adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Noyabr 2021 12:30
1536
ƏDƏBİYYAT
A- A+

Bizim "44", Fatma Arasın Araz yanğısı və qurbanolma cəsarəti... - Şəfa Vəli yazır

"DÜŞÜNCƏ DÖNGƏLƏRİ" SİLSİLƏSİNDƏN 5-Cİ 

Noyabr nə rəngdədi? Kimsə bu sualın cavabını bilirsə, "əsrimizin Nyutonu"dur. "Özündən Amerika kəşf eləmə" sözünün arxasınca düşüb Vespuççini də xatırlayardım, amma "Kolumbun yumurtası" yolumu kəsir. Bu hiyləgərliyə tarix özü uduzub, "ağrıyan başıma niyə buz bağlayım ki?!" Elə Nyuton bəsdi... 

Mənimçün noyabr həmişə rəngsiz idi keçən ilədək. Rəngsiz fona hər gün bir rəng yaxmaq kimi dəcəlliyi də var insan ruhunun. Ki, buna şükür! Bir də keçən ilin noyabrına min şükür! Çünki keçən ildən bəri noyabr mənimçün Şuşa rəngdədir; duyğularımızın ən əlvanının, ömür fırçamızdan daman rənglərin ən parlağının ünvanıdır axı Şuşa! Belə olub həmişə-o dağların başına bir türk ağsaqqalının ilk binə daşını qoyduğu gündən! Əlvanlığın, parlaqlığın möhtəşəmliyini geyindi ömrümüz keçən ilin noyabrında. Həm də 44 günlük qəhrəmanlıq dastanının sonuna nöqtə qoyuldu o noyabrda. O "44"-ə çox yazılar yazıldı, mahnılar bəstələndi, rəsmlər çəkildi, hamısı oğul dərdimizin başına sığal çəkdi, itirdiklərimizin təsəlli ninnisi olma ümidiylə havalandı başımızdan... Bizim "44" ağrılarımızla bəslədiyimiz qürurumuzun səsinə çevrildi, uçdu, uçdu, dağ aşdı, dərə keçdi, ölkələrin sərhədlərini adladı, zamanın görünməyən qatlarına da ütü çəkdi, getdi çıxdı Adam Mitskeviçin "44"ünün yanına. 

Öz xalqını yatmış görünsə də, içindəki lava daim qaynar olan vulkana bənzədən şair ölkəsi üçün arzularını poetik qəhrəmanlarının diliylə anladırdı. Polşanın azadlığını geri gətirəcək olan qəhrəmandan bəhs edərkən deyirdi: "Qədim qəhrəmanların qanını daşıyacaq... Və adı qırx dörd olacaq!" Müxtəlif ədəbiyyatşünasların gəldiyi ümumi nəticəyə görə: "Bu şeir Polşanın müstəqillik ümidini özünə qaytarır..."

Ziqmunt Bauman özünün "Axıb gedən dünyadan 44 məktub" kitabında niyə məhz "44" rəqəminə söykəndiyini izah edərkən yazır: "Mitskeviç sayəsində 44 rəqəmi azadlığın gələcəyi gün üçün bir gözləntiyə və bir ümidə tən olub. Başqa sözlə, bu rəqəm dolaylı yolun yolçularının kompasını simvolizə edir". 

Mitskeviçin "44"ünün əkiz qardaşı bir əsr sonra doğuldu; özü də yenə tarixin çəkdiyi azadlıq sancısı nəticəsində. Bizim "44"ün kompasının əqrəbləri Qarabağı göstərirdi. Son dayanacaq isə Şuşa idi - 8 noyabrda Azərbaycan bayrağını sinəsinə taxıb qürurlanmağı da bundan idi mənəvi yüksəlişimizin simvolu olan şəhərin... 

Bizim "44" üzü Qarabağa gedirdi, amma addım səsləri Şəhriyarın misralarının əks-sədasına dönmüşdü: "Qalx ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!" Hər addımda, hər azad edilən kəndin, şəhərin adında Bütöv Azərbaycanın köks ötürməsi vardı; od nəfəsli od oğullarının özləri kimi yaddaşları da oyanmışdı, damarlarındakı qanı miras qoyanların yazdığı tarix də "Cəngi" havasıyla haya düşmüşdü. Bu havaya təkcə Azərbaycanın sərhədləri daxilindəkilər deyil, bütün dünya azərbaycanlıları qol qaldırmışdı. Bəxtiyar Vahabzadənin təbirincə, "kölgəmiz qədər yaxın olsa da, tuta bilmədiyimiz" bir qandaş əli də Arazın o tayından göyə açılmışdı. 
Hə... Bizim "44" Araz göynəyimizi də dilləndirmişdi. Özü də səs-səs, söz-söz yox, nəfəs-nəfəs, udum-udum... Biz öz Araz göynəyimizi göy əskiyə büküb ürək sandığımızın yelgörməz küncünə qoymuşduq axı... Və bu saxlancımızı zaman-zaman mahnılarla, bayatılarla dilə gətirirdik, özümüz oxuyub-özümüz ağladığımızı sanırdıq. Amma yanılırmışıq...

Mahnılarla dilə gətirdiyimiz yanğılarımızı qardaş-bacılarımız da duyurmuş, onlar da bu mahnıları dillərinə edam kəndiri edib dərdlərini asarmışlar. Bunu dəyərli Fatma Arasın "Türkülər qan damlası" kitabını oxuyanda anladım. Dönə-dönə oxudum BİZdən bəhs edilən bu kitabı. "Qubanın ağ alması"nın "İğdırın ağ alması"na döndüyü bir ayrılıqdı yanğımız... "Odlar Yurdu Azərbaycanın gələnəklərini günümüzə qədər yaşadan İğdır"ın qızıdır Fatma xanım. Soyadı Arasdır - Arazdır. İkiyə bölünən bir yurdun o tayı da Arazı qanlısı sayır, bu tayı da...Fəqət, qan-qadaya Arazın bəhanə olduğunu da yaxşı bilir. Yoxsa, "şeiri türkülərdən öyrəndim" - deyən Fatma xanım yazmazdı: 

Qanadı dəsmallar, ağıyıq bizlər,
Düşdüyün diləmi ağlarsan, Araz? 

Dildən-dilə düşən Araz deyildi, əslində... Biz idik, yanğımız idi, ayrılığımız idi... "Cənnətdən doğulduğu" söylənən Araz bizimçün elə itirilmiş cənnətə ithaf edilən ilk bayatı kimi qudsal və lənətlidir. Söyləməsən ürək, söyləsən dil yanar... Fatma xanım da bu təzadı anlayanlardandı: "Ağlım kəsəndən şeirdə, hekayədə və bayatılarda Araz çayı deyilən zaman ağrı, göz yaşı və həsrət keçib ürəyimin içindən..." Təsəllisi isə budur Fatma Arasın: "...iki ölkə arasında eşq axışı..." "Aralarından su keçmir" deyimini "eşq axışına" çevirən də qanımızın yaddaşıydı bizim "44"-də. "Arxadaş" deyə çağırıb arxamızı söykədiyimiz idi Türkiyəmiz. Arxanda daim söykənəcəyin, yeri gələndə dərdini dilləndirmədən anlayan, səni yıxılmağa qoymayan bir əbədi daşın varlığı da yaşam qədər mənalı və gözəldir!
Amma həyatın bütün gözəlliyi, mənası "kələ-kötür və hamar"lardan ibarətdir. Bir də qurbanolma cəsarətindən... Hədiyyə Şəfaqətin "Qurban" hekayəsində yaradılışın yaddaşındakı kodlardan biri açılır: "Məskən Məskən olandan bu yana Kişinin qurban verilməsi nə görülmüş, nə də eşidilmişdi. Kişi döyüşçüydü, qoruyucuydu, keşikçiydi, başçıydı, ərdi, amma Qurban deyildi..." 

Çünki... Çünki Kişi anadan elə qurbanolma cəsarəti ilə doğulur. Qadınsa...Hə... Genetik kodlaşmada "qurban" sayılan qadınsa onu özü formalaşdırır ruhunda. Bizim "44"-də də bunu gördük... Canını Vətən torpağına qatan Kişilər qurban sayılmadı, onlar "əbədi yolun yolçularına" çevrildilər. Bu yol ulu vaxtlarda bir körpənin ilk qığıltısından başlamışdı, "Azərbaycan" sözünün səs-səs böyüməsiylə bugünkü döyüş nərəsinə, qələbə hayqırtısına çevrilmişdi... Və hələ də uzanır...Keçmişindən qalanları qollarına güc edib düşmən üstünə yeriyən Kişilərin xatirələrindən dolanıb keçir, bir uşaq beşiyinin başında, bir sinif otağında, bir sevgili məktubunda, böyük iclas zallarında divardan asılmış xəritələrdə səmti göstərilir. Yerdən qalxan o yola qədəm qoymaqçün çırpınır...Bu çırpıntılarda qurbanolma cəsarətinin kül altındakı közərtisi Kişilərin baxışlarında boylanır, amma qurban qadınlar olur; bir şəhid bacısı şəkilli başdaşına baxıb "qurban olum"-deyə pıçıldayır, bir şəhid qızı telefonundakı son mesaja baxıb "qurban olaram yazdığına, ata"-deyir, bir şəhid anası "özüm də Vətənə qurbanam!" sözlərini dilinin əzbəri edir... Belə çevrilir qurbana Qadın... Belə yaradır içindəki qurbanolma cəsarətini... 

...Bizim "44" boyunca ürəyimiz hər an əsdi, bir gözümüzlə azad edilən hər qarış torpağa sevindik, bir gözümüzlə hər şəhid xəbərinə ağladıq, dilimizdəki mahnıları, bayatıları küləyə qoşub Arazın o tayına göndərdik...Müharibə bitdi, evə qayıdan şair Emin Piri feysbukda bir status yazdı:

"Müharibəyə gedəndə anam başıma xına qoydu..." 

Şəki, noyabr 2021