adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Fevral 2021 13:52
121473
MÜSAHİBƏ
A- A+

Əntiqə Rəşid: "Yağışın altında saatlarla döyüşün bitməsini gözlədiyim vaxtlar olub" - MÜSAHİBƏ + VİDEO

Bu gün müsahibim 20 ildən çoxdur imzası ilə media aləmində tanınmış, maraqlı məqalələri ilə özünə kifayət qədər oxucu kütləsi toplamış, “Ədalət” qəzetinin müxbiri, jurnalist Əntiqə Rəşiddir. 44 günlük Vətən Müharibəsinə şahidlik etmiş, Qarabağ bölgəsindən, atəş xəttindən, mərmilərin altından göndərdiyi materiallarlarla qəzetimizin oxucularını bilgiləndirməklə yanaşı , orda insanlara yardım etməkdə də, hər kəs də bir ruh yüksəkliyi yaratmaqda da, böyük xidmətləri olub. Ən yaxşısı özünü dinləyək:

 

-Əntiqə, yadımdadı: 28 sentyabrda işə gəldin, müdriyyətin qəbulunda oldun, israrla döyüş bölgəsinə gedəcəyini dedin. Hətta Aqil müəllim sənin azyaşlı uşaq anası və evdə II qrup Qarabağ müharibəsi əlili həyat yoldaşının olduğunu bildiyi üçün icazə verməyə tərəddüd etdi. Amma israrınla getmək üçün icazəni aldın...

 

-Əslində mən iyul hadisələri zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatından keçmişdim və bir gündən sonra isə işdəykən oradan mənə zəng gəldi. Xeyli sual –cavab oldu. Bilgilərim yetərli oldu deyəsən. Qəbul olundum. Ümumiyyətlə, mən yurdumuzdan köçkün düşəndən anlayırdım ki, müharibə olacaq. Amma bilmirdim nə vaxt. Hər gün müharibənin olacağını gözləyirdim. Hətta bir dəfə kəndimiz üçün ürəyimin başı elə göynədi, elə darıxdım ki, durdum sosial şəbəkədə “Qarabağımı istəyirəm.Müharibə istəyirəm, kəndimizə getmək istəyirəm, verin mənim kəndimi” adlı bir videomüraciət yayınladım. Müharibə başlayanda tanışlar zarafatla deyirdi ki, bax, Prezidentimiz sənin sözünü yerə salmadı. Kəndimizdən ayrı yaşadığım 27 ildə elə gün olmadı ki. evimizi, baxçamızı, camaatımızı ya xatırlamayım, ya yuxuda görməyim. Səncə, yurdum uğrunda müharibə getdiyi halda , mən burda qalardımmı? Elə bir qüvvə yox idi ki, məni saxlasın!

- 29 sentyabrda artıq müharibə zonasındasan. Asfaltla şütüyən toplar, tanklar, hərbi maşınlar, atışma səsləri, getdiyin əraziləri hədəf alan mərmilər... Müharibə sənə necə təsir elədi?

-Bu mənim gördüyüm ilk müharibə deyildi ki, həyəcanlanım, qorxum... Mən qarabağlı olaraq, 1988-ci ilin fevral ayından-1994-cü ilin12 mayına qədər Qarabağda baş verən bütün hadisələrin şahidi olmuşam. O top-tank da mənə tanış idi, gurultuyla gələn mərmilərdə, hər gün evlərə gələn şəhid tabutlarıda. O vaxtı da əsgər və zabitlərimiz canları-qanları bahasına döyüşürdülər, indi də . Dəyişən heç nə yox idi. Tək bir nüansdan başqa. O vaxt düşünürdük ki, mərmi yağışlarına baxmadan dirənib-durduğumuz kəndi qəflətən Ermənistan Silahlı Qüvvələri işğal edə bilər. Insanları əsir və girov götürə bilər, qadın və qızların başına Xocalı faciəsini gətirə bilər, amma indi o nüans yox idi. Ermənilərin gözü müharibənin ilk günündən qırıldı. Əsgərlərimizə o qədər güvən vardı ki, təmas xəttindəki əhalini ordan uzaqlaşdırmaq mümkün olmurdu. Məsələn, Ağdamda Mirəşelli kəndi var, təmas xətti ilə arasında 200-250 metr məsafə vardı. Əhali kənddən çıxmırdı. Sonra top atəşləri nəticəsində evlər dağıldı, insanlara xəsarət yetirildi və camaat müvəqqəti uzaqlaşmağın lazım olduğunu anladı. Bununla belə kişilər təmas xəttindən bir addımda uzaqlaşmadılar, yalnız qocalar, uşaqlar, qadınlar...

 

 

-Redaksiyamıza tez-tez yazılar göndərirdin, müharibənin ən qızgın dövrlərində hərbi hissələrdən, hospitaldan, mərmi atəşinə tutulmuş kənd və şəhərlərdən, atəş xəttindən uzaqlaşdırılmış sakinlərin sığınacaqlarından, müharibə insanlarının talelərindən göndərdiyin məqalələri həm qürurla, həm də həyəcanla oxuyurduq.

- Bilirsən də, xalqımız çox möhtəşəm bir xalqdı. O 44 günlük müharibədə boğazından, əynindən kəsdi, əsgərlərimizə sovqat göndərdi. Baxmayaraq ki, MN-yi ordumuzun təminatını artıqlaması ilə təmin etmişdi, camaat israrla payını əsgərlərlə bölməyi özünə borc bilirdi. Həmin vaxt Bakıdan, Gədəbəydən və digər zonalardan gələn yardımsevərlərə yol göstərmək, sovqatı lazımı yerlərə çatdırılmasına yardımçı olmaqda boynumun borcu olmuşdu. Döyüşlərin qızgın vaxtında Ağcabədi, Ağdam, Tərtər (Ağdərə) Ağcakənd ərazisindəki hərbi hissələrə, Sarıcalı hospitalına, 10 noyabrdan sonra Füzuli və Cəbrayıldakı hərbi hissələrə yardımların daşınmasında yaxından iştirak etmişəm. Məqalələrimin çoxu məhz bu səfərlərdə yarandı.

- Getdiyin yerlərdə yadında qalan maraqlı hadisələr oldumu?

 

 

- O qədər...Təsəvvür elə ki, canı-könüldən qoşulduğun iş iş deyil, tam bir macəradı. Səngərdəkiləri o qədər önəmsəyir, o qədər dəyər verirsən ki, təhlükəni, ölümü, şikəst olmağı belə gözə alırsan.Tərtər zonasına oktyabrın 29 –da getmişdik. Həmin vaxt şəhər bombalanırdı. Hərbi polsilər gözləməyimizi, döyüşün dayanmağını məsləhət bildilər. Ara sakitləşəndə Tərtərə girdik. Tərtərdə Heydər Əliyev parkı var, oranı keçəndən sonra dayanmalı olduq. Gedəcəyimiz yer- Şıxarx hələ mərmi atəşi altındaydı. Əsgərlərə yardım gətirən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədriRada Abbas və onunla birlikdə gələn 7-8 nəfərlə mikroavtobusdan düşdük. Həmin küçədə pırnıx ağaclarının üstü doluydu. Günortaydı, acmışdıq, amma heç kim əsgərlər üçün göndərilən şirniyyata tərəf də baxmırdı. Aclığımızı həmin pırnıxlarla dəf etdik . Şıxarx (Marquşevan) qəsəbəsi müharibənin ilk günündən ermənilərin yaşadığı Talış və Çaylı kəndləri ərazisindən darmadağın olmuşdu. Orada tikilən 34 binanın 34-də yararsız vəziyyətə salınmışdı. Deməli, yeni qəsəbənin-Şıxarxın üst tərəfində ermənilərin yaşadığı köhnə Marquşevan kəndinin xarabazarllığı vardı. O kəndi də keçəndən sonra bizim ordunun səngərləri başlayırdı. Döyüşün ən təhlükəli nöqtəsi...

Şıxarxdan çəkiliş edirdim. Binalardan uzaqlaşıb ovuc içi kimi görünən açıq yerə gəlib çıxdım. Əsgərlərdən biri, səhv eləmirəmsə adı Sadiq (Umudlu kəndindən ) idi. Ucadan qışqırdı ki, ay jurnalist, bu dəqiqə mərmi gəlib başına düşəcək, binaların arasına keç. Gördü elə şəkil şəkirəm buna fikir vermirəm. Gəldi durdu yanımda. Yəni sənə mərmi dəysə, qoy mənə də dəysin. Onun bu hərəkəti məni elə mütəssir elədi... Dinməzcə düşdüm qabağına keçdim mərmi tutmayan yerə... Əsgərlərimiz, səngərlər, göydə uçuşan mərmilər, real təhlükə...Amma o döyüşkən, cəsur igidlərin qarşısında qorxmaq, özünü önəmsəmək adamın ağlınada gəlmir. Həm əynimdə Azərbaycan əsgərinin geyimi vardı, həm də belə yerdə ölmək şərəf olardı. Allaha and olsun o geyimdə nə sirr vardısa, qorxunu yaxınlığıma da buraxmırdım. Əsgərlərin yanında heç vaxt qorxmadım!

 

 

-Amma mütləq qorxmamış olmazsan...

- Qorxduğum, həyəcan, stress keçirdiyim vaxtlar təbii ki, oldu...Maraqlıdırsa danışım?

- Danış...

- Ümumiyyətlə, Ermənistan Ordusunun məqsədi Quzanlıdakı strateji obyektlər vurmaq idi. Hospital, Ağdam Mərkəzi Xəstəxanası, Muğam evi, hərbi hissəni vurmaq üçün hər gün kəndi mərmi atəşlərinə məruz qalırdı. Artıq o səslərə ilk gündən öyrəncəli oldum. Hətta oktyabrın 2-də Quzanlı kəndi güclü mərmi atəşinə tutuldu, onda da qorxum olmadı. Orda həyətlərdə əhali üçün səngərlər qazılmışdı. Düzdü, həmin səngərlərin üstü örtülməmişdi (?), tam təhlükəli olsa da, bombardman zamanı girib orda daldalanırdım.

- Axı, orda eviniz olmalıydı...

- Kəndimiz- Baş Qərvənd alınanda bizim ailə Quzanlıya köçkün kimi gəlmişdi. 1992-93-cü ildə köçkünlər üçün tikilən həmin evlərdən biri də bizim payımıza düşdü. İnşası zamanı yeyinti olmuşdu, quma az miqdarda sement vurulmuşdu deyə, illər keçdikcə o evlər qəzalı vəziyyətə düşmüşdü. Nəinki Quzanlıya mərmi düşəndə, eləcə də, kəndin alt tərəfindən düşmənə tərəf top atılanda da ev yerindən oynayırdı. Uçub tökülməsi an məsələsiydi. Bu səbəbdən hər səhər saat 5:40 radələrində yorğan-döşəyimi götürüb, səngərə girirdim. Aradan 3 dəqiqə keçməmiş döyüş başlayırdı. Yağışın altında saatlarla döyüşün bitməsini gözlədiyim vaxtlar olub.

- Qorxmağından danışırdın...

-Hə, 8 oktyabr saat təxminən 10 radələriydi. Lək meşəsində məskunlaşmış köçkünlərin vəziyyəti, düşüncələri ilə bağlı yazı yazmaq üçün ora getdim. Elə meşəyə yenicə çatıb, camaatla yenicə görüşürdüm ki, atışma başladı. Ermənilər “Toçka-U” taktiki raket kompleksindən meşənin lap yaxınlığına atəşlər açdılar. “Qədim Bərdə” restoranının yanına düşən raketdən 2 nəfəri, 5 nömrəli orta məktəbin yaxınlığına düşən mərmidən isə 5 nəfərin yaralanmasına səbəb oldu

Mərminin səsi çox qorxunc idi, bir də onu dərin meşədə eşidəsən! 3 qat artıq qorxunc! Uşaqların, qadınların qorxu dolu çığırışması, çaxnaşma... Bax orda mərmi səsindən yox, uşaqların- qadınların çığırışmalarından bərk həyəcan keçirdim. Amma atışma kəsəndən sonra ev-ev gəzdim, köçkünlərlə görüşdüm. Yaxşı bir yazı alındı. Gecəni də elə orda, bir qohum evində qaldım. Sabahı günü Quzanlıya gəldim. Günortaydı. Heç evə çatmamışdım ki, Quzanlı bir neçə istiqamətdən bombalanmağa başladı. Qəsəbədə yaşayan Hüseynov Əlizamin, Zeynalov Elçin, Məmmədova Lalə, Rzayev Elçin yaralandılar vəxəstəxanaya yerləşdirildilər. Xeyli ev dağıldı. Başqa ərazini deyə bilmərəm, amma bizim məhlədə demək olar ki, heç kim qalmamışdı.Həyətdəki səngərdən də çıxa bilmirdim ki, mən də ərazini tərk edim. Mərmilər o qədər yaxına düşürdü ki, heç oradan sağ çıxacağıma ümidim yox idi. Hətta o hisslərin altında bir video da çəkdim, amma Quzanlıda ilk gündən internet olmadığına görə paylaşa bilmədim.

 

 

Üzü axşama tərəf gedirdi. Bombardman zamanı işıq, qaz xətləri partladığına görə, nə işıq yox idi , nə hənirti gəlirdi.Hər tərəfə qatı qaranlıq çökmüşdü. Soyuq da bir yandan.Bayaqdan mərmiyə görə səngərdən çıxa bilmirdim, indi də zil qaranlıq və səssizlikdən ürpənirdim. Anam Bakıda idi, zəng elədi: Ay qızım televizorda deyirlər ki,Quzanlı bombalanıb, xeyli adam yaralanıb, sən hardasan? Özümü tox tutdum, dedim , mama narahat olma evdəyəm. Anam səsimdən almadı. Sonra bir neşə dost - tanış zəng etdi.Utandığımdan deyə bilmədim ki, səngərdə qalmışam, bir inni-cinni yoxdu, qorxudan az qala ödüm partlaya.(gülür). Elə hamısına deyirəm ki, hər şey yaxşıdı. Arada yenə atışma başlasa da, qısa kəsdi.Saat 1 olardı. Anam yenə zəng vurdu. Necə üşüyürəmsə dişim-dişimə dəyir.Cavab verə bilmədim. Kövrəldim. Anama “adboy” verdim. Artıq telefonumun batareyası 20-ni göstərirdi.Bir azdan bu da sönsə, neyləyəcəkdim?Səssizlik- vahimə, qəbirə oxşayan səngər... Telefon zənginə diksindim. Şərqiyyə müəllimə idi. Həmkəndlim, müəlliməm olmuşdu. Anam onu yığıb, yalvarıb ki Əntiqə orda tək qalıb get onu evinizə gətir. Saat 2-yə qalmışdı Şərqiyyə müəllimə oğlunun maşını ilə gəlib məni evlərinə apardı. Şərqiyyə müəlliməgil Quzanlıda köhnə statistikanın binasında qalırdılar. Həyat yoldaşı Telman Dadaşovla birlikdə QHT rəhbəri kimi bu ofisdə də işləyirdilər. Mən ora gələndə xeyli adam vardı orda. Təmas xəttindən 30- dan çox sakin gəlib bura sığınmışdılar. Onların yanında özümə gələndən sonra hesabladım ki, ac-susuz düz 11 saat səngərdə qalmışam. Səhər yuxudan duranda yadıma düşdü ki, növbəti dəfə Rada Abbasgilin gətirdiyi sovqat maşını məni Muğam evinin qarşısında gözləyəcək. Mən ora çatandan yarım saat sonra, 7-8 nəfər birliyin üzvi və jurnalist Pərvin Abışova sovqatla dolu “sprinter” maşından endilər. Rayon İcra Hakimiyyətinin göstərişi ilə yardımı gətirib “anbar” deyilən binaya təhvil verdik. Ayın 11-i bazar günü üzü Bakıya sarı gedirdim. Çünki, 12 oktyabr Apelyasıya məhkəməm olacaqdı.

- Məhkəməni udub geriyə döndün! Yenə maraqlı hadisələr baş verdimi?

- Dedim axı, sevdiyim iş üçün gedirdim. Müharibə zonasına, Qarabağa gedirdim...Səncə,maraqlı olmazdımı?

( Ardı gələn sayımızda)

Rövşən Tahir