SON DƏQİQƏ:

ÖLÜ XORTLADI…

  64845   |  
Şriftin ölçüsü  

… Öncədən oxucuların diqqətinə çatdırmaq istəyirik ki, qələmə aldığımız hadisə olmuş əhvalat əsasında yazılıb. Belə ki, günlərin birində Əhməd kişinin oğlu 10 yaşlı Rəşid özünü pis hiss eləyir. Daha doğrusu, ona möhkəm soyuq dəyir və uşaq da sətəlcəm olur. Ora aparırlar, bura aparırlar, həkimlər bir əlac eləyə bilmir. Və uşağın da vəziyyəti günbəgün ağırlaşır...

… Bir axşam da uşağın hərarəti 42-yə çatır. Yenə həkim çağırırlar, yenə həkim uşağa baxır və başını bulayır. Deyir ki, bunun işi mənlik deyil. Uşağın atasının gözləri dolur, əli hər yerdən üzülür və çəkilib kənarda uşağının dünyasını dəyişəcəyi anı gözləyir…

… Səhər açılanda kəndə səs yayılır ki, bəs Əhməd kişinin oğlu Rəşid rəhmətə gedib. Bütün el-oba yığışıb Əhməd kişinin həyətinə gəlir. Ağlayan kim, hönkürən kim, Əhməd kişiyə ürək-dirək verən kim. Sanki bir anın içərisində hər şey alt-üst olur və Əhməd kişinin əli hər şeydən üzülür və Allahın verdiyi bu dərdlə razılaşmalı olur...

… Uşağı yuyata aparırlar, yuyurlar, pambığa, kəfənə büküb cənazəyə qoyurlar. Molla meyit namazı qılır və bundan sonra Rəşidi cənazəyə qoyub çiyninə alırlar. Cənazənin altında əmisi Rəhim kişi hönkür-hönkür ağlayır. Bir qədər gedirlər, yenə cənazənin altına çiyin verənlər bir-birini əvəzləyir. Bayırda da gün çıxıbmış. Gün də elə bir istilik yaradır ki, günəşin şüası rəhmətə getmiş uşağın düz alnına, üzünə düşür. İsti bir az da artır, uşağın bədəninə, qanına işləyir. Necə olursa, birdən uşağın burnundan qan açılır və gözünü açıb görür ki, pambığın və ağ kəfənin içindədi. Camaatın çiynində qəbiristanlığa aparılır. Uşaq birdən-birə cənazədən ayağa qalxır. Bunu görən adamlar qorxuya düşürlər. Cənazəni yerə atıb hərə bir tərəfə qaçır…

…Uşağın əmisi Rəhim kişi də bu möcüzəyə məəttəl qalır. Yerdən müxtəlif adamların səsləri gəlir:

- Ayə qoymayın qaçsın, ölü xortdayıb! Tez vurub öldürün!

…Uşaq isə lüt-üryan düz birbaşa ordan evlərinə sarı qaçır. Gendən baxanlar lap qorxuya düşürlər. Biri əlinə yaba, biri əlinə balta və biri də əlinə dəhrə alıb uşağın dalınca düşürlər. Uşaq da elə-belə uşaq deyilmiş. Çox zirəng, fərasətli və qoçaq uşaq imiş. Birbaşa həyətlərinə gəlir, evlərinə girir və evdəkilər də uşağı lüt görəndə ürəkləri gedir…

Həyətdəki və evdəki arvadlar qorxuya düşürlər. Deyirlər ki, ay balam, bu Rəşid xortlayıb. Bəs bunu niyə vurub öldürmürlər?! O xortlayıbsa, deməli, bizdən kimisə basıb yeyəcək…

Kənd bir-birinə dəyir və molla da əlində təsbeh qaça-qaça ürəyi ağzından çıxıbmış kimi özünü həyətə çatdırır. Onun ardınca əllərində dəhrə, balta, yaba olan adamlar durub bağırmağa başlayırlar:

- Əhməd kişi, uşağı ver bizə təpəsini əzək!!! Yoxsa bu xortlamış uşaq bizim axırımıza çıxacaq…

Əhməd kişi evdəki qoşalülə tüfəngini götürür, uşağı evdə gizlədib çölə çıxır. Və görür ki, camaat yenidən əlində dəhrə, balta, yaba onun evinə hücum çəkir. Əhməd kişi bir yerə baxır, bir göyə, düşünür ki, bir qədər də ləngisə əllərində dəhrə, balta, yaba olan adamlar evə girəcək və uşağı qanına qəltan edəcək…

O, əsəbi halda qışqırır:

- Bir köpək oğlu irəli addım atmasın! Yoxsa bu qoşalülə tüfəngin patronlarının hamısını onun başına çaxacam!!!

Tüfəngi hazır vəziyyətə gətirir, çaxmağı çəkir və havaya iki dəfə atəş açır. Tez tüfəngi yenidən doldurub çaxmağı yenidən çəkmək istəyir. Ətrafına baxanda görür ki, əlində dəhrə, balta, yaba olan adamlardan biri də qalmayıb. Kəndin mollası isə necə qorxubsa, ayaqqabılarını yadından çıxarıb dabanına tüpürüb elə qaçıb ki, heç kim onu kənddə gördüm deməyib.

Bu əhvalatdan sonra kənddə hamı Əhməd kişiyə bir qəhrəman kim baxıb. Deyiblər ki, Əhməd kişi tüfəngə əl atmasaydı, bu nadanlar və cahillər uşağı vurub qanına qəltan eləyəcəkdi. Uşaq da çox ağıllı uşaq imiş. Hətta o həyətə gələndə onun üçün ağlayan arvadlar da qorxularından ayaqyalın, başı açıq qaçıb ordan gediblər...

Atası da uşağa deyir ki, ay bala, gör qapımızda nə qədər ayaqqabı qalıb. Apar onları ver yiyələrinə. Kişi də bu ayaqqabıların hamısının kimə məxsus olduğunu tanıyırmış. Uşaq ayaqqabıları bir torbaya yığır və bir-bir aparıb qapı-aqpı paylayır. Çölə çıxan arvadlar uşağı görəndə qorxularından yenidən ürəkləri gedir...

… Uşaq bu hadisədən sonra uzun illər yaşayır, oğul-uşaq sahibi olur və nəvə-nəticə görür. Həmişə də başqaları bu uşağa qibtə ilə baxırmışlar. Deyirlərmiş ki, balam, Əhməd kişinin oğlu tay indən sonra ölən deyil. Çünki Əzryıl gəlmişdi onu aparsın, gücü çatmadı. İndi də bığlı-saqqallı bir kişidi…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK