SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Rafiq Əzimovla

  46094   |  
Şriftin ölçüsü  

Hərəmizə zamandan bir ömür payı düşüb. Onu necə yaşamaq, nəyə həsr etmək insanın öz əlindədir. Bəzən bu seçimi talenin "ayağına yazırıq”, amma həmsöhbətimin dili ilə desək: "Elə tale də zəhmət çəkən, ömrünü işinə, sənətinə həsr edən adamları seçir”. İnsan ona biçilən zamanın bəlkə də çox hissəsini özünü tapmağa həsr edir. Amma elələri də var ki, ağlı kəsəndən kim olacağını, zamandan nə alacağını anlayır. "Ədalət”in vaxtı”nın bu qonağı ömrünü yalnız bir sənətə həsr etmiş fədailərdəndir. Qonağımızı yaxından tanıyaq:

Azərbaycanın Xalq Artisti Rafiq Əzimov – 1938-ci il, fevralın 6-da Bakıda doğulub. 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunmuş aktyor o dövrdən etibarən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır. Kinomatoqrafiyada, Dram Teatrın səhnəsində, televiziya tamaşalarında bir-birindən maraqlı onlarla rollara həyat verib. "Dağlarda döyüş” (1967), "Yeddi oğul istərəm” (1970), "Xatirələr sahili” (1972), "1001-ci qastrol” (1974),  "Arxadan vurulan zərbə” (1977), "Mən mahnı qoşuram” (1979), "İşarəni dənizdən gözləyin” (1986), "Otel otağı” (1998), "Absurdistan” (2008), "Cavad xan” (2009), "Buta” (2011) və s. filmlərdə, "Ordan-burdan”, "Göz həkimi” və başqa sevilən televiziya tamaşalarında maraqlı obrazlar yaradıb.

Bundan başqa, R.Əzimov teatr səhnəsində Sabit Rəhmanın "Toy”, "Nişanlı qız” komediyalarında, Hüseyn Cavidin "İblis”, "Şeyx Sənan”, Uilyam Şekspirin "Hamlet” və "Maqbet” faciələrində, Cəlil Məmmədquluzadənin "Anamın kitabı”, "Dəli yığıncağı” və onlarla digər tamaşalarda rol alıb.

Sənətdə qazandığı nailiyyətlərə görə R.Əzimova 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-cı ildə Xalq Artisti fəxri adı verilib. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb,  Cəfər Cabbarlı, "Qızıl Dərviş” və başqa mükafatlara layiq görülüb.

...Və Rafiq Əzimovun zaman anlayışı:  

 

"Hər bir kəsin gördüyü işi zaman gec-tez üzə çıxarır”

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zaman məhfumu onun dəyərini bilənlər üçün çox əhəmiyyətlidir. Zamanının dəyərini bilən insanlar öz işində, peşəsində yaxşının yaxşısı ola bilirlər. İnsan zamanı doğru-düzgün yaşaya bilirsə, deməli həyatda bir iz qoya biləcək. Və dürüstlük, həqiqilik insanın həyatında, fəaliyyətində qırmızı xətlə keçməlidir. Hər bir kəsin gördüyü işi zaman gec-tez üzə çıxarır. İşini layiqli tutan adamın zamanın göstərəcəklərindən qorxusu olmur. Həyatını verilmiş zaman çərçivəsində elə yaşamalısan ki, haqq dünyasına köçəndən sonra bu dünyadakı əməllərin insanların qəlbində, hafizəsində qalsın.  

Mənə gəlincə, zamanın hər bir anı mənim üçün çox qiymətlidir, ələlxüsus bu yaşda. Həyatımda, ömrümü həsr etdiyim sənətimdə hər anı dəyərləndirirəm. Çalışmışam ki, hər anımı maraqlı yaşayım.

 

"Yalnız istedadlı və bacarıqlı adamlar zamanla ayaqlaşırlar

 

– Bu zamanla ayaqlaşmaq asandırmı, kimlər bunu bacarır?

– Sırf yaradıcılıq baxımından götürəndə, zamanla ayaqlaşa bilən aktyoru tamaşaçı həmişə izləyir, onun yeni rollarını gözləyir, onu səhnələrdə, televiziya proqramlarında axtarır. Fikrimcə, yalnız istedadlı və bacarıqlı adamlar zamanla ayaqlaşırlar. Təbii ki, istedadsızların da zamandan geri qalmaq fikri yoxdur. Hətta belə bir misal var: "İstedadlılara kömək etmək lazımdır, istedadsızlar onsuz da özlərinə yol açacaqlar”. Əlbəttə, beş barmağın beşi də bir ola bilməz. Hər cür insan var. Hər kəs düşdüyü məkanda, yaşadığı zamanda əlindən gələni etməyə çalışır. Hərə öz qabiliyyətinə görə özünə yol açır. Mütləq pis və ya yaxşı insan yoxdur. Sadəcə, insanlar düşdüyü mühitə görə dəyişirlər. Buna görə də çalışıb insanlarda pisi yox, yaxşını görmək lazımdır. Hər bir mənfidə müsbət tapmaq mümkündür.

 

– Zəmanəsinin qəhrəmanları kimlərdir: seçilmişlər, ya həddindən artıq zəhmət çəkib özlərini təsdiq edənlər?

– İnsan zəhmət çəkməsə, əlbəttə hədəfinə nail ola bilməz. Elə tale də zəhmət çəkən, ömrünü işinə, sənətinə həsr edən adamları seçir. Şəxsən mən 53 ildir ki, bu teatr məbədində çalışıram. Mənim əmək kitabçamda bir iş ünvanı göstərilir – Milli Akademik Dram Teatrı. 

 

– Yorucu olmur ki, ömür boyu bir ünvanda işləmək?

– Yox! Mən bununla fəxr edirəm. Çünki burada çalışdığım bu 53 ildə elə sənətkarlar görüb onlarla işləmişəm ki, bu adamlar incəsənətdə məhz zəmanələrinin qəhrəmanları olublar. İndiki nəsil o şəxsiyyətləri filmlərdən, kitablardan tanıyır, amma qürurlanıram ki, mən onlarla çiyin-çiyinə işləmişəm. Vaxt var idi ki, bu teatra düşmək də hər oğulun işi deyildi. Mən və indi artıq xalq artisləri olmuş o vaxtkı tələbə dostlarım adını teatr, kino sənətinə qızıl hərflərlə yazdırmış dahilərlərdən dərs almışıq, onlarla bir səhnəni paylaşmışıq. İndi bu görkəmli insanlar – incəsənət fədailəri, qəhrəmanları haqqında sevə-sevə danışırıq, onları yad edirik. İtirdiyimiz o dahilər – Səməndər Rzayev, Şahmar Ələkbərov, Həsən Əbluc, Vəfa Fətullayeva, Yaşar Nuri, Səyavuş Aslan və başqaları sanki bir ulduz kimi parlayıb tez də getdilər, amma sönmədilər. Çox istərdim ki, indiki nəsil də o insanlar qədər bu sənət üçün çalışsın ki, yaddaşlarda iz qoysun, sabah onların da haqqında bu cür ürək dolusu danışsınlar. Hərdən buna nail oluruq, hərdən yox. Bəzən məndən soruşurlar, hətta gileylənirlər ki, "hanı o əvvəlki aktyor, rejissor işi, niyə indi o cür filmlər çəkilmir? Cavab verirəm ki, "Su gələn arxa bir də gələr”.

 

"Hansı zamanda doğulmusansa, o zamanla da uyğunlaşıb yaşamalısan

 

– İki fərqli zamanda yaşamısınız: sovetlər dönəmi və müstəqillik dövrü. Sizcə bir aktyora hansında yaşamaq daha rahat idi, hansı zamanə qiymətləndirə bilirdi?

– Hər dövranın gözəllikləri də olur, çətinlikləri də. Hansı zamanda doğulmusansa, o zamanla da uyğunlaşıb yaşamalısan. Mən zamandan gileylənən adam deyiləm. Nə o, nə də bu dövrdən şikayətim olmayıb. Hər iki dövrdə zamanə və onun insanları mənə dəyər verib, hörmət ediblər, bir akyor kimi əziz tutublar. Sovetlər dönəmində də yaxşı filmlərə çəkilirdim, indi də. Düzdür, o dövrlərlə müqayisədə filmlər az çəkilir, amma bu da tədricən öz həllini tapacaq. Bildiyiniz kimi film və serialların çəkilməsinə dövlət səviyyəsində qayğı göstərilir, maddi vəsait ayrılır. Bu da film sahəsinin inkişafına xidmət edəcək.

İlk filmim, əlbəttə ki, sovet dövrünə təsadüf edir. 1969-cu ildə Leninqradfilmin istehsalı olan "Mənim əziz atam” filminə 4 yaşlı oğlumla birlikdə çəkildim. Təsadüfən o filmə dəvət almışdım. Bura məşqə gələndə filmin 2-ci rejissoru mənə bu rolu oynamağı təklif etdi. Ssenarini oxudum, hətta öz obrazımla bağlı bəzi iradlarım oldu, rejissor və ssenaristlə birgə düzəlişlər etdik. Bakıda çox maraqlı, xatirələrimizdə dəriz iz buraxmış çəkilişlərimiz oldu. Oğlum da, yaşının az olmasına baxmayaraq, rolunun öhdəsindən gəlirdi. Mənim həyat yoldaşım rolunu Əminə Yusifqızı oynayırdı. Həmin filmdə Rusiyanın məşhur aktrisası Lyudmila Qurçenko da oynayırdı. O film mənə çox düşərli oldu. Ondan sonra hər il filmlərə çəkilməyə başladım. "Yeddi oğul istərəm”, "Xatirələr sahili”,  "Qızıl qab”,  "Ömrün ilk saatı”,  "Min birinci qapı”,  "Arxadan vurulan zərbə” – bu filmlərin hamısı ard-arda çəkilib. Hələ müxtəlif epizodik rolları demirəm. Hələlik sonuncu filmim gənc rejissor İlqar Nəcəfin "Buta” filmi oldu. Bu filmi 25 günün içində Şamaxıda çəkdik. Çox uğurlu film alındı, bütün dünyanı gəzdi. Avstraliyada 68 ölkə arasında 1-ci yeri tutdu, Cənubi Afrika Respublikasında Qran Pri aldı. Bundan başqa, Amerikada "Ailə mövzusunda ən yaxşı film” kateqoriyasında mükafata layiq görüldü. Əlbəttə, mənim üçün böyük fəxr idi ki, çəkildiyim film belə uğurlu alınıb.

Son illərdə çox uğurlu tamaşalarım da kifayət qədərdir. Məsələn: Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc” əsəri üzrə tamaşadakı roluma görə mən "Qızıl dərviş” mükafatı almışdım. Fəxrlə deyə bilərəm ki, Nəbi Xəzrinin "Burla xatun”unda Dədə Qorqud obrazını oynamışdım. O vaxt bu tamaşanın primyerasını ulu öndərimiz Heydər Əliyev də izləmiş, səhnə arxası öz fikirlərini bizimlə bölüşmüşdü. Dədə Qorqudun 1300 illiyi ilə əlaqədar bir çox türk respublikalarının dövlət başçıları da bu tamaşanı izləmişdilər. Tamaşa o qədər uğurlu alınmışdı ki, TÜRKSOY-un xətti ilə Başqırdıstanın Ufa şəhərində keçirilən festivalda da nümayiş olunmuş, mükafat qazanmışdı.

 

"Keçmişdə yox, indi həyatımda daha çox vaxt itkisi olur

 

– Hər bir insanın keçmişlə bağlı təəssüfləri olur. Xüsusilə itirdiyi vaxta görə. Heç geri dönüb baxanda "kaş ki onda vaxtımı hədər keçirməyəydim” deyə təəssüfləndiyiniz olubmu?

– Hər bir insanın həyatında vaxt itkisi olur. Məndə keçmişdə yox, əksinə indi daha çox vaxt itkisi olur. O zamanlarda isə bir an belə boş vaxtım olmazdı. Gənclik dövrlərimizdə istər teatr səhnəsinə, istər radio, filmlərə, dublyaja o qədər  başımız qarışardı ki, özümüzə vaxt qalmazdı. Təkcə mənim yox, bütün həmkarlarımın qrafiki yaradıcılıq işləri ilə dolu idi. Heç uşaqlıq illərimi də boşa keçirməmişəm. Tar dərsləri alırdım, uşaq dram dərnəyinə, xor dərnəyinə gedirdim. Öyrəndiyimiz hər bir şeyi özümüz üçün faydalı hesab edirdik. Sonra institut illəri, dərslər – vaxtın necə gəlib-keçdiyini bilməzdik. İndi isə bəzən bekarçılıqdan darıxıram. Yenə də çalışıram ki, vaxtımı hədər verməyim. Teatrda oynayıram, televiziya proqramlarına dəvət alıram, tədbirlərə, mərasimlərə, yaradıcılıq gecələrinə qatılıram. Hazırda yeni tamaşalar üzərində işləyirik – rumın dramaturqunun "Stullar” adlı pyesini hazırlayırıq. Bir sözlə, mənim üçün vaxt çox əzizdir.

 

– Zamanın sizi incidən məqamları çox olub?

– Məni ən çox incidən itkilərdir. Baxıram sağıma-soluma əziz dostlarımı, tərəf müqabillərimi görmürəm. Zaman onları alıb aparıb. O insanlar artıq haqq dünyasındadırlar. Halbuki onlar bu gün həyatda olsaydılar, teatr və kinomuzda nə şedevrlər yaradardılar. O aktyorlar, rejissorlar hərəsi bir məktəb idi. Bir var institut skamyasından təzəcə qalxmış rejissorlarla işləyəsən, bir də var dahilərlə... Məhərrəm Aşumov kimi böyük rejissordan həm dərs alırdıq, həm də onunla işləyirdik. Təsəvvür edin, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə bizim kursun tələbələri Məhərrəm Aşumov, Ədil İsgəndərov, Tofiq Kazımov kimi görkəmli rejissorların  rəhbərliyi ilə epizodik rollarda iştirak etmişdi. 

 

"Zamanın mənə verdiyi ən yaxşı şey sənətim, dostlarım, ailəm, övladlarımdır

 

– Zamanın sizdən aldıqları çox olub ya verdikləri?

– Aldıqları da olub, dediyim kimi yaxınlarımı dostlarımı itirmişəm, amma gözəl şeyləri xatırlamaq istəyirəm. Zamanın mənə verdiyi ən yaxşı şey sənətim, dostlarım, ailəm, övladlarımdır. Ən gözəli və maraqlısı nəticəmin dünyaya gəlişi oldu. 2014-cü ildə ailəmizdə mənim 2 oğlumdan və onların oğullarından sonra nəhayət qız övladımız dünyaya gəldi. Vaxtilə "Yeddi oğul istərəm” demişdim, 2 oğlum, 4 nəvəm və mən – ümumilikdə 7 oğul ailəmizdə tamamlanır.

Bundan başqa, tələbələrimin, dostlarımın, yaxın-uzaq insanların mənə hörməti, diqqəti, yeri gələndə mənimlə bir aktyor, insan, pedaqoq kimi fəxr eləmələri mənim bu həyatda qazandıqlarımdır. Bundan gözəl nə ola bilər?!..

 

"Arzu və niyyətlərinizə vaxt itirmədən nail olun

 

– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Əsasən üzümü cavanlara tutub deyirəm ki, vaxtın qədrini bilsinlər. Xüsusən, gənclik illərini hədər verməyin, faydalı işlər görün. Gərək gənclik illərində elə edəsən ki, yaşa dolanda ehtiyatınızda həm özünüzə, həm cəmiyyətə gərəkli baza toplansın və bundan yararlana biləsiniz. Müşahidə qabiliyyətiniz olsun. Sizə verilmiş bu zaman çərçivəsində yaxşını-pisi bir-birindən ayırd etməyi bacarın. Yaxşılıqlara qəlbinizdə yer açın, pisliklərdən isə uzaq durun. Azərbaycan kimi hər bir neməti olan belə gözəl diyarın qədrini bilin. Arzu və niyyətlərinizə vaxt itirmədən nail olun.

 

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa

 


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK