimim Əzizə Cəfərzadənin “Aləmdə səsim var” romanında belə bir səhnə var. Məsciddə namaz qurtarandan sonra “istifda”, yəni möminlərin aciz qaldığı mətləblər barədə axundla sorğu-sualı başlayır. Namaz əhlindən biri olan Məşədi Rəhim axund Ağaseyid ağadan soruşur.

“-Ağa, qadovu alım, həyətimə su cənab Mahmud ağanın bağından keçir. Orda Mahmud ağa urus badımçanı əkdirib (Şirvanda təzə görünməyə başlayan pomidoru o zaman belə adlandırırdılar), su o urus badımcanlarının dibindən keçib, mənim bağıma axır. İndi bilmək istəyirəm mənim götürdüyüm yer-yemiş haramdı, ya halaldı?..

“...Ağaseyid düşüncələrdən ayılıbmış kimi... dodaqaltı dilləndi:

-Məkrufdu, meşədi, meylüvə bax...”

O vaxtdan çox illər keçdi, çox çaylar məcrasını dəyişdi və vaxtilə hannibal asteklərin adam ətindən bişirdikləri qovurmalara turşməzə tam qatmaq üçün becərdikləri pomidor Amerikadan Avropaya, ordansa Rusiya vasitəsilə Azərbaycana gəlib çıxdı, Mahmud ağanın bostanındakı arxın suyuyla bir az da allanıb, dada-tama gələrək yenidən geriyə, Rusiya bazarlarına qayıtdı. İndi bu ucsuz-bucaqsız ölkənin pomidor ehtiyaclarının 30 faizini Azərbaycan ödəyir.

Amma Bakıdakı Qələbə paradına bir neçə gün qalmış “Rosselxoztexnadzor” qəflətən Azərbaycan pomidorunda güvə aşkarlayır və onun idxalını qadağan eləyir. Özü də Yeni il qabağı, həm də elə bir vaxtda ki, tam bayrama görə yox, müxtəlif sanksiyalar ucbatından rublun durmadan dəyər itirməsi, təsərrüfatsızlıq və digər bu kimi sırf iqdisadi səbəblərdən ölkədə qiymətlər durmadan artır, necə deyərlər, kəllə-çarxa qalxır. Artıq vəziyyət o qədər kritik həddə çatıb ki, Putin qiymət artmıyla bağlı xüsusi müşavirə keçirməyə məcbur olub.

Adətən, avtoritar liderlər bu tip müşavirələri problemin səbəbini öyrənmək və onu aradan qaldırmaq üçün yox, məmurları divara dirəmək, onların gününü göy əsgiyə bürüməklə özünü hədəfdən yayındırmaq məqsədilə keçirirlər. Çünki əsl səbəbləri özləri hamıdan yaxşı bilirlər.

Rusiyanın hazırkı sosial-iqtisadi durumunu nəzərə alsaq, pomidor idxalına qadağa sıradan bir hadisə deyil. Hətta ötən həftə ölkə KİV-lərinin informasiya “xit-paradı”ndada bu məlumat üçüncü yerlə birinci beşliyə düşüb. Özü də məhz Azərbaycan pomidoruna qoyulan qadağa. Yamaq kimi onun böyrünə qoşulmuş digər ölkələrin adı nadir hallarda çəkilib. Elə bu məqamın özü sübut edir ki, Rusiya mütəxəssislərinin qəti şəkildə, Azərbaycandakı rəsmi qurumun nümayəndəsininsə ehtimal kimi günahı güvənin boynuna yükləmələri səhvdi, günah güvədə yox, “siyasətdədi”. Putinin həmin müşavirədə dediyi “piştaxtalarda nəinki bol məhsul, həm də ucuz məhsul olmalıdı” sözləri də əslində gözdən pərdə asmaq üçün söylənilən populist ifadədən başqa bir şey deyil.

Moskva zaman-zaman onunla siyasi problemlər yaşayan keçmiş sovet respublikalarının hamısına qarşı bu üsuldan istifadə edib. Gürcüstandan meyvə və mineral su, Moldovadan şərab, Ukraynadan kondider, Belorusdan süd məhsullarının idxalına qadağalar qoyub. Bu qərarların hamısının siyasi olduğunu sübut eləmək üçün heç də dağa-daşa düşməyə ehtiyac yoxdu, təkcə bir amili nəzərə almaq kifayətdi ki, Rusiya dövləti çarın və sovetin dövründən ta bu günə qədər hələ ki öz siyasi ambisiyalarını vətəndaşların sağlamlığına qurban verəcək qədər sivilləşməyib. Təsadüfi deyil ki, bizim “Pomidor diplomatiyası” adlandırdığımız siyasi gedişlər Qərb mətbuatının manşetlərini “Pomidor müharibəsi” şəklində bəzəyib.

Bu sanksiyanın Bakıdakı möhtəşəm Qələbə paradına, orda türk əsgərinin və Türkiyə prezidentinin iştirakına, ermənilərdən qənimət götürülmüş rus hərbi texnikalarının nümayişinə verilən çox ucuz bir cavab olduğu heç kimə sirr deyil. Baxmayaraq ki, sonrakı proseslərdən də göründüyü kimi, 44 günlük müharibə əvvəldən axıra kimi Putinin birbaşa müşahidəsi və nəzarəti, Azərbaycan və Türkiyə prezidentləriylə daimi təmaslarıyla müşahidə olunmuşdu.

Məsələyə geçikmiş reaksiyasına gəlincə, məqsəd Ermənistanı qurban vermək yox, onun cızığından çıxmış cığal və höcət baş nazirini

əhliləşdirmək idi. Putin xislətli siyasətçilər belə şit davranışları həzm eləməyi bacarmırlar. Onun problemi Ermənistanla yox, Paşinyanla olduğu üçün öz strateji müttəfiqinin tam kaputulyasıyasına imkan vermədi, müharibənin gedişində ona hər cür hərbi yardım göstərdi. Bu da yetməyəndə özünün məhrəm arzusunu, Rusiya sülhməramlılarını bölgəyə yeritmək projesini işə saldı. “Sülhməramlı” arqumentini sonda işlətməyimizə baxmayaraq, əslində, əsas hədəf elə əvvəldən də bu idi.

Artıq Putin Paşinyanla əvvəlki düşmənçiliyinə son qoyub. Bir müddət əvvəl onu çox ciddi şəkildə müdafiə eləməsi də buna sübutdu. Hazırda Paşinyanı yıxmaq üçün birləşmiş bütün müxalifət nümayəndələri nəinki ruspərəst, hətta birmənalı şəkildə Rusiyanın vassallığını qəbul eləməyə hazır siyasətçilərdi. Ancaq indiki məqamda Putinə əzilmiş, sındırılmış Paşinyan daha çox lazımdı və ona görə də mümkün qədər onun devrilməsinə imkan verməyəcək ki, bunun da fəsadları Azərbaycandan yan ötməyəcək.

Sülhməramlıların da bizi çox intizarda saxlamaması, əsl simasını çox tez biruzə verməsinin kökündə dayanan amillərdən biri məhz budu. Hadisənin qısa tarixçəsinə nəzər salaq. Bir müddət əvvəl ordakı meşələrdə azıb qalmış erməni əsgərlərinin olması barədə Ermənistan tərəfinin təxribat xarakterli informasiyaları yayılır, rus əsgərləri onları azad eləmək üçün ərazidə axtarışa başlayır, ancaq bir nəfər də olsun azmış əsgər tapılmır. Bundan bir neçə gün sonra erməni diversiya qrupları Azərbaycan mövqelərinə hücum edir, üç əsgərimizi öldürür, bir mülki şəxsimiz isə ağır yaralanır.

Klassik terror aktıdı. Azərbaycan tərəfi haqlı olaraq antiterror əməliyyatına başlayır, terrorçuları məhv edir, qovur, onların kök saldıqları əraziləri nəzarətə götürür. Yəni, indiki reallıqda rus hərbçilərinin görməli olduğu işi görür. Onlarsa “çox sağ ol” əvəzinə təmas xəttinin yeni, 10 noyabr birgə razılaşmasına zidd xəritəsini cızırlar. Bu çox ciddi hadisədi, açıq tərəfkeşlikdi və bizimçün qəbulolunmaz bir avantüradı. Hər hansı güzəşt daha yenilərinə yol açacaq, şübhəniz olmasın.

Onsuz da, müharibə dayanandan bəri daha çox fasiləsiz olaraq Xankəndinə daşınan müxtəlif yükləri müşayət edən və bəlkə də hərbi əməliyyatlardan ən az zərər görən bu şəhəri yenidən tikməyə başlayan Moskvanın “humanist niyyətlərini” gerçəkləşdirməklə məşğul olan, qondarma rejimin bic və terrorçu rəsmiləriylə daimi təmaslar şəraitində çalışan sülhməramlıların hərəkətləri Azərbaycan cəmiyyətində çoxdan qıcıq yaratmağa başlayıb. Bütün bunların fonunda yeni bir xəritə qamaqalının da ortaya çıxması artıq əndazəni aşmaqdır. Görünür, pomidor diplomatiyasının keçərli olmadığını görən Kreml indi daha sınanmış keçmiş metodlarını işə salmağa başlayıb.

P.S. Ağaseyid ağa Məşədi Rəhimin sualına cavab olaraq, pomidoru məkruh adlandırıb. Yəni kefüvə bax , istəsən halaldı, istəsən haramdı, istəsən də yeyə bilərsən. Putin də elə Ağaseyid ağa kimi düşünür. Azərbaycan pomidoru onunçün məkruhdu. İstəyəndə halaldı, istəməyəndə də haramdı. Radikal din xadimləri ilə avtoritar siyasətçilər bir medalın iki üzüdürlər. 

M. Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK