adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SONBAHAR DÜŞÜNCƏLƏRİ

FƏRİDƏ RƏHİMLİ
34549 | 2018-11-03 00:27
Son baharın "gözəlliyini" yaşayırıq çoxumuz - hər iki mənada, həm ömrün, həm fəslin...
Yaxınlarda kənddə olarkən bunu daha aydın hiss elədim. Sırayla keçdiyim rayonların təbiətlərindəki fərqin nisbəti göz önündə canlanırdı. Arazboyu kəndlərdə son bahar daha çox gözə çarpır. Ağacların yarpaqları hələ saralmayıb, otlar yamyaşıl hər tərəf zümrüd rəngində. Hətta həyətlərdə qızılgüllər ilk bahardakı kimi xoş ətri ilə könül oxşayırdı. Bəzi həyətlərdə ağaclar da bu havaya aldanıb, çiçək açmışdı. Uçuşan rəngbərəng kəpənəklərə isə əvvəl yazığım gəldi. Günəş işığına, təbiətin yaşıllaşmasına aldandığı üçün. Amma sonra təəssüfümün yerini bir rahatlıq aldı, xatırladım ki, onsuz da kəpənək ömrü çox az olur - bir neçə günlük, qar-borana qədər yaşamayacaqlar. Qoy barı o, bu gözəlliyin dadını çıxartsın...
Amma mən? O kəpənəkdən fərqli olaraq bu gözəlliyi seyr etdikcə necə, nə vaxt ömrün payızına gəlib çıxdığımızı düşünərək qüssələnirəm. Saçında ilk ağ tükü, üzündə ilk qırışları görəndə kədərlənər insan, sonradan alışar buna, yavaş-yavaş qəbul edər, təslim olar fələyin işlərinə, əməllərinə, hətta ölümü belə sakitcə qəbul edir...
Bugünlə yaşamaq mümkün olsa, insanın yaşamağı çox daha rahat olar, daha çox anlar bu həyatı. Keçmiş keçdi, gələcək məlum deyil, bugünü doyasıya yaşamaq lazımdı. Amma bunu bacarırıqmı? Keçmişin xatirələri dördəlli ürəyimizdən yapışıb özünə çəkir, irəli addım atmağa qoymur. Keçmiş bir az nəfəs almağa imkan verəndə də gələcək haqda arzular, xəyallar bugündən uzaqlaşdırır bizi. Amma nə bəladırsa, buna alışa bilmirik ki, bugünü ürəyincə yaşamasan, sabah o yenə sənin üçün keçmiş olacaq... Görünür, uşaqkən böyümək, yaşlıykən keçmişə boylanmaq insanın təbiətindədir, özü ilə doğulur, özü ilə bu dünyanı tərk edir. Beləcə, özümüzü aldada-aldada ömrün sonuna gəlirik...
Orda, bu son baharda, dünyasını dəyişən kənd adamlarımızın yaxınlarını bircə-bircə ziyarət edərkən, qəbiristanlıqda sayı artan məzarlara baxarkən bir az da bu gün üçün yaşamağı qarşıma məqsəd qoysam da, Bakıya çatan kimi yenə gələcək planlar, keçmiş xatirələr caynaqlarını beynimə keçirərək məni sözümdən döndərməyə çalışır. Yəni, belə fəlsəfi bir məqam ortaya çıxır: Ötən günü geri qaytarmaq mümkün deyil!.. Keçmiş deyirik, amma keçmir ki, keçmir. Bəzən kabusa dönür keçmiş, qarabaqara izləyir səni, qurtula bilmirsən, yaxud gələcək haqda xəyal qurmaqdan, ümidlənməkdən...
Az sayda qalmış kənd ağsaqqal-ağbirçəklərimiz, çoxunu artıq tanımadığım gənclər, məni tanıya bilənlər, varlığımdan xəbərsiz olanlar, yazılarımda tez-tez xatırladığım, uzun illərdən sonra kənddə rastlaşdığım ilk müəlliməm, cığırı ayaqlarımı unutmuş kənd yolları, çarpayısında dirçəlib otura bilməsinə sevindiyimiz anam, uşaqlığımda tikanlı məftillərinə baxanda, mən böyüyənədək birləşəcəyinə ümid etdiyim o tay-bu tay ayrılığı... hər şey bir üzücü qüssə gətirdi içimə bu son baharda. Mənim buraya neçənci gəlişimdi görəsən, neçə dəfə daha gələcəm buraya, düşündüm. Bəlkə bir daha buraya gəlməyəcəm! Bəlkə bu sonbaharda son gəlişimdi özümdən xəbərsiz? Təbiətinki kimi ömrün sonbaharı da təəssüf doğurucu olur. İlk baharda sevdiyin kimi, son baharında sevə bilməzsən, çünki rəhmətlik Vaqif Səmədoğlu dediyi kimi: "Ən uğursuz ilk məhəbbət səadətdir, ən uğurlu son məhəbbət fəlakətdir". Əslində isə bahar və sevgi sözləri paraleldir. Bu baharların bir fərqi var ki, ikincinin qarşısında qarlı-boranlı qış durur!..
O, görüşdüyüm, ziyarət etdiyim, təsadüfən rastlaşdığım insanlarla nədən halallaşmadım? Bu an keçdi içimdən bu fikrilər. Axı halallaşmaq da vəsiyyət kimi, rahatlıqdı! Kimsə nə zaman bu dünyanı tərk edəcəyini bilmir - ölüm sırayla deyil - və yaxşı ki, bilmir insan! İnsana olunan sürprizlərin ən böyüyü elə, ölümdür!
Xatirələr istər şirin olsun, istər acı ikisi də ağrıdır insanı, kədərləndirir. Xəyallar isə xoşbəxt edir. Birinci reallıqdır, olub-keçib, sənə yalnız uzaqdan baxmaq qalır. Heç bir şeyi dəyişmək, düzəliş vermək mümkün deyil. İkinci isə boş, bəlkə də heç vaxt yetməyəcəyin arzudur, amma səni xoşbəxt edə bilir. Nə qədər paradokslu bir yaşam düşüb qismətimizə insan olaraq!
Bu qarışıq düşüncələr içində, intihar edənləri də gözəl anlayıram... bu, əsla çıxış yolu olmasa da...

TƏQVİM / ARXİV