adalet.az header logo
  • Bakı 20°C
28 Iyul 2021 14:06
62914
MƏDƏNİYYƏT
A- A+

Muğam ustasının oğlu dahi bəstəkar: Vasif Adıgözəlovun ad günü...

 

2 operanın – “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın - o cümlədən, “Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara”, “Boşanaq - evlənərik”, “Aldın payını, çağır dayını”, həmçinin, “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqi əsərlərinin bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti "Şöhrət" və "İstiqlal" ordenləri laureatı. Vasif Adıgözəlovun doğum günüdür.

Adalet.az xəbər verir ki, 86-ci ildönümü tamam olan Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda anadan olub .Əslən Ağcabədi rayonunun Qaradolaq kəndindən məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub.

İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Musiqi mütəxəssislərinin fikrincə, V.Adıgözəlovun yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915” oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, “Çanaqqala-1915” qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.

İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan “Qərənfil”, “Bakı”, “Xoşum gəlir”, “Naz-naz”, “Şuşa laylası”, “Ana” kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.

Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün 3 “Konsert”in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.

 

 

Vasif Adıgözəlovun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq. Böyük sənətkarın da gücü və istedadı ondadır ki, onun yaratdıqları hər zaman əbədiyaşar olaraq qalır.

Ərsəyə gətirdiyi biri-birindən gözəl və örnək ola biləcək sənət əsərləri onu bu gün də yaşadır, sabah da yaşadacaq.

Qeyd edək ki, Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğlu, Müğənni Rauf Adıgözəlovun qardaşı,dirijor Yalçın Adıgözəlovun atası. Azərbaycanın dahi bəstəkarı Vasif Adıgözəlov 2006-cı il sentyabrın 15-də uzun illər şəkər xəstəliyindən vəfat edib. O, Fəxri Xiyabanda torpağa tapşırılıb

Əntiqə Rəşid