SON DƏQİQƏ:

Moskva görüşü və Paşinyanın koronavirus problemi

  33062   |  
Şriftin ölçüsü  

Rusiya KİV-lərinin diplomatik mənbələrə istinadən verdiyi məlumata əsasən yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Belə bir görüşün həqiqətən keçiriləcəyi hələlik rəsmi mənbələrlə təsdiq olunmadığına görə onun konkret gündəliyi barədə də yalnız ehtimal şəklində danışmaq olar. Hərçənd, formatın özü müzakirələrin Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatmış İkinci Qarabağ Savaşından sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, xüsusilə Atəşkəs sazişindən sonra tərəflərin üzərinə düşən öhdəliklərin necə yerinə yetirilməsi ətrafında aparılacağına şübhə yeri qoymur. Ermənistanı tamamilə darmadağın olmaqdan xilas eləmiş 10 noyabr üçtərəfli bəyanatının icra edilməsi prosesində baş verən xoşagəlməz məqamlar göstərir ki, qarşı tərəf heç də üzərinə düşən öhdəlikləri tam icra eləmək fikrində deyil, sülhməramlıların kölgəsinə sığınaraq hər fürsətdə öz çirkin niyyətlərini həyata keçirməyə çalışır.

Öncə ondan başlayaq ki, üçtərəfli bəyanatın, necə deyərlər, siftəsi elə qəbul olunduğu gecə korlandı. Sənəd yayıldıqdan qısa müddət sonra Qazağın yeddi kəndinin boşaldılmasıyla bağlı müddəa ordan çıxarıldı və ardınca Kremlin sözçüsü Peskov açıqlama verdi ki, bəyanatın son redaksiyası Rusiya prezidentinin saytında yayılıb, ona istinad eləmək lazımdı. Həmin redaksiyada isə yeddi kənd məsələsi yerli-dibli “qeybə çəkilmişdi”.

Ən çox narahatlıq doğuran məqamlardan biri 4-cü bəndin faktiki olaraq icra edilməməsiylə bağlıdı. Orda birmənalı şəkildə yazılır: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Xatırlayırsınızsa sülhməramlı qüvvələr bəyanat imzalanan kimi elə gecəylə ora axışmağa başladı və artıq 2 aya yaxındı ki, tam heyətlə bölgədə yerləşib, üstəlik, özləri üçün şəhərciklər salmağa da imkan tapıb, sülhyaratma missiyayından əlavə xeyli “tikinti-quraşdırma” və bu qəbildən olan işlər də görüb, İrəvandan Xankəndinə 10 minlərlə qaçqın da daşıyıb, amma hələ ki, bir erməni yaraqlısının bölgədən çıxarılmasına nail olmayıb və yaxud nail olmaq istəməyib.

Nə qədər ki, həmin yaraqlılar ordadı, Xocavəndin meşələrində asudə şəkildə gəzib dolaşır, fürsət düşdükcə təxribatlar törədir, bölgədə dayanıqlı sülhdən danışmaq mümkün olmayacaq. Artıq onlar bir neçə dəfə “mərəni pozmağa” cəhd göstərib və təbii ki, cavablarını birə-beş alıblar. Ötən il Xocavənd rayonunun Şor kəndində, bir müddət sonra Köhnə Tağlar və Çaylaqqala kəndlərində, nəhayət, ilin sonunda yenə həmin rayonun Ağdam kəndində törədilən və insan itkisiylə müşayət olunan təxribatlar buna misaldı. Həmin təxribatların heç də erməni rəsmi təbliğatının iddia elədiyi kimi guya meşədə azmış hansısa başıpozuq dəstələr tərəfindən yox, Xankəndindən göndərilən və sülhməramlıların qoruduğu dəhlizdən ora sızdırılan xüsusi terror dəstələri tərəfindən törədildiyinisə sülhməramlıların özləri də, onları ora göndərənlər də hamıdan yaxşı bilir. Bilir, amma hələ ki konkret tədbirlər görmürlər. Bu azmış kimi Xankəndində hələ Birinci Qarabağ Müharibəsində əli minlərlə Azərbycan vətəndaşının qanına batmış, Xocalı canisi Vitali Balasanyanın bütün “hakimiyyəti” tam olaraq öz əlinə keçirməyini sakitcə müşahidə edirlər. Halbuki prosesin nizamlanmasını sidq-ürəkdən istəyənlər onu tutub Azərbaycan ədliyyəsinə təhvil verməliydilər.

Üçtərəfli razılaşmanın pozulması faktları bununla bitmir. Kəlbəcərin təhvil verilməsini 10 gün geriyə atmaqla rayondakı bütün yararlı binaların arxayın şəkildə yandırılmasına şərait yaradıldıqdan sonra bəyanatda nəzərdə tutulmayan daha iki qeyri-qanuni addım atıldı. Rayonun Vəng kəndində və həmin kəndin ərazisində yerləşən qədim alban məbədi Xudavəngin qarşısında iki sülhməramlı post quruldu ki, bu da razılaşmalardan kənar atılan addımdı və ləğv olunmalıdı. Azərbaycanın öz maddi-mənəvi irsini onun özündən qorumaq, sadəcə, sərhəddini aşan həyasızlıqdan başqa bir şey deyil.

Hələlik, bəzi müsbət tendensiyalar Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesinin gedişində hiss olunur. Bu sərhəd xətləri tezliklə büsbütün müəyyənləşib başa çatdırılmalı, ermənilər xəlvət dərənin tülkü bəyləri kimi soxulduqları ərazilərdən tamamilə çıxardılmalıdı. Özü də bu proses təkcə Zəngəzur istiqamətində aparılmamalı, Naxçıvan və Qazaxdan yağmaladıqları torpaqlardan da sakitcə geri çəkilmək üçün onlara konkret vaxt qoyulmalıdı.

Son günlərdə Ermənistan xarici işlər naziri A. Ayvazyanın Xankəndinə səfəri və qondarma rejimin təmsilçiləriylə guya hansısa “sənədlər” imzalaması, onun yaxın vaxtlarda qondarma rejimin tanınması üçün kampaniyaya başlamasını anons etməsi, V. Balasanyanın Ermənistan səfər edərək, müdafiə nazirliyində görüşlər keçirməsiylə bağlı yayılan məlumatlar göstərir ki, onlar hələ də başlarına gələnlərdən nəticə çıxarmaq fikrində deyillər. Düzdür, milçək bir şey olmasa da ürək bulandırır. Amma unutmamalıdırlar ki, indiki mərhələdə belə ürəkbulandırmalar nəticə etibarıyla özlərinin daha ağır ürəktutmalarına səbəb ola bilər. Belə hərəkətlərin intensiv şəkildə davam edəcəyi təqdirdə sülh prosesenin pozulması qaçılmaz reallığa çevrilər ki, bu da hazırkı məqamda Azərbaycana hava-su kimi lazımdı. Ancaq prosesin bu cür gedişatından sülhün qarantı missiyasını boynuna götürmüş Rusiyanın, xüsusilə onun Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu az qala hər çıxışında vurğulayan prezidenti Putinin, hər şey bir yana, şəxsi nüfuzunun nə qədər zərər çəkəcəyini təsəvvür eləmək çox çətindi.

Bir sözlə, erməni silahlı qüvvələrinin ərazidən tamamilə yığışdırılması və tərksilah edilməsi, sərhədlərin müəyyənləşdirilməsi və seperatçı rejimin fəaliyyətinin qadağağan olunması hazırkı mərhələdə görülməli ən vacib işlərdi və bunlar tezliklə öz həllini tapmasa üçtərəfli bəyanatın digər müddəalarının gerçəkləşmə ehtimalından danışmaq yersizdi. Əslində, həmin problemlər ötən il yoluna qoyulmalı və yeni ilin ilk günlərindən 10 noyabr bəyanatının digər bəndlərinin həyata keçirilməsinə, birinci növbədə Naxçıvanla kommunikasiyaların açılması yönündə görüləcək işlərə başlanılmalıydı. Bu məsələ üçtərəfli sazişin konkret olaraq aşağıdakı bəndiylə tənzimlənir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. ErmənistanAzərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir”.

Sonradan Paşinyanın bəyantdakı həmin bəndin icrasının dalından qaçmaq üçün çox vurnuxmalarda bulunmasına baxmayaraq, bu vacib məqamdı, humanitar addımdan daha çox geopolitik məna daşıdığı üçün həm Azərbaycan, həm Türkiyə, həm də elə Rusiyanın özü üçün vazkeçilməzdi. Elə Ermənistanın özü üçün də. Ancaq öz uydurduqları miflərin irreal aləmində gəzişən bir toplumun bu cür reallıqları ayıq başla dəyərləndirəcəyi hələ ki, mümkün görünmür.

Türkiyənin adını çəkmişkən onu da qeyd edək ki, bəyanatın İkinci Qarabağ Savaşında Azərbaycana hər cür mənəvi-siyasi dəstək vermiş qardaş ölkənin silahlı qüvvələrinin bölgədəki legitim iştirakını tənzimləyən digər bir bəndi artıq həll olinmuş məsələ sayıldığından bunun üstündə dayanmağa lüzum yoxdu.

Bir sözlə, Moskvada sülhməramlıların statusundan, bölgənin erməni terrorçularından təmizlənməsindən, Dağlıq Qarabağdakı qeyri-legitim, qondarma hakimiyyət strukturlarının fəaliyyətinə xitam verilməsindən tutmuş, erməni əhalisinə Azərbaycan pasportlarının paylanmasına, kommunikasiyaların açılmasına, ayrı-ayrı rayon, qəsəbə və kəndlərdə Azərbaycan hakimiyyətinin, Rusiya sülhməramlılarının və yerli ermənilərin birgə iştirakıyla müvəqqəti idarəetmə orqanlarının yaradılmasına (təyinatlı və seçkili yerli idarəetmə orqanları yalnız azərbaycanlılar tam şəkildə ora qayıtdıqdan sonra formalaşa bilər) kimi müzakirəlik çox məsələ var. Bu məsələlərin hamısı üçtərəfli sazişdə nəzərdə tutulmadığı üçün ola bilsin ki, yeni əlavə razılaşmalara da ehtiyac yaransın.

Bölgədə davamlı, dayanıqlı sülhün əldə olunması bu problemlərin həllindən keçir. Ancaq təəssüf ki, Azərbaycandan fərqli olaraq Ermənistan cəmiyyəti hələ ki barış və birgəyaşayış havasına köklənməyib. Yerevan separatçılarının qisasçı çağırışçıları və davranışları yenə də erməni xalqının Azərbaycana qarşı düşmən ovqatına köklənməsində məşum rol oynayır. İki yüz ildi ki, permanent olaraq təkrarlanan tarixi hadisələrdən ibrət götürmək əvəzinə yenə də eyni dairənin içində fır-fır fırlanmaqda davam edirlər. Hamısı da köhnə-təzə oyunçulardı. Hazırda Paşinyan qarşı çıxan, onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan nə təzə bir siyasi lider, nə də təşkilat var. Prosesləri diqqətlə izləyəndə, ən hay-küylü mitinqlərinə yığılan adamların sayına baxanda aydın olur ki, heç xalqın da rəğbətini qazana bilmirlər, hamısının birgə reytinqi müharibəni uduzmuş Paşinyanın reytinqindən qat-qat aşağıdı.

Odur ki, Ermənistan baş naziri öz qartımış siyasi rəqiblərinin təzyiqindən çəkinməməli, həm erməni cəmiyyətinin, həm Qərbin, həm də Rusiyanın açıq dəstəyinə malik olduğu indiki şəraitdə əlinə düşən unikal fürsətdən yararlanmalı, bölgədə dayanıqlı sülhün təmin olunması üçün cəsarətli addımlar atmalıdı.

Hərçənd, tərəddüdlər içində çırpınan baş nazirin Moskva görüşü ərəfəsində koronavirus səbəbindən özünü təcrid eləməsi göstərir ki, bu fürsəti dəyərləndirmək əvəzinə gözlənilən görüşdən yayınmaq xətti tutub. Çünki ortada təcrübə var. Ötən ilin iyun ayında da o hansısa Moskva səfərindən yayınmaq üçün koronavirus yatağına girmişdi. Bu ikinci yoluxmadı, yoxsa ikinci yayınma? Bax, mətbuat katibi Mane Gevorkyanın baş nazirin özünü təcrid eləməsi barədə açıqlamasında bu məqama aydınlıq gətirilməyib.

Adalet.az

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK