adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Aprel 2021 11:36
45059
MƏDƏNİYYƏT
A- A+

Qəlbləri fəth edən tacir qızı: Cənnət xala, Cəhrə qarı, Fatmanisə, Züleyxa, Telli...

Bu gün ekranlarda gördüyümüz an üzümüzə təbəssüm qonduran, Azərbaycan teatr və kino səhnəsində bir-birindən əvəzsiz obrazlar yaradan xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür. Onun epizodik rolu belə tamaşaçıda böyük sənətkara sevgi yaradan bir vasitə olub. İnanmıram ki, Nəsibə Zeynalovanı kimsə sevməsin, kimsə onun hansısa bir fraqmentini belə gözdən qaşırmış olsun. Çünki, yaratdığı bütün obrazlar təkrarolunmazdı. Bu böyük sənətkarın oynadığı rolu hər kimsə yenidən oynamağa çalışsa, belə əvvəlki effekti verməyəcək, üzlərdə əvvəlki təbəssümü yaratmayacaq, deyə düşünürəm və hamının da mənim fikrimi təsdiq edəcəyinə əminəm. Hə, xüsusən, “Qaynana” filmindəki Cənnət xalanı... Bu gerçəyi bütün aktrisalar bildiyi üçün, heç vaxt Nəsibə xanımın yaratdığı, “peçat”ını vurduğu obrazı yenidən canlandırmağa təşəbbüs belə göstərməyib.

Vaxtilə rejissor HüseynSeyidzadə"Qayınana” filmi ilə bağlı belə deyib:"Filmin quruluşçusu kimi, etiraf edim ki, mən aktrisa Nəsibə Zeynalova ilə işimizdən böyük yaradıcılıq zövqü aldım. Geniş diapazon, onun aktyorluq fərdiyyətinin parlaq təkrarsızlığı, personajının obrazına tam dəqiqliyi ilə düşməsi, oyununda emosionallıq, doğruluq və kameraqarşısında özünü olduqca təbii və səmimiaparmaq bacarığı, Nəsibə Zeynalovanın rol üzərində zərgər işi həqiqətən bizim filmi zinətləndirir”.

Qaynana Cənnət xala

Sevə-sevə izlədiyimiz “Qaynana” filminin vizit kartı olan Cənnət xala obrazının məşhur sitatları hazırda el arasında məsəl kimi işlənir, maraqlıdır ki, elə o sitatlar işlənən kimi də hamının üzünə təbəssüm qonur. Məsələn: “Gəlin mənim süpürgəmdi, harda qoydum, ordada durmalıdır ”, “Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Bir sözüm iki olmamalıdı”, “ölü yerinə gedə bilmirəm, diri yerinə gedə bilmirəm”, “ay arvaddan qorxan biqeyret”(oğlu Ayaza), “Onu aton doğub, yoxsa anon əkib”, “onbarmağa gedib, nənəsi üçün kəfən almağa”, “ağəz, o quş döyül e, xalis bayquşdu”, “adam ayda neçə kərəm mamasından olar”, “ görüm təsbeh sahibi ona qənim olsun, qənim”kimi şikayətlərlə “təzə gəlin Afət”i hədəf alması filmin ən sevilən hissələridir. Hətta onun ağlaya-ağlaya “Əzizim buda məni, Çinarlar buda məni, gör nə günə qalmışam, bəgənmir bu da məni ” ağısı da tamaşaçını güldürür. Deyilənə görə, aktrisa “Qaynana” filmində mətbəxdə oxuduğu həmin bayatını anasından öyrənib. Nəsibə xanımın anası Hüsniyyə xanım həmişə o bayatını zümzümə edirmiş.

Tacirin qızı

Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub.

Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. Mətbuatda gedən məlumatlara görə, Cahangir Zeynalov teatrı çox sevən, xeyriyyəçi insan olub. 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub. Dövrünün sənət adamlarına həmişə dəstək olub. Məşqləri nahar vaxtına salarmış ki, aktyorlar yemək yesinlər. Yeməkləri də məxsusi olaraq həyat yoldaşı Hüsniyyə xanım bişirərmiş. Cahangir Zeynalov xanımına deyirmiş ki, yeməkləri sən bişir, savabdır. Qızlar Gimnaziyasının şagirdləri üçün xüsusi çantalar tikdirib içərisinə qızıl pul və lazımi sovqat qoyarmış. Həmin çantaları Hüsniyyə xanım özü tikərmiş. Cahangir Zeynalov deyərmiş ki, sən öz əllərinlə tik, xidmətçiləri, qaravaşı buyurma. Çünki bu uşaqların çoxu yetimdir, onlara kömək eləməyin savabı böyükdür.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb.

Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir Hacıbəyli), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyli ) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

N.Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri ("Dərviş Məstəli şah"), Nargilə ("Gözün aydın",), Şərəf və Nisə ("Durna), Məsmə ("Toy kimindir), Züleyxa ("Ulduz", Sabit Rəhman) Tükəz və s. rollarının əvəzsiz ifaçısı sayılır.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbbi reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, tele-tamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in bir çox ekran əsərlərinə çəkilib.

Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə əməkdar, 1967-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatını alıb.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Əntiqə Rəşid