adalet.az header logo
  • Bakı 20°C

Xalq Cümhuriyyətinin hekayəti - “Koroğlu” operasının üvertürası

Rövşən Tahir
265276 | 2020-09-18 13:12

Yanınıza gəldim, ustad. Giley-güzarla gəldim. Gəldim ki, irs qoyub getdiyiniz musiqidə özünü göstərən özbaşınalıqlardan və sizə olan şikayətlərdən danışım. Sizə onlardan umu-küsü edib ötən əsrə nəzər salım deyə burdayam, ustad. Sizi sizin dilinizlə danışdırmaq üçün burdayam. Nailə xanım Mirməmmədlinin bayağı ifaçılara üsyan edib “Üzeyir bəyin əziyyətlərini yerə vura bilmərik, günahdır” fikrini çatdırmaq üçün burdayam.

Muğamlarımızı dinləyən gənclər çox azdır”

-Həqiqətən, niyə sizin əziyyətlərinizi yerə vururlar?

-Suala cavab vermək mənə o qədər ağır gəlir ki. İnsanlarımız muğamlarımızı dinləmir, operalarımızdan xəbərdar deyil. Ötən əsrdə yazdığım “Leyli və Məcnun”, “Koroğlu”  kimi operalara gedib baxan insanların sayı azdır. Hətta sual versəniz ki, onların yazılma tarixini bilirsinizmi? Çoxu nəinki yazılma tarixini, heç müəllifini də bilməyəcək. Ötən əsrdə insanlar incəsənətdən, mədəniyyətdən xəbərdar idilər. İndi isə vəziyyət tamam başqadır.

-İnsanların zövqləri korlanıb, deyirsiniz...

-Bəli, elədir ki, var. Muğamlarımızı dinləyən gənclər çox azdır. Mən ötən əsrə nəzər salanda hansı çətinliklərlə onları kitab halına saldığımı xatırlayıram. Düşünməzdim ki, bu gün Azərbaycan ladının üzərində yazılmayan musiqilər öndə olacaq.

-Üzeyir bəy, günah kimlərdədir?

-Günah, təbii ki, siz, jurnalistlərin çoxunda. Bu gün onları xalqa təqdim edən sizsiniz. Niyə axı Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov kimi insanlar tez-tez xatırlanmır? Niyə axı efirlərimizi onların gözəl bəstələri bəzəmir? Günah efirlərdə və siz, mətbuat nümayəndələrindədir. Bu yaxınlarda Habil Əliyevin anım günü idi. Niyə axı efirlərimiz onu yüksək şəkildə təbliğ etmədi? Efirlərimiz toy müğənniləri ilə doludur. Mən günahı sizdə görürəm.

-Bu barədə danışmaq mənə çox çətindir. Əslində günah bilinmir ki, kimdədir. Özlüyündə haqlı olaraq jurnalistlər deyirlər ki, kütlənin də marağı o toy müğənnilərinədir...

-İnsanlar onlara nə verirsənsə, onu da qəbul edir. Əmin olun ki, bəhbəhlə onları xalqa təqdim etməsəniz, heç kəs maraqlanmayacaq. Bilirsiniz, 20-ci əsrin əvvəllərində sizin dediyiniz o televiziya da yox idi. İnsanlarımız əsərləri radiodan dinləyirdilər. Daha sonra televiziya yarandı. Sizə deyim ki, özəl televiziya kanalları açılana qədər incəsənətimiz yaşayırdı. Lakin 2000-ci illərdə özəl kanallarımız nəyəsə görə şou-biznes adlanan bir toplumu xalqa sırımağa başladı. Belə-belə korlandı insanların zövqləri.

-Yəni o zövqləri heç cürə düzəltmək olmazmı?

-Bilirsən, oğul, əlbəttə ki, olar. Bir az öncə də dedim, insanlara nə verisənsə, onu da qəbul edirlər. İncəsənətimizin, mədəniyyətimizin görkəmli nümayəndələrini, onların əsərlərini təbliğ etməklə yaxşı işlər görmək olar.

““Koroğlu” operasının üvertürası Azərbaycan Xalq Cümhuriyyətinin hekayətidir

-O zaman sizin kimi görkəmli sənətkarın yaradıcılığından söhbət açaq. Operalarınızdan danışaq...

-Mən xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq üçün Azərbaycan dilində operalar yazmaq qərarına gəldim. Təbii ki, bu işdə mənə Zülfüqar Hacıbəyov, Ceyhun Hacıbəyli, Hüseynqulu Sarabski, Əbdürrəhim bəy Haqverdiyev və başqaları kömək etdilər. 1908-ci ildə Hacı Zeynalabdin Tağıyevin teatrında “Leyli və Məcnun” operam səhnələşdirildi. Bununla da nəinki Azərbaycanda, bütün müsəlman şərqində opera sənətinin əsası qoyuldu. Tamaşaya quruluşu Hüseyn Ərəblinski verdi. Daha sonra 1937-ci ildə “Koroğlu” operasını yazdım və 1937-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında bu opera səhnəyə qoyuldu. Mən “Koroğlu” operasını yaradıcılığımın zirvəsi hesab edirəm. “Koroğlu” operasının üvertürası Azərbaycan Xalq Cümhuriyyətinin hekayətidir. Bax mən onu hiss edərək, duyaraq yazmışam.

-Tamaşaya baxmağa gələn insanlar gözümdə canlandı. Əfsuslar olsun ki, mən həmin dövrdə yaşamamışam, ilk dəfə operanı görmək qismət olmayıb...

-Düşünün, premyera gedir, tamaşaçılar intizar içindədir. Yavaş-yavaş pərdə qalxır və musiqi sədaları altında səhnə mənzərələri canlanır. Çənlibel, Qıratın şaxə qalxması...Bu opera zəngin və mürəkkəb simfonik quruluşa malikdir. Milli musiqi alətlərimizlə Avropa musiqi alətlərinin olması, bu alətlərdən ərsəyə gələn, qəhrəmanlıq səhnələri ilə zəngin musiqi nömrələri operanın ecazkarlığını təsdiq edir. Yaradıcılığımda “Koroğlu” operasının tamam başqa yeri var.

-Müsəlman şərqində ilk operetta da sizin adınızla bağlıdır. “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi operettalarınız dillər əzbəridir. Onlara da nəzər salaq...

-İlk musiqili komediyam 3 pərdədən ibarət “Ər və arvad” olub. Daha sonra “O olmasın, bu olsun”u yazmışam. Onun ardınca isə “Arşın mal alan” operettasını. “O olmasın, bu olsun” operettasında səsləndirilən və Məşədi İbadın ilkin xarakteristikasını verən “Mən nə qədər, nə qədər qoca olsam da” mahnısı ifrat mübaliğənin ifadəsidir. “Arşın mal alan” musiqili komediyasında isə inqilabdan əvvəlki Azərbaycan məişətini, adət-ənənələrini çatdırmaq istəmişəm.

-Üzeyir bəy, siz Azərbaycan mədəniyyətində, musiqisində unudulmaz şəxsiyyətsiniz. Nə yaxşı ki, musiqi tariximizdə sizin imzanız var və nə yaxşı ki də sizin adınızın altında mənim imzam olacaq. Doğum gününüz mübarək və ruhunuz şad olsun, ustad!

Rövşən Tahir

TƏQVİM / ARXİV