adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Oktyabr 2020 10:14
76554
GÜNDƏM
A- A+

ATƏŞKƏS – DAHA NEÇƏ İL?

Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 8-də Cenevrədə Minsk qrupunun həmsədrləriylə görüş keçirdi. Bu görüşün məqsədi və nəticələri barədə nə yerli, nə də xarici mətbuatda, demək olar ki, düz-əməlli bir informasiya verilmədi. Həmsədrlərdən kimin orda iştirak edib-etməməsi də qaranlıq qaldı. Görüşdən əvvəl Fransanın xarici işlər naziri Jan-İv Le Drian tərəflərin ayın 12-də tərəflərin Moskvada görüşəcəklərini bildirdi, Ermənistan XİN-in mətbuat katibi A. Nağdalyanın hazırkı məqamda rəsmi Yerevanın xarici işlər nazirlərinin görüşü məsələsini nəzərdən keçirmədiyini söylədi, görüşdən sonra isə C. Bayramovun həmsədrləri vəziyyətlə məlumatlandırması barədə bir cümləlik açıqlaması oldu. Vəssalam.

Bu məlumatlarda ən maraqlı məqam əvvəlki iki açıqlamadır. Necə oldu ki, ayın 12-ə nəzərdə tutulan Moskva görüşü tez-tələsik iki gün irəli çəkildi və rəsmi Yerevan qəfil xarici işlər nazirlərinin görüşünü “nəzərdən keçirməyə” başladı. Cavab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldan azad edilməsi tək rəsmi Yerevanın yox, həm də onun havadarlarının canına elə bir vəlvələ saldı ki, əks-hücum əməliyyatları başlayandan bəri özünə xas olmayan səbr və təmkin nümayiş etdirən Putin müdrik susqunluğunu pozmağa məcbur oldu. Bir neçə gün əvvəl zənglərini cavabsız qoyduğu azmış kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirməklə gülünc vəziyyətə saldığı Paşinyanı qandırdı ki, nə qədər sağa-sola hoppansa da başındakı noxtanın ucu onun əlindədir. Aprel döyüşlərinə dərhal reaksiya verən Kremlin bu dəfəki ləngliyinin səbəbi də məhz hərəkətləri kimi danışıqları da günbəgün əndazəsini aşan bu cığal uşağa yerini göstərmək idi.

Fransalı nazirin Moskva görüşünün anonsunu təmtəraqla elan elməsi isə ayrı bir məzhəkədir. Bu məzhəkənin mahiyyətini cözmədən əvvəl Moskva görüşünün artıq ictimaiyyətə bəlli olan nəticələrinə qısa da olsa nəzər salmaq lazımdır.

On saatdan artıq çəkən həmin danışıqlardan sonra keçirilməsi nəzərdə tutulan mətbuat konfransının yalnız yekun sənədin oxunmasıyla əvəz olunması təkcə yorğunluq əlaməti deyildi. Həmin sənədi oxuyan Lavrovun sifətində yorğunluqdan çox məmnunluq ifadəsi sezilirdi.

Danışıqların detalları barədə ictimaiyyətə heç bir məlumatın verilməməsinə görə onun necə keçirilməsi barədə konkret söz söyləmək çətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə əksini tapan müddəalara qalır. Həmin müddəaları bir daha bənd-bənd xatırlayaq:

-2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
- Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

- Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Birinci bənd əslində ordumuzun mütləq üstünlüyü ilə keçirilən hərbi əməliyyatları cilovlamaq cəhdindən başqa bir şey deyil. İkinci bəndə gəlincə həmin parametrlərin nədən ibarət olmasının özü çox yayğın anlayışdır, qaldı ki, onun razılaşdırılması olsun. Bunun dəqiq və konkret mexanizmini heç Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin özünə də məlum deyil.Odur ki, “parametrlərin müəyyənləşdirilməsi” prosesinin üç gün, beş gün, yoxsa atəşkəs rejiminin özü kimi illərlə çəkəcəyini heç kim bəri başdan söyləyə bilməz.

Azərbaycan xalqının başının altına yastıq qoymaq, işğal faktını uzatmaqla unutdurmaq yoluyla onu legitimləşdirmək məqsədi daşıyan son iki müddəanı isə Minski qrupu yarandığı gündən indiyə kimi tutuquşu kimi təkrarlayır. Hələ 1994-cü ildə imzalanan deklarativ xarakterli Bişkek protokulu və ondan bir neçə gün sonra Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri tərəfindən bağlanmış atəşkəs sazişi də yuxarı-aşağı həmin prinsiplərə əsaslanırdı. Yeganə yenilik yalnız bu “substansiv danışıqlar” kəlməsindədir ki, bunu da Elmar Məmmədyarovun qulaqlarının cingildəməməsi xətrinə dilimizə gətirə bilmirik.

Moskva görüşünü izləyən jurnalistlərin yazdığına görə C. Bayramov bir neçə dəfə danışıqlar gedən otağı tərk edib və onu müşayət edən maşın karvanı Rusiya XİN-in binasından uzaqlaşıb. Mediya nümayəndələri bunu nazirin görüşü yarımçıq tərk etməsi kimi qiymətləndirsələr də, sonradan yanıldıqlarını başa düşüb, onun rəsmi Bakıyla məsləhətləşmələr üçün səfirliyimizə getdiyi məlum olub. Görünür, səfirliklərdə qoruyucu kommunikasiya vasitələrinin olduğu üçün məsləhətləşmələrinin ordan aparılması məqsədəuyğun sayılıb. Hərçənd, indiki hüdudsuz texniki imkankar dövründə nəinki kiçik dövlətlərin, hətta dünyaya meydan oxuyan supergüclərin səfirlikliklərinin də informasiya təhlükəsizliyindən danışmaq, sadəcə, absurddur. Odur ki, nazirin bir neçə dəfə görüş yerindən uzaqlaşması barədə jurnalistlərin ehtimallarını qəribçiliyə də salmaq olmaz.

Mnasakanyana gəlincə, yenə də həm nazirliyin içində, həm də çölündə “keşik çəkən” jurnalistlərin dediyinə görə o bir dəfə də olsa nəinki XİN-in binasını, heç görüş otağını da tərk etməyib. Səbəb çox sadədir. Baş məsləhətçinin dizinin dibində oturmuşkən daha kiminlə məsləhətləşməliydi ki?!

Moskva görüşündə əldə olunmuş razılıq əslində elə ststus-kvoya qayıdışdır. Görüşün gecə yarısına qədər uzanması, heç şübhəsiz, Azərbaycan tərəfinin yeni təklifləri və bu təkliflərin qəbul olunması üçün göstərdiyi dirənişlə bağlı olub. Yekun sənəddə heç bir yeni müddəanın olmaması göstərir ki, həmin təkliflərin heç biri qəbul olunmayıb. Bir sözlə, belə getsə, qarşıda bizi yenidən Madrid prinsipləri deyilən sənədin ətrafında bitmək bilməyən söhbətlər, uzun-uzadı get-gəllər, yeknəsək, yorucu danışıqlar, standart ifadələrdən ibarət bir neçə kəlməlik bəyanatlardan ibarət uzun bir dövr gözləyir.

Minsk qrupu 30 ilə yaxındır ki, bu münaqişənin cözülməsi yolunda heç bir irəliləyişə nail olmayıb. Bu müddət ərzində onun üç həmsədr ölkəsinin ikisi büsbütün, birisə qismən münaqişə subyektlərindən birinin, konkret olaraq Ermənistanın tərəfində durub. Makronun son açıqlamasından sonrasa Fransa münaqişənin arbitri rolunu oynamaq üçün öz legitimliyini tam olaraq itirdi. Demokrat Makronun bu cür həyasız ritorikasını və ağ yalanlarını dilə gətirməyi heç diktator Putin də özünə rəva görə bilməzdi. Onun davranışları Şuşada yallı gedən Paşinyanın davranışlarından daha çox təhqiramiz idi. Odur ki, Fransanın həmsədr olaraq bu prosesdə iştirakı artıq mümkünsüzdür və rəsmi Bakı bununla heç cür razılaşmamalıdır.

Ümumiyyətlə, bu qrup artıq öz missiyasını başa vurmuş ölü bir quruma çevrildiyi üçün artıq tarixin arxivinə qovuşmalıdır. Nizamlama birmənalı şəkildə aqressorun tərəfindən çıxış edən həmin üçlüyün inhisarından çıxarılmalı, hazırkı mərhələdə daha cəlbedici görünən, regional oyunçulara, konkret olaraq Rusiya və Türkiyəyə həvalə edilməlidir. Yalnız bu halda danışıqların real nəticələr verəcəyinə ümid bəsləmək olar. Elə həmsədrlərin Ermənistanın saya salmadığı son Cenevrə görüşünün keçirildiyi bir vaxtda Fransa xarici işlər nazirinin ümidlərini Moskvadakı görüşə bağlaması və həmin görüşün anonsunu verməsi də Minsk qrupunun artıq lazımsız quruma çevrildiyinin dolayısı etirafından başqa bir şey deyildi. Kremlin görüşün vaxtı barədə ona yanlış məlumat verməsisə başqa bir diplomatik gediş idi. 

M. Məmmədov

P.S. Gəncə şəhərindəki yaşayış binasının Ermənistan ərazizindən atılan raketlə dağıdılması nəticəsində onlarla mülki şəxsin həyatlarını itirməsi və yaralanması ermənilərin xalqımıza qarşı törətdiyi növbəti qətliamdır. Bu vandalizm aktı Moskvada bağlanmış Atəşkəs sazişini mənasız bir kağız parçasına çevirdiyi üçün rəsmi Bakının həmin sazişdən çıxmağa tam hüquqi və mənəvi haqqı var.