SON DƏQİQƏ:

Ağ göyərçin ömrü

  48263   |  
Şriftin ölçüsü  

Laylay beşiyim laylay
Evim-eşiyim laylay!
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay!!

Analıq duyğusu övlad sevinci... bu hisslərin yanında ümmanlar çox kiçik, hüdudsuz gördüyünüz göylər çox bəsit qalır... Özüm ana olsam da, bu hissi nəyə bənzədəcəyimi bilmirəm... Bəlkə də, dünyanın ən izahedilməz , ifadəsi mümkün olmayan bir hissidir,  möhtəşəm, təmənnasız bir sevgisidir  Analıq duyğusu övlad sevinci. Kaş ki, bu şirin laylalar sonra dəyişməyəydi, mənasın-məğzin yanıltmayaydı...ağı olmamaydı

Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar,
Oğlu ölən analar
Sərgərdan gəzər, ağlar!

Bir dəfə şəhid anası Əsli xala ilə şəhidimiz haqqında söhbətləşirdik.Onun dediyi  söz hələ də qulaqlarımdadı:”Abbas ilk addını atıb, yeriməyə başlayanda onu kənardan izləyirdim. Yaxınlaşmırdım ki, rahat yerisin , yıxılsa özü qalxmağı bacarsın, özünə əmin olsun. Amma hiss edirdim ki, sanki ürəyim sinəmdən çıxıb Abbasın arxasınca, yanınca gedir, yıxılanda qaldırmağa,ağlayanda sığallamağa, kömək istəyəndə əlindən tutmağa...Birdən uşaq tappıltı ilə yerədəyirdi. Anışdıra bilmirdim  uşağın yerə dəyəndə çıxan səsdi, ya uşağın yanında duran ürəyimin tappıltısıdı...

 

 

Bir gün  evdəydim. Qəflətən evdən hövlanak çıxıb məktəbin stadionuna tərəf yüyürdüm. Özümdən asılı deyildi elə yüyürürdüm ki, sanki yangından qaçırdım. Stadiona çatanda Abbasın üz-gözünü qan içərisində gördüm. Uşaqlarla  futbol oynayarkən yıxılıb möhkəm əzilmişdi. Əmin idim, ürəyim, balam  düz hərbi xidmətə gedənə - 1991-ci ilə qədər onun yanınca hərlənib, onun yanında durub. Ermənilərin Abbasgilin postuna hücum edəndən, bir daha Abbasın “öldü-qaldı” xəbərini almadığım gündən ürəyimi də itirmişəm. Danışanda ürəklə danışa bilmirəm sözüm dodaqlarımın arasındə dənə-dənə tökülür,  ürəkdən gülə, sevinə bilmirəm, Nəyə sevinmək istəmişəmsəo an göz yaşları məni yaxalayıb...uzun illərdi ürəyim elə Abbasın arxasınca gedib, Abbas kimi geri qayıtmır.. Bilirəm ölsəm, ürəyin əbədi Abbasın yanında olacaq...

Dağdan aşıb gələnin
Qanı coşub gələnin 
Xoş halına, ay ellər,
Halalalaaşıb ölənin.

 

 

Şəhid Nazim Qəmbərovun anası Rəfiqə xala ilə söhbətləşəndə, o qəribə bir olay danışdı. Dedi ki Nazim şəhid olmasından xəbərimiz yox idi. Amma  evdə özümə yer tapa bilmirdim. Içəri girirdim, çölə çıxırdım, nə etdiyimi, nə danışdığımı anlamırdım. Elə bil havadaydım. Arada elə bil burulğan kimi bir alov sanki məni bürüyürdü. Canım təndirdə yanırdı elə bil. Evdəkilərə “a bala vallah kürəklərim yanır , ürəyimin başı kösöv kimi alovlanıb”-deyirdim, amma mənə nələrsə olduğunu başa sala bilmirdim. Qızım israrla dedi ki, yəqin sənə istidi, üst geyimini soyun...

Əynimə bir dənə gecə köynəyi qalmışdı, amma canım yenə alov qarsırdı. Hamı məttəl qalmışdı.Yanırdım, heç kim görmürdü. Düz gecə saatlarına qədər o  alov məni tərk eləmədi. Birdən məhlədən qarmaqarışıq səslər, ağlaşma- haray eşitdim. Nə olduğunu anlamasamda qapıya tərəf yüyürdüm .Pilləkanların başında ayağım yerə mıxlandı. Kimsə dedi ki, Nazim ölüb gətirirlər. Bax elə onda səhər açılandan alovlara bürünmüş canım bumbuz oldu, dağların buzu... Elə ordaca huşumu itirdim. Bax “canın yansın”  sözünün mənasını onda anladım.

 

Əzizim bala dağı, 
bürüyüb lala dağı,
 Bütün dərdlər sağalar, 
sağalmaz bala dağı

 

Şəhid Bayramın anası Əntiqə xala ilə də  söhbətləşəndə o demişdi ki, Bayramın nəşini gözlərimlə görmüşdüm. Tabutuna sığal çəkmişdim, öpmüşdüm, oxşamışdım. Amma axşamlar, toran düşəndə  darvazamızın qarşısında, yolun kənarında durub Bayram gələn yollara baxırdım, baxırdım. Dözmürdüm, başlayırdım asta-asta haraylamağa: “Ay Bayram heeeyyy” deyəndə elə bil küləklər onun səsini mənə çatdırırdı:

 

 

” Hay, can Ana, nə deyirsən?”
” Səsinə qurban olum, bala, gəl... ”, 
 “Çağırma , ana gələ bilmərəm”... 

 

“Qızım sən də inanmırsan, mənim balamla danışmağıma? Vallah Bayramın səsiydi..”
Gözlərimdən axan yaşları gizlətməyə çalışaraq, qəhərli-qəhərli zorla cavab verirəm:”İnanıram Əntiqə xala, Allah haqqı, inanıram! O vaxtdan yas mərasimlərində bu bayatını söylədikdən sonra Əntiqə xala üçün mütləq “Təcili Yardım” maşını gəlir:

 

Ağlayan başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Bayramıı ölən Ana,

Durar, obaşdan ağlar.

 

Müharibələr müxtəlif zamanlarda müxtəlif adlarda olsa da,( 1990-94- ı Qarabağ müharibəsi, 2016-cı il Aprel müharibəsi, 2020-ci il Vətən Müharibəsi və s.) Şəhid anaları elə bir-birinə bənzəyir. Görünüşləri ilə, gözlərindəki ümmanlar, göylər qədər kədərləriylə, simalarındakı şəfəqləriylə....

 
 Fotolarını gördüyünüz şəhid anaları görüşdüyüm, dərdinə həmdəm olmağa çalışdığım anaların az bir qismidir. Nailə xala ( Şəhid Tacir və Nazirin anası), Sədaqət xanım, (Şəhid Emin Bağırovun anası) Həzimə xanım(Şəhid Fəxrəddin Qurbanlının anası), Səbinə xanım  (Şəhid İsrafil İbrahimovun anası), Nübar xala (Şəhid Xudu Xudiyevin anası), Kəmalə xanım (Şəhid Vüsal Muradovun anası)  və yüzlərlə ana....ürəkləri balalarının yanında qalmış, balaları ilə birgə cənnəti fəht etmiş Ana ürəkləri!

Analar yanar ağlar,
 Dərdini sanar ağlar, 
Dönər ağ  göyerçinə, 
Yollara qonar aglar!

 

“Təki vətən yaşasın” deyib, övladını da,üstünə əlavə olaraq  ürəyini də qoyub, Vətənə qurban verən bütün şəhid analarının əllərindən öpüb, qarşısında təzim edirik! Sizin övladlarınızın və ürəyinizin sayəsində vətən darda qalmadı. Vətən vəhşi düşməndən azad olundu. 
“Bayramınız mübarək” deməyə dilim gəlmir. Bayramı ürəklə qeyd edərlər axı... Sizin ürəyinizsə balanızla birgə!
 Anaların ən məğrurları, ən fədakarları, ən cəsurları 8 mart Ana gününüz mübarək!...

 Bütün şəhid analarına ehtiramla

Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK