SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: MƏNİM FUTBOL KOMANDAM

  40412   |  
Şriftin ölçüsü  

...Uşaqliq dostum Seyid Əsgər qardaşının həyat yoldaşının yas məclisində dedi ki, sən hər şeydən yazmısan, amma o vaxtlar oynadığımız futboldan hələ bir şey qələmə almamısan. Uşaqlıq dostum mənə yeni mövzu verdi və bu mövzu da düz 10 gündür ki, ürəyimdə dolanır. Axır ki, o yazını Allahın və bilgisayar yazarımız Gülər xanımın köməkliyi ilə diqtə eləyirəm. Tay bilmirəm yaxşı olacaq, ya pis?! Ona uşaqlıq dostlarım və bir də məni izləyən oxucular dəyər verəcək...

Bəhmənlidə 3 futbol komandası vardı: birinə gözəl insan, uzun müddət prokurorluq orqanlarında işləmiş Şirxan Adıgözəlov kapitanlıq edirdi, birinə böyük şair Vaqif Bəhmənli və birinə də bəndəniz! O komandanın biri "Çalıağay”da, biri dəyirmanın yaxınlığında, biri də "şirəlik”də futbol oynayırdı. O biri komandalara nisbətən bizim komandanın meydançası daha yaxşı idi: zastavada xidmət edən əsgərlər dəmirdən qapı düzəltmiş, tor asmışdılar. Çox vaxt "şirəlik”də elə biz zastavanın əsgərləri ilə futbol oynayardıq. Odessadan bizim kəndə hərbi xidmətə gəlmiş Puşkin pişik kimi cəld idi. O, zastavanın komandasının qapısını qoruyurdu. Nə illah eləsək də, çox çətinliklə onun qapısından top keçirərdik. Əsgərlər də bundan əsəbləşib bizim qapımıza 5-6 top vurardı.

Bir dəfə futbol oynayanda rus əsgərlərinin birinin ayağını bizim uşaqlar vurub sındırdı. Bunu görən o biri əsgərlər havalanmış kimi oldu. İstədilər bizi döysünlər, amma gördülər ki, mənim dədəm və başqaları bizə "balet” eləyir. Əsgərlər dədəmin qırımını görüb sakitləşdilər və ayağı sınan əsgəri xəstəxanaya çatdırdılar. Tay 3-4 ay əsgərlər bizimlə futbol oynamadılar. Deyəsən, zastavanın naçalniki Poznakov onlara möhkəm təpinmişdi. Ancaq bir müddətdən sonra əsgərlər qonşu Kərimbəylidən gələn digər əsgərlərlə futbol oynadılar. Bu oyunda da Puşkinin komandası uddu.

...Və bu Puşkin də bizim gözümüzün "odunu” almışdı. Sarı rəngdə idman forması vardı, qəşəng də yaraşırdı. Ancaq urusduğunu göstərirdi. Biz yaxşı oynayanda dodağını gəmirər və bizə yuxarıdan aşağı baxardı. Bizə yuxarıdan aşağı baxan Puşkinə də biz elə yuxarıdan baxardıq, o da yanıb tökülərdi...

Bizim futbol komandamızın üzvləri bunlar idi: İldırım, Mehman, Tehran, Təbriz, İnşallah, Tərlan, Zülfüqar, Seyid Əsgər, Rəfael, Tubunun oğlanları Dilavər, Yavər və bir də Abbasın oğlu Veysəl! Və bu uşaqlar hər gün şirəlikdə 3-4 saat mənimlə birlikdə top qovardılar. Bəzən dədələrimiz görərdi ki, otardığımız qoyun-quzunu buraxıb düşmüşük topun dalına. Və bu topun dalına düşmək də o qədər də şirin idi ki, vaxtın necə gəlib keçdiyini bilməzdik. Tər-suyun içində ciyərimiz yananda şirəlikdəki kanala qaçar, ağzımızı suya dirəyib acgözlüklə içərdik. Sonra da futbol oynayanda su qarnımızda lakka-luk edərdi. Axırda bizə böyüklərdən biri möhkəm təpindi. Dedi ki, a bala, su içib futbol oynamazlar. Ən yaxşı halda soyuq su ilə yuyunub sərinləyə bilərsiniz. Elə o ağsaqqalın sözü də beynimizdə qaldı. Həmin gündən bir də ağzımızı kanaldakı suya dirəyib içmədik...

... Ən çox bizim komanda qonşu Yağlıvəndə gedərdi. Və qonşu Yağlıvənddə də bizdən yaxşı futbol oynayanlar çox idi: kolxoz sədri Əvəz kişinin oğlu Qurban, məktəb direktoru Şükür müəllimin oğlu Musa, Həşim və adları yadıma düşməyən başqaları... Həşimlə Qurban topu o qədər ayaqlarında oynadırdılar ki, ona baxmaqdan ləzzət alırdıq. Ən azından hər ikisi topu ayağında beş-altı dəqiqə çiləyirdi...

Mamam oğlu Təbriz də yaxşı futbol oynayırdı. Amma mamam oğlu Tehran ondan da yaxşı futbol oynamağı bacarırdı. Təbriz mamam oğlunun bir üstünlüyü onda idi ki, çox savadlı, məntiqli və hər şeyi sübut etməyi bacaran bir uşaq idi. Yağlıvəndin qapısına 11 metrlik cərimə zərbəsi təyin olundu. O vaxtlar qapı indiki kimi dirəkdən və tordan ibarət deyildi. İki balaca daşdan ibarət futbol qapısı düzəltmişdilər. Və mən də 11 metrliyi vurdum, top o daşın üstündən keçdi. Yəni qapıdan keçmədi. Amma mamam oğlu Təbriz yağlıvəndliləri inandırdı ki, top qapıdan keçib! Bu yalana mənim özüm də inandım. Amma Allaha and olsun ki, top qapıdan keçməmişdi. O topa görə də biz Yağlıvənddə onları udduq. Hələ birinci dəfəydi ki, yağlıvəndlilər öz meydançasında 2:3 hesabıyla uduzurdular. Qurbanın da, Həşimin də, Musanın da qanı qapqara qaralmışdı. Elə bil ki, "Dinomo” Kiyev "Neftçi”yə uduzmuşdu.

"Neftçi” dedim yadıma bu komanda uduzanda mamam oğlu Təbrizin necə ağlamağı düşdü. Elə ki, "Neftçi” uduzurdu, mamam oğlu Təbrizin də qara günləri gəlirdi. Ha deyirdim ki, boş ver getsin, o da bizimlə razılaşmır, yenə komanda uduzanda oturub ağlayırdı. Mən 9 nömrə oynayırdım. O da Banişevskinin nömrəsi idi. Başımla qapıdan top keçirdiyimə görə, Mansurun oğlu Maqsud mənə Banişevski deyərdi.

... Bir dəfə stadionda məşq eləyirdik. Nəcəfin qardaşı Eldar tövşüyə-tövşüyə özünü bizə çatdırdı. Mən də məşq zamanı akrobatik hərəkətlərlə topu qapıya vururdum. Eldar da bu uşağın kim olduğunu bilmək üçün stadiona gəlibmiş. Məni görəndə sevindi. Dedi ki, maşallah, yaxşı futbol oynayırsan. Elə bildim topla bu cür davranan Yağlıvəndin uşaqlarıdı. Sən demə, qohumum Qismətin oğluymuş...

Horadizə tez-tez yarışa gedərdik. Amma bu dəfə bizim komanda deyil, kəndin yığmasıyla. Kəndin yığmasında da uşaqlıq dostlarımız: Şirxan, Həsən, Vaqif, Əbiş, Kolya oynayardılar. Horadizdə futbol oynamaq çox çətin idi. Birincisi, oyunu idarə edən hakim Yusif Horadizdən idi. İkincisi də o qədər azarkeş olurdu ki, hay-küyləri və qışqırıqları bizi "mondraja” salırdı. Yusif top qapıdan keçməyə-keçməyə onu hesaba aldı. İkincisi də 11 metrlik cərimə zərbəsi təyin etdi. Hansı ki, topa heç birimizin əli nə dəyməmiş və rəqib futbolçularını cərimə meydançasında yıxmamaışdıq. Amma noolsun ki, Yusif 11 metrlik verirdi. Topu vurdular, rəhmətlik Şirxan tutdu. Sonra oyunçular bizimlə davaya qalxdılar. Bizi yarışa aparmış Yüsür müəllim də bərk əsəbləşdi. Axır ki, hər kəs sakitləşdi, hesab 4:4 idi. Oyunun bitməsinə bir dəqiqə qalmış Şirxanın sinif yoldaşı Əbiş (biz ona Amaral deyirdik) uzaqdan vurduğu güclü zərbəylə top horadizlilərin qapısından keçdi. Yüsür müəllimin sevincdən gözləri yaşardı. Stadiona girib Əbişi bağrına basdı. Və topun vurulması ilə də oyun başa çatdı...

Məktəbə qayıdanda direktorumuz Əvəz müəllim bu çətin oyunda qələbəmizi qiymətləndirdi və bizi mükafatlandırdı. Mükafat da nə kubok idi, nə də hədiyyə: "çox sağ olun!” idi. Əvəz müəllimin "çox sağ olun”u eşitmək kubokdan da, hədiyyədən də daha qiymətli idi. Görün bizi kim tərifləyirdi: Füzulinin ən hörmətli direktorlarından və müəllimlərindən biri olan Əvəz Əliyev!

... Uşaqlıq yoldaşlarımla tez-tez görüşürəm... Təbrizlə tez-tez görüşürəm, Zülfüqarla tez-tez görüşürəm... Seyid Əsgərlə tez-tez görüşürəm... Rəfaellə tez-tez görüşürəm... Bircə görüşmədiyim Yavərdi. Qardaşı Dilavər isə bir neçə il bundan əvvəl rəhmətə gedib. Heç yadımdan çıxmaz. Bir dəfə Yağlıvəndlə futbol oynayanda Yavərin idman formasını əynindən çıxartdırıb geyindim. Dədəsi Məhərrəm kişi ona yaxşı mayka və tuman almışdı. Mən də ha dədəmə dedim ki, Puşkinin sarı maykasından və idman formasından birini də mənə al, kişi almadı. Nə isə...

... Uşaqlıq dostları heç vaxt yaddan çıxmırlar. Adını çəkdiyim o uşaqlar da mənim Bəhmənlidəki dostlarımdı. Elələri var dünyasını dəyişib. Allah onlara rəhmət eləsin! Sağ qalanlarla da kəndə gedəndə xeyirdə, şərdə görüşürük. Yazıq Rəfael ha deyir ki, bir dəfə bizə gəl, bir tikə çörək kəsək! Şükür Allaha, qapımda qoyunum, quzum, toyuğum, cücəm! Allah ürəyinə görə versin!..

... "Şirəlik”də indi də stadion var və bu stadionun dirəkləri, toru da var. Uşaqlar futbol oynayanda ötən əsrin 60-70-ci illərinə qayıdıram. Və yadıma bizim uşaqlığımız düşür... Və yadıma Puşkinin qapısına vurduğum top düşür... Yadıma mamam oğlu Təbrizin Yağlıvəndin qapısından keçməyən topu hesaba aldırmağı düşür... Və bir də yadıma böyük Vaqif Bəhmənlinin yazdığı "Mənim futbol komandam” şeirindən iki bənd düşür:


Dəyirmanla üzbəüz

Meydançamız var idi,

Bizim futbol yerimiz

Düz idi, hamar idi.


"Qol” üstündə qoyub can

Səhərdən axşamacan

Ayrılmazdı oyundan

Yanan, susayan, acan!..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK