BU TORPAĞIN DAŞLARI
Bu torpağın hər daşında açılmamış sirr,
Nəsillərdən nəsillərə çatan səs, soraq.
Bu torpağın daşları da ürək kimidir,
Qoy əlini, daş qəlbində döyüntüyə bax.
Qarış-qarış, addım-addım, dur, gəz elləri,
Aç gözünü, gözlərinə zülmət enibdir.
Görəcəksən, neçə yerdə el gözəlləri
Yad baxışdan, bəd nəzərdən daşa dönübdür.
Bu qız-oğlan keçə bilməz düşmən cənginə,
Bu iki daş bir-birini, gör, necə qucub!
Bu daş quyu, bu daş zindan, bu daş məngənə
Bəlkə elə Xaqaninin ahından uçub...
Oxu görüm, daş kitabdır daş sərdabələr,
Bu naxışlar, bu yazılar - əllərin odu.
Daş kurqanlar, qalaq daşlar, bu daş təpələr
Hələ dinmir... Öz içində səsini udub...
Səslə görüm, bəlkə səda qopdu bu daşdan,
Səslə görüm, bu daşların dili lal deyil.
Səslə görüm, bu tava daş dinsin yavaşdan,
Qaval daşdır, toxun ona, ötəcək dil-dil.
Bax, bu döşdə üzü qara yad daşlar da var,
Bu yad daşlar burda qalan düşmən başları.
Dərsimizi tez unudan yaddaşlar da var,
"Sənin-mənim” əhvalatı burdan başlanır.
Bu torpağın daşlarında ilahi od var,
Bu torpağın daşlarına yad daş qarışmaz.
Düşmən ilə barışmazdır bu daş, bu divar,
Mən barışsam, sən barışsan...
Daşlar, barışmaz!
Daşlardakı yaraları ovub-eşmədim,
Əzizlədim ocaqdakı bişən daşları.
Ömrüm boyu baş sındırdım, başa düşmədim
Yük əyəndə qürbət elə düşən daşları.
Bu torpağın daşlarında Babək yarası,
Bu torpağın daşlarında ürək qanı var.
Daş körpülər Araz üstə ürək yarası
Daşların da daş harayı, daş tufanı var.
Nə qədərdir - bu daşları hesabla, sana,
Babaların sapandında hər biri - batman.
Bu daşların xırdasını götür ovcuna,
Köksünə sıx, vızıldadıb uzağa atma.
Bu torpağın hər daşında açılmamış sirr,
Nəsillərdən nəsillərə çatan səs, soraq.
Bu torpağın daşları da ürək kimidir,
Qoy əlini, daş qəlbində döyüntüyə bax.
BU TORPAĞI QORUMASAM
Tez-tez demə: yanğılıyam, teşnəyəm,
Yad deyiləm, səni başa düşməyəm.
Savalanda şaqqıldayan çeşməyəm,
Dizini bük, ovuc-ovuc iç məni.
Bulud ötə, gərək torpaq Gün görə,
Acıq verib namərdlərə, son kərə
Səttərxanla girməliydim səngərə
Hayıf, anam doğdu bir az gec məni.
Azadlıqdır hər öyüdüm, tərbiyəm,
Azadlığın nişanıyam, gerbiyəm.
Araz üstə mamırlanmış körpüyəm,
Qeyrətin var, gəl, addımla, keç məni.
Yalan bitməz, Haqq gərəkdir bu ərzə,
Haqq sözümdür, bax, bu imzam, bu ərzəm,
Yolun üstə tikan kimi göyərsəm,
Oraq götür, dəryaz götür, biç məni.
Bu dünyadan ayrılmaram bu qəmlə...
Başlananda son çarpışma, son həmlə,
Bu torpağı qorumasam sinəmlə,
Bu torpağa gömməsinlər heç məni.
HAYQIRIŞ
Vətən- bizim köksümüz,
Vətən-qaynar sinəmiz.
İgid əsgər, can oğul,
Güvənirik sənə biz.
Vətən-sənin anandır,
Vətən-mənim anamdır.
Sənin zəfər yürüşün
Haqq yoluna inamdır.
Parçalanmış Vətəni
Bütöv görmək şərəfdir.
Vətən sənin əlinlə
Bir çözülən kələfdir.
Yaralanmış yurdlara
Məlhəm sənin izindir.
Yürü ha, ana qurban,
Qarabağ Azəristan,
Azəristan bizimdir.
Haydı! Həsrətliləri
Yurd-yuvaya qovuşdur.
Sənə dastan borcluyam,
Bu hələ şeir deyil,
İçimdən hayqırışdır!
AĞASƏFA
Xızı, Qarabulaq kəndi