SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: DÖZÜM

  45447   |  
Şriftin ölçüsü  

... Allah dözümlü və səbrli bəndələrini daha çox istəyir. Çünki Allahın bu bəndələri hər vaxt o böyük Yaradana sığınıblar və sığındıqlarına görə də Ulu Yaradan həmişə onları qoruyub, hifz eləyib. Adam var ki, bir balaca ayağı büdrəyəndə, bir balaca işləri düz gətirməyəndə, bir balaca çətinlik yaşayanda o dəqiqə özünü itirir və daha doğrusu, özünə qapanır, bir anlıq donub qalır. Bir başqası da çox əsəbi olanda, adi bir mübahisə zəminində bir neçə saniyə səbr edə bilmir; həm özünü, həm də qarşısındakını bədbəxt eləyir. Yəni ya bıçaqla, ya da odlu silahla vurub onu öldürür. Sonra da ömrü boyu canı türmədə çürüyür, qətlə yetirdiyi adamın ruhu isə ona heç vaxt rahatlıq vermir...

... Adi bir çətinliyə, kasıblığa və pulsuzluğa, aclığa dözməyən adam çıxış yolunu mübarizədə çalışıb-vuruşmaqda yox, intiharda görür. Bu yaxınlarda belə bir iradəsizliyin və zəifliyin şahidi olduq. Belə ki, mətbuatda bu cür xəbər yayılmışdı: "Qubadan Şabran rayonuna anası ilə gəlib fəhləlik eləyərək çörək qazanmaq istəyən bir gənc oğlan özünə qəsd edib”. Onlar hər ikisi Şabranda kirayəşin qalırmış. Oğlan da anasına deyirmiş ki, darıxma, mən işləyib ev də alacam, səni də dolandıracam! Amma o uşaq bunların heç birini eləyə bilmir, çox çətin anlar yaşayır. Bu çətinliklərə və məşəqqətlərə dözməyərək intihar etməmişdən öncə anasına məktub yazır, özünün bağışlanmağını istəyir və sonra da intihar eləyir. Bu nədən irəli gəlir? Əlbəttə, iradənin zəifliyindən və çətinliyə dözməməyindən. Əgər o gəncin dözümü möhkəm olsaydı, qəlbində və ürəyində güclü Allah sevgisi olsaydı, heç vaxt ihtihar eləməzdi. Çünki Allah-Təala intihar eləməyi da günah sayır və kimsə bu yolu tutursa, böyük günah işlətmiş olur...

Ancaq həyatın ən çətin anlarında hər gün məşəqqətlərə dözən və hətta ölümə belə qalib gələn çox dözümlü insanlar da var. Mən onlardan biri barəsində söhbət açacağam. Düzdür, onun adını və soyadını yazmayacağam. Heç bunun mənası da yoxdur. Sadəcə olaraq, o adamın xarakteri, dözümü və mübarizəsi məni həmişə təəccübləndirib və ondan nəsə öyrənməyə, əğz eləməyə çalışmışam. O demək deyil ki, söhbət açdığımız insan çox ideal adamdı. Onun da öz qüsurları, nöqsanları var. Ancaq o adamdakı həyat eşqi, gələcəyə ümid və mübarizə bəlkə də yüz min adamdan birində olur. Elə bu yazını da ona görə qələmə alıram ki, çətin vəziyyətdə olan insanlar ona baxıb intihar yolunu yox, burulğandan, çətinlikdən, qaranlıqdan çıxmağın yolunu axtarıb tapsınlar...

... O adam dağ adamıdır və o adam həm də elmlər namizədidir. Uşaqlıqdan çox çətinliklə üzləşib. Öz gücünə Azərbaycan Dövlət Universitetini bitirib. Axşam oxuyub, gündüz də tikintidə qaynaqçı işləyib. Bir sözlə, gecəsi-gündüzü olmayıb, bacısına, qardaşına arxa durub, çörək verib. Düzdür, indi onun çörəyinin duzu yoxdur. Çünki arxa durduğu qardaş, bacı onun çətin anlarında bir dəfə də olsun qapısını açmayıb...

... Dünyada həmişə iradəli insanlar keçmişə yox, gələcəyə baxırlar. Elə bu işıqla da, bu nurla da uzaqdan görünən o işığa doğru addımlayırlar. Həmin dostumuz da həyatın burulğanlarına düşüb, ağır açıq ürək əməliyyatı keçirib. Ürək əməliyyatından 5 gün sonra işə çıxıb. Müdiri də məəttəl qalıb ki, balam, sən xəstəsən, bir az istirahət eləyərdin, sonra gələrdin. Həmin adam üçün isə xəstəlik heç vaxt qorxulu olmayıb və hər şeyə üstün gəlib. Başqaları bəhanə eləyib aradan çıxanda, işlədiyi kollektivin ən ağır işini o aşırıb. Elə müdir də ona hörmətlə yanaşıb. Deyib ki, səni dəyirmanın boğazına ölü atsan da, diri çıxacaqsan. Bax, ona görə də həmişə sənə güvənirəm...

... Bir gün də oğlu çətin vəziyyətə düşür. Onda da yaxınları ondan üz döndərir. Təkcə özü quyunun dibinə düşən o uşağı bir ətək pul verib çətinlikdən xilas edir. Heç kimə ağız açıb kömək də istəmir. Hansı ki, kömək elədiyi adamlardan bu çətin anda bir səs çıxmır. Özünə çöx gözəl həyat qurur, ikimərtəbəli ev tikir, hətta qızına bu həyətdə qəşəng bir mənzil inşa edir. Gecə-gündüz yatmır, o sahədə 3-4 ev tikərək kirayəyə verir. Yəni bu adam öz zəhməti, əməyi hesabına bütün çətinliklərdən çıxmağı bacarır...

... Bir gün də müdiri ilə sözü çəpləşir. Mübahisə eləyirlər. Müdirinə deyir ki, sən elə adamsan barmağının beşini bal eləyib ağzına dürtsən də deyəcəksən ki, zəhərdi. Düz 10 il o kollektivdə işləyir. Hər ay müdirinə kənddən pay-pürüş gətirir. Bəzən bir gündə üç dəfə müdirinə pul verir. Axırda görür ki, müdiri buna dəyər vermir, ordan çıxıb gedir. Çünki müdir də kimdən xoşu gəlmirmişsə, belə bir əmrlə işdən çıxarırmış: "İşdə yol verdiyi ciddi nöqsanlara görə...”. O da müdirin qəzəbinə düçar olmamaq üçün elə üzüsulu ərizəsini yazıb işdən gedir. İşdəki danosbazlar həmişə müdirin qulağını doldururmuşlar. Müdir də pis müdir deyilmiş ey, yaxşı insan imiş! Sadəcə olaraq, ətrafındakılar oğraş gədələrmiş. Kollektivdə bir təmiz adam qalır, danosbazlar onu da gözdən salır. Və həmin adam da görür ki, onu gözdən salırlar, o da başını götürüb gedir...

... Günlərin bir günü bu dözümlü və iradəli adam əvvəl işlədiyi müdirlə bir yeməkxanada təsadüfən görüşür. O, köhnə müdirinə yaxınlaşır, hesabı ödəyir və deyir ki, müdir, Allah sənin balanı saxlasın, nə yaxşı məni işdən qovdun! Yoxsa işdə qalsaydım, bu qədər ev-eşiyi, var-dövləti, maşını necə əldə edəcəkdim. Müdür də gülüb deyir ki, ay cüvəllağı, özün ərizənlə getmisən. Bu gün də qayıtsan, səni işə götürərəm. Çünki sənin yerini heç kim verə bilmir. Bir-iki qohumumu gətirmişəm, onlar da məni gözdən salıb pul atırlar...

... Insan nəyə desən qadir olan bir canlıdır. Təki onun ürəyində və qəlbində həyat eşqi sönməsin. Bir ildir ki, həmin dözümlü və səbrli insanda sağalmaz bir xəstəlik yaranıb: böyrək xəstəliyi! İndi o, həftədə üç dəfə dializə gedir və həftədə üç dəfə ölümlə çarpışır. Deyir ki, gözümün qarşısında bəzən dializ götürən xəstə keçinib. Amma mən qətiyyən bundan qorxmuram. Alnıma nə yazılıbsa, onu da görəcəyəm. Çünki hələ heç bir canlı Allahın əmrindən çıxa bilməyib...

... Elə ki, dializdən çıxır, evə yox, birbaşa iş dalınca qaçır. O işi yoluna qoyur, bu işi qaydasına salır və sonra rahatlanır. Evə gələndə isə nəvələri qabağına qaçır. "Baba, mənim ad günümdür”. Babası da elə-belə baba deyil ha. Onların hədiyyəsini öncədən hazırlayır. Qiymətli bir şey alır, sonra da restorana aparır və nəvələrinə qonaqlıq verir...

... Evdə həyat yoldaşı da xəstədir. Ona da arxa durub kömək edir və deyir ki, mənim yanımda xəstəlikdən danışmayın. Durun gedək sizə bir qonaqlıq verim. Canı ağrıya-ağrıya ailəsini, balalarını, nəvələrini götürüb aparır Batumiyə. Təbiətin qoynunda, gözəl yerlərdə onlara qonaqlıq verir. Qabaqlar sevdiyi bir xanım da vardı, onu da götürüb aparırdı Batumiyə, Türkiyəyə, Yesintukiyə, Kislovodskiyə. Orda o ki, var kef eləyiblər. Deyirəm a zalım oğlu zalım, birdən arvad bildi, sənin dərinə saman təpməz? O da gülür və deyir ki, biz qardaşların onsuz da iki arvadları olur. Onlar hər şeyə öyrəşiblər. Evdə hamı da bilirdi ki, mən o qadınla oturub-dururam...

Bəzən də deyir ki, vallah, bu xəstəlik yox, tamah məni öldürəcək. Elə istəyirəm ki, bu daşı o daşın üstünə qoyam, bir şey tikəm. Mənim qazandığım pulların hamısı daşa, sementə gedib. Amma mənim bir dostum var, o gün hesablamışam ki, pullarının sayı 300 min dollardı. Bu bəlkə də bir zarafatdı dostumuz danışır...

... Bir onu bilirəm ki, ağır xəstəliklə mücadilə edən, hər səhər ayağa qalxan və bu ağır xəstəlikdən qorxmayan adam dünyanın ən dözümlü, ən güclü, ən möhkəm adamıdı. Bu yazını ona görə qələmə aldım ki, qoy zəif və aciz adamlar bu güclü, dözümlü adama baxıb nəticə çıxarsınlar, həyatın burulğanından çıxmağı bacarsınlar.

... Adi bir çətinliyə, sıxıntıya məruz qalan kimi intihar yolu seçməsinlər. Çünki dünya intihar edənlərin yox, mübarizə aparanların, həyat eşqi güclü olanların və dözümlü insanlarındı...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK