adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Fevral 2021 12:27
26218
MƏDƏNİYYƏT
A- A+

“Əsirlikdən qayıdan lampa”

Vətənpərvərlik mövzusuna daim önəm verən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində yeni bir layihə hazırlayıb. Teatrın kollektivi “Əsirlikdən qayıdan lampa” adlı qısametrajlı film hazırlayaraq tamaşaçıların ixtiyarına verib.

“Gənclər ümidləri ilə, qocalar xatirələri ilə yaşayır. Bu xatirələr köhnəlsə də heç zaman unudulmur”-deyən filmin qəhrəmanı Xocalıda doğulub, xoşbəxt, qayğısız uşaqlıq illəri bu şəhərdə keçib. Amma sevinc dolu günlər uzun sürmür, 1991-ci il fevralın 26-da Xocalıya hücum edən ermənilər atasını vəhşicəsinə qətlə yetirirlər. Həmin dəhşətli gecədən sonra anası oğlunu götürüb o evi, o şəhəri tərk etməyə məcbur olur.

Vətən müharibəsində rəşadətli ordumuzun sıralarına qoşulan həmin oğlan torpaqlarımızı erməni işğalçılarından azad edəcəyinə, anasını Xocalıdakı evlərinə qaytaracağına söz verir. Azərbaycanın böyük Zəfəri ilə bitən 44 günlük müharibədə yaralanansa, dəfələrlə ölümlə üz-üzə qalsa da verdiyi sözə əməl edir. Xoşbəxt uşaqlıq günlərinin şahidi olan evlərini ziyarət edir, Xocalıdakı doğma həyətdən tapdığı lampanı anasına hədiyyə gətirir, bir ovuc torpağı Bakıda Xocalı qurbanlarının şərəfinə ucaldılan abidənin üzərinə səpir.

“Əsirlikdən qayıdan lampa” qısametrajlı filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, quruluşçu operatoru Hikmət Şahverdizadə, baş prodüseri Ülvi Cəfərov, quruluş hissə müdiri Qabil Gözəlovdur. Geyimləri Aynişan Məmmədova hazırlayıb.

Filmin ideya müəllifi Əməkdar incəsənət xadimi, tanınmış teatr rejissoru Əsgər Əsgərovdur. Layihənin bədii rəhbəri isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

“Əsirlikdən qayıdan lampa” qısametrajlı filmində rollara Nicat Əli, İrana Kərimova, Şaban Cəfərov, Güldanə Əzimova və Muhammed Qulamov çəkiliblər.

Sosial şəbəkə üzərindən yayımlanan qısametrajlı bu filmə 2 gün ərzində 1 milyondan çox tamaşaçı baxıb.