SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Vaqif Bəhmənli ilə

  49697   |  
Şriftin ölçüsü  

"Zaman onu dəyərləndirən insana minnətdar olub, boyun əyir”, – dedi budəfəki qonağımız.  Əlbəttə, müdrik insan vaxtın əhəmiyyətini dərk edir, onun səmərəli keçməsi üçün çalışır, vaxtın dəyərini bilməyənlər isə çarəni ondan şikayətlənməkdə görür.  "Ədalət”in vaxtı”nın növbəti buraxılışında zaman anlayışına nəzər salmazdan öncə, qonağımızı bir az da yaxından tanıyaq:

Şair-publisist Vaqif  Bəhmənli - 1955-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1973-78 illərində Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Bir çox qəzet və nəşriyyatlarda ("Vətən” cəmiyyətinin "Odlar yurdu” qəzetində baş redaktor, "Yazıçı” nəşriyyatında redaktor, "Ədalət” qəzetinin baş redaktorunun birinci müavini), qurumlarda (Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri, Gənclər və İdman Nazirliyində şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (indiyə qədər)) çalışıb.

Respublika Komsomol mükafatına (1986), Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına (1989), Türk dünyası poeziyasına xidmətlərinə görə Şahmar Əkbərzadə adına mükafata (2003), İsa İsmayılzadə adına "İlin ən yaxşı şeiri" mükafatına (2004), Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına, Rəsul Rza adına beynəlxalq mükafata və b. mükafatlara layiq görülüb. Şeir və məqalələrdən ibarət 35-dən çox kitabı işıq üzü görüb. Əsərləri rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü dillərinə tərcümə edilib.

 

... Və Vaqif Bəhmənli ilə zaman yolçuluğu:

 

- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

- İnsanın mövcud olduğu iki hissə var: zaman və məkan. Günəşin doğuşu, batışı, insan həyatının hər anının qrafik rejimdə mövcudluğu göstərir ki, insan zamana tabedir. Amma obrazlı şəkildə desək, hərdən adama elə gəlir ki, zaman insanların yaratdığı təqvimdir. Zaman və insan arasındakı münasibət zamanın nə dərəcədə maddiləşdirilə bilməsindən asılıdır. Həyatımızdan ötüb keçən zamanı dəyərləndirmək, əslində hər birimizin borcudur. Çünki məhz zamanı dəyərləndirərkən onu, belə deyək, qorumaq mümkündür. Hər dəyərləndirilmiş zaman mütləq təqvimdə və ömürdə özünə yer edir. İnsan zamanı nəyəsə çevirməyi bacarmasa, o zaman xülyadır. Başqa sözlə, zaman və insan münasibəti qarşılıqlıdır. Şair demiş: "Hər şey zamana baxır, zaman heç nəyə baxmır”. Gözləntilərimiz zamandan asılı olur, amma zaman bunu nəzərə almadan ötüb keçir.

 

"Keçmişi vərəqləyəndə orada xatırlamalı məqamları çox olub”

 

- Yaxın günlərdə 60 yaşınızı qeyd edəcəksiniz. Yeri gəlmişkən, "Ədalət” qəzeti və öz adımdan təbrik edirəm. 60 illik ömrün zamanı sizi incitmədi ki?

- Düzünü desəm, 60 ilin necə gəlib-keçdiyini hiss etməmişəm. Təbii ki, mənim necə bir ömür yaşadığımı ailə üzvlərim, dostlarım, yaxınlarım daha yaxşı izləyə biliblər. Mənsə, daha çox fəaliyyətlə bağlı olduğumdan bu illərin nə vaxt ötdüyünü duymamışam. Hər zaman işim olub, ona aludə olmuşam. Deyim ki, elə gün olub ki, ilə dəyib, bəzən də əksinə. Bəzən vaxt insanın ovqatına görə keçir: əhval-ruhiyyəsi necədirsə, zamanı o şəkildə yaşayır. Fikrimcə, insan təkcə yola saldığı hər ilin sonunda deyil, hər günün yekununda, özünə hesabat verməlidir. Hətta günün başlanğıcından nə etməli olduğunu qərarlaşdırmalıdır. Əks təqdirdə, insan dağınıq olur. Bu zamana yanaşmada çox vacibdir. Yaxşı yekunlaşmış gün insanı xoşbəxt edən amillərdəndir. Eləcə də fəaliyyətlə zəngin il insanı daha da nikbinləşdirir. Həm gələcəyə ümidləndirir, həm də məmnun qalır ki, ili boşa verməyib, keçmişi vərəqləyəndə orada xatırlamalı məqamları çox olub. Belə olanda ötən illər insana əziyyət vermir.


- Həqiqətən də, 60 ilə çox şey sığdıra bilmisiniz; fəaliyyətinizə, yaradıcılığınıza baxanda kifayət qədər çox iş görmüsünüz. Təkcə yaradıcılığı götürsək, 35 kitab heç də az əmək deyil...

- Həm də o kitabların böyük əksəriyyəti bir-birini təkrarlamayan kitablardır. Doğrudan da, böyük vaxt tələb edən zəhmətdir. Yaradıcılıq elə bir əməkdir ki, onunla dolu keçən bir gün, obrazlı desək, bir əsrə bərabərdir. Çünki belə məqamlarda sıravi gün deyil, düşüncəyə, şüurun dərininə işləmiş zaman yaşayırsan; zamanın hüdudları böyüyür, o maddiləşdikcə dəyəri daha da artır. Həqiqətən də yaradıcılığa çox aludə olmuşam. Hərdən düşünürəm ki, yer üzündə yazılmalı bu qədər mövzu var, düşüncə var, bunun hamısını mən yazmağa məcbur deyiləm axı!.. Amma yazdıqca yazmaq istəyirəm.


- Belə çıxır ki, heç boşa keçirdiyiniz vaxt olmayıb...

- Heç olmayıb deməzdim, çünki mənim də gəncliyim olub, o çağlarda insan müdrik düşünmür, vaxt itkisinə yol verir. Amma belə yanaşsaq ki, onlar da həyat materialıdır, əlbəttə, boşa keçmiş sayılmaz: dostlarla əyləşib çay içəndə, gəzintiyə çıxanda, bəzən düşünürük ki, vaxt boşuna gedir. Amma əslində bu da bir təcrübədir. Baxıb-görürük, müşahidə edib nəticə çıxarırıq. İnsanları, həyatı, təbiəti öyrənirik. Topladıqlarımız gələcəkdə baza kimi lazım olur. Söz, yaradıcılıq təkcə qrammatikadan ibarət deyil, o həm də səmimi söhbətlərdən yaranır. Adi danışıqlarımız həyatın özündən doğur, çünki onu özümüzdən keçirib söz şəklinə salırıq.  Bir sözlə, zaman hər halıyla bir məktəbdir. Biz də ondan öyrənən şagirdlərik.


- Təəssüf ki, pis şagirdlər də olur. Görüb-götürdüyündən nəticə çıxarmır...

- Bəli, istisnalar həmişə var. Amma insan şagirddirsə, daim öyrənərkən səhvə də yol verər, nəyisə düzgün anlamaya da bilər. Zaman-müəllim isə onsuz da sonrakı mərhələdə onun səhvlərini göstərəcək, dərs verəcək. Kaş ki insan bütün yaşlarında, hətta 60-70-də də öyrənməyə həvəsli olsun.

 

"Zamanın üzərinə getmək lazımdır”

 

- "Kaş ki”ləriniz necə, çoxmu olub?

- Olub əlbəttə! Həmişə düşünmüşəm ki, Azərbaycan şairi, nasiri təbii ki, öz xalqına xidmət etməlidir, bu onun borcudur, amma o, eyni zamanda bəşəri dəyərdir. Amma biri var onun qələmi bir xalqı əhatə etsin, biri də var səsini dünyaya duyura bilsin. Ona görə də heyifsilənirəm ki, kaş gənclik illərində dünya dillərini, xüsusilə ingilis dilini öyrənərdim. Amma o da var ki, bizim ədiblərimizin, ziyalılarımızın dil sarıdan əziyyət çəkməsinin bir səbəbi özləridirsə, digər səbəbi də müəllimləridir. Çünki o vaxt məktəblərdə dilləri bizə indiki kimi sevdirə bilmirdilər. Bizim ədiblərimiz dünya dillərində lazımınca səslənməlidir, buna layiq olan qələm adamlarımız çoxdur. Bəzən bütün bunları vaxtında düşünmürük, çünki fikrimiz, qərarımızı toparlayana qədər müəyyən müddət keçir. Amma əslində zamanın da üzərinə getmək lazımdır. Nə qədər insan bunu daha tez düşünüb, yekunlar əldə edə bilsə, zamandan bir o qədər çox pay ala bilər.  


- Zamanın üzərinə getməklə, insan onu idarə edə bilərmi?

– Cəmiyyət zaman daxilində özü özünü idarə edir. İnsan da ağılla, məntiqlə zamandan yararlanarsa, onu idarə etmiş sayılır. Zaman mücərrəddir, biz dərk etdiyimiz hər şeyi zamanla bağlayırıq. Əlbəttə, dahi şəxsiyyətlər var ki, onlar zamana hökmranlıq edə biliblər. Amma yenə də üzərindən böyük bir vaxt keçdikdən sonra aydın olur ki, onlar zamanı deyil, onun daxilində müəyyən dönəmə təsir ediblər.

 


"Zaman yel dəyirmanıyla vuruşmaq deyil, konkret əməldir

 

– Zamanın qəhrəmanları bəs kimlərdir? Onlar özlərimi zamanı tuta bilirlər, yoxsa zamanmı onları seçir?

– Fitrədən, dahi, yönləndirici, böyük təsir qüvvəsinə malik insanlar var və həmişə də olub. Amma heç nə göydən hazır vəziyyətdə düşməyib. Bu insanlar zamanının qəhrəmanı olmaq üçün çox böyük işlər görüblər. Deyək ki, nəyisə ixtira edərək bəşəriyyətin düşüncə tərzini dəyişiblər. Zamanı düzgün dəyərləndiriblər, ondan səmərəli faydalanıblar. Amma bunu da etmək üçün davamlı təcrübə, mütaliə, elm yolu keçiblər. Bizə ilahidən bəxş olunan enerji hər adamın özünə görə olur və bu bütün hallarda – maddi-mənəvi olaraq özünü göstərir. Müqayisə üçün deyək ki, zil səsli və bəm səsli adamlar var. Eləcə də tükənməz enerjili insanlar və ya tez ruhdan düşən insanlar mövcuddur. Dahi və ya sadə olaraq doğulanlar var. Bütün bunlar onu göstərir ki, insan zamanı idarə etməyə can atmamalıdır, elə öz yolunu düzgün, ləyaqətli getsə, yetər. Belə insanları da zaman həmişə qiymətləndirir. Zaman yel dəyirmanıyla vuruşmaq deyil, konkret əməldir. Bunu insan edə bilsə, zaman ona həm boyun əyər, həm də minnətdar olar.


– Heç zamandan şikayətçi olmusunuz?

– Zamandan yox, müəyyən zəmanədən şikayətçi olmuşam. Bu narazılığın da həm tarixi kökləri, həm müasir səbəbləri, həm də gələcək üçün nigarançılığı var. Tarixdə də böyük ədalətsizliklər olub. Elə zəmanələr olub ki, orada insanlar ruhən, fiziki cəhətdən əzab çəkib və incidiliblər. Bunların ən çətini isə gələcəklə bağlı ümidsizlikdir. Azərbaycan tarixi boyu bugünkü kimi inkişaf etməmişdi. Amma bu tərəqqidə, inkişafda elə insanlar var ki, yenə də quyunun dibindədirlər, hələ də irəli gedə bilməyiblər. Nə düşüncəsi, nə həyata münasibəti qətiyyən bu zamana uyğun gəlmir. Fikirləşəndə ki, belə insanlar gələcəyə də daşınacaq, onda gələcək haqqında narahat oluram. Təbii ki, bir insan hər şeyi edə bilməz və bu onun heç missiyası da deyil. Hər bir insanın öz daxilini taraz saxlamağı bəs edər. Belə insanlar artıq zamandan və ya zəmanədən şikayətçi olmur, yalnız zamanın çatışmazlıqlarını tənqid edir.

 

"Hər insan öz zamanının bəhrəsidir"

 

– Dediyiniz kimi bəzi insanlar var ki, yaşadıqları zamandan daim gileylənirlər. Özlərini bu zamana deyil, başqa zamana aid hesab edirlər. Bu nədən qaynaqlanır?

– Təbiətən bədgüman insanlar var. Onlara nə qədər yol açmağa çalışsan da daim narazıdırlar, şikayətlənirlər. Nikbin adamlar isə həyatın hər üzündən zövq alırlar. Axı, həqiqətən də bəzən insan yaşadığı xoşbəxt anlardan deyil, başına gələn bəlalardan dərs alıb müdrikləşir. Deməli, baş verənləri olduğu kimi qəbul edib, onu da müsbət tərəfə yönləndirmək lazımdır. Dünya, zaman elə nikbin adamların çiynindədir. Hər insan öz zamanının bəhrəsidir. Keçmişdə və ya gələcəkdə yaşamaq arzusu sadəcə bir xəyal, təsəvvürdür. Xaricdə belə bir hadisə olmuşdu ki, bir xərçəng xəstəsi olan milyonçu özünü dondurmuşdu ki, yüz ildən sonra ayılsın. Onu düşünmürdü ki, o başqa zamanda yenidən mövcud olsa da, yaşaya bilməz, elə bir inkişaf, tərəqqi olar ki, onun əqli bunu qəbul etməz. Necə ki, keçmiş zamandan kiminsə gəlib, bizim zamanın texnologiyasında yaşaması absurddur. Bu barədə çox əsərlər yazılıb, filmlər çəkilib. Əslində bütün bunlar insanı reallığa qaytarmaq üçündür. Yəni bu boş xəyallardan uzaqlaşıb, öz zamanları ilə yaşasınlar, ondan zövq almağa çalışsınlar.


– Yaradıcı insanlara ən çox ilham verən də elə zamandır...

– Çünki zamanın içindən çıxmaq mümkün deyil. Var olan hər şey zamana bağlıdır. Zaman həyatın atributudur. Zamanı həyatdan ayrı təsəvvür etmək mümkün deyil. Ədəbiyyat predmeti olaraq, əlbəttə, zaman mövzusuna çox toxunulur. Mənim də yaradıcılığımdan zaman yan keçməyib. Belə misralarım var: "Zaman məni tanıyır” və ya "Gün-gün yox, bütöv ömür yaşamaq istəyirəm”.  Şeirlərimdə zamanın fərqli obrazları da var. Məsələn, babama bir şeirim var: şikayətlənir ki, gözüm yaxşı görmür, zəifləyib. Ona belə cavab verirəm:

 

Gözün zəifləmir, fikrindən daşın

Dünya uzaqlaşır, vaxt uzaqlaşır.   

Tale uzaqlaşır gözündən sənin.

 

Yəni, ötən zamana görə babama təskinlik verirəm. Bir insanın şəxsi baxış bucağından götürəndə zamanın ayrı mənzərəsi yaranır.


– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Vaxtdan qiymətli heç nə yoxdur, vaxtın qiymətini bilsinlər. Yer üzündə hər şey tapılar, vaxtdan başqa. Vaxt həm ömür mənasında qiymətlidir, həm də zamandan pay alıb insan kimi yaşamaq üçün də vaxtın ətəyindən dördəlli yapışmaq lazımdır. Həyat fasiləsiz olaraq hər gün milyonlarla insan yaradır. Onlar öz ömürlərini yaşayacaqlar, amma bir şeirdə deyildiyi kimi bizdən bir də gəlməyəcək. Ona görə də zamanla bərabər öz qədrimizi də bilək.   

   

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa 

 

 

 

            

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK