Aqil ABBAS: ŞƏXSİYYƏTLƏRİMİZİ GÖZDƏN SALANLAR ÖZLƏRİ GÖZDƏN  DÜŞÜRLƏR 

AQİL ABBAS
2072 | 2021-09-11 11:30

Əslində bu gün görkəmli şairimiz, dilimizin Yuzbulağı, İsa bulağı, Kəlbəcəri haraylaya-haraylaya Kəlbəcərsiz dünyasını  dəyişən, özü gedə bilməsə də  ruhu Dəli dağa, Sarıyerə, Başlıbelə gedən Məmməd Aslan haqqında  yazacaqdım. Eybi yox, qalsın gələn nömrəyə. Məmməd əminin ruhu  buna görə məndən inciməz.

Dəfələrlə bu mövzu ilə bağlı məqalələr  yazmışam, çox təəssüf ki, ciddi  yazıların   oxucusu  azdı, amma bir  mənasızın bir mənasız yazısını  oxuyan  çoxdu.  Neyləyək, milləti  belə öyrətmişik. Hətta təxminən  110 il bundan əvvəl  Yusif  Vəzir Çəminzəminli də   bu barədə yazıb. Yusif  Vəzirin  həmin məqalələrini  tezliklə həm saytımızda, həm də qəzetimizdə oxuya bilərsiniz.

Qayıdaq mövzumuza.

Deməli,  neçə illərdi Azərbaycanda özünü  bir  balaca ziyalı  sayanlar hansısa xarici fondlardan aldığı  qrantlara  görə bu xalqın tarixi,  görkəmli  şəxsləri  barədə   ağızlarını  gələni  yazırlar. Düzdür, ziyalılarımız hərdən belə yazılara öz etirazlarını  bildirirlər, amma yuxarıda dediyim kimi,  söyüşü oxuyan  çoxdu, nəinki  haqsız söyüləni  müdafiə edən.

Məsələn, bu günlərdə partiya sədri  Sərdar Cəlaloğlu yenə Babəkin əleyhinə böyük bir   müsahibə verib, xalq  şairi  Sabir  Rüstəmxanlı da buna cavab verib. Amma baxsaq görərik ki, Sərdar  Cəlaloğlunu oxuyanlar Xalq  şairinin cavabını oxumurlar.

Bizim tarixi şəxsiyyətlərimizin  başı  üzərində bir kabus  dolaşdırılmaqdadır. Və bu  kabusu SOROS  başda olmaqla,  Avropanın müəyyən təşkilatları qurublar. Bizim də bəzi ziyalılarımız bilməyərəkdən və ya  hansısa qrantların  xətrinə bu kabusa  dəstək verirlər.

Yenə   deyirəm, mən  hər zaman belələrinə  cavab vermişəm və yenə verirəm. Bilirəm, buna görə SOROS-un uşaqları, eləcə də bizim  içimizdəki  kərtənkələlər  məni söyəcəklər, eybi yox,  əlimi dəmirə  qoymuşam.

Neçə illərdi urusu, ermənisi, nemesi, amerikalısı  bizim tarixi şəxsiyyətlərimizi gözdən salmağa  çalışır, bunu  başa düşürük. Amma özümüzünküləri  başa düşmürük.

Babəki gözdən salmağa   çalışırlar, Nizamini, Nəsimini, Füzulini, şahlar  şahı  Şah İsmayıl Xətaini, Nadir şah Əfşarı, Ağa Məhəmməd şah Qacarı, Hacı Çələbi xanı, İbrahim xanı, Koroğlunu, Molla Pənah Vaqifi, Məmməd bəy Cavanşir Batmanqılıncı, gələk  yaxın  müasirlərimizə – Məmməd Əmini, Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Üzeyir bəyi, Cavid  əfəndini, Nəriman Nərimanovu, Səməd Vurğunu, Rəsul Rzanı, Nigar xanımı, Bəxtiyar Vahabzadəni, Mircəfər Bağırovu, Ulu Öndər Heydər Əliyevi, Elçibəyi, lap elə günü  bu gün İlham Əliyevi və sair və ilaxır.

Bilirsiniz niyə – yəni demək  istəyirlər ki, bu xalq böyük xalq deyil, qəhrəman  yetişdirə bilməz! Yetişdirdikləri  qəhrəmanlar da  saxtadır. İndi Sərdar Cəlaloğlu deyir ki, Babəkin  arvadı erməni olub,  uşaqları da  ermənidəndi.

Mən bu məsələyə bircə cavab vermək  istəyirəm. Demirəm  hansı tarixi  mənbəyə  söykənib və sair və ilaxır.

Nizaminin  Moskvada   yubileyi  keçirilirmiş.  Həmin vaxt  çıxış edən  bir  erməni  deyir ki,  Nizaminin   arvadı  erməni  olub.

Həmin vaxt  Azərbaycandan  bir yazıçı  erməniyə belə bir  cavab verir, çox  təəssüf ki,  həmin  yazıçının  adı  yadımdan  çıxıb, bəlkə bir dəfə də  siz əziyyət  çəkib axtarasınız o  yazıçı  kimdir?

Qalxır  ayağa  və deyir:

- Biz kimin  anasını … ki!

İndi ola bilər ki,  Babək də  kimlərinsə  anasını …

Mən də Babək haqqında  çox oxumuşam və Babəki  heç vaxt  Sovet  hökumətinin  təbliğ etdiyi kimi, İslama qarşı deyil, milli azadlıq hərəkatının  lideri  kimi  qəbul etmişəm.

İli yadımdan çıxıb,  bəlkə də  20 il olar, «Koroğlu» dastanı ilə bağlı bir kitab nəşr eləmişdilər. Orda Koroğlu, Nigar, Xan  Eyvaz çox dəhşətli  dərəcədə təhqir  olunmuşdu. Mən dərhal  bu kitabın əleyhinə  böyük bir yazı ilə  çıxış elədim. İlahi, həmin kitabın müəllifləri  redaksiyaya  necə hücum etdilərsə, elə bil Koroğlu bunların  anasının pulunu verməmişdi.

Nə isə…

Türkiyə Parlamenti belə bir  qanun  qəbul  edib: Atatürkü və ölkə prezidentini təhqir etmək olmaz. Təhqir  edənlər  cəzalanmalıdırlar.

Bəlkə bizim də Parlament belə bir  qanun qəbul eləsin ki, tarixi  şəxsiyyətlərimizi və dövlət başçısını təhqir etmək, onlara   böhtan atmaq qadağandır, əks halda, onlar  cinayət  məsuliyyətinə  cəlb olunacaqlar.

Yəqin ki, payız sessiyasında bir millət vəkili kimi bu məsələni  qaldıracam.

TƏQVİM / ARXİV