Ay camaat, mən Şuşaya gedirəm - Əbülfət MƏDƏTOĞLU Yeddinci – hələlik sonuncu yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
1807 | 2021-09-14 12:10

Vaqif məqbərəsi önündə nahara qədər davam edən poeziya günlərinin açılış mərasimi nahardan sonra iştirakçıların Şuşanı sərbəst gəzməsi ilə davam etdi. Və biz bu fürsətdən istifadə edib təbii ki, hər kəs özünə uyğun həmsöhbəti ilə şəhərin təkcə görməli yerlərini yox, həm də hər bir küçəsini, daşını, ağacını ziyarət etmək üçün dağılışdıq Şuşaya. Bu sözü ona görə xüsusi vurğulayıram ki, şəxsən biz, yəni Vaqif Bəhmənli, Etimad Başkeçid və mən haranı görmək, nəyə baxmaq istədiyimizi öncədən müəyyənləşdirmədik. Eləcə çıxdıq Şuşanı gəzməyə. Yol boyu bu şəhərdə üç ay tələbə-jurnalist kimi təcrübə keçmiş Vaqif Bəhmənli bizə bilgilər verirdi. Nəyin harda olduğunu, indi onun yerində nələrin qaldığını göstərir və söyləyirdi. Hətta o, bizə «Şuşa» qəzeti redaksiyasının binasını da, özünün kirayədə qaldığı ünvanı da göstərdi. Əslində bu ünvanlar indi bir dağıdılmış, viran qalmış yerlərdən başqa heç nə deyildi. Onların əzəlki və indiki məqamlarını göz önünə gətirəndə düşmənə nifrət hissini cilovlamaq olmur...

Gəzə-gəzə Natəvanın bulağından da su içirik. Onun sarayının önündən də keçirik. Köhnə avtovağzalı da, burdakı xəngəlxananı da, bizim Şuşalı günlərində istifadəyə verilən Qarabağ otelini də... Bir sözlə, gözlərimiz tutan qədər hər yeri seyr edirik. Yuxarı Gövhər ağa məscidinə baş çəkirik və bir məqamı da qeyd edim ki, bu gəzintilər zamanı dostlarımın dilindən eşitdiklərim mənim yaddaşıma olduğu kimi hopurdu. Bax, bu məqamlardan birini, daha doğrusu ikisini diqqətinizə çatdırıram.

Ağaclar da əsirlikdən xilas oldu

Şuşada olarkən Etimad Başkeçid qələm dostları ilə şəhəri gəzib dolaşır. Onun enişli-yoxuşlu küçələrinə, dağılmış evlərə, kol basmış həyət-bacaya nəzər salıb üzünü Salam Sarvana tutub deyir:

- Ay Salam, gör həyətlərdə nə qədər meyvə qalıb. Amma ağaclar da lap əldən düşüb ha. Dibin belləyən, suyunu verməyən olmadığına elə bil onlar da əsirlik çəkiblər.

Bu sözləri eşidən şair Vaqif Aslan öz-özünə danışırmış kimi ortalığa deyir:

- Etimad bəy, həqiqətən 44 günlük müharibə ağacların da əsirliyinə son qoydu!

***

Vaqif Bəhmənli xatirələrinin izi ilə gəzirdi

Şair Vaqif Bəhmənli oteldə onunla birlikdə qalan dostlarına bildirir ki, şəhəri gəzməyə çıxır. Onunla bir otaqda qalan Salam Sarvan, Əbülfət Mədətoğlu maraqla şairin üzünə baxırlar. Belə tələskənliyin səbəbini bilmək istəyirlər.

Doğrusu, onun bu kövrək, həm də gözlənilməz fikri məni ona qoşulmağa məcbur etdi. Şuşanın küçələrini dolaşmağa başladıq. Vaqif Bəhmənli küçələri keçdikcə bir-bir evləri, inzibati binaları göstərib mənə şəhəri təqdim edirdi. Sanki o bu şəhərdə doğulmuşdu. Dözməyib bu qədər məlumatlı olmasının səbəbini soruşdu. Xatirələrin qoynunda özünü unutmuş şair Vaqif Bəhmənli dedi ki, mən jurnalist kimi üç ay Şuşada təcrübədə olmuşam, «Şuşa» qəzetində işləmişəm və üç ay bu şəhərdə yaşadığımdan onun daşı da, divarı da mənə doğmadı, tanışdı. İndi sənə işlədiyim redaksiyanın binasını da, kirayədə qaldığım ünvanı da göstərəcəm. Hətta məşhur «Şuşa xingalı»nın dadına  baxdığım yeməkxananın yerini də.

***

...Bəli, Şuşanı gəzdik, nə yorulmaq yadımıza düşür, nə də onu hiss edirik.  Mən də dostlarımla birlikdə bu şəhərin azadlığa çıxmış böyürtkan kollarına əl uzadıram. Həmin dad hələ də meyvələrdə qalır. Demək düşmən nə qədər əcilaf və şərəfsiz olsa da, o bir o qədər də aciz və rəzil imiş. Çünki dağıtdıqları, talan etdikləri, viran qoyduqları Şuşada onlar əslində müvəqqəti sığınanlar imiş. Bunu Şuşadakı havadan, sudan, onun torpağındakı hərarətdən və bir də həyat eşqindən açıq-aşkar duymaq olur. Talançının uzatdığı əllərin gücü çatmayıb Şuşanı yer üzündən silməyə, nə də özü ilə götürüb aparmağa. Onun murdar nəfəsi bu şəhərin havasını korlaya bilməyib və Şuşa qalib gəlibdir. Düşmənə də, onun vəhşiliyinə də, nəfsinə də. Bax, bu gördüklərim, bu yaşadıqlarım məni elə kökləmişdi ki, hətta dostlarımın suallarına da gec cavab verirdim... Onlar da halımı duyur və hiss edir, güzəştə gedirdilər. Çünki onlar da elə mənimlə eyni havanı bölüşürdülər...

Buludlar

 

Daşa dəyib çilikləndi bir anda –

Qara donlu, ağ naxışlı buludlar...

Yerim yoxdu vərində, nə sıranda –

Qış havalı, yaz yağışlı buludlar...

 

Qədərimi mən seçmirəm – bu bəlli

Qədərimdi elə mənə təsəlli...

Bayatılı, nəğməli, həm məsəlli –

Nər sədalı, qız baxışlı buludlar...

 

Cığırların, çəhlimlərin sinəsi

İndi olub izlərimin binəsi!

Hal qalmadı daha məndə dinəsi –

İslandığım, yay alğışlı buludlar...

 

...Axşam yeməyindən sonra yenə səpələndik Şuşaya.  Günün təəssüratını bölüşmək, yaşananları kağıza, internet səhifələrinə köçürtmək və təbii ki, doğmaları Şuşadan arayıb onları Şuşa ovqatına qonaq etmək əsas işlərimizdən idi. Biz də bu anların bir daha təkrar olunmayacağını bildiyimizdən çalışırdıq ki, yaddaş  kartımız daha çox bilgilərlə dolsun. Ona görə də Şuşada yaradılan şərait, aparılan tikinti-abadlıq, xüsusilə cavan oğlanların şəhərin təmizliyi ilə cani-dildən məşğul olması ayrı bir aləm idi. Onlar Şuşada yorğunluq hiss etmədiklərini, əksinə burda paytaxtdakından da rahat olduqlarını vurğulayır və bildirirdilər ki, Şuşada işləmək sözün həqiqi mənasında, həm də ziyarətdə olmaqdır.

Mən bu gənclərin Şuşa sevgisinə, Şuşaya verdikləri dəyərə ürəkdən vuruldum. Deməli, Azərbaycan gəncliyi hələ yurd sevgisinin bütün anlamını özü ilə daşıyır, özündə yaşadır. Kasmapolit düşüncə onlara hakim olmayıb...

Gecə xatirələri uzun-uzadı bir yazıdır. Zaman gələr təbii ki, Allah ömür versə, bu xatirələr ayrıca bir yazıya çevrilər. Buna mənim şübhəm yoxdu. Ən azından ona görə ki, mən bu şəhərdə təkcə Şuşanın dünənini, bugününü, sabahını  yox, həm də bura gələn bir çox insanın bütün içini, içalatını gördüm. Onları yenidən tanıdım. Bu mənə Şuşanın hədiyyəsi idi!

Səhər yeməyindən sonra yenidən Vaqif  məqbərəsinə doğru hərəkət etdik. Poeziya günlərinin növbəti hissəsi öz işinə başladı. Əvvəlki gündə olduğu kimi, şeir, musiqi, ürək sözləri, videogörüntülər... Bütün bunlar nahara qədər davam etdi. Nahardan sonra Cıdır düzünün ziyarətinə getdik. Mən bu ziyarətdə həyatımın iki anını təkcə yaddaşıma yazmadım. Həm də onu Allahın mənə Şuşa səfərindəki ərməğanı kimi elə oradanca doğmalarımla, təbii ki, həm də iç dünyamla bölüşdüm. Bu məqam öncə xalq şairi, dəyərlimiz, sevimlimiz Nəriman Həsənzadə ilə bağlı oldu. Onunla istedadlı yazıçımız, sevimli Təranə Vahidin iştirakı ilə xatirə şəkli çəkdirdik. Şəkil lentə alınandan sonra Nəriman müəllim dedi ki, ay Əbülfət, oxuyuram səni, yaxşıdı, çox yaxşıdı. Elə sən özün də həmişə hamıya yaxşılıqla yanaşırsan. Elə belə də ol!

Gözləmədiyim halda Nəriman müəllimin birbaşa ətrafdakıların eşidə biləcəyi səslə, tələsmədən söylədiyi  bu fikir mənim böyük şairdən aldığım qiymət idi.

Cıdır düzü sanki məni öz sinəsində gördüyündən xoşhal olmuşdu. Ona görə məndən ikinci töhfəsini də əsirgəmədi. Uzaqdan, daha doğrusu, Cıdır düzündən Xankəndi istiqamətində dayanıb söhbət edən dostları görüb onlara tərəf getdim. Xalq yazıçısı Elçin Əfəndiyev ədəbi mühitdən danışırdı. Mən yaxınlaşanda Günel xanım (Elçin müəllimin qızı) Əfəndiyeva dərhal dilləndi:

- Əbülfət müəllim, bayaqdan söhbət sizdən gedir. Hardasınız, gəlib çıxın da.

Maraqla Günel xanıma və Elçin müəllimə baxdım. Xalq yazıçımız ətrafına toplaşmış qələm adamlarına bildirdi ki, mən Şuşada çox olmuşam. Hər səfərimin öz tarixçəsi var. Bu səfərimdə də şeirlərini oxuduğum və bəyəndiyim, xüsusilə, şənbə yazılarını maraqla gözlədiyim Əbülfətlə yaxından tanış oldum. Əbülfətin şənbə yazılarındakı mövzu ilə bağlı şeirləri mənə çox xoş gəlir. Həmin şeirlər mövzunu əməlli-başlı tamamlayır...

Mən Elçin müəllimin göstərdiyi diqqəti, verdiyi qiyməti bütün detalları ilə ürəyimə yazmışam. Onu ailəmə, can dostlarıma, Allahıma və Ona çatdırmışam! Çünki bu, böyük bir ustadın sıradan bir söz adamına təmənnasız diqqətidir. Allahım, bu diqqətin savabını Elçin müəllimdən əsirgəməsin!

Cıdır düzündə olarkən çoxdan görüşmədiyim, qarşılaşmadığım Mövlud Süleymanlı ilə də rastlaşdım. Dəyərli yazıçımız məni görən kimi üzünü Zakir Fəxriyə tutub:

- Ayə, ay Zakir, bax, sənə   bu kişidən danışırdım. Adını unutmuşdum, indi özünü gördüm, yadıma düşdü. Çox səmimi şeirlər yazır, xoşum gəlir onun şeirlərindən.

Mövlud müəllimə ürəkdən təşəkkür edib, onunla şəkil çəkdirməyə izin istədim. Məni Şuşanın fotoqrafı titulu ilə şərəfləndirən əzizim Zakir Fəxri məmnuniyyətlə bizim şəklimizi çəkdi. Mən də borclu qalmayıb onların şəkillərini birlikdə lentə aldım. Cıdır düzündə Kərim Kərimli, Sərvaz Hüseynoğlu, Asim Yadigar, Qafar Cəfərli, Vaqif Aslan, İsmayıl İmamzadə, Vaqif Bəhmənli, Təranə Vahid, Rəsmiyyə Sabir, Yusif Nəğməkar, Etimad Başkeçid, Aygün Bağırlı, Yusif Rzayev, Vüsal Nuri, Azər Turan, Elnarə Akimova, Adil Cəmil, Əli Mahmud, Ələmdar Quluzadə, Vaqif Yusifli, Mustafa Çəmənli, Əli Əmirli, İntiqam Yaşar, digər qələm adamları  və təbii ki, xalq yazıçımız Elçin Əfəndiyev, eləcə də Günel xanım Əfəndiyeva ilə çəkdirdiyim şəkillər bugünümün tarixləşən anları idi. Mən bu anların ömrümə, günümə yazıldığına şübhə etmirəm. Və elə oradaca içimdə doğulan şeir əslində mənim Şuşadakı dualarımdan biri idi.

 

Şuşada etdiyim dua

 

Allahım, bu ünvan sənin də evin

Mənim də Kəbəmdi – Şuşa adında.

Allahım, mənim tək sən də bax, sevin –

Qalsın Kəbə Şuşa sənin yadında!

 

Daşı dözümümdü, torpağı namım

Bilmirəm özümü burda kim sanım?!

Çiçəyi öpürəm, durulur qanım –

Bu Günəş nurunda, hava dadında!

 

Allahım bu məscid, bu Cıdır düzü

Bu da igidlərin qələbə izi...

Hər an varlığımda görəcəm sizi –

Tapacam özümü o BİR QADINDA!

 

...Şuşa səfərimizin növbəti günü də şəhəri gəzmək, tanımaqla başladı. Və biz hər birimiz ayrı-ayrılıqda Şuşadan özümüz üçün nələr götürdük, nələr gətirdik. Onu zaman göstərəcək. Təbii ki, yazılarımızda, xatirələrimizdə, söhbətlərimizdə. Mən ordan ayrılanda bir az kədərli olsa da, amma böyük sevgi ilə yazdım ki:

 

Şuşanı gördüm mən, tay çıxım gedim

       

Artıq deyiləsi sözüm qalmayıb,

Ocağım qaralıb, közüm qalmayıb...

Vallah bu dünyada gözüm qalmayıb –

Şuşanı gördüm mən, tay çıxım gedim...

 

Yalmanın hörərək səhər atımın,

Başın buraxmışam qəhər atının...

Qoy qalsın belində yəhər atımın –

Şuşanı gördüm mən, tay çıxım gedim...

 

Sinəmdə xış yeri – əkinçi kədər

Özünü qan-tərə bələdi hədər...

Sənə minnətdaram, çin olan qədər –

Şuşanı gördüm mən, tay çıxım gedim...

 

Ovcumu isidən qupquru çöpdü,

Gözüm o çöpü də, daşı da öpdü!

Otuz il sovruldu – qalanı köpdü –

Şuşanı gördüm mən, tay çıxım gedim...

 

Şükür etdiyimə, şükür əbədi

Bu şükrü diləyən adi təbədi!

Allahım, Şuşa da mənə Kəbədi –

Şuşanı gördüm mən... tay çıxım gedim...

 

...Artıq deyiləsi sözüm qalmayıb,

Ocağım qaralıb, közüm qalmayıb...

Vallah bu dünyada gözüm qalmayıb –

Şuşanı gördüm mən, tay çıxım gedim...

 

...Allaha əmanət ol, ŞUŞA!   Yenidən  görüşmək  ümidi  ilə...  SƏNDƏN  cismən  ayrılıram ...

TƏQVİM / ARXİV