adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Aprel 2021 14:28
61292
ƏDƏBİYYAT
A- A+

Səni sevirdim, ay Zəriş! - Saffari yazır

Hərdən düşünürəm ki, meyxana bir burulğandır və mütləq ordan vaxında çıxmağı bacarmalısan. Dərvişyanə, underground həyat tərzi sona qədər getmir. Ya da gördüklərimizin təsirlərindəndir bu. Zamanla nə qədər meyxana sənətkarları köçüb getdi bu dünyadan. Məşədibabası, Bayramı, Aydını, Vüqarı..Hərəsini meyxana bir cür bədbəxt elədi..

Amma sağikən çəkilməyi bacaranlar da oldu. Vaxtında yaxşı meyxana demiş, sonradan zəlzələdən ya vəlvələdən aradan çəkilən bir xeyli kişi sənətkarlar da var ki, bəziləri unudulub, bəziləri hələ də xatırlanır, amma mən indi qadından danışmaq istəyirəm.

Meyxanaçı Zarina Buzovnalıdan...



Daim gördüyümüz, bildiyimiz, ətrafımızda olan qadın görüntüsündən uzaq bir meyxanaçı qadından.

Düzü, mən qadınları söz sənətində bir o qədər də ciddi hesab etmirəm. Hesab etmirəm deyəndə, görünən dağa nə bələdçi? Aydın məsələdir ki, Zarina da kişi həmkarlarından geri qalırdı, amma məncə, Zarinaya könüllü şəkildə məğlub olmaq çox gözəl bir hiss olardı...

Məsələn, mən Zarina ilə deyişsəm, qəsdən deməzdim. O məndən güclü də desə, zəif də..

Zarina mənim tanıdığım(qıraqdan) ən fərqli qadınlardan biridir. Düzü, qadın olaraq nadir kişinin sevə biləcəyi bi obrazı var, kişi tipi. Danışığı jarqon, hərəkəti kişi, ətrafı kişi, amma bütün bunların fonunda qadındır, qadın!

Bilmirəm bütün bunların səbəbi sürdüyü həyat tərzidir, qadınlıqdan qaçma çabasıdır, ya nədir, hər nədirsə, onu məhz bir qadın kimi də maraqlı edən budur. Yəni, ən azından mənim üçün.

Bir müsahibəsi var, jurnalistin "Zarinanın sponsuru var" sualına da məhz kişi kimi cavab verməsi, hər şey e, hər şey, adi bir gülüşü də onun qadınlığını necə də göstərir. Amma gizlədir, axı. Gizlədirdi...

Onun “kişiliyinə” o qədər gülürəm ki.. Həm xoşuma gəlir, həm zəhləm gedir, həm də belə. Baş aça bilmirəm...

Bir vaxtlar “Ağla gözəl, ağla” mahnısı ilə tanınan Zarina nə qədər xoşbəxt görünsə də, məncə, özünü bir o qədər də bədbəxt hesab edir. Əslində, hərəmiz bir cür bədbəxtik bu dünyada, bu meydanlarda, amma Zarina tamam başqa bir cür. Bunu özü də yaxşı bilir. Bilir ki, bu dünyaya bir də gəlsə, meyxanaçı Zarina Buzovnalı yox, evinin xanımı Zarina olardı, ən azından ona Zəriş deyərdi qonşular da, qohumlar da. Daha zarafatca "Zarina qardaş" yox...

Əslində, Zarinanın indiki obrazı, evinin xanımı olması, bu vaxtlar uzaq durduğu qadınlığa qayıdışdır. Yoldaşım nə desə, o, sənətimi də, özümü də ailəmə qurban edərəm deməsindən tutmuş, əvvəlki həyat tərzindən əl çəkməsinə qədər, hamısı sadiq qadın, aşiq qadın olmasından irəli gəlir.

Ümumi olaraq meyxana haqqında tənqidlərin bir çoxu ilə razıyam da. Xüsusən də təfəkkür məsələsi ilə. Məhz elə Zarinada da belədir. Yəni, mən bunu qınamıram, bu adamlar da belədir, bu cürdür. O cümlədən Zarina da. Daha çox dustaq həyatından, krimanal rejimdən meyxanalar, musiqilərlə tanınan Zarinanın buna meyl etməsinin bir səbəbi də qardaşının dustaq olması ilə bağlıdır. Elə özü də bunu müsahibədə deyir.
Oxuduğu bu cür musiqilərdə, dediyi meyxanalardan da bunu hiss etmək olar.

“Vurmuş qara zəncirləri qoluma qara bəxtim, nolar mənim də gül üzümə bir ara bəxtim"



Bəlkə də, elə özü dediyi kimi başqa Zarina, "Zəriş" olsa, hər şey daha gözəl olardı onun üçün. O da digər qadınlar kimi geyinər, bəzənərdi. Daha indi həmcinsi olan qadınlara da kişi kimi yanaşmazdı... Bəlkə də əvvəl olduğu kimi basketbolçu, yaxud da elə cüdoçu kimi qala bilsəydi, tamam fərqli olardı.

Amma onda da Zarina Buzovnalı Zarina olmazdı...

Qulağa bayağı gələn bu musiqilərin hamısı məni onun o qalın səsində, onun obrazında kədərləndirir. Mağar toylarında xırıltılı səsi, dolyası, kişi "şutkaları", zindana yönəlik musiqiləri, oğrulara həsr etdikləri, Allah aqqı, elə gülürəm, elə gülürəm... necəsə, mənə çox şirin gəlir. Mənim ona gülməyim, xoş gülüşdür. Yuxarıdan aşağı baxmaq deyil, başqa bir şeydir.

İlahi, bu qadını özündən qaçmağa niyə qoydun, axı?!

“Məni avarə tanıyırlar, bəxti qarə tanıyırlar, mən kimə neyləmişəm axı, mən yetimi qınayırlar”

Qıanayarlar da, Zarina, qınayarlar. Həyat tərzin, cəmiyyətin qadın görüntüsü, hər şey, hər şey səni qınamağa əsas verir bir az da.. Özünün də dediyin kimi, qadına aid nə varsa, səni sıxır. Açıq geyimə kişi kimi yanaşmandan tutmuş, qadınların elədiyi hərəkətlərə qədər. Düzü, mən qınamıram səni, xoşuma da gəlir. Məhz bu səndə xoşuma gəlir amma. Əminəm ki, başqasında gəlməzdi.

Mənə maraqlıdır, görəsən, Zarina necə sevir? Qadın kimi, ya kişi kimi? Zarina naz edə bilirmi? Zarina qadın kimi küsə bilirmi?
Desəm ki, Zarinaya bir vaxtlar heyranlığın kökündə gözəllik durur, yox. Zarinadan gözəllər sevmişəm mən! Qadın gözəlliyi, qadın səsi, qadın hərəkəti edən qadınları. Zarinada isə qadın görkəmindən bir qədər uzaqlıq da var.


Yadıma düşür, ilk dəfə qollarını görəndə yanımda olan dostuma demişdim ki, bax, qırıqdı, bilirəm mən, düz qoyanda əyrilik ordandı. Bunu özümün də idman, cüdo keçmişim olduğun görə bildim. Bəlkə də ikimiz də idmançı olsaq, Zarina ilə nə vaxtsa güləşə də bilərdik, bəlkə nə vaxtsa elə deyişdik də...

Zarinanı çox istəməyimin kökündə də məhz onun bir insan kimi maraqlı olması durur. Bəlkə də belə deyil, hətta nədənsə, əminəm ki, bu cür hisslərə uzaq biridir, bəlkə də gülür o belə şeylərə. Deyir, alə, bu nədi, nə gijdiyir, başın burax, alə. "Avvarə kişi"-liyi onu çox şeydən uzaq salıb..

Yəni, hər şey mən gördüyüm kimi olmaya da bilər. Amma bu, məni qətiyyən maraqlandırmır. Mən öz hisslərimə cavabdehəm, insanların mənim hisslərimə olan münasibətinə yox.

Ailə həyatı qurandan sonra əvvəli kişi Zarina, Zarina qardaş, oldu əsl qadın.

İlahi, onu dinləyəndə eşitdiyim "Yoldaşım nə desə, o, sənətim də ailəmə qurban, bu dəqiqə desə ki, toylara da getməyəksən, bitdi" kimi sözləri məni bir az da həyəcanlandırdı. Bəli, qarşımızda klassik bir aşiq Azərbaycan qadını var. Amma bunları da kişi kimi deyirdi, kişi kimi.

- Gün görməmişəm ey ulu Tanrı əzəlinnən
- Bir gün gedəcəm mən bu həyatdan əcəlinnən
- Bir fitnə ilə aldı cavanlığımı əlimnən
- Yoxdur ümidim bir də onu qaytara bəxtim...


Zarina, mən indi məhz bir qadının taleyinə vurullam. Deyəsən, mən bir az da sənin taleyinə vurulmuşdum..

Bu yazını da sənin oxuduğun mahnıları dinləyə-dinləyə yazdım, bir vəfa borcu kimi. Sənə yox, hisslərimə. Bilmirəm meyxananı tamamilə nə vaxt tərk edəcəksən, amma içindəki qadınlığın daim səninlə olmasını arzu edirəm. Dolayısı ilə, Zarina Buzovnalıya qadın xoşbəxtliyi, bir Zəriş xoşbəxtliyi arzu edirəm.

Səni sevirdim, ay Zəriş.