adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ANA YURDUM, HƏR DAŞINA ÜZ QOYUM...

FAİQ QİSMƏTOĞLU
108366 | 2020-10-12 14:25

Bir ovuc torpaq

 

... Bəzən insan itirdiyi və əsarət altında olan vətəninin bir ovuc torpağına ömrü boyu həsrət qalır və ömrü boyu gözləyir ki, o yurddan, o ocaqdan kimsə bir ovuc torpaq gətirsin və həmin adam da dünyasını dəyişəndə o bir ovuc torpağı onun məzarına səpsinlər. O qədər həmvətənimiz bu bir ovuc torpağın həsrətilə dünyasını dəyişib və qərib bir yerdə, özgə bir torpaqda dəfn olunub. Elə bilirsiniz bir ovuc torpaq hər adama qismət olur?! Əlbəttə, bu çox çətin bir məsələdir. Mən də bu dəfə Füzuliyə və Cəbrayıla yola düşəndə yaxın dostlarımdan biri xahiş elədi. Dedi ki, atam Medilinin işğaldan azad olunmasını eşidib çox sevinib. Özün də ora yola düşürsən. Bir ovuc torpaq gətirsən kişinin nəfəsi yenidən açılar və özünü orda hiss eləyər. Əlbəttə, işğaldan azad olunmuş kəndlərə getmək elə də asan deyil. Mən dəfələrlə 1994-cü ildə Füzuli və Cəbrayılın Cocuq Mərcanlı kəndləri azad olunanda o yurdlara getmişəm. Elə Mehdilini də uzaqdan görmüşəm. Üzüm plantasiyasının yuxarı tərəfi ermənilərin əlindəydi, aşağı tərəfində bizim mövqeyimiz və postumuz qurulmuşdu. Sentyabrın 27-dən başlayan əks-hücum zamanı Mehdili kəndi də işğaldan azad olunub. Çox çətinliklə olsa da, o yurda gedə bildim və ordan bir ovuc torpaq götürdüm. Kəndlərimizin və o cümlədən Cəbrayılın və Füzulinin yaşayış məntəqələrinin erməni işğalçıları tərəfindən fasiləsiz olaraq atəşə tutulması orda çox durmağa imkan vermir. Düşündüm ki, bir ovuc torpaq üçün ölümə də getmək olar. Və o torpağı götürəndə o qədər sevindim ki, hələ də o sevincin içindəyəm...

 

Hər daşına qurban olum

 

Cəbrayılın Dağtumaslı kəndindən olan yaxın dostum yazıçı-publisist Nazir Çərkəzoğlu həmin yerlərə getdiyimi eşidəndə çox sevindi. Dedi ki, qardaş, sənin ayağın həmişə birincilər sırasında işğal altında olan torpaqlarımıza dəyib. Bizim Dağtumaslı kəndi də 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub. İndi Cəbrayılın mərkəzi və əksər kəndləri ermənilərdən təmizlənir. Yurd yerimizin işğaldan azad olunması xəbərini eşidəndə sevincimdən səhərə qədər yata bilməmişəm. Amma hələ də bilmirəm ki, bizim kənd işğaldan azad olunub, ya yox. O kəndin hər daşı, hər qayası, hər yeri mənim üçün müqəddəsdir. Hətta orda o torpağı qucaqlayıb, bağrıma basıb hönkür-hönkür ağlamaq istəyirəm . Vaxtilə Molla Vəli Vidadi bizim kənddə olub, orda məktəb açıb və təhsil verib. Çox yüksəklikdə yerləşən bu kənddə zəngin mədəniyyət abidələri və o cümlədən bir-birindən müqəddəs ocaqlar var. Tez-tez eşidirəm ki, bizim kəndi də işğaldan azad ediblər. Amma hələ ki, rəsmi məlumat yoxdur. Bütün cəbrayıllılar kimi Dağtumaslılar da bu xəbəri çox böyük səbirsizliklə gözləyirlər. Mənim kimi onlarla adam kəndimizə qayıdacağımızı günə qurban demişik.

 

Başına milyonlar qoyulmuş polkovnik

 

Cəbrayıl şəhəri azad olunanda bəlkə də ən çox sevinən 1990-cı illərdə rayonun polis şöbəsinin rəisi olmuş, polkovnik Rəşid Məmmədovun qohumları və onun əbədi məkanda olan ruhudur. Çünki polkovnik Rəşid Məmmədov Cəbrayıl polisinin gücüylə bugünlərdə azad olunmuş Hadrud qəsəbəsinin və eləcə də Xocavənd rayonunun 12 kəndini bir vaxtlar ermənilərdən azad etmişdilər. O kəndlərdən biri də səhv eləmirəmsə, Banazur kəndi idi. İşğaldan azad olunan o kəndlərdən çoxlu qənimət əldə edilmişdi. Və polkovnik Rəşid Məmmədovun adı gələndə ermənilər siçan deşiyi axtarırdılar. Sonradan onun yerini dəyişib Ağdama göndərdilər, Ağdamdan Lənkərana apardılar, Lənkərandan isə nazirliyə gətirildi. Və müəmmalı avtomobil qəzası zamanı dünyasını dəyişdi. Cəbrayıl və onun mərkəzi, o cümlədən Hadrud qəsəbəsi azad olunub. Bəlkə bu xəbəri haqq dünyasına qovuşmuş Rəşid Məmmədovun ruhu eşidə və bir qədər sakit ola.

 

Süleymanlı da azad edilib

 

... 1992-ci ildə gedən ağır döyüşlər zamanı mən dəfələrlə polkovnik Rəşid Məmmədovla və onun müavini Vaqif Məhərrəmovla o kənddə döyüşlərdə iştirak eləmişəm. Sonradan Vaqif Məhərrəmov Cəbrayıl rayon polis şöbəsinin rəisi təyin edildi. Yenə zəndim məni aldatmırsa, Vaqif Məhərrəmov elə özü də Süleymanlı kəndindən idi. İndiyə qədər heç yadımdan çıxmır, mənə dedi ki, burda qələm işləmir. Götür bu avtomatı, sən də döyüşə atıl. Necə hayqırdısa və ermənilərin yeddi arxa dönəninə necə söyüş yağdırdısa, onun ətrafında olan bütün polis əməkdaşları və döyüşçülər bir göz qırpımında ölüm-dirim mübarizəsinə atıldılar. 2 saat çəkən şiddətli döyüşdə ermənilər itki verərək geri çəkildilər və kəndin yüksəkliyi Cəbrayıl polisi tərəfindən ələ keçirildi və orda Azərbaycan bayrağı dalğalandı...

 

Sevilən generallarımız

 

... Döyüş bölgəsində təkcə hərbçilər və əsgərlərimiz deyil, həm də mülki əhali iki generalımızı – Hikmət Həsənovu və Mais Bərxudarovu həddindən artıq çox istəyirlər. İnanın, onlar şəhid generalımız Polad Həşimovdan sonra bu xalqın hərb tarixinə öz adlarını qızıl hərflə yazıblar. Ən azından ona görə ki, hər iki generalımızın rəhbərlik etdiyi döyüş bölgəsində çoxlu sayda yaşayış məntəqələrimiz, strateji yüksəkliklər, Cəbrayıl şəhəri və Hadrud qəsəbəsi erməni işğalından azad edilib. Elə bu xalqın da ən çox güvəndiyi qüvvə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusudur . Ordumuzun rəşadəti hesabına mülki sakinlər yaşayış yerlərini tərk etmir və öz evlərində, ocaqlarında yaşayır və işləyirlər.

 

Milyonların ürəyini fəth etdi

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev milyonlarla insanın sevgisini, məhəbbətini qazanıb. Daha doğrusu, onların ürəyini fəth edib. Bunu biz demirik, bunu cəbhə bölgəsində olan və orda yaşayan yaşı 7-dən 77-ə qədər olan sakinlər və bütün Azərbaycan xalqı deyir. Millətin ən ağır, ən çətin vəziyyətində cənab Prezident televiziya ilə xalqa müraciət edir, onlara şad xəbər çatdırır, xalqın və millətin ürəyindən keçən bütün hissləri və duyğuları ifadə edir. Və bu xalq, bu millət də cənab prezidentin hər dəfə televiziyadakı müraciətini dinləyəndə dövlətə və orduya inamı daha da artır, güvənci qüvvətlənir. Hətta humanitar atəşkəsin bir neçə saatlıq saxlanılması müddətində belə xalqda bir balaca bədbinlik yaransa da, sonradan insanlar yəqin etdi ki, cənab prezident xalqın yanındadı, bu döyüşü, bu savaşı heç bir ermənipərəst qüvvə saxlaya bilməz. Çünki bu xalq da, bu millət də, bu dövlət də ermənilərin nə qədər saxta və yalançı olduğunu çox yaxşı bilir.

 

Alxanlıya mərmilər yağır

 

Humanitar atşəkəsin olduğu günlərdə belə ermənilər bir dəqiqə də olsun sakitləşmək bilmir. Onlar Füzulinin Horadiz şəhəri, Alxanlı, Şükürbəyli, Babı, Araytılı, Molla Məhərrəmli və o cümlədən digər kəndləri fasiləsiz olaraq ağır artilleriyadan və raketlərdən atəşə tuturlar. Hətta onların atdığı uzaqmənzilli raketlərdən biri Araytılı kəndindəki əkin sahəsinə düşüb. Xoşbəxtlikdən həmin raket partlamayıb. Əgər partlasaydı, kəndə və mülki əhaliyə çox böyük ziyan vura bilərdi. ANAMA-nın əməkdaşları həmin raketin düşdüyü yeri nəzarətə götürüb və onun zərərsizləşdirmə istiqamətində qabaqlayıcı tədbirlər görüblər. Fosfor kimyəvi tərkibli olan bu raket çox dağıdıcı qüvvəyə malikdir. Üstəlik də onun dinc sakinlərə yönəldilməsi bir daha ermənilərin iç üzünü ifşa edir. Onlar öz simalarını və şərəflərini o qədər itiriblər ki, nəyə desən getməyə hazırdılar.

Şəhid atası ağlamadı

 

Şəhidlər bizim and və iman yerimzidir. Onların qanı tökülən yerə biz baş qoymalıyıq. Və necə ki, onların qanı tökülən yerdə bizim əsgərlərimiz döyüşərək bu qisası alırlar və onu qiyamətə saxlamırlar. Böyük Bəhmənli də öz şəhidi ilə həmişə fəxr edib, qürur duyub. Şəhid Tural Qəmbərov Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olub. Ancaq onun atası Firəddin Qurbanov ağlamayıb. Başını dik tutaraq deyib ki, Bəhmənli camaatı, siz mənim yanımdasınız, mənim arxamdasınız, məni heç vaxt ağlamaram. Və mənim oğlum ölməyib. Və o, bu gün də sağdı. Çünki mənim oğlum kimi ər oğlanlar, ər döyüşçülər indi torpaqlarımız uğrunda döyüşə atılıblar. Onlar bu gün, sabah Füzuli şəhərini, Qubadlını, Zəngilanı, Laçını, Kəlbəcəri azad edəcəklər. Düşünürəm ki, Tural tay mənim oğlum deyil. O, Azərbaycanın oğludur!..

 

İcra başçısının oğlu da döyüşdə qəhrəmancasına həlak oldu

 

Nofəl Qasımovu bütün füzulilər çox vətənpərvər, qeyrətli bir oğlan kimi tanıyırlar. O, bir vaxtlar Füzuli rayon icra başçısı vəzifəsində işləyirdi. Könüllü batalyon yaradaraq ağır döyüşlərdə iştirak edib. Neçə-neçə yaşayış məntəqələrinin azad edilməsində ölüm-dirim savaşına atılıb. Əgər o bu gün sağdırsa, onu Allah saxlayıb. Nofəl Qasımovun oğlu Səid Rəşidzadə könüllü olaraq Füzuliyə cəbhə bölgəsinə gedib. O, Hadrut qəsəbəsinin erməni işğalından azd edilməsində mərdliklə döyüşərək şəhid olub. Bu cür oğulların cəbhəyə getməsi və döyüşməsi bir daha göstərir ki, bizim gənclər heç biri Səid kimi ölümdən qorxmurlar. Çünki Səid Rəşidzadə Vətənini, Torpağını, boya-başa çatdığı Füzulini canından çox istəyirdi. Və canından çox istədiyi Vətən yolunda da Şəhid oldu.

 

Horadiz – o böyük kənd!

 

Horadiz Füzulinin ən böyük kəndlərindəndi. Onun Sovet dövründə çox zəngin və böyük təsərrüfatı olub. Nə desən o torpaqda əkmək mümkün idi. Əkdiyin hər hansı ağac bir ildən sonra bar verirdi. Müdafiə Nazirliyinin yayımladığı görüntüdə Horadiz kəndinin daşı daş üstündə qalmayıb. Evlər, digər sosial obyektlər hamısı xarabalığa çevrilib. Amma yenə o kəndin hər daşı, hər kəsəyi, hər qayası, hər təpəsi çox müqəddəsdir. Qədim məscidi, qədim tarixi yerləri uçulub dağıdılsa da, indi ordakı ruhlar bir qədər sakitləşib. Sakitləşən bir də Azərbaycan musiqisinin korifeylərindən olan Seyid Şuşinskinin ruhudur. Axı bu torpaq, bu Vətən həm də bu böyük sənətkarın dünyaya göz açdığı ocaqdır. İndi görün bu kəndin işğaldan azad olunması ilə nə qədər insanlar sevinib və nə qədər insanların da ruhu şad olub.

O balaca uşaq

 

Kərimbəyli kəndinin üstündə 5-6 yaşında uşaq görürəm. Və o 5-6 yaşlı uşaq əlində balaca bayrağı dalğalandıraraq hayqırır: “Qarabağ Azərbaycandı!”. Uşağı bağrına basan Azərbaycan əsgəri isə sanki ona demək istəyir ki, tezliklə bütün kəndlərimizi, şəhərlərimizi azad edərək nəinki səni, bütün Azərbaycanı sevindirəcəyik. Və bu, Azərbaycan əsgərinin çöhrəsindəki sevinci görürəm, sevgini hiss eləyirəm. Hiss eləyirəm ki, bu Azərbaycan əsgəri lap bu gün, lap sabah qələbə bayrağını Füzuli şəhərinə sancacaq... Qubadlıya sancacaq... Laçına... Şuşaya sancacaq...

 

Məni o sevindirdi ki...

 

... Cəbhə boyu o kəndlərdə, bütün məntəqələrdə, bütün yaşayış sahələrində insanlarda çox böyük coşqu, çox böyük ümid, çox böyük inam gördüm. O insanlar ki, böyük qələbəmizə, böyük uğurumuza güvənirlər. O insanlar ki, Azərbaycan Prezidentini, Ali Baş Komandanı və Ordumuzu güvənc yeri bilirlər. İnanın, Füzulidə, Cəbrayılda söhbət elədiyim insanların hər biri bu dövlətin ətrafında bir yumuruq kimi birləşdiyini səsləndirirlər. Mən ona sevindim ki, bu xalq ayağa qalxanda, birləşəndə çox möhtəşəm görünür. Göy üzü kimi, Yer üzü kimi, Günəş kimi qüdrətli və işıqlı görünür bu xalq! Bu yerdə yadıma böyük Məmməd Arazın bu şeiri düşür:

 

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
sən kiminin...
Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır:
Çox ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.

 

Və biz hamımız azad olunacaq torpaqlarımızın görüşünə gedəcəyik. O torpaqların daşını, qayasını öpüb üzümüzü yurd yerinə sürtəcəyik. Və onda böyük Qələbəmizin sevincini yaşayacağıq...

 

Faiq QİSMƏTOĞLU

“Ədalət”in xüsusi müxbiri

Bakı-Füzuli-Cəbrayıl-Bakı

TƏQVİM / ARXİV