SON DƏQİQƏ:

Sizə Narınc Məmmədovadan danışmaq istəyirəm

  115801   |  
Şriftin ölçüsü  

O Narıncdan ki, Füzuli rayon Mahmudlu 2 kənd məktəbinin müəllimidir.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin riyaziyyat fakültəsini bitirib 1991 – ci ildən öz kəndində Qeyrət İbişov adına məktəbdə müəllim işləməyə başlayıb. Ailə qurduqdan sonra bir müddət Rusiyada- Moskvada yaşasa da darda olan yurd həsrəti onu rahat buraxmayıb. Yenidən öz elinə qayıdıb:

- Torpağıma çox bağlıyam. Azərbaycandan, bu kənddən uzaqda yaşaya bilmədim. İşimi də sevirəm. Öz kəndimin övladlarına dərs demək, onların savadlanmasına xidmət etmək  istədim. Bundan böyük xoşbəxtlik yoxdur mənim üçün. Şagirdlərimi sevirəm, onların uğurları ilə sevinirəm.
Sizə  Narınc Məmmədovadan danışıram

O Narıncdan ki, 1965 – ci ildə illərdi yaralı olan o torpaqlarda dünyaya gəlib, böyüyüb və illərdi  təhlükəylə iç-içə yaşayır. İllərdi güllə səsi  eşidir. İllərdi əsgərlərimizlə birgə döyüşür, yaralanır, şəhid olur.

- Kəndimiz elə bil cəbhə xəttindədi. Işğal olmuş ərazilər bizdən sonra başlayır. Ermənilər atəşkəsi tez-tez pozur. Elə bilirsiz ölümdən qorxuram? Qətiyyən.  Oğlanlarım ali təhsillidi. İş də yoxdu. “Bakıya, Gəncəyə getsinlər” deyə məsləhət verənlər var. Gedənlər də çoxdu. Amma onlar getmir. Heç nə bir addım o yandakı torpaqlarımızın düşmən əlində olmasından ağır deyil. Neçə dəfə böyük oğlum İrana keçib ordan torpaqlarımıza baxıb. İçimizdə həmişə bir ümid, bir inam olub. Elə bilirəm burdan getsək, o ümidi itirərik. On metrlik bir bayraq da tikmişdim. Həmişə düşünürdüm ki, torpaqlar azad olunacaq və mən o bayrağı rayonlarımızdan, yüksəkliklərdən birində asacam. Müharibə başlayanda, nə qədər ağrılı olsa da, sevindik.  Kişilər qalsa da qadınlar çıxdı kənddən. Dörd qadın qalmışdıq. Güllələrin, təcili yardım maşınlarının səsi hələ qulaqlarımdadır. Bundan ağrılı səs yoxdu mənim üçün. Çox çətin idi.

O günlərdə doğmaların, dostların səs yazılarını dinləyirəm. Hamısı narahatlığını bildirir, “bəlkə bir-neçə günlüyə də olsa, kənddən çıxasan deyirlər.

O isə gedə bilmir. “Şəhidlərimizi, yaralılarımızı, əsgərlərimizi qoyub gedə bilmərəm” deyir hər igidlə şəhid olan, yaralanan Narınc xanım.

- Təsəvvür edə bilməzsiniz necə çətin idi. Sentyabrın 27-də  tezdən savaş başladı. Elə bil  atışmalar kənddə idi. Evim əsas yola, məscidə yaxındı. Bir-neçə saatdan sonra artıq ilk yaralıları, şəhidləri gətirirdilər. Hava qaralırdı. Dayana bilmədim.  Məscidin həyətinə getdim. O mənzərəni görmək ölümdən betərdi. Bir müəllim üçün məzunlarının şəhid olduğunu görmək ikiqat ağrılıdı. Sevimli şagirdimi - Şahnuru da orda gördüm... Elə Füzulidə hərbi hissədə xidmət edirdi. Kapitan idi...

Sizə Kapitan Şahnur Hüseynovun döyüş yolunda rastladığım Narınc müəllimədən söhbət açıram.

O günlərdən danışan Narınc müəllimənin səsi də, sözləri də yamyaş idi. Oğlanları ilə daim əgərlərimizin yanında olub Narınc xanım:

- Oğullarım müharibə başlanan kimi orduya yazıldılar könüllü. Aparmadılar. Bura da cəbhə hesab olunur deyirdilər. Yəni arxa cəbhə də önəmlidir. Hər gün onsuz da əsgərlərlə idilər, ehtiyaclarını öyrənirdilər. Yaralıları daşıyırdılar. Hər gün yemək bişirirdik, necə olsa ev yeməyidi. Anayam həm də. Hər bir əsgər övladımdı elə bil. İstəyirdim ev yeməyi-ana yeməyi yesinlər.

Yenə səsi qırılır: Bəlkə hansısa sonuncu dəfə mənim bişirdiyim aşı yeyib...

Əgərlərimizin Narınc müəlliməyə göndərdiyi görüntülərə baxıram, səslərini dinləyirəm. Təşəkkür edirlər, göndərdiyi yeməklərin ləzzətindən danışırlar. Narınc müəlliməsə Gəncədə uşaq evində böyüyən Əmrah Rəcəbovu xatırlayır: - Dedilər, Şəhidimiz var, kimsəsizdi, uşaq evində böyüyüb , bəlkə siz gələsiz... Kimsəyə demədim, yəni icazə-filan almadım, şagirdlərimi götürdüm. Bayraqlarla getdik. Təkcə külü vardı... Ürəyim az qalırdı partlasın... Biz onun ailəsi olduq.

Gözünün seli hər şeyi yuyub aparır elə bil. Qələbənin şirinliyində necə acılar var. “Bütün analar onun anası oldu” sözlərimi eşitdimi? Hələ də bilmirəm. Özümü yığıb - yığışdıra bilmirdim. Əmrah kimi yandım, külə döndüm. Dəfələrlə “Sən hamımızın oğlu oldun” deyə pıçıldadım.

Əmrah bütün Azərbaycanın qəhrəmanı olsa da Gəncədə böyümüşdü.  Gəncə öz Şəhid oğlunu layiqincə qarşılayıb, layiqincə yola salıb.
Neçə-neçə əmrahlar, şahnurlarsa Narınc xanımın yaddaşındadı. Qələbə möhtəşəmliyinə aparan ağrılı-acılı, qürurlu günlər yaşayıb, arxa cəbhədəki işinə görə fəxri-fərmanlar alıb:

- Hər saat, hər gün bir qəsəbə, bir kənd, bir rayon azad olunurdu.  Əsgərlər bayraq istəyirdilər, azad olunan hər qarış torpağa bayraq  asmaq arzusundaydı hamısı. Özümüz tikdiyimiz  50-60 bayrağımız vardı məktəbdə, tədbirlərdə istifadə edirdik. Hamısını əsgərlərə verdim. O 10 metrlik bayrağı da...

Ürəyinnən qopub gələn gözyaşlarını görürəm elə bil.

- Bilirsiz necə sözəgəlməz duyğular yaşayıram bayraqlara baxdıqca. Oğlum da  mümkün qədər azad olunmuş torpaqlara gedir.  Doğma yerlərdə dalğalanan bayraqlarımızın videolarını  çəkir. Baxıb düşünürəm ki, onların arasında mənim bayraqlarım da var. O 10 metrlik bayraq da var. Bizim bayraqlarımızdı. Necə qürur duyuram...

Səsində doğma küləklərlə oxşanan bayraqların  titrəyişini hiss edirəm Narınc xanımın. Ürəyim, gözüm, əllərim də də əsir elə bil. İçimdə hayqırtı var:

- Qarabağı bayraqlarımız bəzəyir. Qarabağlm... Bayrağım... Azərbaycanım...

Yuxu kimi gəlir hələ də.
Ən möhtəşəm xəyalımın gerçək olma şirinliyinin dadını hiss edirəm .

Mənim bayrağım. Bizim bayraq. Azərbaycan bayrağı. Öz elinə, obasına qovuşan Bayrağım. Nə qədər qürurvericidi. İlahi bir sevincdi Narınc müəllimə.

Kaş bir gün Bayrağımız bütün torpaqlarımızda beləcə qürurla dalğalansın. 

Narınc xanımınsa gözləri yol çəkir kim üçünsə:

- Gözlərimi yolda qoyan bir xatirəm var. Məktəbdə əsgərləri yerləşdirmişdilər. Məktəbə getməli olduq. Orda bir əsgər yaxınlaşdı. Cibindən bir kağız çıxardı.  Məktəbdə rəsm sərgilərimiz olur. Xocalı soyqırımına həsr olunmuş sərgidən bir rəsmi götürmüşdü.

Bir şagirdimiz ürək çəkmişdi bölünən ürək.Yarısı qara, yarısı qırmızı. Dedi ki, müəllimə torpaqlarımızı azad edəcəyik. Mən bu şəklin  qarasını qırmızıyla çəkəcəm, bu ürək bütövləşəcək gətirib yerinə asacam.  İnanırsız, hələ də o əsgəri gözləyirəm... Təəssüfki adını bilmirəm. Bir ana övladını gözləyən kimi gözləyirəm... Sosial şəbəkədə bütün paylaşımlara, videolara baxıram. O əsgəri axtarıram. Bəlkə heç sağ deyil... Amma mən  gözləyirəm. Mən o əsgərə, əsgərlərimizə  inanırdım.

Fəxrlə tez-tez “Qapım Zəfər yoluna açılır və bu yol düz Şuşaya gedir”deyə təkrarlayan Narınc xanım inanın! İnanın ki, O əsgər gələcək. O əsgərlər gələcək.

Bir gün AZƏRBAYCANIMIZIN  bütöv şəklini çəkəcək.

Bir gün qapılarımız İrəvana, Göyçəyə, Zəngəzura, Ərdəbilə, Təbrizə gedən Zəfər yoluna açılacaq. 

Kamalə Abiyeva

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK