adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ÖLÜMÜNƏ GÜLƏN ŞAİR - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
84543 | 2020-12-11 09:45

Esse

Yaxın oturun, bu gün çağdaş Azərbaycan ədəbiyyatının tanınan siması Nisə Bəyimdən danışacam sizə. Artıq cismən bizimlə olmayan, amma özü dediyi kimi həmişə online olan insandan. Anadan olanda atası doğulduğu ayın şərəfinə ona Marta adı vermək istəsə də nənəsinin qəti etirazı qarşısında naəlac qalır və qızın adını Nisə Bəyim qoyur. O, beş qardaşın bircə bacısıydı, atasının isə sevimli, ərköyün qızı! Qəlbinə heç kim dəyə bilməzdi, əziz-təbərrik böyüdürdü qızını. Ayla, günlə boy atır, böyüyürdü, zaman da ki, öz işində di... Orta məktəbi əla və yaxşı qiymətlərlə bitirdi, Pedoqoji institutunun filologiya fakültəsini isə fərqlənmə diplomu ilə başa vurdu. Təyinatla gəlib doğma rayonunda elə orta təhsil aldığı M.Müşviq adına məktəbdə Dil və Ədəbiyyat müəllimi kimi işə başladı. Bu məktəb onun ilk və son iş yeri oldu, ta təqaüd vaxtı çatana qədər ömrünü uşaqların təlim-tərbiyəsinə, onlara ədəbiyyatı sevdirməyə həsr etdi.

O, müəllimlikdən irəli şair idi. Şairliyi İlahi vergi adlandıran Nisə Bəyim, özü də bu müjdəni yaşının müdrikləşən vaxtında almışdı. O vaxtacan isə bir sətir də yazmamışdı. Hansı yazıçı ya şair deyəndə ki, mən uşaqlıqdan yazmağa başlamışam, təəccüblənirdi. Düz 40 yaşından açılmışdı üzünə poeziyanın sirli qapıları. Elə ona görə ilk kitabını da “İlahi Vaxt” adlandırmışdı... Özü kimi şeirləri də heç kəsə bənzəmirdi, qeyri-adi idi, hamının ağappaq gördüyü ona bam-başqa rəngdə görünə bilərdi. Ədəbiyyatın çətin və eniş-yoxuşlu yollarında uğurla addımlayır, öz sözü ilə özünə yol açırdı. Hər misrası, hər şeiri həsrət, ağrı, təklik, tənhalıq oxuyurdu amma... Narahatlıq, nigaranlıq onun dostu, yoldaşı, sirdaşı olmuşdu, şeirlərini kəlmə-kəlmə özünə pıçıldayırdı sanki..

 

Dəli qafam.., bir az uyu.., nə olur...

Düşmə dəli ürəyinin felinə...

Bir az uyu.., əlllərini uzatma..

Qoy dəyməsin həsrətlərin əlinə...

 

Bir az da anlaşılmaz idi, onu hər kəs duyub dərk edə bilmirdi. Özünə qapalı idi, daim fikir və düşüncələrində həyatını qurban verdiyi SÖZün nazını çəkdiyindən kənardan baxana ədalı, adamayovuşmaz görünürdü. Ürəyiyumşaq, həssas, incə təbiətli bu qızın içi də, çölü də əslində işıqla, nurla dolu idi. Amma əzabını da çəkirdi bunun, bəzi çiyin yoldaşları üçün də, elə ailə üzvləri üçün də bir sirr-müəmma idi. Anlamayanlar qəbul da edə bilmirdilər onu, uzaqlaşırdılar. Nisə Bəyim isə öz sevgisi, diqqəti və qayğısı ilə meydan oxuyurdu onlara...

 

Mən elə..sevgi əkdim...ürəyinə...qəlbinə..

Mən elə çiçək tökdüm...yollarının üstünə...

Araya düşən tozu ..göz yaşlarımla yudum..

Qoymadım ki, iz düşə əllərinin üstünə...

 

...Neyləyim ...göyərmədi...bir gülü də bitmədi..

Neyləyim..ürəyimin arzusu viran oldu...

Mən canımı demişdim... sənin qurbanlığına..

Mən könlümü vermişdim...əlimdə al qan oldu...

 

...Qəlbinə yaxın dostlarından idim, 20 ildən artıq idi ki, əlaqə saxlayır, tez-tez zəngləşir, imkan tapan kimi görüşür, fikir bölüşür, poeziya, yeni şeirlər və öz yaradıcılığımız ətrafında müzakirələr aparırdıq. Belə söhbətlər bizi daha da yaxınlaşdırır, zövqlərimiz, düşüncələrimiz də dostlaşırdı. O zamanlarda ona bir neçə şeir də ithaf etdim, zəng edib telefonda oxudum, çox sevindi. Bir dəfə soruşdum ki, kimləri oxuyursan? Fikirləşmədən:- özümü-dedi və gülümsədi! Bir az qəribə qəldi mənə, amma ard-arda əsərlərini çap etdirəndə səbəbi aydın oldu...

 

Həyat da xoş üzünü göstərmədi Nisə Bəyimə. Yaradıcılığı diqqət mərkəzində olsa da, yaratdığı əsərlər maraqla oxunsa da son illərdə düçar olduğu xəstəlik getdikcə özünü daha ciddiyyətilə göstərir, qazandığı uğurlarına ürəkdolusu sevinməyə imkan vermirdi. Xəstəxana, həkimlər, daimi müalicələr, qəbul etdiyi dərmanlar da artıq onun həyatının böyük bir hissəsini zəbt eləmişdi. Gündəlik qidasına çevrilən dərmanlar vardı və ən təəccüblüsü bu idi ki, o hələ də dərmanların onu sağaldacağına inanırdı... Tez-tez mənimlə məsləhətləşirdi, amma bir o qədər də interernet məkanından axtarıb xəstəliyinə aid məlumatlar oxuyur, yeni bilgilər əldə edirdi. Deyirdi:

-Bu xəstəlik elə onkolojidir, bircə adı fərqlidir, bunun da əlacı yoxdur...

Xəstəliyinə də sadiq idi, həkiminə də. Nə vaxt lazım olsa yalnız Eksperimental mərkəzə, akademik Böyükkişi Ağayevin yanına gedirdi. Müalicələr vəziyyətini azca yaxşılaşdırsa da köklü təsiri olmurdu. Belə vaxtlarında dünyadan gileylənir, üz tutub açmağa qapı axtarırdı...

Haraya üz tutum belə əliboş..

Hansı yoxluqların üstünə qaçım...

 

...Mənim tanıdığım dünya buydumu..

Məni vaxt önündə qoydu çarəsiz...

-deyə taleyindən umub-küsürdü...

Bəzən də :

Səbrimin qapısı açıq..

kim gəlir..kim gedir..

vecimə deyil!

...Aparır aparsın

Sellər Saranı...

...Hünəri var isə

gəlsin əcəl tək..

hünəri var isə..

gəlsin də.. gedək..

deyə əcəlin özünə də meydan oxuyurdu.

2019-cu ilin yazı ona yaz gətirmədi. Son illərdə onsuz da xəstəliyinin şiddətlənməsi onun fiziki olaraq xeyli zəifləməsinə səbəb olmuşdu. Səssiz-səmirsiz tək yaşadığı evinə çəkilmiş, vaxtını bütünlüklə bilgisayarın qarşısında keçirir, yazdıqlarını da dalbadal çap etdirirdi. Amma tale bunu da ona çox gördü, xəstəliyin şam kimi əritdiyi, yığıb yumağa döndərdiyi Nisə Bəyim tamamilə yatağa düşərək başqalarının köməyinə möhtac oldu. Mənə zəng vurub evdə yıxıldığını, bərk əzildiyini dedi və yanına gəlməyimi xahiş etdi, getdim... Sonra o gündən ta dünyasını dəyişənə qədər yanında oldum, iki ilə yaxın bir müddət ərzində dərd şəriki olduq, birlikdə çay içib olanlardan da danışdıq, uşaq kimi qulluğunda da dayandım... Arada vəziyyəti yaxşılaşanda körpə kimi ayaq açıb yeriməyinə sevindim, “darıxma, sağalacaqsan, Nisə” deyə ümid verdim...

Anam deyirdi ki, xəstədən hamı bezir, Allah adamı yatağa salmasın... Əlbəttə xəstəyə baxmaq insandan diqqət, qayğı, sevgi ilə yanaşı səbir də tələb edir. Bunlar dərmandan daha vacib olan hisslərdir. Gərək o qədər diqqətli olasan ki, xəstə özünü artıq hesab etməsin... O da ola həssas qadın, üstəlik də şair ürəyi!

Aşıq, çal...

“Gor” havasını...

Dəlilər düşüb oynasın...

Dirilər tutsun başını..

Ölülər ..düşüb oynasın...

 

...Gör nə günə saldın məni..

Yaram ün salıb ünnədi...

...Aşıq..çal..

“Gör “ havasını..

Bəlkə.. bir də oynamadım...

 

Nisə Bəyim insanın cismani olaraq bu dünyaya gəlməmişdən çox-çox öncəyə bağlı olduğuna əmin idi və özü dediyi kimi əfsanə və rəvayətlərə meyli də burdan qaynaqlanırdı. Həvəslə oxuduğumuz, baş verən hadisələrin real olduğuna inanmaq istədiyimiz və əslində elə real olan “ONLİNE” romanı bu düşüncələrinin məhsulu idi. Onun təfəkkür tərzi, düşüncələri hamar deyildi, elə tale yolları kimi sonluğu qeyri-müəyyən roman kimi idi. Özü də bu əsəri çox sevirdi, elə arada onun araşdırılaraq barəsində yazılmasını vacib sayır və yazılmadığından əndişələnirdi də. Allaha, Yaradanına çox bağlı və geniş məlumatlı idi, Yer və Göy aləmi haqqında, Göy cisimləri, ulduzlar, Günəş və Ay, zodiak, bürclər, insanın doğulduqu ayın, günün..., dünyaya, hadisələrə, insan taleyinə təsirini araşdırır, həm də bu barədə saatlarla geniş və ətraflı danışa bilirdi. Hərdən zarafatla : -

Mən, münəccimlərdən çox bilirəm- deyirdi və bilirdi də!

Ailə qurmamışdı, övladı yox idi, bütün sevgisini işinə, yaratdığı əsərlərə vermişdi. Ailə üzvləri üçün, doğmaları, əzizləri üçün hər fədakarlığa hazır idi...

Biz də quşlar kimi...sevmək istərik...

Yaxını, uzağı görə bilmədən...

...Olub-olacaqdan... agah olmadan...

Biri-birimizi yaralamadan...

 

...Son dəfə noyabrın 22-də zəng etdim, aramızda belə bir dialoq oldu:

-Salam, necəsən?

-Salam, çox pisəm, Şahnaz, o qədr pis ki.., nəfəsim gedir gəlmir, amma bir şeyə məətələm, Allah necə yaşadır məni..

Gəl, görüşək, elə bilirəm daha sondu, gedəcəyəm...

-Allah şəfa versin, elə demə. Gələrəm danışarıq...

Amma elə həmin axşam özü təkrar zəng edib müəyyən səbəbdən görüşü təxirə saldı...

 

Bu gecəylə bərabər

Ölən varmı,-mənə deyin..

Ölümünə

gülən varmı-mənə deyin...

...Gör dünyanın harasıdı.

nə toyudu.., nə yasıdı...

könlüm.. əcəl qapısıdı..

gələn varmı,-mənə deyin...

 

Və son...Cəmi dörd gün sonra çoxdan küsdüyü həyata gözlərini də əbədi yumdu...Öz ifadəsilə desəm “dünyanı yola salıb dalınca da su atıb ağladı...Taleyi vaxtın üzünə bağlayıb, açıq gözlərini qapadı və oyaq qalan yuxusunu qucaqladı...” Ölümünə gülüb getdi Nisə Bəyim... Var olan dünyadan gəldiyini, özünün bundan sonra da var olacağını bildiyi üçün gülüb getdi... Özündən sonraya çəkə bilənləri üçün sonsuz həsrət və oxucuları üçün isə dəyərli əsərlər qoyub getdi. Haçansa lap çoxdan, söhbətin diqqət və qayğıdan getdiyi zaman mənə söyləmişdi ki, bir dəfə ad günümdə məni təbrik edən olmadı, yada düşmədim, elə incidim ki... Gecə yuxumda Göylərin bütün ulduzları tökülüb məni təbrikə gəldi, onlar aşağı enərək başım üzərində dövrə vurub rəqs etdilər. Par-par yanan ulduzlar səmada fılanaraq bir-birindən maraqlı fiqurlar əmələ gətirir, çiçək kimi açılır, sevinir, gülümsəyir və bu sevinci mənə yansıdırdılar. Mən də onların arasında özümü elə bəxtəvər və quş kimi yüngül hiss edirdim ki!.. Onlar mənə hədiyyə də gətirmişdilər... “Ulduz Səsləri” poemasını bundan sonra yazdım...

...Xəstə yatağında ikən bir gün mənə diqqətlə baxıb: “ Məndən də yazarsan, Şahnaz..”-demişdi... Mən əminəm, siz də əmin olun, Nisə Bəyim-vaxtın fövqündə olan şair, yenə də onlinedir, ürəyiniz istədiyində elə şəxsi FB səhifəsinə daxil olub mesajınızı qoya bilərsiniz. Necə ki, indi burda mən edirəm...

Dayan hələ, şeir oxuma, dəli qız,

Yeddi qatı hikmət ilə dolu qız.

Gecə yalqız, küçə yalqız, sən yalqız...

Bəxtin gedən bu qatara otur get...

 

...Söz göndərdin həm Günəşə, həm Aya,

Əks elədi hər mağara, hər qaya.

Udacaqmı, uduzacaq bu dünya...

Gedişinlə bir zəlzələ qopar get.

 

Tərs damarı üzə çıxan baxta gül,

Min-min insan həzm eləyən vaxta gül.

Görünməyən o İlahi vaxtı bil..

Göydə səni gözləyən var, buyur get...

Öz-özünü bu dünyadan ötür get...

TƏQVİM / ARXİV