SON DƏQİQƏ:

QƏLƏBƏ GƏTİRƏN PAYIZ

  31304   |  
Şriftin ölçüsü  

Bu, bir ovqat şeiridi

 

Üz-üzə oturmuşuq. Əslində bu, üz-üzə otrumaqdan daha çox bir-birinin içinə bələd olan iki dostun sözü ortaya qoyub onun dağı arana çəkməsidir. Yəni hər görüşümüzdə olduğu kimi, indi də SÖZdən danışırıq... onun dünənini, bu gününü, sabahını duyduğumuz və arzuladığımız formada öz ələyimizdən keçiririk.

Yəni siz də xatırlayırsiniz, mən də həmin bu söhbətin bir hissəsini sizə təqdim etmişdim. Təqribən bir ay öncə Kəramətlə etdiyim söhbətin bir hissəsini sizinlə bölüşərkən vurğulamışdım ki, xeyli çəkən söhbətimiz sözün dörd tərəfinə uzanıb getmiş və bir az pərakəndəlik yaranmışdı. Amma əslində bu, pərakəndəlikdən daha çox açıq bir şəkildə Kəramətdən qoparmaq istədiyim fikirlərdən məqamlar, fraqmentlərdi. İndi o fraqmentlərin oxucusu olmağa dəvət edirəm sizi. Beləliklə:

- Kəramət, sən mütaliəyə önəm verdiyini və hər bir yeni əsərdə yeni nələrsə axtardığını söylədin. Bir de görüm, axtardıqlarını tapa bilirsən?

- Birbaşa deyim ki, hər zaman istəyim çin olmur. Kitabın görkəmi, tərtibatı, hətta müəllifə olan böyük simpatyam bəzən təəssüf doğurur. Öz-özümə deyirəm ki, əgər yaza bilmirsənsə, deməyə sözün yoxdursa, bu pulunu niyə göyə sovurursan? Niyə kağız parçası edirsən? Onun əvəzinə özünə, ailənə, dostlarına faydalı bir iş görərsən. Yəni pulunu onlara xərcləyib bilərsən ki, nəyəsə nail oldun. Heyf ki, biz bəzən söz imkanımızı nəzərə almırıq, hesablamırıq. Sanki kitab müəllifi olmaq “şair” olmaq bir sosializm yarışıdı. Bacaran da, bacarmayan da, sözü olan da, olmayan da meydandadı.

- Məncə bu çoxluğun bir müsbət tərəfi də var: o da seçim etmək, ələmək fürsəti vermək tərəfidir...

- Olsun. Amma oxucu da yazıqdı axı. Gərək vaxtını, enerjisini sərf eləyib o kitabları vərəqləyə və görə ki, kim kimdi?! Kimin sözü hara qədərdi! Bu mənada mən çoxluğun, yəni kitab bolluğunun tərəfdarı deyiləm. Amma o da bir gerçəkdi ki, əl-Həzrət zaman ən böyük hakimdi.

- Kəramət, sənin söylədiklərinə istinad etsəm, onda bir şeirini xatırlamalı oluram. Özün yazmısan ki, “Ömür yorulub”. Onda belə çıxır ki, yaşlaşmısan, yaşamaqdan yorulmusan...

- Xatırladım o şeiri. Tənqidçi dostum Nadir Adiloğlunun  tez-tez işlətdiyi “Yaman yorulmuşam, oğlan” sözləri günlərin bir günü  içimi tərpətdi. Çünki Nadir Adiloğlu mənim üçün ölmədi, sadəcə, yoruldu. Və mən də yazdım:

 

Ölülər şaqqanaq çəkər ölümə.

Bu qocalmayan qoca kişi,

Dustaqlar təzə dustağı

Necə sevirsə,

Eləcə sevindilər

...xəbərin çatınca.

 

Adam belə içər ölümü,

Ləzzətlə, qurtum-qurtum

Hərdən damcılayar dodaqlarından.

 

Şahlar da sınıb oturar,

Oturar şahlıq taxtında.

Qəbrin dikinə qazılsın

Sınıb əyilməyən kişi,

Torpağın sınıq vaxtında.

 

Xəzəl adamları külək gəzdirir.

Gözləriniz indən belə

Yaşıl yarpaq gəzəcək.

Budağa qonmaqdan qorxan quşları

Qara torpaq çəkəcək.

 

Bu şeirimlə Nadir Adiloğluna etiraf etdim ki, adamlar ölmürlər, yorulurlar. Söhbət o adamlardan gedir ki, onlar öz sahələrində gərəklidilər, işıqdılar, öndədilər və ən vacibi dipdiridilər. Yəni sadəcə, ayaq üstündə durub nəfəs almırlar, dipdiri olmaqla Vətənə də, cəmiyyətə də, hər kəsə faydalıdılar. Bax, bu mənada mən də özümü artıq yorulanların sırasında görürəm.

- Zənnimcə, bu məqamda bir az tələsirsən. Çünki sən özün bir şəxsiyyət olaraq, həm də bir şair olaraq  hər zaman öz nöqtəndə və öz yerində görünürsən, axtarılırsan. Bu da o deməkdir ki, ədəbiyyatda Kəramət hələ çox gərək olacaq, hələ çox aranıb-axtarılacaqdı, yeri görünən adam kimi.

- Təşəkkür edirəm. Bu bir dost qəlbinin ifadəsidi. Lakin elə gerçəkliklər var ki, onu biz müəyyənləşdirmirik. Bax, bu mənada barəmdə dediyin xoş ifadələri, səmimi fikriləri zamanın ixtiyarına verək. Çünki  zaman ən böyük hakimdi.

- Başa düşürəm. Odur  ki, sən deyən olsun. Lakin  sən tez-tez vurğulayırsan ki, bir ağac əkməyən, bir koma tikməyən, ortaya bir söz qoymayan elə böyük iddialarla adamın üstünə gəlir ki, heyrətlənirsən...

- Hə, mən demişəm bunu. Hətta Türkiyədə, ədəbi camidə söhbət düşəndə demişəm ki, əlimdə bir şey yoxdu gözümə soxmağa. Amma elə danışırsan, sanki bütün ədəbiyyat sənin çiynindədi. Öncə əlindəkini, yəni yazdığını göstər mənə, sonra iddialarını sərgilə. Çünki ortaya qoyulan faktdı. Bax, Bakıya nəzər salaq. Hələ də İçərişəhərə tərəf yolu düşən hər kəs köhnə binaların qarşısından keçəndə xatırlayır ki, bu binanı kim tikdirib, kimə aid olubdu. Bu mənada boş-boş danışnıb zəhlə tökməkdən, qıcıq yaratmaqdandısa, başını  aşağı salıb istedadın, qabiliyyətin səviyyəsində ortaya əsər qoymalısan. Mən həmişə bunu istəmişəm, bunun tərəfdarı olmuşam.

- Kəramət, sənin bir şeirin də var. Adı “Əyri düzgün”dü. Yəqin elə indicə söylədiyin fikirlərdən doğulub  o şeir. Yazmısan ki:

 

Torpağa baxdıqca

əyilir başdaşları.

Günaha batdıqca əyilir adam.

Məni düz saxladı dar ağacları,

Bir qızıl güllənin haqladığı yer.

Sınmağa qoymadı yazdığım şeir.

 

Xıncım-xıncım olub gedərdim yoxsa,

Qoymadı uşaqlar, dedilər: “Şax dur!”.

Allahın əmrindən çıxıb gedirəm,

Mən uşaq əmrindən çıxa bilmirəm.

 

Əyriyə tutulub qonur gözlərim,

Əyricə güzgüdür gözlərin indi.

Dünya adamısan, özünə baxma.

Özünə-sözünə baxıb gülərsən,

Ya da ki, çırparsan bir əyri daşı,

Qonur gözlərimə - əyri güzgüyə.

 

Əyilir, əyilir bu Yer kürəsi

Üstündə ağacı, quşu əyilir.

Birini qulağı, birini gözü,

Yüzünün, mininin işi əyilir.

 

Bu dünya əyriyə öyrəşib, vallah

Düz adam görüncə,

Xortlayıb gələni görür elə bil.

Güzgü önündəyəm, kimdi bu adam,

Səhərdən sözümə gülür elə bil.

 

- Xatırlatdın mənə  bu şeirin yazılma məqamını. Həqiqətən həyatda elə anlar olur ki, güzgüyə təkrar-təkrar baxmalısan. Təbii ki, burda söhbət məcazi güzgüdən gedir. Yəni özün-özünə baxmalısan, özün-özünə içində bir dar ağacı qurmalısan. Və ordan özünü asanda kiminsə təəssüfləndiyini duysan, deməli, onda sən gərəklisən. Amma bir səs, bir hənir hiss etməsən, deməli, ya yolunu çaşmısan, ya yerində deyilsən, ya da artıq tükənmisən, bitmisən. Məncə bax, içimizdəki bizi göstərən güzgü labüdlükdü. Biz onunla baş-başa qalmağı bacarmalıyıq. Bax, onda biləcəyik ki, ədəbiyyatı, bütövlükdə Azərbaycan sözünü təmsil edə bilərik, yoxsa yox. Yalançı görüntü yaradan iddiaçılar, özlərini söz fədaisi sayanlar, nə bilim hansısa nələrisə yaradanlar olsa-olsa beş-üç qadının şairi ola bilər. Yəni şeir ithaf etdikləri, vəsf etdikləri qadınların. Bir az da öz ailələrinin.

- Kəramət, söz adamının dövrü olur? Bilrisən bunu niyə soruşuram? Çünki mənim də qəbul etmədiyim qeyri-ciddi bölgü var – altmışıncılar, yetmişincilər, səksənincilər və s.

- Hə, var belə bir şey. Amma mən də qəbul etmirəm bunu. Mənim üçün altmışıncılar nəslinin təmsilçisi bu gün də yazıb-yaradırsa, o həm də ikiminincilərin nümayəndəsidi. Yox, əgər altmışıncıların zamanında yazıb elə orda qalıbdısa, bu artıq missiyasını başa çatdırmaq deməkdir. Ona görə də        Nizami, Füzuli, ondan üzübəri Cavid, Səməd Vurğun, Müşfiq, Rəsul Rza bu gün də oxunursa, bu gün də onların poetik fikirləri önəmlidirsə, bunu necə hansısa dövrə, zamana sığışdırmaq olar? Bu poeziya nümunələri bütün zamanlarındı. Bax, elə bizim özümüzü aid etdikləri 80-ci illərin yaradıcılığını gözümüzün önünə gətirək. Onda görərik ki, səksənincilər bu gün də yazırlar. Deməli, bunlar səksəndə qalmayıblar, adaptasiya olublar ikiminincilərə.  Buyursunlar, kimlər iddialıdır, mən onlara bu məntiqi bir də izah edim. Qardaşım, 70-ci illərə aid etdiyiniz müəllifin bu gün ortaya qoyduğu hekayə, şeir, povest hansı çalarıyla, hansı nüanslarıyla 70-ci illərə aid olduğunu göstər. Söz, qələm 60-da da, 70-də də, bu gün də eynidi. Sadəcə, təfəkkürdə və istedadda püxtələşmə gedir  və həmin yaradıcı adamlar da öz sözlərini bu gün də ortaya qoyurlar. Bunun başqa bir yozumu yoxdur. Nəhayət, sən məni bu dövrə, zamana aid edirsənsə, onda zəhmət çək, Mirzə Fətəli Axundov ol, Üzeyir Hacıbəyov ol, Cəlil Məmmədquluzadə ol, Cavid ol, Səməd Vurğun ol və s. özün ol və sonra məndən imtina et. Bir halda ki, özün ola bilmirsən, onda yaxşısı budur elə gedib bildiyin işin qulpundan yapışasan.

- Kəramət, söhbətimizin bu yerində səndən bir cavab da istəyirəm. Ümumiyyətlə, yaradıcılıq nədir səninçün?

- Hər hansı bir işi görmək, istəyir ev tikmək olsun, şəhər salmaq olsun, yazı yazmaq, rəsm çəkmək, bir sözlə, həyatın bütün sahələrini “yaratmaq” sözüylə bağlıdır - iqtisadiyyat da, elm də, səhiyyə də, ümumiyyətlə, hər şey. Fərdlər həmin sahələri üzrə nəsə yaradır, yeni bir bina tikir, yeni bir rəsm çəkir, yeni bir şeir yazır, yeni nəsə ixtira edir. Bax, bütün bunlar Allahın özündən sonra insana lütf edib bağışladığı yaratmaq qabiliyyətidir. Mən də həmin o yaratmağın, o yaradıcılığın qulpundan tutan bir Allah bəndəsiyəm. Çalışıram ki, yaratdığın normal olsun, gərəkli olsun, sevilən olsun. Bax, bu istəyimin də bəhrəsinə təbii ki, oxucular və zaman qiymət verəcək. Elə oxucuların qiymətinin özü də yaratmaqdı. Mən belə düşünürəm.

- Kəramət, söhbətimizin bu yerində sənin bir şeirini xatırladım. Yazmısan ki:

 

Külək itik gəzəcək,

Daşacaq bu daş səbir.

Nə bu yağış kəsəcək,

Nə də qurtaracaq bu sentyabr.

 

O başı bu başa ölçdün,

Vağzal boşaldı- doldu.

Qatar da çıxıb getdi,

Bilet əlində qaldı.

 

Gözləmə otağında

Hey gözləyib qalasan.

kimsə də “getmə” demir

Sən də dönüb gələsən.

 

Külək itik gəzəcək

Daşacaq bu daş səbir.

Haçan yağış kəsəcək?

Təqvimdə

bütün aylar sentyabr.

 

Niyə məhz sentyabr?

- Bilirsən, bu bir ovqat şeiridi. Və mən o ovqatın içərisində müəyyən məqamları ifadə etməyə çalışmışam. Görünür, alınıb, ona görə diqqətimi çəkibdi. Qalsın bu şeirin daha geniş yozumu növbəti söhbətimizə...

... Bəli, indi payızdı. Bizə QƏLƏBƏ bağışlayan payız... həsrətini çəkdiyimiz yurd yerlərinə bizi qaytaran payız... Sentyabr da payızın ilk ayıdı. İnşallah, Kəramətlə bu payızın da çözümünü edərik...

 

Əbülfət Mədətoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK