adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Aprel 2015 14:44
46776
RUBRİKA
A- A+

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında alman atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Almanlar – dünyada almanca danışan 80 milyon etnik alman var. Bundan başqa, ABŞ-da, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan 85 milyona yaxın şəxs etnik baxımından almandır. Beləliklə dünyada 165 milyona qədər insan bu xalqın nümayəndəsidir.

Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ alıb, burada keltlərlə, slavyanlarla və Ural tayfalarıyla qarışıblar.

1517-ci ildə başlayan reformasiya almanları dini baxımından bir-birindən ayırıb. Hazırda almanlar katoliklər və protestanlara bölünürlər. Dünyanın ən böyük kilsəsi də Almaniyada Ulm şəhərindədir (162 metr).

Alman dili Almaniyadan başqa rəsmi və ya qeyri-rəsmi bu ölkələrdə danışılır: Avstriya, Danimarka, İsveçrə, Lixtenşteyn, Lüksemburq, Çexiya. Bundan başqa, Almaniyanın keçmiş müstəmləkələrində də hələ alman dili "ağalıq” edir: Afrikada – Toqo, Namibya, Cənubi Amerikada – Çili, Peru.  Alman dili dünyada ən çox öyrənilən 3-cü dildir.

Almanlar bəşəriyyətin yaddaşında təkcə dəqiqliklərinə, xəsisliklərinə və yüksək texnoloji məhsullarına görə qalmayıblar. Dünya ədəbiyyatına Qrim qardaşları, Herman Hesse, Günter Qrass, Stefan Sveyq, Henrix Heyne, Fridrix Şiller, Patrik Zyüskind  kimi ədiblər bəxş edib. Yeri gəlmişkən, elə ilk kitab da Almaniyada çap olunub. Alman alimi Quttenberq 1445-ci ildə çap üsulu ilə ilk kitabını buraxıb. Bundan başqa, Albert Eynşteyn, Om, İmmanuel Kant, Karl Marks, Nitşe, Hegel kimi dünya şöhrətli alim və mütəfəkkirlər, İohan Bax, Lüdviq Bethoven kimi bəstəkarları ilə də bu xalq yaddaşlara həkk olunub.

 


İndi görək alman ataları nə deyirlər:


Axmaq öz işini görməz, hamının işinə burnunu soxar.

Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar.

Sülh vaxtı bir yumurta, müharibə vaxtı bir öküzdən daha yaxşıdır.

Borc alan, azadlığını satar.

Bütün adamların qanı qırmızı, bacarıqları fərqlidir.

Etimad idarəyə maneə deyil.

Evlənərkən qulaqlarına yox, gözlərinə inan.

Gözlər özlərinə, qulaqlar başqalarına inanarlar.

Göz mədədən böyükdür.

Əldəki sərçə, damdakı göyərçindən yaxşıdır.

Əsəbin dərmanı vaxt-zamandır.

Qana qan, dişə diş.

Hər kəs öz taleyinin dəmirçisidir.

Xahiş daim isti, təşəkkür daim soyuqdur.

Xarab yumurta bütün yeməyi pozar.

İşləmək çörək, tənbəllik qıtlıq gətirər.

İş, işi çəkər.

Kiçik oğrular tutular, böyük oğrular sərbəst buraxılar.

Qarğalarla dostluq edən göyərçinin tükləri ağ qalar, amma ürəyi qaralar.

Qart quşu yolmaq çətindir.

Şərab qədəhində, dənizdə boğulanlardan daha çox insan boğular

Qorxaq olduğunu bilməyən hər kəs cəsurdur.

Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil.

Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır.

Paylaşılan sevinc iki qatına çıxar.

Səndən xahiş etməyənə qədər heç kəsə məsləhət vermə.

Səni bəsləyən əli dişləmə.

Şəhidlərin qanı  gələcək nəsilləri yetişdirmək üçündür.

Tanrı qarışqanı yox etmək istəyincə, ona qanad taxar.

Təhsil azadlığa aparar.

Təhsilsiz insan, cilasız aynaya bənzər.

Tək gözlü olmaq kor olmaqdan yaxşıdır.

Tələsik işə şeytan istiqamət verər.

Təvazökarlıq bəzəkdir, lakin onsuz müvəffəqiyyət daha tez əldə olunar

Yemək bişirmək köhnə tavalar ilə öyrənilər

Yaxşı oyunçunu top da görür.


Şəfiqə Şəfa